Məhkəmə qərarları › İş №2(067)-587/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-587/2022

11.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-587/2022 11.03.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 11 mart 2022-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X2 adına verilmiş Xaçmaz rayonu Xaspoladoba bələdiyyəsinin 25 noyabr 2006-cı il tarixli 12 saylı qərarının və torpaqların alqı-satqısına dair 30 dekabr 2006-cı il tarixdə 6134 nömrə ilə qeydiyyata alınmış aktın, torpaq sahəsinin planı və ölçüsünə dair 05.06.2008-ci il tarixdə 3222 nömrə ilə uçota alınmış A 039757 nömrəli kadastr sənədinin ona- Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu Xaspoladoba bələdiyyəsinin 25 noyabr 2006-cı il tarixli 12 saylı qərarı və torpaqların alqı-satqısına dair aktda müvafiq olaraq Xaspoladoba kəndi ərazisindən fərdi ev tikintisi üçün 0,10 ha həyətyanı torpaq sahəsi almışdır. Torpaq sahəsinə mülkiyyət sənədi alınması üçün DƏDRX-nə müraciət etmiş, məlum olmuşdur ki, bələdiyyə qərarında, alqı-satqı aktında və kadastr sənədində soyadının və ata adının yazılışında səhvə yol verilmişdir. Həmin vaxt bunun hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişdir. Qeyd olunan sənədlərdə soyadı «Muxammatov» əvəzinə səhvən «Məhəmmədov», ata adı «İslamoviç» əvəzinə səhvən «İslam oğlu» kimi yazılmışdır. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı tərəf Xaçmaz rayon DƏDRX-nin 5 saylı ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan A seriyalı 039757 nömrəli torpaq sahəsinin planı və ölçüsünə dair sənədin surətindən müəyyən olunur ki, Xaçmaz rayonunun Xaspoladoba kəndi ərazisində yerləşən 1000 kv.metr torpaq sahəsinə dair X2 adına torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuş, X2 adına 1000 kv.metr torpaq sahəsi ilə bağlı kadastr planı tərtib edilmişdir. X5 kitabında 05.06.2008-ci il tarixdə 3222 nömrə ilə üçota alınmışdır. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin 16.09.2021-ci il tarixli məktubundan görünür ki, Xaçmaz rayon Xaspoladoba bələdiyyəsi tərəfindən verilmiş 25.11.2006-cı il tarixli 12 saylı qərarında, 30.12.2006-cı il tarixli 6134 saylı torpağın alqı-satqısınra dair aktında, DT və XK tərəfindən verilmiş 05.06.2008-ci il tarixli AN 039757 nömrəli torpaq sahəsinin planı və ölçüsündə qeyd olunmuş hüquq sahibinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi 5 saylı Xaçmaz ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan Xaçmaz RİHB-nın Müşkür İƏD-nin nümayəndəsinin 22.09.2021-ci il tarixli 2029 nömrəli arayışından müəyyən olunur ki, A seriyalı 039757 nömrəli torpaq sahəsinin planı və ölçüsünə dair X5 kitabında 05.06.2008-ci il tarixdə 3222 nömrə ilə üçotda səhvən X1 qeyd edilib. Ərizəçi kimi oxunmalıdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1979-cu ildə anadan olmuşdur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, ərizə qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquqmüəyyənedici sənədin ona məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. Torpaq sahəsinin planı və ölçüsünə dair (05.06.2008-ci il tarixdə 3222 nömrə ilə uçota alınmış) A 039757 nömrəli kadastr sənədinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar