Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-491/2024 01.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İB-nin ona məxsus Xaçmaz rayonu, Çarxı kəndində yerləşən evinə təbii qazın verilməsinə görə əsassız hesablanmış 1309,44 manat qalıq borc pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla saslandırılmışdır ki, bir müddət Xaçmaz rayonu, Çarxı kəndindəki evində yaşamamışdır. Həmin ərəfədə keçmiş həyat yoldaşı X1 yaşayırdı. Bakı şəhərindən qayıtdıqdan sonra görmüşdür ki, qaz sayğacı çıxarılıb aparılıb. Bununla əlaqədar qaz idarəsinə müraciət etmişdir. Ona fotoşəkil göstərərək bildirdilər ki, təbii qazdan sayğacdan kənar istifadə edildiyinə görə qaz sayğacı çıxarılıb və cərimə hesablanıb. Qarabağ Müharibəsi veteranı olduğuna görə qazsız qalmasın deyə evinə smart tipli qaz sayğacı quraşdırılmışdır. O, elə həmin vaxtda qaz idarəsinə bildirmişdir ki, o, bir müddət evdə yaşamamışdır, xəttə heç bir müdaxilə etməmişdir, edibsə bunu keçmiş həyat yoldaşı X5 etmişdir. Hazırda müəyyən olunub ki, 16 dekabr 2021 -ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib olunmuşdur. Aktdan da göstərilir ki, abonent sayğacsız təbii qazdan qeyri-qanuni istifadə edir. Halbuki o, təbii qazdan sayğacdan kənar istifadə etməmişdir, qaz idarəsinin əməkdaşları bu halı müəyyən edərkən ümumiyyətlə Xaçmaz rayonunda olmamışdır və Bakı şəhərində yaşayıb. Sayğac onun adına olduğuna görə dəymiş ziyan onun adına hesablanmışdır. Belə ki, dəymiş ziyanın bərpasına dair 20 dekabr 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədə göstərilir: “fərdi evdə qazdan istifadə qaydalarının tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur”. 1 PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, iki ədəd dəmir sobasının maksiaml saatlıq qaz sərfi 2 x 1.4 = 2.8 m3 saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, 120 litrlik həcmli su qızdırıcının maksimal qaz sərfi 1.5 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 1.2x24x90= 2592 2.8 x 24 x 90=6048 m3,.1.5 x 24 x 90=3240 m3- cəmi: 11880 m3. Beləliklə, qaz sərfıyyatına görə 1309 manat 44 qəpik əlavə vəsait hesablanmışdır. Tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamış, tərəfindən sayğacdan kənar xətt quraşdırılmamış və sayğacdan kənar qazdan istifadə etməmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, həyat yoldaşı ilə 1999-cu ildə boşanmışdır. Lakin onlar bir həyətdə, eyni evdə yaşayırlar. Otaqlar ayrıdır. Bir qaz borusunda hər iki evə qaz gəlir. Amma hər ikisinin də qaz sayğacı ayrıdır. O, uzun müddət həmin evdə yaşamamışdır. Bakıda yaşayıb. Xəstəliyi ilə əlaqədar müalicə alıb. Bakıdan qayıdanda görmüşdür ki, qazı dibindən kəsiblər. O, hətta istilik üçün gedib odun almışdır. Bir ay içərisində isə yeni smart kart tipli qaz sayğacı quraşdırtmışdır. Özü də xəstə adamdır. Müalicədən gəlmişdir. Kənar xətti onun keçmiş həyat yoldaşı çəkib. O, evdə olmamışdır. Evdə keçmiş həyat yoldaşı olub. Qaz kəsiləndən sonra birinci həyat yoldaşı kənar xətt qoşub. Kənar xətt keçmiş həyat yoldaşının evinə çəkilib, ona aidiyyatı yoxdur. O, akta qol çəkməmişdir, çünki o, kənar xətt çəkməmişdir. Bu barədə qaz idarəsinə də müraciət etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, iddianı qəbul etmir. Ünvanda əməkdaşlar tərəfindən kənar xətt müəyyənləşdirilib. Bununla bağlı akt tərtib edilib. Sadəcə olaraq bununla bağlı məhkəməyə videogörüntü təqdim edə bilmirlər. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktda “sayğacdan kənar qeyri-qanuni qaz vasitəsilə təbii qazdan istifadə edir” qeyd olunmuşdur. - Dəymiş ziyanın bərpasına dair xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 1.5x24x90=3240 m3 həcmində qaz itkisi olduğu göstərilmişdir. - İş materiallarından olan abonentin saldosundan görünür ki, akt əsasında 1309.44 manat borc müəyyən edilmişdir. Cavabdeh tərəf iddiaçının istifadəsində olan sayğacdan kənar qaz xəttinə qoşulma barədə məhkəməyə video-görüntü təqdim etmələrini bildirsələr də, məhkəmə iclasları zamanı qeyd olunan sübutu məhkəməyə təqdim etməmişlər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh təşkilatın əməkdaşları iddiaçının yaşadığı ünvana gələrək qaz sayğacına baxış keçirmiş, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi barədəxx.xx.2021-ciil tarixli akt tərtib olunmuş və həmin akt əsasında 1309.44 manat cərimə hesablanmışdır. İddiaçı sayğacdan kənar qoşulmanı özünün çəkdiyini qəbul etməsə də, arvadı tərəfindən kənar qoşulma çəkildiyini bildirmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanununun 13-cü maddəsinin 8-ci bəndinin əvvəlki redaksiyasına əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qazdan istifadə qaydaları haqqında qərarının 4.2-ci bəndində qeyd olunmuşdur ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-ci bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş aktdan görünür ki, abonent tərəfindən sayğaca qanunsuz qoşulma halı aşkar edilmiş və itirilmiş qazın həcmi hesablanmışdır. Eyni zamanda, qanunvericiliyə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Göründüyü kimi qaz paylayıcı tərəfindən hər ay istehlak edilmiş qazın miqdarı müəyyən edildiyindən, qaz sayğacının evdən kənar yerləşdiydən, evdən kənar yerləşmiş qaz sayğacına hər hansı müdaxilə edilməsi hər ay göstəriciləri qeydə alan qazpaylayıcının əməkdaşları tərəfindən növbəti ay üçün göstəriciləri qeydə alınan zaman aşkarlanmalı, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.6-cı maddəsinə əsasən normativ hüquqi aktın rəsmiləşdirilməsi – normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan Respublikasının X10 Reyestrinə daxil edilməsidir. X6 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Qanunun 85.2-ci maddəsinə əsasən bu Konstitusiya Qanununun 95.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, X10 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 11 mart 2011-ci il tarixli 11 saylı qərarı X10 Reyestrinin elektron variantında dərc edilmədiyindən, həmin qərarın müddəaları istehlakçı kimi hazırkı iddiaçı üçün məcburi xarakter daşımır. Bu səbəbdən də qeyd olunan qərar rəhbər tutulmaqla, ona təbii qazdan istifadəyə görə qərarla müəyyən edilmiş düsturla sərfiyyata uyğun məbləğin hesablanması qanuni sayıla bilməz. İddiadan və ona əlavə olunmuş sənədlərdən görünür ki, cavabdeh təşkilat tərəfindən itirilmiş qazın bərpası üçün 90 gün hesabat müddəti qəbul edilmiş və iddiaçıdan həmin dövr ərzində vurulmuş ziyan tələb edilmişdir. Belə ki, tərtib edilmiş tələbnamələrdə abonentin gün ərzində 24 saat ərzində qaz işlədicisindən istifadə etməsi müəyyən edilir. Məhkəmə bu halı qəbul etmir və hesab edir ki, abonentin gün ərzində qaz qurğularından orta hesabla yay-yaz fəslində 4-6, qış-payız fəslində isə 10-8 saat istifadə etməsi qəbul olunarsa, iddiaçının Birliyə xx.xx.2021-ci il tarixli akt üzrə 198 manat (5.5 x 10 x 30 = 1650 kub.metr) məbləğində ziyan vurması məlum olur. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, itirilmiş təbii qazın bərpası ən çox ödənişin 30 günə (1 aya) müvafiq hesablanması məqsədəmüvafiqdir. Məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan qaydada hesablanmaqla iddiaçının cavabdehə vurduğu ziyan 198 manat (5.5 x 10 x 30 = 1650 kub.metr) təşkil edir. Bundan başqa qanunvericiliyin tələblərinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı tərəfindən qanunsuz xəttin dərhal qazpaylayıcı şəbəkədən ayırması və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməsi nəzərdə tutulsa da cavabdeh təşkilat sayğacı şəbəkədən ayırmamış, iddiaçıya qarşı zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia ilə məhkəməyə müraciət etməmiş, hətta hazırki iddia ərizəsinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə görə iddiaçı fiziki şəxs olaraq qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə ümumiyyətlə məsuliyyət daşımır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğac iddiaçının yaşadığı evdən kənarda yerləşdiyindən, sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edilməsi sübuta yetirilmədiyindən sayğaca kənar xətt qoşulma ilə əlaqədar itirilmiş qazın həcminin 11880 m3 müəyyən edilməsi və itirilmiş qazın bərpası məqsədilə iddiaçının abunə koduna 1309.44 manat borcun hesablanması əsassız olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İB tərəfindən İddiaçı yaşadığı ünvan 1i ünvanına hesablanmış 1.111,44 manat borc silinməli, eyni zamanda göstərilən dövr ərzində sayğacdan keçən və dəyəri ödənilməyən təbii qaz istehlak edildiyindən ümumilikdə 198 manat borc abonent İddiaçı düzgün tətbiq edildiyindən, həmin hissədə iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı yaşadığı ünvan 2i ünvanına hesablanmış 1.111,44 manat borc silinsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-491/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-491/2024
01.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver