Məhkəmə qərarları › İş №2(067)-566/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-566/2024

31.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-566/2024 31.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı və vəkili-nümayəndəsi Vəkil, Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı birgə mülkiyyətdə olan torpaq sahəsindən payın müəyyən edilərək naturada ayrılması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 nömrəli qərarı ilə Xaçmaz rayonu, Ağ-Çay kəndi ərazisindən Cavabdeh1, digər mülkiyyətçilərin və onun birgə mülkiyyətlərinə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-065A saylı 30218048 kodlu şəhadətnamədə göstərilən 0,23 ha həyatyanı torpaq sahəsi və “Torpağa mülkiyyət hüququna dair” JN-065 saylı, 30218048 kodlu Dövlət Aktında göstərilmiş 4,37 ha birgə mülkiyyətdə olan bağ sahəsindən payının müəyyən etməklə hər iki torpaq sahəsindən payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 nömrəli qərarı ilə Xaçmaz rayonu, Ağ-Çay kəndi ərazisindən ailə başçısı Cavabdeh1 olmaqla onun ailənin digər üzvlərinin və onun mülkiyyətlərinə 0,23 ha həyatyanı torpaq sahəsi və eyni adlı qərarla 4,37 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. Həyətyanı torpaq sahəsinə hüquqları “Torpağın mülkiyyətə verilməsinə dair” JN-095A saylı 30218048 kodlu şəhadətnamə ilə, pay torpaq sahəsinə isə “Torpağa mülkiyyət hüququna dair” JN-065 saylı, 30218048 kodlu Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Həm həyətyanı torpaq sahəsindəki, həm də torpaq sahəsindəki payını ayırmaq istəyir. Qanuna görə birgə mülkiyyətdə olan torpaq sahələrində payları bərabər hesab olunur. Həyətyanı torpaq sahəsindən hər bir mülkiyyətçinin payı 0,046 ha, pay torpaq sahəsindən isə hər bir mülkiyyətçinin payı 0,874 hektardır. Cavabdehlərdən Cavabdeh2 mülkiyyətçi olmasa da, ailə başçısı olan atası Cavabdeh1 ciddi surətdə təsir edir ki, torpaq sahəsində payını ayıra bilməsin. Baxmayaraq ki, Cavabdeh1 təklif etmişdir ki, torpaq sahəsinin naturada bölgüsü üçün reyestr xidmətinə gələrək torpaq sahələrinin razılaşma əsasında ayrılmasına imza etsin. Lakin cavabdeh heç bir səbəb göstərmədən reyestr xidmətinə gəlməkdən imtina edir və torpaq sahələrinin naturada ayırıb verməkdən imtina edir. Cavabdehlərin inadkarlığı üzündən əmlakı üzərində sərəncam hüququnu reallaşdıra bilmir. Ona görə də torpaq sahələrindən payı müəyyən olunmalı və naturada ayrılmalıdır. İş üzrə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək göstərmişdir ki, məhkəmədə işə baxılan müddətdə razılıq əsasında “Torpağa mülkiyyət hüququna dair” JN-065 saylı, 30218048 kodlu Dövlət Aktında göstərilmiş 4,37 ha birgə mülkiyyətdə olan torpaq sahəsindən payları müəyyən edərək ayırmışlar və həmin torpaq sahəsinə çıxarış almışdır. Həmin hissədə iddia tələbi qalmamışdır. İddia ərizəsinə dəqiqləşdirmə apararaq xahiş edir ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 nömrəli qərarı ilə Xaçmaz rayonu, Ağ-Çay kəndi ərazisindən Cavabdeh1, digər mülkiyyətçilərin və onun birgə mülkiyyətlərinə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-095A saylı 30218048 kodlu Şəhadətnamədə göstərilən 0,23 ha həyətyanı torpaq sahəsindən payı müəyyən etməklə payının naturada ayrılması barədə qətnamə çıxarılsın. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddiaya uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, əri həbs olunmuşdur, 2 uşağını dolandıra bilmir. Həyətyanı torpaqdan pay tələb edir. Həyətyanı torpaqdan anasına düşən payı da istəyir ki, gedib həmin həyətdə yaşasın. Qardaşı Alimin öz evi var, amma atasının həyətindən çıxmır. Pay torpaq sahəsindən payını almışdır, mülkiyyət sənədi olan çıxarışı almışdır. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək göstərmişdir ki, iddiaçıya 86 sot pay torpaq sahəsi düşür və o artıqlaması ilə həmin pay torpaq sahəsindən bacısına vermişdir. DƏDRXdə iddiaçının adına verilmiş pay torpağın mülkiyyət sənədi hazırdır. Həyətyanı torpaq sahəsi isə 23 sotdur və atasına aiddir. Həmin torpaq sahəsindən 4 sotu iddiaçıya verməyə razıdırlar. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək göstərmişdir ki, həyətyanı torpaqdan iddiaçının payının ayrılıb verilməsinə etiraz etmir. İş üzrə üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; -Torpağa mülkiyyət hüququna dair JN 0065, kod 30218048 saylı Dövlət Aktının surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 nömrəli qərarına əsasən Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətinə 4,37 hektar torpaq sahəsi verilmişdir. -Torpağın mülkiyyətə verilməsinə dair JN 095A, kod 30218048 saylı şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 nömrəli qərarına əsasən Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətinə 0,23 hektar torpaq sahəsi verilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********77 nömrəli məktubundan müəyyən olunur ki, bölgü sxeminin hazırlanması ilə bağlı 0.23 ha torpaq sahəsi üzərində mübahisə mövcud olduğundan torpaq sahəsi üçün nəzərdə tutulmuş bölgü işinin aparılması mümkün olmamışdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********93 nömrəli məktubundan müəyyən olunur ki, bölgü sxeminin hazırlanması ilə bağlı 4.37 ha torpaq sahəsi üzərində mübahisə mövcud olduğundan torpaq sahəsi üçün nəzərdə tutulmuş bölgü işinin aparılması mümkün olmamışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Xaçmaz rayonu, Ağ-Çay kəndi ərazisindən Cavabdeh1, digər mülkiyyətçilərin və Ələkpərova (Mehtiyeva) Süsən İbad qızının birgə mülkiyyətlərinə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-095A saylı 30218048 kodlu şəhadətnamədə göstərilən 0,23 ha həyətyanı torpaq sahəsi və “Torpağa mülkiyyət hüququna dair” JN-065 saylı, 30218048 kodlu Dövlət Aktında göstərilmiş 4,37 ha torpaq sahəsi verilmişdir. Hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək qeyd olunan torpaq sahələrindən payının naturada bölünməklə ona aid hissədə onun xeyrinə verilməsini xahiş etmişdir. Daha sonra məhkəməyə ərizə ilə müraciət edərək yalnız “Torpağın mülkiyyətə verilməsinə dair” JN-095A saylı 30218048 kodlu şəhadətnamədə göstərilən 0,23 ha həyətyanı torpaq sahəsindən payının naturada bölünməklə ona aid hissədə onun xeyrinə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Mülki qanunvericiliyin mənasına görə, ümumi mülkiyyətin iştirakçısının əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını tələb etmək hüququ vardır. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması və ya pul kompensasiyasının (dəyərinin) ödənilməsi ilə həyata keçirilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93). Qeyd olunduğu kimi, birgə mülkiyyətlərinə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 095A saylı 30218048 kodlu şəhadətnamədə göstərilən 0,23 ha həyatyanı torpaq sahəsinin bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiklərindən birgə mülkiyyətin mülkiyyətçilərindən Ələkpərova (Mehtiyeva) Süsən İbad qızı öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmişdir. Məhkəmə hesab edir ki, tərəflərin ümumi birgə mülkiyyətində olan 0.23 ha torpaq sahəsinin naturada ayrılması mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair JN 095A, kod 30218048 saylı şəhadətnaməyə əsasən Cavabdeh1, X1, Mehtiyeva (Ələkpərova) Süsən İbad qızının, X2 və X5 mülkiyyətlərində olan Xaçmaz rayonu, Ağ-çay kəndi ərazisində yerləşən 0,23 ha torpaq sahəsinə münasibətdə iddiaçı Ələkpərova (Mehtiyeva) Süsən İbad qızının payı müəyyən edilərək naturada ayrılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN 095A, kod 30218048 saylı şəhadətnaməyə əsasən Cavabdeh1, X1, X3, X2 və X5 mülkiyyətlərində olan Xaçmaz rayonu, Ağ-çay kəndi ərazisində yerləşən 0,23 ha torpaq sahəsinə münasibətdə iddiaçı Ələkpərova (Mehtiyeva) Süsən İbad qızının payı müəyyən edilərək naturada ayrılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar