Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-526/2025 07.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İB-nin Xaçmaz rayon Qaz İdarəsi tərəfindən aparılmış yoxlama nəticələrinə dair komissiyanın qərarının və xx.xx.2023-cü il tarixində ******* akt əsasında yazılmış 4821.12 manat cərimənin azaldılmasına və ona yazılmış dəymiş ziyana yenidən baxılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X5 istismar idarəsinin nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixində onun mənzili olan küçədə yoxlama aparılan zaman qeyri-qanuni olaraq təbii qaz şəbəkəsinə qoşulduğu aşkar edilmişdir. Belə ki, ******* saylı xx.xx.2023-cü il tarixli akta əsasən 4821 manat 12 qəpik dəyərində dəymiş ziyan hesablanmışdır. Güya ki, bu hesablama itirilmiş qazın bərpası deməkdir. Ancaq akta əlavə edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə qeyd olunur ki, “Qaz sayğacının nominal qaz sərfi 4 m3, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsa onun bir gün ərzində 446 m3 qaz istehlak etməyi (ay ərzində 13380 m3 təşkil edir tələbnamənin hesabatına əsasən) absurd məsələdir. O, öz vəzifə öhdəliklərini vətən və dövlət qarşısında layiqincə yerinə yetirmiş bir Azərbaycan Respublikası vətəndaşı olaraq bildirir ki, o, qaz xəttinə 2023-cü ilin noyabr ayının 29-da qeyri-qanuni olaraq qoşulmuşdur. Buna da səbəb olaraq onu göstərə bilər ki, hal-hazırda heç bir yerdə işləmir və ona görə də, qaza ödəniş etməkdə çətinlik çəkir. O, övladlarının qarşısında qaz puluna görə aciz qalmaqdan utanır. Odur ki, bu yola əl atmışdır. Yaşadığı ərazidə xx.xx.2023-cü il tarixində qaz təchizatı idarə tərəfindən profilaktik tədbirlər çərçivəsində dayandırılmışdır. O, da həmin gün qaz xəttinə qeyri-qanuni qoşulmuş və evində 3 gözlü qaz plitəsindən və radiator peçindən istifadə etmişdir. Onu da qeyd edir ki, evinə baxış keçirilmədən mənzilində olmayan qaz cihazları aktda qeyd olunub. Halbuki həmin qeyd olunan qaz cihazları onun mənzilində yoxdur. Xahiş edir ki, dəymiş ziyana yenidən baxılmaqla xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixləri ərzində 3 gözlü bir qaz plitəsinin və radiator peçinin işlədə biləcəyi qaz sərfinin hesablanması üçün göstəriş verilsin. O, vicdanlı bir vətəndaş kimi etdiyi əməli etiraf edir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, ona 4821 manat borc yazılmışdır. Hesab edir ki, hesablama düzgün aparılmamışdır. Onun evində bir su qızdırıcı, PG 3 qaz sobası və bir də radiator var. Hamamda odun peçindən istifadə edir. Qazla istifadə olunan sac yoxdur. Həyətdə xərək var, ondan da həftədə bir dəfə çörək bişirmək üçün istifadə olunur. Odur ki, qaz sərfiyyatına görə əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, kənar xətdən istifadə olunub. Bunu iddiaçı özü də etiraf edir. Ziyan aktında qeyd olunan cihazlar iddiaçının evində aşkarlanmışdır. Başqa əlavəsi yoxdur. İddianın rədd edilməsini xahiş edir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 Agentliyinin Xaçmaz filialının nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, Xaçmaz Rayon Məhkəməsi tərəfindən həmin mülki iş üzrə mütəxəssis rəyinin verilməsi X2 Agentliyinin Xaçmaz filialına həvalə edilmişdir. O, rəyin hazırlanması məqsədilə təqdim edilmiş sənədləri (materiallar) təhlil etmiş, kənar xəttə qoşulma təsdiqini tapmış, lakin hesablama yüksək aparılıb. Təhlil nəticəsində məlum olmuşdur ki, Cavabdeh İB-nin X5 İstismar İdarəsinin nümayəndələri tərəfindən Xaçmaz rayonu, Yergüc kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğuna görə “Təbii X3nın pozulması haqqında” ******* nömrəli akt tərtib edilərək itirilmiş qazın bərpası məqsədilə hesabat aparılaraq 4821 manat 12 qəpik məbləğində borc (40176 m3) abonentin hesabına daxil edilmişdir. Belə ki, Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı “X3”nın 6.5.4-cü bəndinə əsasən “Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxın yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə qeydə alınır. İstehlakçı izahat və aktın məzmunu barəsdinə öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.” Cavabdeh İB Xaçmaz RQİİ-nin nümayəndələri tərəfindən dəymiş ziyan hesablanan zaman hazırda qüvvədə olan Qaydaların 6.5-1.1-ci, 6.5-1.3-cü və 6.5-3-cü bəndlərinin tələbləri nəzərə alınmayıb. Beləliklə, İddiaçı aid abonent saldosuna baxan zaman 1 ədəd məişət tipli PQ-4 qaz plitəsi və 2 ədəd qızdırıcı radiator peçi Xaçmaz RQİİnin kompüter qeydiyyatında olduğu müəyyən olunmuşdur, lakin hesabat təqdim olunan materiallarda həqiqətən bu qaz qurğularını işlətməsi sübuta yetirilmədən 1 ədəd PQ-4 qaz plitəsi, 2 ədəd dəmir soba, 1 ədəd radiator sobası, 1 ədəd 200 litrlik həcmli su qızdırıcı, 1 ədəd sac üzrə aparılmışdır. Təqdim olunan materiallara baxış zamanı isə abonentin kənar xətt vasitəsilə qazdan qanunsuz istifadə etdiyi dövrdə hansı qaz qurğularından istifadə etdiyini müəyyənləşdirmək mümkün olmadı. Həmçinin dəymiş ziyanın hesablanması zamanı qaz qurğularının real işləmə müddəti və ilin mövsümü nəzərə alınmamışdır. Son baxış yoxdursa son 3 ay hesablanır. Hesablama yalnız saldoda qeyd olunan cihazlar əsasında aparılır. - xx.xx.2025-ci il tarixli rəydən müəyyən olunur ki, İddiaçı aid abonent saldosuna baxan zaman 1 ədəd məişət tipli PQ-4 qaz plitəsi və 2 ədəd qızdırıcı radiator peçi Xaçmaz RQİİ-nin kompüter qeydiyyatında olduğu müəyyən olunmuşdur, lakin hesabat təqdim olunan materiallarda həqiqətən bu qaz qurğuların işləməsi sübuta yetirilmədən 1 ədəd PQ- 4 qaz plitəsi, 2 ədəd dəmir soba, 1 ədəd radiator sobası, 1 ədəd 200 litrlik həcmli su qızdırıcı, 1 ədəd sac üzrə aparılmışdır. Təqdim olunan materiallara baxış zamanı isə abonentin kənar xətt vasitəsilə qazdan qanunsuz istifadə etdiyi dövrdə hansı qaz qurğularından istifadə etdiyini müəyyənləşdirmək mümkün olmadı. Həmçinin dəymiş ziyanın hesablanması zamanı qaz qurğularının real işləmə müddəti və ilin mövsümü nəzərə alınmamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş təbii X3nın pozulması haqqında xx.xx.2023-cü il tarixində ******* saylı aktda “qeyri-qanuni olaraq təbii qaz şəbəkəsinə qoşulduğu aşkar edilmişdir”. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 40176 m3 həcmində qaz itkisi olduğu göstərilmişdir. - İş materiallarında olan abonentin saldosundan görünür ki, 4821.12 manat borc müəyyən edilmişdir. - Məhkəmə iclasında nümayiş etdirilən cavabdehin təqdim etdiyi CD-dən görünür ki, iddiaçının istifadəsində olan sayğacdan kənar qaz xəttinə qoşulma faktı baş vermişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh təşkilatın əməkdaşları iddiaçının yaşadığı ünvana gələrək qaz sayğacına baxış keçirmiş, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi ilə bağlı xx.xx.2023-cü il tarixli akt tərtib olunmuş və həmin akt əsasında ona 4821.12 manat cərimə hesablanmışdır. İddiaçı sayğacdan kənar qoşulmanı etiraf edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının MPM-nin: - 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: - Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. - Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. - Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanunu: - 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X3 ilə tənzimlənir. X3 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - Maddə 20. Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. - Maddə 21. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. - Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “X3”: - 3.2.1 və 3.2.2-ci bənd - qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. - 4.2-ci bənd - məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.8-ci bənd - fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-ci bənd - istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. - 6.5-ci bənd - qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcısı şəbəkədən ayırmaqla qazın verilişin dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. - 6.7-ci bənd - qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh təşkilatın əməkdaşları iddiaçının yaşadığı ünvana aid qaz sayğacına baxış keçirmiş, abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi barədə xx.xx.2023-cu il tarixli akt tərtib olunmuş və həmin akt əsasında 4821.12 manat cərimə hesablanmışdır, iddiaçı sayğacdan kənar qoşulmanı qəbul edir, lakin akt əsasında hesablanmış borcu mübahisələndirmişdir. İş materialları ilə həqiqətən də iddiaçının qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulma faktı təsdiqini tapır. Lakin məhkəmə dəymiş ziyanın 4821.12 manat məbləğində olması ilə razılaşmır. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat tələbnamədə qaz işlədicilərinin hesabat müddətinin nəyə görə 360 gün müddətlə aparıldığını əsaslandıra bilməmişdir. Məhkəmə hesab edir ki, PQ4-ün maksimal saatlıq qaz sərfi üçün orta hesabat müddəti, Cavabdeh xidmət sahələrində işlərin səmərəli, təhlükəsiz təşkili və icrası, itkilərin azalması və xidmət səviyyəsinin yüksəlməsi üzrə” Təlimata uyğun olaraq 90 gün olmaqla hesablanmalıdır. Beləliklə, məhkəmə iş materiallarına, o cümlədən iş üzrə verilmiş mütəxəssis rəyinə və işin digər hallarına əsaslanaraq, hesab edir ki, iddiaçı tərəfindən vurulmuş ziyanın ümumi məbləği 544.32 AZN təşkil edir: - 1 ədəd PQ4 plitəsi 6x1,2x90=648x0,12=77,76AZN - 1 ədəd radiator sobası 12x0,8x90=864x0,12=103,68AZN - 1 ədəd radiator sobası 12x0,8x90=864x0,12=103,68AZN - 1 ədəd sac 12x2x90=2160x0,12=259,20AZN Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, qanunvericiliyin tələbinə əsasən 60.51 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İB tərəfindən İddiaçı yaşadığı Xaçmaz rayonu, Yergüc kəndində yerləşən fərdi yaşayış evi üzrə hesablanmış 4821.12 manat puldan 4276.80 manat pul abonentin hesabından silinməli, eyni zamanda dəyəri ödənilmədən istehlak olunmuş təbii qaza görə ümumilikdə 544,32 manat borc abonent İddiaçı düzgün tətbiq edildiyindən və həmin hissədə iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı (abonent kodu-**********12840) xx.xx.2023-cu il tarixli ******* nömrəli akt əsasında hesablanmış borcdan 4276.80 manat silinsin. İddia qalan hissədə təmin olunmasın. İddianın verilməsinə görə iddiaçının ödəməkdən azad edildiyi 60.51 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №2(067)-526/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-526/2025
07.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver