Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-54/2023 07.06.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması və sair tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* saylı Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa (Çıxarışa əsasən verilmiş xx.xx.2016-a il tarixli, A 107616 saylı Torpaq sahəsinin planı və ölçüsünə) əsasən 0,15 hektar xüsusi mülkiyyətində olan sahibkarlıq təyinatlı torpaq sahəsinin eni şimalqərb tərəfdən 1,66 metr, cənub-qərb tərəfdən isə 1,48 metr olmaqla, Cavabdeh torpaq sahəsinin onun torpaq sahəsilə sərhədi boyunca hissəsinin Cavabdeh qeyri-qanuni sahibliyindən məcburi qaydada alınaraq, ona qaytarılması və torpaq sahəsində cavabdeh tərəfindən qeyri-qanuni tikilmiş tikililərin və qurğuların onun öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ona Xaçmaz rayonunun Armudpadar kəndində xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* saylı Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən (Çıxarışın və Çıxarışa əsasən verilmiş xx.xx.2016-cı il tarixli, A 107616 saylı Torpaq sahəsinin planı və ölçüsünün notariatda təsdiq olunmuş surətlərini əlavə edirəm) 0.15 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında məxsusdur. Lakin torpaq sahəsinin bir hissəsi Cavabdeh tərəfindən zəbt olunmuşdur. Cavabdehin onun torpaq sahəsilə qonşuluqda torpaq sahəsi vardır və o, şimal-qərb tərəfdən 1,66 metr, cənub-qərb tərəfdən isə 1.48 metr olmaqla, onun torpaq sahəsini qanunsuz zəbt etmişdir. Cavabdehin zəbt etdiyi göstərilən ölçülərdə torpaq sahəsinin bir hissəsi ona məxsusdur. Cavabdeh tərəfindən onun torpaq sahəsinin bir hissəsinin zəbt olunması barədə o, halhazırda bilmişdir. Belə ki, cavabdeh başqa iki nəfərlə birlikdə ona qarşı məhkəmədə iddia qaldıraraq, bildirmişlər ki, o, özünə məxsus torpaq sahəsinin Cavabdehlə qonşuluq təşkil edən hissəsinin əks-istiqamətində gediş-gəliş yolunu zəbt etmişdir. Məhkəmə gedişində ekspertiza təyin olunmuş və məlum olmuşdur ki, o özünə məxsus torpaq sahəsinin Cavabdehlə qonşuluq təşkil edən hissəsinin əks-istiqamətində gediş-gəliş yoluna şimalqərb tərəfdən 1.66 metr, cənub-qərb tərəfdən isə 1.48 metr olmaqla, çıxmışdır. Həmçinin bu ölçmələr zamanı faktiki olaraq məlum olmuşdur ki, o, göstərilən sahəni azad etdikdən sonra göstərilən ölçüdə torpaq sahəsi onun reyestrdə çıxarışındakı ölçülərdən az gəlir. Həmin sahə də yuxarıda qeyd etdiyi kimi, əks tərəfdən Cavabdeh tərəfindən zəbt olunmuşdur. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək iddiaya uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mütəxəssis rəyində göstərilib ki, cavabdeh tərəfindən 28 kv.metr torpaq sahəsi zəbt edilib. Amma faktiki olaraq zəbt olunan sahə çoxdur, ancaq buna baxmayaraq, onlah 28 kv.metr torpaq sahəsi ilə də razı deyillər. Ona görə ki, Cavabdeh onlara qarşı iddia qaldırıb, onların əks tərəfdən 1 metr 40 sm ölçüdə hasarlarını sökdürüb dartıb içəri və o vaxt ekspertiza təyin olunmuş, təsdiq olunmuşdur ki, onlar 1 metr 40 sm yola çıxmışlar. Onlar da məhkəmənin qanuni qüvvəyə minmiş qərarının məcburi icrasını gözləmədən, hasarı sökmüşlər, öz hasarlarını da çəkmişlər və təbii ki, bundan sonra gedib maraqlanmışlar ki, sahələri hanı? Onlara qeyri rəsmi şəkildə müvafiq dövlət orqanları tərəfindən bildirilmişdir ki, onların ərazisində də Cavabdeh də əks tərəfdən daxil olub və onlar bu iddianı qaldırmışlar. Onlar bilirlər ki, Cavabdeh 28 kv.metr yox, çox girib əraziyə, ancaq onlara 28 kv.metr də bəsdir, 1 sm də bəsdir. Onlara torpaq əvvəldən lazım deyildi, sadəcə bir-birini tanıyan, qohum olan insanlar biri digərinə qarşı bu hərəkətləri edirsə, onlar da bu hərəkəti edirlər. Mütəxəssis Namik vaxtilə Cavabdehlə bir yerdə işləmişlər, o torpağın faktiki sahibi, torpaq şöbəsinin keçmiş müdiri Adıgözəlin işçiləri olublar, yeznə qayındırlar. Burada Cavabdeh sadəcə adı gedir. Namikin, idarənin öz ixtiyarına qalsaydı, yazardılar ki, 1 sm belə zəbt etməyib. Ona görə də kiminsə yanında üzüqara qalmamaq üçün yazıb ki, sürüşmə var, o tərəfdən artıq var. Şimaldan 1 metr, cənubdan 48 sm artıq torpaq tutmuşdur. Bunun Cavabdeh aidiyyəti yoxdur. O, 10 sot artıq torpaq sahəsi zəbt etmişdirsə, o torpağın sahibi, subyektiv hüququ olan şəxs ona qarşı iddia qaldırar və ya qaldırmaz öz işidir. Söhbət Cavabdeh onun ərazisinə daxil olan, zəbt etdiyi torpaqdan gedir və çox maraqlıdır ki, mütəxəssisin qarşısında sual qoyulmayıb, Vəli cənubdan, şimaldan torpaq zəbt edib ya yox, onun qarşısında sual qoyulub ki, Cavabdeh torpağı zəbt olunub ya yox? Vəli torpağı qaynatası Almasov Kamildən alqı-satqı ilə alıb. Ancaq torpaq sahəsi Kamil Almasova 2003-cü ildə ayrılıb. Yəni o torpaq alınanda orada Cavabdeh tikililəri mövcud olmamış, sonradan zəbt olunub və tikilib. İddiaçı adına olan çıxarışda göstərilmiş 0,15 ha torpaq sahəsi faktiki olaraq onun istifadəsindədirmi? O, bildirir ki, mülkiyyətinə aid 0,15 ha torpaq sahəsinə Cavabdeh tərəfindən müdaxilə olunub, onun iddiasının predmeti budur. Cavabdeh zəbt etdiyi 28 kv.metr torpaq sahəsindən başqa 0,15 ha torpaq sahəsi onun faktiki istifadəsindədir. Bunlar ekspertin qarşısında qoyulası, ekspertin cavab verəcəyi suallar deyil. Alqı-satqı sənədləri, ilkin sənədləri araşdırmaq olar, o məsələlərə də aydınlıq gətirmişlər, bu məsələlər ekspertin aydınlaşdıracağı məsələlər deyil. Yəni ekspert müəyyənləşdirəcək ki, bu bina 10 il bundan əvvəl tikilib ya 12 il bundan əvvəl və ya 4 il bundan əvvəl? Nə əhəmiyyəti var ki? Tutaq ki, ekspert müəyyənləşdirdi ki, bu suala müsbət cavab verdi ki, məsələn, İddiaçı torpaq sahəsini alanda həmin mübahisəli tikililər var idi, nə dəyişir? Və ya yox idi, nə dəyişir? Bu onun torpağıdır. Konstitusiya ilə qorunan mülkiyyət hüququdur. 28 kv.metr torpaq sahəsini qaytarsın. Bu da mütəxəssis rəyi ilə təsdiq olunub. Onlarə 28 kv.metr də qane edir. Məhkəmə iclasında cavabdeh tərəf iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, torpaq sahəsi əslində Altayın deyil, başqa adamındır, ekspert rəy verəndə özbaşına olsaydı çox şey yazardı, bunlar hamısı deyildi məhkəməyə. Hesab edir ki, əsas sual, sürüşmənin nədən ibarət olmasıdır ki, bunu o şəxsən başa düşməmişdir. Keçən iclasda vəsatət vermişdir ki, təkrar ekspertiza keçirilsin, lakin məhkəmə vəsatəti müzakirə edilmədən saxlayaraq, , ekspertin aydınlıq gətirməsini demişdir. Bugünkü məhkəmə iclasında da ekspert demişdir ki, mütəxəssis rəyini təsdiq etmiş suallara aid hissədə, qeyd hissəsi ona aid deyil, ona heç bir aydınlıq gətirməmişdir. Hesab edir ki, bu mübahisənin həllində əsas mahiyyəti mütəxəssis rəyinin qeyd hissəsindən ibarətdir. Başa düşməmişdir ki, sürüşmə hansı istiqamətdən hansı istiqamətədir. Yazılıb ki, şərq istiqamətində, cənub hissəsində, yəni bu mübahisəli əraziyə aiddir yoxsa, şimal tərəfdəki ərazidən gedir söhbət, yoxsa iddiaçı ilə cavab arasındakı mübahisəyə aid torpaqdan gedir? Qeyd hissəsində konkret hansı koordinatlarda sürüşmə olması göstərilməyib. Hazırda o təkrarən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsini xahiş edir, bu barədə yazılı vəsatətini təqdim edir. Mütəxəssis zəbt olunan torpaq sahəsinin konkret harada olmasını göstərsin. İddia tamamilə əsassızdır, həqiqətə nail olmaq üçün cavabdeh tərəfindən verilmiş vəsatətlər təmin olunmamışdır. İş üzrə əlavə ekspertiza keçirilməklə, mübahisəli əraziyə ekspertin özü tərəfindən baxış keçirilərək əsaslı rəy verilməsini xahiş etmişlər, lakin bu barədə vəsatətləri də təmin olunmamışdır. Məhkəmə iclasında dindirilmiş ekspert Hüseyn müəllim də mütəxəssis rəyini təsdiq etmiş olsa da, mütəxəssis rəyinin qeyd hissəsində göstərilmiş məlumatları izah edə bilməmişdir, bildirmişdir ki, bu ona aid deyil, mütəxəssisin öz səlahiyyətində olan məsələdir. Belə olan halda hesab edir ki, iddianın predmeti olan mübahisəli əraziyə aid iddiaçı tərəfindən təqdim olunmuş dəlil və sübutlar öz təsdiqini tapmamışdır. Hesab edir ki, işdə araşdırılmış sübutlarla iddianın əsaslı olması qənaətinə gəlmək düzgün olmaz. Ona görə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X5 göstərmişdir ki, xx.xx.2023-cü il tarixli 10/8557 saylı ekspert rəyini o vermiş, verdiyi rəyə görə məsuliyyət daşıyır. Tərəflərin iştirakı olmadan baxış keçirilmir. Həmin rəy verilərkən əraziyə baxış keçirməmiş, rəy mütəxəssis rəyinə əsasən yazılmışdır. Onlarda baza məlumatları olmadığına görə sadə şəkildə həmin koordinatları əldə edib onları bazada tətbiq edib nəticə əldə edə bilmədikləri üçün məhkəməyə vəsatət verirlər, məhkəmə tərəfindən mütəxəssis rəyi əldə olunur, mütəxəssis əraziyə baxış keçirir ya yox, bəlkə də kameral şəraitdə rəy verir bilmir və mütəxəssis rəyi Ekspertiza Mərkəzinə təqdim olunur, həmin rəyə uyğun da ekspert rəyi tərtib olunur. O, ekspert qarşısında qoyulan sualları cavablandırmışdır. Əgər mütəxəssis birləşdirib sualları bir cavab versəydi və altda qeyd qoysa idi, onda baxmaq olardı. Konkret olaraq qeyd olan hissəyə baxmağa, diqqət etməyə mütəxəssis rəyi olduğu üçün məcbur deyildir. Qeyd hissəsi məhkəmə üçündür, məlumat xarakterlidir, məhkəmə iclasında tərəflərin müzakirəsinə çıxarılması və müzakirə edilməsi üçündür. Məhkəmədə iclas keçirilir və qiymətləndirilir. Hakimin qoyduğu suala o cavab verməyə borcludur. Mütəxəssis rəyində qoyulmuş bütün suallara cavab verilib, həmin mütəxəssis rəyinə uyğun da ekspert rəyini tərtib etmişdir. Əlavə, təkrar ekspertiza təyin edilməsi və ya digər məsələlər isə məhkəmənin səlahiyyətindədir. O, mühəndistexniki ekspertiza şöbəsinin eksperti olduğu üçün texniki məsələnin texniki hissəsinə cavab verməyə məcburdur, hüquqi məsələlər isə məhkəmənin, vəkillərin, hakimin qərarıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli **********92 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonunun Armudpadar kəndində 0,15 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 38 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt Apelyasiya Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-100/2021 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)-100/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, İddiaçı tərəfindən X6 mülkiyyətində olan 0,27 ha, Cavabdeh mülkiyyətində olan 0,27 ha və X1 mülkiyyətində olan 0,27 ha torpaq sahələrinə gediş-gəliş yolunun hasarlanaraq istifadə olunan hissəsi, yəni yolun şimal-qərb tərəfdən 1,66 metr, cənub-qərb tərəfdən isə 1,48 metr mişar daşı ilə hasarlanaraq istifadə olunan hissəsinin bərpa olunması, həmin yolun hərəkət hissəsindəki hasar, günlük və dəmir konstruksiyadan ibarət talvarın sökülməsi qət edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8557 nömrəli ekspert rəyindən müəyyən olunur ki, mübahisəli ərazinin real vəziyyəti müəyyən olunmuş, torpaq sahələri qonşuluqda yerləşir. İddiaçıya məxsus torpaq sahəsinin mülkiyyət sənədinə əsasən Xaçmaz rayonunun Armudpadar kəndində yerləşən torpaq sahəsinin cavabdeh tərəfindən 28 kv.metr hissəsi istifadə olunur. İddiaçıya məxsus torpaq sahəsinin mülkiyyət sənədinə əsasən Xaçmaz rayonunun Armudpadar kəndində yerləşən torpaq sahəsindən cavabdeh tərəfindən qanunsuz istifadə olunan 28 kv.metr torpaq sahəsinin 17 kv.metr sahəsi üzərinə anbar və digər təyinatlı istifadə olunur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5 ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, tərəflərin izahatlarını, ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli **********92 reyestr nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan və Xaçmaz rayonunun Armudpadar kəndində yerləşən 0,15 ha torpaq sahəsinin 28 kv.metr hissəsi Cavabdeh istifadəsindən alınaraq İddiaçı istifadəsinə qaytarılsın. Xaçmaz rayonu Armudpadar kəndi ərazisində yerləşən, İddiaçı mülkiyyətində olan torpaq sahəsindən Cavabdeh tərəfindən qanunsuz istifadə olunan 28 kv.metr torpaq sahəsinin 17 kv.metr sahəsi üzərində tikilmiş anbar və digər tikililər cavabdehin öz vəsaiti hesabına sökülsün. Ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh alınaraq X2, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-54/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-54/2023
07.06.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver