Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-583/2022 13.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə İddiaçı və vəkili X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı vərəsəlik hüququndan məhrum edilməsi və sair tələbinə dair mülki işə 13 aprel 2022-ci il tarixdə Xaçmaz rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin vərəsəlik hüququndan, o cümlədən mirasdan məcburi pay hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh onun oğludur və ailəsi ilə birlikdə onun evində yaşayırlar. ünvan 1 ünvanında yerləşən yaşayış evi ona məxsusdur. Qeyd olunan yaşayış evi tam mülkiyyət hüququ üzrə tam mülkiyyət hüququ üzrə ona məxsus olsa da öz evində yaşamasına imkan vermirlər, məcbur olub zirzəmidə qalır. Javabdeh və onun arvadı özlərini ev sahibi kimi aparırlar, onu saymırlar, evini dağıdırlar, səs-küy salaraq onun istirahətini pozmaqla qonşularla yaşayış qaydalarına da riayət etmirlər. Əsasən də cavabdeh spirtli içkilər qəbul etməklə onu söyüb təhqir edir, şəxsiyyətini alçaldır. Dəfələrlə bununla əlaqədar aralarında mübahisələr baş vermiş, lakin heç bir nəticəsi olmamışdır. Xaçmaz rayon polis şöbəsində ailəsi nəzarətə götürülmüşdür. Onun 80-ə yaxın yaşı var. Qoca və xəstə adamdır. Öz evində qalan ömrünü sakit yaşamaq istəyir. Cavabdeh ona qayğı göstərmək, və ona qulluq etmək əvəzinə onu zirzəmidə saxlayır, söyüb təhqir edir. Ona çox əzablar verir. Qərara gəlmişdir ki, cavabdehi vərəsəlikdən məhrum etsin ki, onun vəfatından sonra ondan miras olaraq hər hansı predmeti, o cümlədən yaşayış evini vərəsəlikdən pay ala bilməsin. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarıını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, iddiaçı babası, cavabdeh isə dayısıdır. Onların arasında mütəmadi olaraq mübahisələr olur. Babası evin 2-ci mərtəbəsində yaşamaq istəyir, bu barədə razılaşa bilmirlər. Babası və dayısı arasında mübahisə olan zaman polis əməkdaşları da gəlib. Mübahisə zamanı evin qapıları da sınıb. Evi babası tikib, dayısının hərəkətlərini düzgün hesab etmir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahd qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, iddiaçı atası, cavabdeh isə qardaşıdır. O ailəsi ilə ayrı evdə yaşayır. Mütəmadi olaraq atasına baş çəkir, paltarını yuyur, yemək bişirir. Atası ilə Şakir arasında mübahisələr olur, sonuncu dəfə mübahisə zamanı polis əməkdaşları da gəlmişlər. Atası evin aşağı mərtəbəsində yaşayır, zirzəmi deyil. Atasının yaşadığı otaq nəmdir. Şakir atasına qarşı hörmətsizlik edir. Şakir və arvadı atasının saymırlar. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********78-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 12.11.2019-cu il qeydiyyat tarixli çıxarışdan müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən 0,03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 70 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Həmin Məcəllənin 1203.2-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Həmin Məcəllənin 1203.3-cü maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdehin vərəsəlik hüququndan məhrum edilməsinə dair iddia tələbini təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı vərəsəlik hüququndan məhrum edilməsi və sair tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-583/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-583/2022
13.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver