Məhkəmə qərarları › İş №2(067)-447/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-447/2021

22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-447/2021 22.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı öhdəliyin icrası tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq, Xaçmaz rayonunun Armudpadar kəndində yerləşən evinin və evin yerləşdiyi 0,06 ha torpaq sahəsinin alqı-satqısına dair cavabdehlə aralarında xx xxxx 2003-cü il tarixdə baş tutmuş əqdin etibarlı hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh özünə məxsus Xaçmaz rayonunun Armudpadar kəndində yerləşən evini və evin yerləşdiyi 0,06 ha torpaq sahəsini satmaq istədiyini eşidib onunla görüşmüşdü. O, torpağın və evin ilkin sənədlərinə baxmışdı. Lakin evə dair mülkiyyət sənədi alınmamışdır. O, evə və torpaq sahəsinə gedib baxmış və oranı bəyənmiş və almaq qərarına gəlmişdir. Cavabdehlə evin və torpaq sahəsinin qiymətini 5000 ABŞ dollarına razılaşmışlar. xx xxxx 2003-cü ildə o, 5000 ABŞ dolları məbləğində pulu qohumu X1 və qonşusu X4 yanında cavabdehə vermiş və Xaçmaz rayonunun Armudpadar kəndində yerləşən evini və evin yerləşdiyi 0,06 ha torpaq sahəsini satın almışdır. Cavabdehlə dərhal alqı-satqını rəsmiləşdirə bilməmişdir, ona görə ki, onun mülkiyyət sənədi yox idi. Cavabdeh tez bir zamanda satın aldığı evi və torpağı onun adına rəsmiləşdirəcəyinə söz vermişdi. O, ona inandığı üçün satın aldığı evi və torpağı adına rəsmiləşdirməsi üçün cavabdehə vaxt vermişdi. Cavabdeh ona demişdi ki, evə və torpağa birlikdə sənəd alıb notariat kontorunda onunla alqı-satqı edəcək. Uzun müddətdən sonra cavabdeh onun təkidi ilə evə və torpaq sahəsinə dair 2009-cu ildə mülkiyyət sənədi aldı, lakin buna baxmayaraq, o, həmin əmlakları alqı-satqı ilə adına keçirməkdən yayınır. Düzdür cavabdeh ona etibarnamə vermişdi ki, alqı-satqı etsin, lakin tək etibarnamə ilə alqı-satqını etmək mümkün olmadı. Ona görə ki, etibarnamə ilə yanaşı bəzi digər sənədlər də lazım idi, lakin cavabdeh bu sənədləri vaxtında vermədi, onun adına verilmiş etibarnamənin vaxtı da bitdi. O, cavabdehə evin və torpağın pulunu ödəyib oradan öz əmlakı kimi hazırkı vaxtadək istifadə edir. Lakin cavabdeh bu günədək evi və torpağı adına rəsmiləşdirməkdən yayınır.O, cavabdehin hazırda harada olduğunu belə bilmir. Hazırkı vaxtadək cavabdehin təqsiri üçündən alqı-satqını rəsmiləşdirə bilməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, evə və torpağa dair heç kimin iddiası, tələbi yoxdur. O, iddiası ilə bağlı məhkəməyə şahidlərini təqdim etmişdir, onun başqa təqdim edəcəyi sübutu yoxdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək göstərmişdir ki, iddiaçının qohumudur, cavabdehi də alqı-satqı ilə əlaqədar tanıyır, tərəflərlə ədavəti və düşmənçiliyi yoxdur. Onun iddiaçı ilə bir-birinin evinə mütəmadi gediş-gəlişləri var. Cavabdeh xx xxxx 2003-cü ildə özünə məxsus Xaçmaz rayonunun Armudpadar kəndində yerləşən evini və evin yerləşdiyi 0,06 ha torpaq sahəsini 5000 ABŞ dollarına İddiaçı satmışdır. İddiaçı cavabdehə evə və torpaq sahəsinə görə 5000 ABŞ dollarını onun və qonşusu X4 yanında vermiş və həmin əmlakları satın almışdır. 2003-cü ildən mübahisəli evdən və torpaq sahəsindən iddiaçı öz əmlakı kimi istifadə edir. Cavabdeh söz vermişdir ki, tez bir zamanda satdığı əmlakların mülkiyyət sənədlərini qaydasına salıb iddiaçının adına rəsmiləşdirəcək. İddiaçı da cavabdehə vaxt vermişdir. Lakin cavabdeh bu günədək evi və torpağı iddiaçının adına keçirməkdən yayınır. İddiaçının cavabdehdən Xaçmaz rayonunun Armudpadar kəndində yerləşən evini və evin yerləşdiyi 0,06 ha torpaq sahəsini xx.xx.2003-cü ildə 5000 ABŞ dollarına satın aldığını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərmişdir ki, iddiaçının həmkəndlisidir, cavabdehi də alqı-satqı ilə əlaqədar tanıyır, tərəflərlə qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. İddiaçı ilə bir-birinin evinə tez-tez gedib gəlirlər. Cavabdeh xx xxxx 2003-cü ildə özünə məxsus Xaçmaz rayonunun Armudpadar kəndində yerləşən evini və evin yerləşdiyi 0,06 ha torpaq sahəsini 5000 ABŞ dollarına İddiaçı satmışdır. Bayram ona evə və torpaq sahəsinə görə 5000 ABŞ dollarını onun və qohumu X1 yanında vermişdir və həmin əmlakları satın almışdır. Cavabdeh həmin vaxt söz vermişdi ki, tez bir zamanda satdığı əmlakların mülkiyyət sənədlərini qaydasına salıb iddiaçının adına rəsmiləşdirəcək. İddiaçı da cavabdehə vaxt vermişdir. Lakin cavabdeh bu günədək evi və torpağı iddiaçının adına keçirməkdən yayınır. Hazırda cavabdehin dəqiq harada olduğunu bilən yoxdur. İddiaçının cavabdehdən Xaçmaz rayonunun Armudpadar kəndində yerləşən evini və evin yerləşdiyi 0,06 ha torpaq sahəsini xx.xx.2003-cü ildə 5000 ABŞ dollarına satın aldığını təsdiq edir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını şahidlərin ifadələrini dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərkən hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə Xaçmaz rayonunun Armudpadar kəndində yerləşən evinin və evin yerləşdiyi 0,06 ha torpaq sahəsinin alqı-satqısına dair tərəflərin aralarında xx xxxx 2003-cü tarixdə baş tutmuş əqdin etibarlı hesab edilməsi üçün əsasların olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. İş materiallarında olan xx.xx.2009-cu il tarixli Daşınmaz Əmlakın Texniki Pasportundan müəyyən olunur ki, Xaçmaz rayonunun Armudpadar kəndində yerləşən ev və evin yerləşdiyi 0,06 ha torpaq sahəsi Cavabdeh məxsusdur. İş materiallarından müəyyən olunur ki, Cavabdeh xx.xx.2016-ci il tarixdə Xaçmaz rayonunun Armudpadar kəndində yerləşən evinin və evin yerləşdiyi 0,06 ha torpaq sahəsi barədə İddiaçı etibarnamə vermiş, həmin etibarnamə xx.xx.2017-cı il tarixədək qüvvədə olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 10 (on) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmə əqdi etibarlı saya bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib, əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendum ilə qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə müvafiq olaraq bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına qoşulması milli məhkəmələr tərəfindən İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Konvensiyanın 46-cı maddəsi İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəyə malik olmasını təsbit edirsə, Konvensiyanın 32-ci maddəsi onların presedent əhəmiyyətinə malik olmasına zəmin yaradır. Həmin maddəyə müvafiq olaraq Avropa Məhkəməsinin Konvensiyanın hər hansı maddəsi ilə bağlı verdiyi şərh həmin maddənin tərkib hissəsinə çevrilir və ona görə də məcburi hüquqi qüvvə kəsb edir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Avropa Məhkəməsinin presedentini Konvensiya müddəalarının şərhi kimi qəbul etsək, göstərilən şərhlərə Konvensiyanın tərkib hissəsi kimi baxılmalıdır. Belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan Respublikasında bütün məhkəmələr Konstitusiyasının 12-ci maddəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarını Konvensiyanın mətni ilə yanaşı, həmçinin Avropa Məhkəməsinin qərarlarında ona verilən şərhə uyğun tətbiq etməlidir. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi özünün “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikası Konistitusiya Məhkəməsi Plenumunun F.Hüseynovun və A.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2004-cü il tarixli qərarında izah edilir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsepsual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna blər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Konstitusiya Məhkəməsinin həmin qərarında qeyd edilir ki, belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin özünə məxsus torpaq sahəsini satın almaq barədə sonuncu ilə razılığa gəldikdən sonra notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə icra etməsi, cavabdehin isə əqdi notarial qaydada təsdiq etməməsi öz təsdiqini tapdığından, həmin əqd iddiaçının tələbi ilə etibarlı hesab edilməlidir. Bütün yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və Cavabdeh məxsus Xaçmaz rayonunun Armudpadar kəndində yerləşən evin və evin yerləşdiyi 0,06 ha torpaq sahəsinin alqı-satqısına dair cavabdehlə İddiaçı arasında xx xxxx 2003-cü il tarixdə baş tutmuş əqd etibarlı hesab edilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-cı, 241- 242-ci, 244-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Xaçmaz rayonunun Armudpadar kəndində yerləşən evin və evin yerləşdiyi 0,06 ha torpaq sahəsinin alqı-satqısına dair Cavabdeh ilə İddiaçı arasında xx xxxx 2003-cü il tarixdə baş tutmuş əqd etibarlı hesab edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar