Məhkəmə qərarları › İş №2(067)-600/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-600/2023

02.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-600/2023 02.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1 adına yazılmış Xaçmaz şəhər XDS İcraiyyə Komitəsinin 20 sentyabr 1991-ci il tarixli, 10 saylı qərarının ona yəni ərizəçiyə X2 məxsus olması faktınının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun adı Pərvanə, ata adı Əkbər, soyadı isə Ağayevadır. Onun ata soyadı Tağıyeva olmuşdur. Lakin rəsmi nikaha daxil olduqda ər soyadı olan Ağayeva soyadını qəbul etmişdir. Xaçmaz rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 10 saylı qərarına əsasən ona Xaçmaz şəhəri 21-ci kvartal ərazisində 400 kv.metr torpaq sahəsi ayrılıb. Bu yaxınlarda o, həmin sənədi Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim edərək qanuni əsaslarla ona ayrılmış 400 kv.metr torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almaq üçün müraciət edəndə müəyyən olunub ki, Xaçmaz rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 10 saylı qərarında onun adı Pərvanə əvəzinə səhvən Təranə kimi yazılıb. Bu səbəbdən Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən ona 400 kv.metr torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilməsi mümkün olmayıb. Xaçmaz rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 10 saylı qərarında onun adının Pərvanə əvəzinə səhvən Təranə kimi yazılması tamamilə texniki səhvin nəticəsidir. Bu səbəbdəndə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verib əlavə olaraq göstərmişdir ki, Ərizəçi onun doğma qızıdır, ərizədə qeyd olunan torpaq sahəsi qızına ayrılan vaxtdan hazırkı vaxtadək qızının istifadəsindədir və o, Xaçmaz rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 10 saylı qərarındakı səhvə fikir verməmişdir.Qeyd edir ki, torpaq sahəsi ilə bağlı heç bir mübahisəli məsələ yoxdur. Ərzəçinin nümayəndəsi qeyd olunanlara əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JQ seriyalı 436136 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 xx.xx.1975-ci ildə anadan olmuşdur. İş materiallarında olan Vİ-JQ seriyalı 286302 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1993-cü il tarixdə X3 nikaha daxil olmuş, nikahdan sonra arvada Ağayeva soyadı verilmişdir. İş materiallarında olan Xaçmaz şəhər XDS İcraiyyə Komitəsinin 20 sentyabr 1991-ci il tarixli, 10 saylı qərarından müəyyən olunur ki, həmin qərarda ərizəçinin adı Pərvanə əvəzinə Təranə kimi qeyd edilib. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arxiv arayışından müəyyən olunur ki, Xaçmaz şəhər XDS İcraiyyə Komitəsinin 20 sentyabr 1991-ci il tarixli, 10 saylı protokolu ilə vətəndaş Ağayeva (Tağıyeva) Pərvanə Əkbər qızının adına torpaq sahəsi ayrılması barədə qərar aşkar edilməmişdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, X1 adına yazılmış Xaçmaz şəhər XDS İcraiyyə Komitəsinin 20 sentyabr 1991-ci il tarixli, 10 saylı qərarının ərizəçiyə X2 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X1 adına yazılmış Xaçmaz şəhər XDS İcraiyyə Komitəsinin 20 sentyabr 1991-ci il tarixli, 10 saylı qərarının ərizəçi X2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar