Məhkəmə qərarları › İş №2(067)-613/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-613/2022

10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-613/2022 10.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 10 may 2022-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən 2190 manat borc vəsaitinin qaytarılması, pomidor əkinindən əldə olunmuş gəlirin 50 %-nin qaytarılması kimi tanınması və alınaraq ona verilməsi (20000 ədəd şitil * 3 kq. = 60 000 kq. /30 kq. = 2000 yeşik * 4 azn = 8000 azn / 2 hissəyə = 4000 manat, cəmi 6190 manat və ödənilmiş 82 manat dövlət rüsumunun ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Xaçmaz rayonu Çılqır kəndinin kənd təsərrüfatı təyinatlı torpaqlarında əkinçilik fəaliyyəti üzrə iş təşkil edir. Mütəmadi olaraq bu işdə işləmək üçün yaxınlıqda olan kəndlərin sakinlərini dəvət edir. Cavabdeh ona məxsus torpaq sahəsində dəfələrlə işləyib və hər il çoxları kimi pomidor əkini ilə məşğul olub. Baxmayaraq ki, ona dəfələrlə bu sahənin onun üçün maraqlı olmadığını bildirmişdir, o bu ilin əvvəllərində ondan pomidor əkib-becərmək üçün yenidən vəsait istəmişdir. Bildirmişdir ki, qazancın az və ya çox olmağına baxmayaraq və yaxud tam olmadığı halda da ilk öncə onun borcunu qaytaracaq, daha sonra qazancı böləcək. Cavabdeh dəfələrlə ondan pul istəyərək bildirmişdir ki, maşını var, lakin tələbatı və gündəlik işləri ilə əlaqədar lazım olduğundan onu satmaq istəmir. Bu səbəbdən imkan daxilində ona dəstək olmağını xahiş etmişdir. Cavabdehi pis insan kimi tanımamışdir. Dəfələrlə onun ailəsinə dəstək olmuş, uşaqları üçün pal-paltar vermiş və s. Bu dəfə də ona kömək etmək qərarına gəlmişdir. Mütəmadi olaraq istədikcə pul vermişdir. İlk verdiyi vəsaiti (218 manat) təsərrüfatçı kimi kartından gübrə üçün, daha sonra həmin kart vasitəsi ilə 72 manat pulu digər məqsəd üçün sərf edib. Bundan başqa 03.05.2021-ci il tarixində Xaçmaz rayonunda ona 500 manat vəsait vermişdir. 19.05.2021-ci il və 25.05.2021-ci il tarixlərində təkrarən ayrılıqda 500 manat (iki tarix üçün cəmi - 1000 manat), 08.06.2021-ci il tarixdə 250 manat, 12.06.2021-ci il tarixdə isə 150 manat məbləğində vəsaiti onun bankda olan hesabına mədaxil etmişdir. O, vəsaiti pomidor satılıb qurtardıqdan sonra tam olaraq ödəyəcəyini (təxminən sentyabr ayının əvvəlində) vəd etmişdir. O da inanaraq pomidor satışı başlanarkən bildirmişdir ki, vəsaiti qaytarmağa başlasın, sonra çətin olmasın. Samir isə müxtəlif bəhanələr gətirməklə, pulu qaytarmaqdan yayınırdı. Artıq sentyabr ayında onunla sərt danışaraq pomidorun əkilən yerinə getmiş, vəsaitin qaytarılmasını tələb etmiş, qaytarmadığı halda ciddi hüquq pozuntuları ilə bağlı aidiyyəti üzrə müraciətlər edəcəyini söyləmişdir. Son dəfə o bütün qazanılan pulları xərclədiyini, pulunun qalmadığını, ancaq sentyabr ayının sonuna vəsaiti qaytaracağını vəd etmişdir. Pul tapa bilməsə, öz maşınını satıb ona borclu olduğu vəsaiti qaytaracağına söz vermiş, lakin qaytarmamışdır. Təsərrüfatçı kimi kartı hələ də cavabdehdədir. Dəfələrlə ondan həmin kartı tələb etmiş, lakin qaytarmayıb. 1 ha torpaq sahəsinə 30000 ədəd - 40000 ədəd şitil istifadə olunur. Hər bir şitilin bar vermə qabiliyyəti 5 kq təşkil edir. Cavabdeh bildirmişdir ki, 35000 şitil əkib. Bütün bu işləri həyat yoldaşı ilə birlikdə həyata keçirib. O, torpaqda işləmək üçün onun maliyyə dəstəyi ilə əlavə insanlar cəlb edirdi. Pomidordan qazanc: 35000 ədəd şitil * 5 kq = 150000 kq pomidor / 30 yeşik = 5000 yeşik * 5 azn = 25000 manat. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək 2190 manat pulu iddiaçıya qaytarmağa etirazı olmadığını, iddianın qalan hissəsini isə qəbul etmədiyini bildirmişdir. Bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəkilində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. İddiaçı iddianın digər hissəsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyindən iddianın qalan hissəsi təmin edilməməlidir. Belə olan halda məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2190 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 40 manatı, cəmi 2230 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar