Məhkəmə qərarları › İş №2(067)-537/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-537/2025

25.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-537/2025 25.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X3 adına yazılmış 31 avqust 1994-cü il tarixli 42 №-li keçmiş Xaçmaz rayon XDS Rəyasət Heyətinin qərarının o, Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, onun adı Leyli, ata adı Emirəmzəyevna, soyadı isə Babayevadır. O, xx.xx.1976-cı il tarixdə X10 ilə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə həyatı qurmuşdur. Rəsmi nikaha daxil olduqdan sonra Bağırova soyadını qəbul etmişdir. Lakin uzun müddət yaşadıqdan sonra isə ailə münasibətlərinə son qoyaraq rəsmi qaydada xx.xx.1990-ci il tarixdə ayrılmışlar. Ayrıldıqdan sonra isə o, əvvəlki ata soyadına, yəni Babayeva soyadına qayıtmışdır. Boşandıqdan sonra 31 avqust 1994-cu il tarixli, 42 №-li keçmiş Xaçmaz rayon XDS Rəyasət Heyətinin qərarına əsasən ona Xaçmaz rayonunun Xudat şəhəri, Konserv Zavod qəsəbəsi yeni planlarda yerləşən ərazidən 400 kv metr torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsində yaşayış evini inşa etdirmişdir. Yaşayış evinə dair hüquq müəyyənedici sənədlərdə (texniki pasport, qeydiyyat vəsiqəsi və sair) mövcuddur. Sözügedən yaşayış evini 08 aprel 2005-ci il tarixli, 1 A-1344 A 75 inventar nömrəli notarial müqaviləyə əsasən hazırki mülkiyyətçi olan X11 alqı-satqı yolu ilə satmışdır. Evin yeni mülkiyyətçisi də adına qeydiyyat vəsiqəsi almışdır. Hal hazırda yaşayış evinə və evin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair mülkiyyət sənədi (çıxarış) almaq qərarına gəlmişdir. Bu məqsədlə sənədləri 5 saylı Ərazi İdarəsinə təqdim edərkən 31 avqust 1994-cu il tarixli, 42 №-li keçmiş Xaçmaz, rayon XDS Rəyasət Heyətinin qərarında o, Ərizəçi soyadı nikahda olduğu zaman daşıdığı soyadına uyğun “Bağırova kimi, adı “Leyli" olduğu halda səhvən “Leyla", ata adının isə “Emirəmzəyevna" olduğu halda səhvən “Əmirhəmzə qızı" kimi qeyd olunduğundan sənədlərdə uyğunsuzluqa səbəb olmuşdu. Bu səbəbdən 5 saylı Ərazi İdarəsi tərəfindən imtina verilmiş, ona tövsiyə edildi ki, sənəddə olan uyğunsuzluğun aradan qaldırılması məhkəmə qaydasında təsdiq edildikdən sonra sənəddə olan uyğunsuzluq aradan qalxar və o, yeni sənəd ala bilər. Hazırda o, baş vermiş uyğunsuzluğu digər qaydada aradan qaldıra bilmir. Bu səbəbdən isə hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək, izahatında göstərmişdir ki, sənədin onun adına olmasının təsdiqini istəyir və ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı tərəf Xaçmaz rayon DƏDRX məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5.-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. - nikahın bağlanması haqqında arayışın surətindən müəyyən olunur ki, X10 ilə Ərizəçi Əmirəmzə qızı xx.xx.1976-cı ildə nikaha daxil olmuşlar. Nikahdan sonra qadın Bağırova soyadını qəbul etmişdir. - vətəndaşın şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1956-cı ildə Xaçmaz rayonunda anadan olmuşdur. - doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1956-cı ildə Xaçmaz rayonunda anadan olmuş, ata qrafasında X6, ana qrafasında X12 yazılmışdır. - Xaçmaz rayon Dövlət Arxivi tətəfindən verilmiş xx.xx.2024-cü il tarixli, №3-48-18002/- D3xx-xx/2024 saylı Arxiv Çıxarışından müəyyən olunur ki, Xaçmaz rayon XDS Rəyasət Heyətinin 67-ci qərarı ilə Xudat şəhəri T.İsmayılov küçəsi 28 sayl evdə yaşayan X4 fərdi mənzil tikintisi üçün 400 kv.metr torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin ərizəçiyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Xaçmaz rayonu Xudat şəhəri ərazisində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.04 ha torpaq sahəsi üzərində Ərizəçi mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli ərizəsinə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılan zamanı müəyyən olunmuşdur ki, fərdi yaşayış evinin yerləşdiyi 0.04 ha torpaq sahəsi üçün ərizəyə əlavə olunmuş sənədlərdə uyğunsuzluqlar mövcuddur. Belə ki, şəxsiyyəti təsdiq edən sənəddə hüquq sahibinin soyadı, adı və atasının adı Ərizəçi olduğu halda, Xaçmaz rayon XDS RH-nin 31,08.1994-cü il tarixli iclasının 42 saylı protokolundan çıxarışa əsasən ayrılmış 0.04 ha torpaq üçün ərizəyə əlavə olunmuş Xaçmaz rayon Dövlət arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arxiv çıxarışında hüquq sahibinin soyadı, adı və atasının adı X2 göstərilmişdir. - Evin Qeydiyyat vəsiqəsindən müəyyən olunur ki, Xudat şəhər Konserv Zavod ərazisində yerləşən yeni planlarda yerləşən yaşayış evi X9 adına qeydə alınmışdır. - xx.xx.2005-cil tarixli 222017 saylı müqavilədən müəyyən olunur ki, X8 evini X1. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, şəxsiyyəti təsdiq edən sənəddə hüquq sahibinin soyadı, adı və atasının adı Ərizəçi olduğu halda, Xaçmaz rayon XDS RH-nin xx.xx.1994-cü il tarixli iclasının 42 saylı protokolundan çıxarışa əsasən ayrılmış 0.04 ha torpaq üçün ərizəyə əlavə olunmuş Xaçmaz rayon Dövlət arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arxiv çıxarışında hüquq sahibinin soyadı, adı və atasının adı səhvən X2 göstərilmişdir. Qeyd olunan hüquqmüəyyənedici sənəd olan aktda olan yanlışlıq aradan qaldırılmadan ərizəçi həmin sənəd üzrə vərəsəlik, mülkiyyət və s. hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Ərizəçinin adındakı səhvi təhlil edərək məhkəmə hesab edir ki, həmin yanlışlıq ərizəçinin sənədlərində göstərilən həqiqi adı nəzərə alınmadan, diqqətsizlik nəticəsində yaranmışdır. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenimunun xx.xx.2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquqmüəyyənedici sənədin ərizəçiyə məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə MPM-in 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə ərizə təmin edilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i Ərizə təmin edilsin. “X13” qızının adına yazılmış 400 kv. metr torpaq sahəsinin verilməsi barədə 31 avqust 1994-cü il tarixli 42 №-li keçmiş Xaçmaz rayon XDS Rəyasət Heyətinin qərarının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar