Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-49/2024 01.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və qanunsuz tikililərin sökülməsi tələbinə dair mülki işə Xaçmaz Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış evinə Cavabdeh tərəfindən törədilən qəsdlərə son qoyulması və onun tərəfindən qanunsuz olaraq evinin divarına bitişik tikilmiş ayaqyolu və hamam kimi tikililərin, həmçinin “kombi” istilik avadanlığın onun hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 400 kv.metr həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin daşınmaz əmlak üzərində hüquqları Xaçmaz rayon texniki inventarlaşdırma bürosu tərəfindən 27 avqust 1996-cı il tarixdə verilmiş, 3133a reyestr nömrəli qeydiyyat vəsiqəsi ilə təsdiq olunur. O, ailəsi ilə birlikdə həmin evdə yaşayır. Cavabdeh onun qonşuluğunda yerləşən, yəni Xaçmaz şəhəri, Təbriz küçəsi, 34 nömrəli evin mülkiyyətçisi olmaqla ailəsi ilə birlikdə həmin evdə yaşayır. Evinə dair 27 avqust 1996-cı il tarixli, inventar nömrəsi 4869, reyestr nömrəsi 3133 olan texniki pasportundan göründüyü kimi ona məxsus yaşayış evi ilə cavabdehin torpaq sahəsinə qədər sərhəd xəttinə kimi ona məxsus eni 1,6 m və uzunu 25 m olan torpaq sahəsi vardır. Cavabdeh onun razılığı olmadan həmin torpaq sahəsini öz həyətyanı torpaq sahəsinə qataraq aralarındakı sərhədi evinin divar boyu xətti ilə aparmış, bundan da əlavə o, evinin divarına bitişik ayaqyolu və hamam tikmiş, həmçinin “kombi” istilik avadanlığı quraşdırmışdır. O, dəfələrlə cavabdehdən xahiş və tələb etmişdir ki, mülkiyyətinə qəsd edən bu cür hərəkətlərə son qoysun və evinin divarına bitişik həmin tikililəri söküb başqa yerdə tiksin, həmçinin kombi istilik avadanlığı evinin divarından çıxarılsın. Lakin cavabdeh heç bir səbəb göstərmədən qanunsuz tikililərin sökülməsindən imtina edir, nəticədə isə onun evinin divarı nəmişlik çəkir və gələcəkdə evin qəzalı vəziyyətinə düşməsinə səbəb ola bilər. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən 400 kv.metr həyatyani torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən yaşayış evi iddiaçıya məxsusdur. İddiaçı ailəsi ilə birlikdə o evdə yaşayır. Cavabdeh isə qonşuluqda yerləşən 34 nömrəli evin mülkiyyətçisidir. Cavabdehin torpaq sahəsinə qədər iddiaçının torpaq sahəsi yerləşir. Cavabdeh isə iddiaçının razılığı olmadan ona məxsus olan torpaq sahəsini öz həyatyanı sahəsinə qataraq evlər arasındakı sərhədi iddiaçının evinin divar boyuna qədər aparmışdır. Üstəlik iddiaçının evinə bitişik divarda ayaqyolu, hamam inşa etdirmiş, kombi istilik avadanlığı quraşdırmışdır. İddiaçı dəfələrlə cavabdehdən xahiş etmişdir ki, mülkiyyətinə qəsd edən hərəkətlərə son qoysun, ayaqyolu və hamamı başqa ərazidə tiksin. Lakin cavabdeh bu deyilənlərə əməl etməyib. Bu səbəbdən iddiaçı tərəfindən məhkəməyə müraciət olunub. İşlə bağlı ekspertiza da təyin olunub. Xahişi odur ki, cavabdeh tərəfindən mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulsun, qanunsuz tikililər öz hesabına sökülsün. İştirak etdiyi məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək onun təmin olunmamasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehın məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 27 avqust 1996-cı il tarixdə verilmiş, 3133a reyestr nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanda yerləşən 400 kv.metr həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur, İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/6628 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsindən mütəxəssis rəyi təqdim edilmədiyi səbəbindən İddiaçı istifadəsində olan torpaq sahəsinin sərhədləri iş materiallarında olan texniki pasporta əsasən müəyyən edildi. Belə ki, İddiaçı istifadəsində olan torpaq sahəsinin eni 0.8 metr olmaqla cavabdehin istifadəsində olduğu müəyyən edildi. Cavabdeh tərəfindən inşa edilmiş eni 2.7 metr, uzunluğu isə 4.8 metr olan köməkçi (ayaqyolu, hamam tikililəri, “kombi” istilik avadanlıqları ilə birlikdə) tikililərin 0.8 metr hissəsi X3 istifadəsində olan torpaq sahəsində yerləşir və fərdi yaşayış evinin texniki pasportunun 3-cü literində göstərilən sahəsi 21.6 kv.metr olan otağa bitişik şəkildə inşa edildiyi və həmin otağın döşəməyə yaxın hissəsində divar kağızının cüzi olaraq divardan aralandğı müəyyən olunmuşdur (şəkillər əlavə olunur). Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 1 ünvanda yerləşən 400 kv.metr həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur, həmin əmlak üzərində hüquqları Xaçmaz rayon texniki inventarlaşdırma bürosu tərəfindən 27 avqust 1996-cı il tarixdə verilmiş, 3133a reyestr nömrəli qeydiyyat vəsiqəsi ilə təsdiq olunur. Cavabdeh tərəfindən inşa edilmiş eni 2.7 metr, uzunluğu isə 4.8 metr olan köməkçi (ayaqyolu, hamam tikililəri, “kombi” istilik avadanlıqları) tikililərin 0.8 metr hissəsi İddiaçın istifadəsində və mülkiyyətində olan torpaq sahəsində yerləşir və fərdi yaşayış evinin texniki pasportunda 3-cü literində göstərilən sahəsi 21.6 kv.metr olan otağa bitişik şəkildə inşa edildiyi müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı mübahisə ilə bağlı aparılmış araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140.-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da mülkiyyət hüququ sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.2.-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2.-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1.-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4.-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2.-ci maddəsinə əsasən hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən Başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1.-ci maddəsinə əsasən Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsinə görə şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. Həmin Məcəllənin 69.1-ci maddəsinə görə binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Həmin Məcəllənin 69.2-ci maddəsinə görə ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Nəqliyyat yollarında, ümumi istifadədə olan yaşıllıqlarda və su sahələrində də ara məsafələrinin olmasına yol verilir. Hər iki tərəfdən becərilə bilən torpaq sahələrində isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortasına qədər nəzərdə tutulur. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Həmin Məcəllənin 69.5.1-ci maddəsinə görə ara məsafəsi divar hündürlüyünün 0,6 hissəsi nisbətində müəyyən edilir. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı torpaq sahəsinə və torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququna malik olmaqla hazırki iddiada qoyulmuş tələbi irəli sürmək hüququna malikdir. Məhkəmə işin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verib hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsi və torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Cavabdeh də iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə bitişik, heç bir qanuni əsas olmadan əlavə tikililər tikmişdir. Bu fakt işdə olan ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh tərəfindən inşa edilmiş eni 2.7 metr, uzunluğu isə 4.8 metr olan köməkçi (ayaqyolu, hamam tikililəri, “kombi”istilik avadanlıqları) tikililərin 0.8 metr hissəsinin İddiaçın istifadəsində və mülkiyyətində olan torpaq sahəsində yerləşməsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinə və fərdi yaşayış evinə müdaxilə kimi qiymətləndirilməlidir ki, bu da qanunla qadağandır. Göstərilənlərə əsasən məhkəmə iddianın əsaslı olduğundan onun təmin edilməsi nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, mübahisələndirilən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət, istifadə və ya sahiblik hüquqları qanunla müəyyən olunmuş qaydada qeydə alındığından, onun bu hüquqlarının pozulmasını iddia etməyə subyektiv hüququ olduğundan və iddiaçının mülkiyyətində olan evin divarına cavabdeh tərəfindən bitişik tikilmiş-ayaqyolu, hamam tikililəri və “kombi” istilik avadanlığı qanunsuz inşa olunduğundan onlar cavabdehin hesabına sökülməlidir. Beləliklə, tərəfin izahatını, ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdeh tərəfindən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evinin divarına bitişik tikilmiş ayaqyolu, hamam tikililəri və “kombi” istilik avadanlığı Cavabdeh öz hesabına sökülsün. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh alınaraq X2, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-49/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-49/2024
01.02.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver