Məhkəmə qərarları › İş №2(067)-515/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-515/2025

19.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-515/2025 19.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, İddiaçı nümayəndəsi Nümayəndə, mütəxəssis qismində cəlb edilmiş Enerji X1 Xaçmaz filialının böyük müfəttişi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «Əsassız hesablanmış elektrik enerjisi sərfiyyatı məbləğinin silinməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona məxsus ünvan 1i ünvanında yerləşən yaşayış evinə elektrik enerjisinin verilməsinə görə əsassız olaraq hesablanmış 600 manat məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəməyə gəlməmiş və cavabdehin nümayəndəsi Elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin tamamilə əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin fikrini dinləyərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu, Qaraçı kəndində yerləşən yaşayış evi vardır və ailəsi ilə birlikdə həmin evdə yaşayır. Evdə istifadə olunan elektrik enerjisinə görə ödənişləri Smart kart vasitəsilə ödəyirlər. "xxxx" ASC-nin əməkdaşları 04 dekabr 2023-cü il tarixdə işdə olduğu zaman evinə gələrək güya sayğacdan kənar xətt quraşdırılmasına görə müvafiq akt tərtib etmiş və əlavə olaraq 600 manat elektrik enerjisi sərfıyyatı hesablamışlar. Sonradan tərtib edilmiş 04 dekabr 2024-cü il tarixli, AKT R № 311262 saylı aktda göstərilmişdir ki, “EEİQ-nın tələblərinə uyğun olaraq sayğaca baxış keçirilərkən məlum oldu ki, sayğacın giriş xəttindən dayağın yuxarı hissəsindən mənzilin həyətindəki tikiliyə kənar xətt çəkilmişdir. Ölçü ampermaşa ilə aparıldı. Sayğacın giriş xətti bərpa edilsin, kənar xətt ləğv edilsin”. Tərtib edilmiş aktla qətiyyən razı deyildir. Çünki onun həyətində sayğacdan kənar xətt mövcud olmamış və hazırda da mövcud deyildir. Aktda göstərilən tikili həyətində yerləşən tövlədir. Həmin tövləyə sayğacdan elektrik xətti çəkilmişdir. Bununla belə işıqlar söndüyü vaxt tövləni işıqlandırmaq üçün xüsusi lampa asılmış, həmin lampa elektrik enerjisini yığır, işıq söndükdə avtomatik olaraq yanır. Yoxlayıcılar da işığı söndürəndən sonra həmin lampanın yanmasını görmüş və hesab etmişlər ki, bu sayğacdan kənar xətdir. Halbuki yoxlayıcılar baxdığı zaman xətlər necə idisə hazırda da eyni vəziyyətdədir. Əgər sayğacdan kənar xətt olsaydı, aktda yazıldığı kimi sayğacın giriş xətti bərpa edilməli, kənar xətt ləğv edilməli idi. Hazırda da xətlər öz yerindədir. Azərişıqın əməkdaşları hərhansı kənar xətt ləğv etməmişlər, hər hansı giriş xətti bərpa etməmişlər. Azərişıqın əməkdaşları mütəmadi olaraq həftədə bir və ya iki həftədən bir ərazini gəzərək nəzarət edirlər. Əgər həyətinə sayğacdan kənar xətt mövcud olsaydı, onlar da bunu dərhal müşahidə edərdilər. Bu faktın özü də təsdiq edir ki, aktda göstərilənlər tamamilə əsassızdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Elektrik enerjisindən istifadə qaydalar”nın 7.11 -ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında) yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təhcizat müəssisəsi cavabdehlik daşıyır. Tərəfindən elektrik sayğacına heç bir müdaxilə edilməmiş, sayğacdan kənar xətt çəkilməmiş və belə bir niyyətləri olmamış və yoxdur. Qeyd edir ki, işıqlar söndükdə avtomatik olaraq yanaraq tövləni işıqlandıran lampa hazırda da yerində asılıb, istənilən vaxt yerində baxış keçirməklə ərizədə göstərdiklərinin həqiqət olmasını müəyyən etmək olar. Göstərilənlərə əsasən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona məxsus ünvan 1i ünvanında yerləşən yaşayış evinə elektrik enerjisinin verilməsinə görə əsassız olaraq hesablanmış 600 manat məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən İddiaçı nümayəndəsi- iddiaçının oğlu Nümayəndə iddianı müdafiə edərək və iddia ərizəsində göstərilənlərə uyğun izahat verməklə bir daha göstərmişdir ki, yaşadıqları ünvanda həyətdə sayğacdan kənar xətt mövcud olmamış və hazırda da mövcud deyildir. Aktda göstərilən tikili həyətində yerləşən tövlədir. Gecə qaranlıq olmaması üçün həmin tövləyə sayğacdan elektrik xətti çəkilmişdir. Bununla belə işıqlar söndüyü vaxt tövləni işıqlandırmaq üçün xüsusi lampa asmışlar, həmin lampa günəş enerjisindən qidalanmaqla gündüz vaxtı elektrik enerjisi yığır, işıq söndükdə, yaxud hava qaraldıqda avtomatik olaraq həmin lampa yanır. Yoxlayıcılar da işığı söndürdükdən sonra həmin lampanın yanmasını görmüş və hesab etmişlər ki, guya bu sayğacdan kənar xətdir. Halbuki yoxlayıcılar baxdığı zaman xətlər necə idisə hazırda da eyni vəziyyətdədir. Əgər sayğacdan kənar xətt olsaydı, aktda yazıldığı kimi sayğacın giriş xətti bərpa edilməli, kənar xətt ləğv edilməli idi. Hazırda da xətlər öz yerindədir. Azərişıqın əməkdaşları hərhansı kənar xətt ləğv etməmişlər, hər hansı giriş xətti bərpa etməmişlər. Azərişıqın əməkdaşları mütəmadi olaraq həftədə bir və ya iki həftədən bir ərazini gəzərək nəzarət edirlər. Əgər həyətinə sayğacdan kənar xətt mövcud olsaydı, onlar da bunu dərhal müşahidə edərdilər. bundan əlavə məhkəmənin müvafiq sorğusu əsasında da yaşadıqları ünvana Enerji X1 Xaçmaz filialının mütəxəssisləri də yerində baxış keçirmiş, lakin sayğacdan kənar xətt mövcud olması halını aşkar etməmişlər. Ona görə də iddia tələblərinin əsaslı olduğundan təmin edilməsini və əsassız hesablanmış məbləğin abonent hesablarından silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən mütətəssis qismində cəlb edilmiş Enerji X1 Xaçmaz filialının böyük müfəttişi X4 göstərmişdir ki, məhkəmənin mütəxəssis rəyinin verilməsi ilə bağlı müvafiq sorğusu əsasında tərəflərindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, enerji təchizatı müəssisəsinin nümayəndələri tərəfindən İddiaçı məxsus fərdi yaşayış evində sayğacdan kənar elektrik enerjisindən istifadə olunması halı aşkar edilərək R 311262 nömrəli, xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Abonent tərəfdən aktı İddiaçı oğlu Nümayəndə imzalamışdır. Aktda sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyi barədə məlumat qeyd olunmamış, lakin kənar xəttin cərəyan yükü 2,18 A, aktiv güc isə 0,48 kVt göstərilmişdir. Buna baxmayaraq, enerji təchizatı müəssisəsi tərəfindən sayğacdan kənar çəkilmiş xətdən buraxılan aktiv güc əsassız olaraq 3,1 kVt qeyd olunmaqla 90 günlük hesabat aparılmış və itirilmiş elektrik enerjisinin miqdarı 4687 kVts, dəyəri 567,73 manat məbləğində hesablanmışdır. xx.xx.2025-ci il tarixdə tərəflərindən ünvana baxış keçirilərkən yaşayış evində və həyətyanı torpaq sahəsində yerləşən digər tikililərdə elektrik enerjisindən sayğacdan kənar istifadə olunması halı aşkar edilməmişdir. Bu barədə tərəfindən müvafiq rəy verilmişdir. Verdiyi rəydə göstərilənləri təqdiq edir. İş materiallarında olan "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri 04 dekabr 2023-cü il tarixli, 311262 №-li aktdan və cavabdeh təşkilatın iddia tələbinə etiraza əlavə etdikləri hesablama sənədindən müəyyən olunur ki, İddiaçı məxsus fərdi yaşayış evinin elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı sayğacın giriş xəttindən dayağın yuxarı hissəsindən mənzilin həyətindəki tikiliyə kənar xətt çəkildiyi müəyyən olunmuşdur. Ölçü ampermaşa ilə aparılmış kənar xəttin cərəyan yükü 2,18 A, aktiv güc isə 0,48 kVt göstərilməklə və kənar xətdən buraxılan aktiv güc 3,1 kVt qeyd olunmaqla 90 günlük hesabat aparılmış, itirilmiş elektrik enerjisinin miqdarı 4687 kVts, dəyəri 567,73 manat məbləğində hesablanmışdır. İş materiallarında olan cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə göndərdiyi etiraz ərizəsində göstərmişdir ki, İddiaçı "Azərişıq” ASC-nə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın (EEİQ) 8.17-ei bəndinin tələblərinə uyğun olaraq CM.12.2023-cü il tarixdə enerji təchizatı Müəssisəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus, fərdi yaşayış evinin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum oldu ki, sayğacın giriş xəttindən dayağın yuxarı hissəsindən kənar xətt çəkilmişdir.Məhkəınənin nəzərinə onuda çatdırıram ki, akt tərtib edilən zaman abonentin nümayəndəsi Əsgərov Süleyman da iştirak etmiş, pozuntu faktını öz imzası ilə təsdiq etmişdir. Həmçinin iddiaçıya elektrik enerjisindən qanunsuz istifadə etməsi faktı ilə əlaqədar 311262 saylı akt əsasında 567.73 manat məbləğində itirilmiş elektrik enerjisinin bərpasına dair hesabat aparılmışdır. İddiaçı isə 600 manat məbləğində hesablaşma aparıldığını qeyd edir. İddiaçı aparılmış hesabatla razılaşaraq 66.73 manat məbləğində ödəniş etmişdir. Hal-hazırda iddiaçının 501 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Bununla əlaqədar abonentə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli. 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydalarının (E.EİQ) 8.17-çi bəndinin İstehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda. enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 149-cu maddəsinə əsasan “İddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, qanunlara və digər normativ hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif, iddia bir neçə cavabdehə yönəldildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir”. EEİQ-nın 9.1-ci bəndinə əsasən İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerji nəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Miilki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarım həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmçinin həmin maddəyə görə hüquqdan suiistifadə yol verilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanhlığın tələb etdiyi tərzdə, yəni şərtləşdiriimiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq'surətdə hərəkət etməlidir. Göründüyü kimi yuxarıda istinad edilmiş hüquq normaları imperativ norma olduğundan həmin normaların istehlakçının üzərinə qoyduğu tələblərə onun tərəfindən mütləq əməl olunmalıdır. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin əsassız olduğu üçün təmin olunmaması barədə qətnamə çıxarılması xahiş olunur. İş materiallarında olan məhkəmənin müvafiq sorğu məktubu əsasında Azərbaycan Respublikası Enerji X1 Xaçmaz Filialının böyük müfəttişi Məhərrəm Aydınov tərəfindən verilmiş 14 fevral 2025-ci il tarixli rəydən görünür ki, Enerji X1 Xaçmaz filialına daxil olmuş, Xaçmaz Rayon Məhkəməsinin icraatında olan, iddiaçı X5 cavabdeh “Azərişıq" ASC-yə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair mülki iş üzrə mütəxəssis rəyi verilməsi ilə bağlı müraciətə baxılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən İddiaçı məxsus fərdi yaşayış evində sayğacdan kənar elektrik enerjisindən istifadə olunması halı aşkar edilərək R 311262 nömrəli, xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Abonent tərəfdən aktı İddiaçı oğlu Nümayəndə imzalamışdır. Aktda sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyi barədə məlumat qeyd olunmamış, lakin kənar xəttin cərəyan yükü 2,18 A, aktiv güc isə 0,48 kVt göstərilmişdir. Buna baxmayaraq, enerjitəchizatı müəssisəsi tərəfindən sayğacdan kənar çəkilmiş xətdən buraxılan aktiv güc əsassız olaraq 3,1 kVt qeyd olunmaqla 90 günlük hesabat aparılmış və itirilmiş elektrik enerjisinin miqdarı 4687 kVts, dəyəri 567,73 manat məbləğində hesablanmışdır. xx.xx.2025-ci il tarixdə tərəfimizdən ünvana baxış keçirilən zaman yaşayış evində və həyətyanı torpaq sahəsində yerləşən digər tikililərdə elektrik enerjisindən sayğacdan kənar istifadə olunması halı aşkar edilməmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları"nın (bundan sonra - Qaydalar) 8.17-1-ci yarımbəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qeyd olunanları nəzərə alaraq, R 311262 nömrəli aktın hesabatına Qaydaların 8.17-1 -ci yarımbəndi (sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan) nəzərə alınmaqla yenidən baxılması məqsədəuyğun hesab olunur. Məhkəmə iddiaçının nümayəndəsinin və mütəxəssisin izahatlarını dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən İstifadə qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin qaydaların 8.32-ci bəndində göstərilir ki, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Həmin qaydaların 8.33-cü bəndində göstərilir ki, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının nümayəndəsinin, iş üzrə cəlb edilmiş mütəxəssisin izahatları, mütəxəssis rəyi və digər və iş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı məxsus fərdi yaşayış evində sayğacdan kənar elektrik enerjisindən istifadə halının aşkar olunması barədə cavabdeh təşkilat "xxxx" ASC-nin əməkdaşları R 311262 nömrəli, xx.xx.2023-cü il tarixli akt tərtib etmişlər. Həmin aktda sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyi barədə məlumat qeyd olunmamış, kənar xəttin cərəyan yükü 2,18 A, aktiv güc isə 0,48 kVt göstərilmişdir. Buna baxmayaraq, enerji təchizatı müəssisəsi tərəfindən sayğacdan kənar çəkilmiş xətdən buraxılan aktiv güc əsassız olaraq 3,1 kVt qeyd olunmaqla 90 günlük hesabat aparılmış və itirilmiş elektrik enerjisinin miqdarı 4687 kVts, dəyəri 567,73 manat məbləğində hesablanmışdır. Bundan başqa, xx.xx.2025-ci il tarixdə məhkəmənin müvafiq sorğusu əsasında Azərbaycan Respublikası Enerji X1 Xaçmaz Filialının mütəxəssisləri tərəfindən ünvana baxış keçirilərkən yaşayış evində və həyətyanı torpaq sahəsində yerləşən digər tikililərdə elektrik enerjisindən sayğacdan kənar istifadə olunması halı aşkar edilməmişdir. İddiaçının nümayəndəsi izahatında göstərmişdir ki, yaşadıqları ünvanda həyətyanı sahədə olan tövlə tipli tikiliyə sayğacdan kənar deyil, sayğacdan sonra işıq xətti çəkməklə günəş enerjisi ilə qidalanan lampa quraşdırmış, həmin qurğu gündüz vaxtı enerji topladıqdan sonra işıq kəsildikdə, yaxud hava qaraldıqda qurğu avtomatik olaraq işə düşərək yığdığı elektirik enerjisi hesabına lampa yanır. "xxxx" ASC-nin əməkdaşları isə işığı xətdən ayırdıqdan sonra lampanın avtomatik olaraq yandığını görüb bu halı sayğacdan kənar xəttə qoşulma halı kimi qəbul etməklə sənədləşmə aparmışlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş elektrik enerjisindən istifadə qaydalarının 7.11-ci və 8.32-ci bəndlərinə əsasən evin mülkiyyətçisi sayğaca və ya qoşulma sxeminin dəyişdirilməsinə və müdaxilə edilməsinə görə cavabdehlik daşımır. Belə ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizat müəssisəsi cavabdehlik daşıyır. Beləliklə də məhkəmə araşdırması zamanı İddiaçı tərəfindən sayğaca qədər daşıyıcı xəttə qeyri-qanuni qoşulma halına yol verilməsi faktı müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, məhz İddiaçı tərəfindən yaşadığı ünvanda daşıyıcı xəttə qeyri-qanuni qoşulma halına yol verilməsi faktı müəyyən olunmadığından, cavabdeh təşkilat tərəfindən buna dair əsaslı bir sübut məhkəməyə təqdim olunmadığından, iddiaçının zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, hazırki məhkəmə tədqiqatında aparılmış ətraflı araşdırma zamanı məhz İddiaçı tərəfindən yaşadığı ünvanda daşıyıcı xəttə qeyri-qanuni qoşulmaqla elektrik enerjisindən qeyri-qanuni istifadə etməsi faktı öz təsdiqini tapmamışdır. İddiaçı iddia tələbində cavabdeh təşkilat tərəfindən ona əsassız olaraq hesablanmış 600 manat enerji sərfiyyatı məbləğinin abonent hesabından silinməsini xahiş etmişdir. Lakin məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh təşkilat tərəfindən müvafiq akt və digər hesablama sənələri əsasında iddiaçıya itirilmiş enerji sərfiyyatı olaraq 4687 kVts, 567,73 manat məbləğ hesablanmışdır. Odur ki, məhkəmə bütün yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməklə cavabdeh "xxxx" AÇİQ Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib olunmuş 04 dekabr 2023-cü il tarixli, R 311262 nömrəli akt və digər sənədlər əsasında İddiaçı yaşadığı ünvana itirilmiş işıq sərfiyyatı olaraq əsassız olaraq hesablanmış 567,73 manat məbləğ abonentin hesabından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddialar üzrə- iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Məhkəmə hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddia üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən ödəniləcək dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən İddiaçı barəsində ünvan 1i ünvanında yerləşən yaşayış evinə dair tərtib olunmuş “İşıqdan istifadə qaydalarının pozulması haqqında” 04 dekabr 2023-cü il tarixli R 311262 nömrəli akt və digər sənədlər əsasında itirilmiş enerji sərfiyyatı olaraq hesablanmış 567,73 (beş yüz altmış yeddi manat yetmiş üç qəpik) qəpik məbləğində pul onun abonent hesabından pul silinsin. İddiaçının azad edildiyi, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddia üzrə müəyyən olunmuş 30 manat dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar