Məhkəmə qərarları › İş №2(067)-588/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-588/2022

08.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-588/2022 08.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X3 adına verilmiş Xaçmaz rayonu Xaspoladoba Bələdiyyəsinin 25 noyabr 2006-cı il tarixli 12 saylı qərarının və torpaqların alqı-satqısına dair 30 dekabr 2006-cı il tarixdə 6137 nömrə ilə qeydiyyata alınmış aktın, habelə torpaq sahəsinin planı və ölçüsünə dair xx.xx.2007-ci il tarixdə 946 nömrə ilə uçota alınmış A № 017444 saylı kadastr sənədinin ona - X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, məlum Özbəkistan - Fərqanə hadisələri ilə əlaqədar 1989-cu ildə Azərbaycana gələrək Xaspoladoba kəndində məskunlaşmışlar. Xaçmaz rayon Xaspoladoba bələdiyyəsinin 25 noyabr 2006-cı il tarixli 12 saylı qərarı və torpaqların alqı-satqısına dair aktda müvafiq olaraq Xaspoladoba kəndi ərazisindən fərdi ev tikintisi üçün 0,10 ha həyətyanı torpaq sahəsi almış. Torpaq sahəsinin kadastr sənədi hazırlanaraq xx.xx.2007-ci il tarixdə 946 nömrə ilə uçota alınmışdır. Qanuni əsaslarla alınmış torpaq sahəsinə mülkiyyət sənədlərinin hazırlanıb verilməsi üçün DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Məlum olmuşdur ki, torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarında, alqı-satqı aktında və kadastr sənədində soyad və ata adının yazılışında səhvə yol verilmişdir. Xaspoladoba kəndində yaşadığı dövrdə Azərbaycan danışıq dilinə uyğun olaraq hamı onların soyadını Məhəmmədov, atalarının adını isə İslam oğlu kimi, habelə adını qısaca olaraq Lətif kimi çağırdıqlarından çox güman ki, bələdiyyə sənədlərində də elə o cür yazılmışdır. Həmin vaxt bunun hansı hüququ nəticələrə səbəb olacağına əhəmiyyət verməmişdir. Qeyd olunan bələdiyyə sənədlərində soyadı “Muxammatov” əvəzinə səhvən “Məhəmmədov”, atasının adı “İslamoviç” əvəzinə səhvən “İslam oğlu”, adı “Lətifşah” əvəzinə “Lətif’ kimi, habelə kadastr sənədində soyadı “Muxammatov” əvəzinə səhvən “Məmmədov” ata adı “İslamoviç” əvəzinə səhvən “İslam oğlu” kimi yazılmışdır. Sənədlərdə yanlışlıqa yol verildiyinə görə ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Xaçmaz RİHB-mn Müşkür kənd İƏD-də nümayəndəsinin xx.xx.2021-ci il tarixli 2029 saylı rəsmi arayışıylada təsdiq olunur ki, torpaq sahəsinin ayrılmasına dair sənədlərdə və torpaq sahəsinin planı və ölçüsünə dair kadastr sənədində soyadın və atasının adı səhvən X1 qeyd edilmişdir. Habelə, İƏD-nin xx.xx.2020-ci il tarixli 2162 saylı arayışından görünür ki, şəxsi hesabında həyətyanı torpaq sahəsi və yaşayış evi yoxdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, adına verilmiş Xaçmaz rayonu Xaspoladoba Bələdiyyəsinin 25 noyabr 2006-cı il tarixli 12 saylı qərarının və torpaqların alqı-satqısına dair 30 dekabr 2006-cı il tarixdə 6137 nömrə ilə qeydiyyata alınmış aktın, habelə torpaq sahəsinin planı və ölçüsünə dair xx.xx.2007-ci il tarixdə 946 nömrə ilə uçota alınmış A № 017444 saylı kadastr sənədinin ona - Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, bildirmişdir ki, o xx.xx.1980-cı ildə Özbəkistan Respublikasının Səmərqənd anadan olmuşdur. Özbəkistanda məlum Fərqanə hadisələri ilə əlaqədar 1989-cu ildə Azərbaycan Respublikasına gələrək Xaçmaz rayonunun Xaspolad-oba kəndində məskunlaşmışdır. Xaspoladoba bələdiyyəsinin xx.xx.2006-c il tarixli 12 saylı qərarı və torpaqların alqı-satqısına dair akta müvafiq olaraq Xaspoladoba kəndi ərazisindən fərdi ev tikintisi üçün 0,10 ha həyətyanı torpaq sahəsi almışdır. Torpaq sahəsinin kadastr sənədi hazırlanaraq xx.xx.2007-ci ildə 946 nömrə ilə uçota alınıb. Lakin sənədlərini DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə təqdim edəndə məlum olmuşdur ki, bələdiyyə qərarında, alqı-satqı aktında və kadastr sənədində soyadı və ata adının yazılışında səhvə yol verilib. Bələdiyyə sənədində soyadı səhvən Məhəmmədov, atasının adı səhvən İslam oğlu, adı səhvən Lətif kimi qeyd edilib. Kadastr sənədində soyadı səhvən Məmmədov, adı səhvən Lətif, ata adı səhvən İslam oğlu kimi qeyd edilib. Torpaq sahəsi ötən müddət ərzində istifadələrində olduğuna görə sənədlərdəki yanlışlığa fikir verməmişdir. Bələdiyyəyə sənəddə düzəliş edilməsi üçün müraciət etmiş, lakin oradan ona bildirmişlər ki, bu onların səlahiyyətinə aid deyil. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında JN-234 seriyalı 30224018 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 06 saylı qərarı ilə X9, X4 və X7 Xaçmaz rayonunun Çarxı kəndində cəmi 2,30 ha pay torpaq sahəsi ayrılıb. İş materiallarında olan AZE seriyalı 14883454 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1978-ci il tarixdə Xaçmaz rayonun, Çarxı kəndində anadan olmuşdur. İş materiallarında olan AZ-İ seriyalı 581752 saylı ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X5 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İ seriyalı 410207 saylı ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X10 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Xaçmaz RİHB-nın Çarxı İƏD Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 522 saylı arayışından müəyyən olunur ki, JN-234 saylı dövlət aktında Ərizəçinın adı mexaniki səhv olaraq X2 yazılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddənin normasından göründüyü kimi, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Bu halda, iddiaçı sənədin düzəlişini həmin sənədi verən orqana müraciət etməklə ala bilər. Məhkəmə hesab edir ki, hüquqmüəyyənedici sənədi verən orqan hazırda mövcud olduğundan, həmin sənəddəki yalnışlığın aradan qaldırılması üçün ərizəçi sənədi verən Xaçmaz rayon Xaspoladoba Bələdiyyəsinə müraciət etməlidir. İddiaçının dediyinə görə, o, Xaçmaz rayonu Xaspoladoba Bələdiyyəsinə müraciət etsə də, Bələdiyyədən ona şifahi rədd cavabı gəlmişdir. Belə olan halda, iddiaçıya inzibati orqanın hərəkətlərindən müvafiq inzibati məhkəməyə şikayət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar