Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-622/2025 03.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı, cavabdeh “X4 Xidməti” PHŞ-nın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “X4 Xidməti” X5rşı sudan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən ona məxsus ünvan 1 ünvanda yerləşən evdə faktiki istifadə olunmamış içməli suya görə hesablanmış 320,31 manat məbləğində borcun silinməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Xaçmaz şəhərində 2018-ci ildə yeni su və kanalizasiya sistemləri quraşdırıldıqdan sonra yaşadığı mənzilə 17092658 nömrəli su sayğacı quraşdırılmış və mənzildə istifadə olunan suya görə o sayğacın göstəricilərinə uyğun olaraq içməli suyun və kanalizasiya pulunu ödəyir. Bundan əvvəl isə köhnə sayğacın göstəricilərinə əsasən su pulu hər ay ödəmişdir. Yaşadığı mənzil binanın 3-cü mərtəbəsindədir. 2015-ci ilin ortalarından başlayaraq 2017-ci ilin fevral ayının sonunadək yaşadığı mənzilə, o cümlədən binanın 3-cü və daha yuxarı mərtəbələrdəki mənzillərə içməli su ümumiyyətlə qalxmırdı. O, suyun gəlməməsi barədə dəfələrlə "xxxx" ASC “Birləşmiş sukanal” İdarəsinə şikayətlər etmiş, bu şikayətlər nəticəsində 2017-ci ilin fevral ayının sonundan başlayaraq mənzilinə suyun verilməsi bərpa olunmuşdur. Baxmayaraq ki, mənzilə su qalxmamış, "xxxx" ASC “Birləşmiş sukanal” idarəsi ona içməli suyun istifadəsinə görə 2017-ci ilə qədər 283,25 manat qalıq borcu hesablamışdır. Hal-hazırda əhalinin su təcizatı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin səlahiyyətinə verilmişdir. Həmin idarə 2017-ci ildə ona əsassız hesablanmış qalıq borcu 283,25 manat pulu dəbbə pulu da əlavə etməklə hesablamaqla 320,31 manat hesablamışdır. Hesab edir ki, cavabdehin ona içməli suyun istifadəsinə görə hesabladığı qalıq borc tamamilə əsassızdır. 2017-ci ilin fevral ayına kimi yaşadığı mənzilə ümumiyyətlə su qalxmamışdır. O, içməli suyu qablarda ordan burdan gətirmişdir. Ona görə də faktiki olaraq sudan istifadə etmədiyi halda suya görə borcun hesablanması tamamilə qanunsuzdur. Sonuncu dəfə ona cavabdeh idarəsindən hesab faktura xx.xx.2024-cü il tarixdə verilmişdir. Həmin hesab fakturada hesablanmış qalıq borcu 320,31 manat göstərilmişdir. Cavabeh idarəsindən ona təqdim edilmiş abonent kartı sənədindən də göründüyü kimi hesablamış qalıq borcu hələ 2017-ci ildə hesablanmış qalıq borcdur. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddiaya uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən ünvan 3 ünvanında yerləşən evdə faktiki istifadə olunmamış içməli suya görə hesablanmış 320,31 manat qalıb borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Həmin borc 2017-ci ilədək yığılan borcdur. Kanalizasiyadan istifadə etmiş, sudan isə istifadə edə bilməmişdir. Suyun təzyiqi zəif olduğu üçün kaçalka (quyu) suyunu vedrələrlə yuxarı mərtəbəyə daşımışlar. Evdə o, həyat yoldaşı və 2 uşağı yaşamışlar. Hazırda su gəlir, hərdən suyun təzyiqi zəifləyir, kaçalka suyunu nasosla vurur. Onun sudan istifadəyə görə borcu yoxdur. Dəfələrlə Su İdarəsinə məlumat vermişdir ki, onun evinə su gəlmir. Həmin vaxt su sayğacı olmamış, adam sayına görə sudan istifadə haqqı tutulmuşdur. 8 il əvvəl su cihazları dəyişiləndən sonra da cavabdehin rəhbərliyinə müraciət etmişdir. Ona bildirmişlər ki, pulu ödəməlidir. Həmin məbləğ 8 il əvvəl yazılan məbləğdir. Onların binasında 3-cü, 4cü mərtəbələrə su çıxmamışdır. Məhkəmə iclaslarında cavabdeh tərəf iddianı qəbul etməyərək göstərmişdir ki, sudan istifadə qaydalarında qeyd olunur ki, istənilən su mənbəyindən istifadəyə görə ödəniş olmalıdır. İddiaçı 2024-cü ildə rəsmi müraciət etmişdir. Kaçalkadan istifadəyə görə Xaçmaz rayonunda su haqqı ödənişi aparılmır və bu barədə onlara heç bir xəbərdarlıq edilməmişdir İddiaçının onlara rəsmi müraciəti olmamışdır. "xxxx" su və kanalizasiya xidmətləri göstərir, iddiaçıya da bu xidmətlər göstərilmişdir. İddiaçının şikayəti ilə əlaqədar kargüzarlıqda ərizə qeydə alınmamışdır. İddiaçının yaşadığı binanın sakinlərinin suya borcu yoxdur, olsa da, 10-20 manat civarındadır. Su borcu artan abonentlərə suyun verilməsi dayandırılır. İddiaçı uzun illər həmin ünvanda yaşayıb sudan istifadə etməklə müəyyən ödənişlər etmişdir. Dövlət tərəfindən istehlakçıların su ilə təmin olunması üçün vəsait xərclənmiş, vətəndaşlar sudan istifadəyə görə müəyyən ödənişlər etməlidirlər. İddianın təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1ət İsa qızı ifadəsində göstərmişdir ki, iddiaçı ilə qonşudur, 1969-cu ildən bu binada yaşamışlar. SSRİ vaxtı su normal gəlirdi, sonradan isə suyun təzyiqi zəiflədiyi üçün 3-cü mərtəbəyə qalxmamışdır. İddiaçının həyat yoldaşı hamilə olmuş, su qaldıra bilmədiyi üçün kaçalka vuraraq həmin sudan istifadə etmişdir. Atasının evi 3-cü mərtəbədə, onun evi isə 2-ci mərtəbədə olmuşdur. İddiaçı suyu onlardan daşımışdır. Atası üçün də suyu onlar daşımışlar. Atasının su borcunu məcbur olub ödəmişlər. Həmin vaxtı Serqey, həyat yoldaşı və uşağı ilə yaşamışdır. Su İdarəsi ilə mübahisə yaşamamaq üçün və atasının əsəbləşməməsi üçün atasının su borcunu ödəmişdir. Həmin vaxtı iddiaçının anası vəfat etmişdir. Su saatla verilmiş, elan olunan akt təxminən 8-10 il əvvəl yazılmış, imza etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, iddiaçı qonşusudur, 1970-ci ildə bina tikiləndən həmin binada yaşayır. O, binanın 1-ci mərtəbəsində yaşayır, onların evinə də su gəlməmişdir. Onlar da su üçün mator qoymuşlar. Serqeyin mənzili 3-cü mərtəbədə yerləşir. İddiaçı mənzilinə suyu kaçalka vasitəsilə vurmuşdur. O, həmin binada qonşu blokda yaşayır. Həmin vaxtlar su gün ərzində 2 dəfə saatla verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Abonent kartından görünür ki, İddiaçı ünvan 4 ünvanı üzrə 2017-ci il üzrə 283.25 manat borcu vardır. -ünvan 5 nömrəli evin sakinləri Mətanət Qurbanovanın, Şahid2, Rüfət Əhmədovun, Zakir Aziyevin və qeyrilərinin iştirakı tərtib edilmiş aktdan görünür ki, 2015-ci ildən evin yuxarı mərtəbələrinə su çıxmamış, avadanlığın köhnə olması və ötürücü mühərriklərin zəif olması ucbatından yuxarı mərtəbələrin sakinləri suyu qab vasitəsi ilə daşımışlar. Yuxarı mərtəbələrə su catdırmaq məqsədi ilə ana xəttə əlavə avadanlıq və mühərriklər quraşdırıldı. Təqribən 2017-ci ilin fevral ayının sonundan suyun verilməsi bərpa olunmuşdur. -Ödəniş qəbzlərindən müəyyən olunur ki, iddiaçı tərəfindən suyun istehlak haqqı olaraq xx.xx.2024-cü il tarixdə 35 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024cü il tarixdə 12 manat ödəniş edilmişdir. -Cavabdehn nümayəndəsi X1 iddia ərizəsinə açıqlamasından görünür ki, İddiaçı ilə X3 Xidməti X7 (keçmiş "xxxx" ASC-nin Xaçmaz Sukanal İdarəsi) X6 Sistemlərinin İstismarı İdarəsi arasında su təchizatı sistemindən suyun buraxılması və çirkab suların axıdılması xidmətlərinə görə xx.xx.2010-cu il tarixdə 37663652 saylı müqavilə bağlanmaqla, **********440 abonent kodu açılmışdır. İddiaçı yaşadığı ünvan 6 ünvanında ona məxsus evdə ailəsi (evdə yaşayan 4 nəfər sayı hesabı) ilə birlikdə istehlak etdiyi su sərfiyyatı və çirkab suların axıdılması xidmətlərinə görə hesabat xx.xx.2018-ci il tarixədək, müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixdən sonrakı dövr ərzində iddiaçıya məxsus və ailəsi ilə birlikdə yaşadığı evdə su sərfiyyatı və çirkab suların axıdılması xidmətlərinə görə hesabat onun mənzilində quraşdırılmış CSS-20 tipli, 17092658 nömrəli, M239152 plomblu su sayğacının göstəricisinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. Su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasında qarşılıqlı münasibətləri və bununla əlaqədar yaranan digər məsələləri Azərbaycan Respublikasının “Su təchizatı və tullantı suları haqqında” Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi “Sudan istifadə Qaydaları” haqqında qərarı ilə tənzimlənir. “Su təchizatı və tullantı suları haqqında” qanunun 30-cu maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. İddiaçının mənzilinə su təchizatı paylayıcı şəbəkəyə qoşulma d=20 mm olan boru (birləşmə) vasitəsi ilə həyata keçirilir. X3 Xidməti publik hüquqi şəxs və onun yerli sukanal idarələri, su təhcizatı və kanalizasiya xidmətləri sahəsində təbii inhisarçı olmaqla gəlirləri bu fəaliyyətdən, yəni onun şəbəkə və qurğuları vasitəsilə istehlakçılara verilən içməli suyun dəyərindən formalaşır. İddiaçı yaşadığı ünvan 6 ünvanında ona məxsus mənzildə X3 Xidməti X7 X6 Sistemlərinin İstismarı İdarəsi tərəfindən göstərilən içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edir. Su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasında qarşılıqlı münasibətləri və bununla əlaqədar yaranan digər məsələləri Azərbaycan Respublikasının “Su təchizatı və tullantı suları haqqında” Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi “Sudan istifadə Qaydaları” haqqında qərarı ilə tənzimlənir. İddiaçının evinin su təchizatı paylayıcı şəbəkəyə qoşulmaqla d=20 mm olan boru (birləşmə) vasitəsi ilə həyata keçirilir. Abonentin istifadə etdiyi suyun ödəniş həcmi evində quraşdırılmış mexaniki su ölçən cihazı ilə müəyyən olunur. Belə ki, “Sudan istifadə Qaydaları”-na edilmiş 4 №-li əlavə əsasən -su təchizatı və kanalizasiya xidmətlərində sayğac olmadıqda, düzgün işləmədikdə, istifadəyə yararsız müəyyən olunarsa və ya istifadənin həcmini müəyyən etmək mümkün deyilsə mövcud Cədvələ əsasən hesablanır. İddiaçının xx.xx.2025-ci il tarixinə X3 Xidməti X7 (keçmiş "xxxx" ASC-nin Xaçmaz Sukanal İdarəsi) X6 Sistemlərinin İstismarı İdarəsinə 213,11 manat məbləğində ödənilməmiş debitor borcu bu günə kimi yığılıb qalmışdır. 213,11 manat pul borcu iddiaçının işlətdiyi su sərfiyyatı və kanalizasiya xidmətlərinə görə hesablanmışdır. İddiaçıya cərimə və peniya hesablanmamışdır, yalnız su sərfiyyatı və çirkab suların axıdılması xidmətlərinə görə hesabat verilmişdir. İddiaçı pul borcunu qəbul edir. Belə ki, iddiasında göstərdiyi 320,31 manat pul borcunun müəyyən hissəsini ödəmişdir. İddiaçının mənzilinə quraşdırılmış sayğac göstəricisinə əsasən məhkəməyə təqdim olunan abonent kartından da, görünür ki, iddiaçı- istehlakçı İddiaçı yaşadığı ünvan 6 ünvanında ona məxsus mənzildə X3 Xidməti X7 X6 Sistemlərinin İstismarı İdarəsi tərəfindən göstərilən içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edir. İddiaçı qeyd edilən xidmətlərdən istifadə nəticəsində pul borcu 953,71 manat təşkil etsə də, iddiaçı tərəfindən yalnız xx.xx.2025-ci il tarixinə kimi 740, 60 manat pul məbləği ödənilmişdir. Göstərilən xidmətlərə görə ödədilməmiş 213,11 manat pul borcu vardır ki, bu borc real-faktiki debitor pul borcudur. Yuxarıda göstərilənlərə və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci və MPM-nin 284.1-ci maddəsinə əsasən İddiaçı iddiası rədd edilməklə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 213,11 manat ödənilməmiş borcun tutularaq **********440 saylı abonent koduna-X3 Xidməti X7 X6 Sistemlərinin İstismarı İdarəsinin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Xaçmaz şəhərində 2018-ci ildə yeni su və kanalizasiya sistemləri quraşdırıldıqdan sonra iddiaçının yaşadığı mənzilə 17092658 nömrəli su sayğacı quraşdırılmış və mənzildə istifadə olunan suya görə o sayğacın göstəricilərinə uyğun olaraq içməli suyun və kanalizasiya pulunu ödəmişdir. 2017-ci ilin fevral ayının sonundan başlayaraq mənzilinə suyun verilməsi bərpa olunmuşdur. İddiaçı 2017-ci ilədək yaranmış borcun silinməsi barədə hazırkı tələblə məhkəməyə müraciət etmiş, cavabdeh tərəf isə iddianı qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci-14.2.6-cı maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması nəticəsində yaranır. 385.1.-ci maddəsinin tələblərinə əsasən, “Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.” 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 445.1.-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu, gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticəsi üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.2.-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətisizlik) üçün məsuliyyət daşıyır. “Su təchizatı və tullantı suları haqqında” Qanunun: 30-cu maddəsinin 1-ci bəndinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 59-cu maddəsinin 3-cü bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna; müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. 61-ci maddəsinin 1-ci bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. 62-ci maddəsinə əsasən, qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının”: 4.1.3-cü bəndinə əsasən, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. 7.4-cü bəndinə uyğun olaraq, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparılır. Mövcud qanunvericilik ailə tərkibinin dəyişməsi halında müvafiq su təchizatı müəssisəsinə həmin məlumatların verilməsi öhdəliyini vətəndaşların üzərinə qoyur. Azərbaycan Respublikası Tarif Şurasının "xxxx" Səhmdar Cəmiyyətinin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli Qərarına əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5m3 müəyyən edilmişdir. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub m suyun qiyməti Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 0.30 manat, digər inzibati ərazi vahidləri üzrə 0,25 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat, Tarif Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub m suyun qiyməti Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 0,35 manat, digər inzibati ərazi vahidləri üzrə 0.31 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat və Tarif Şurasının xx.xx.2021cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub m suyun qiyməti Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 0.70 manat, digər inzibati ərazi vahidləri üzrə 0,60 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. "xxxx" ASC su təchizatı və kanalizasiya xidmətləri sahəsində təbii inhisarçı olmaqla, gəlirləri bu fəaliyyətdən, yəni onun şəbəkə və qurğuları vasitəsi ilə istehlakçılara verilən içməli suyun dəyərindən formalaşır. Müvafiq olaraq cəmiyyətin balansında olan şəbəkə və qurğulardan içməli su və kanalizasiya xidmətlərindən istifadə edən istehlakçı ilə təchizatçı müəssisə arasında qarşılıqlı öhdəlik yaratmış olur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi, İddiaçı ilə X3 Xidməti X7 (keçmiş "xxxx" ASC-nin Xaçmaz Sukanal İdarəsi) X6 Sistemlərinin İstismarı İdarəsi arasında su təchizatı sistemindən suyun buraxılması və çirkab suların axıdılması xidmətlərinə görə xx.xx.2010-cu il tarixdə 37663652 saylı müqavilə bağlanmaqla, **********440 abonent kodu açılmışdır. İddiaçı yaşadığı ünvan 6 ünvanında ona məxsus evdə ailəsi (evdə yaşayan 4 nəfər sayı hesabı) ilə birlikdə istehlak etdiyi su sərfiyyatı və çirkab suların axıdılması xidmətlərinə görə hesabat xx.xx.2018-ci il tarixədək, müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixdən sonrakı dövr ərzində iddiaçıya məxsus və ailəsi ilə birlikdə yaşadığı evdə su sərfiyyatı və çirkab suların axıdılması xidmətlərinə görə hesabat onun mənzilində quraşdırılmış su sayğacının göstəricisinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. İddiaçı 2017-ci ilin fevral ayınadək içməli sudan istifadə etmədiyi üçün hesablanmış borcun silinməsi ilə əlaqədar iddia tələbi ilə müraciət etsə də, məhkəməyə bu faktı təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, həmin vaxtda suyun buraxılması xidmətindən istifadə etmədiyi üçün abonent kodunun bağlanması və digər tədbirlərin görülməsi məqsədilə "xxxx" ASC-yə müraciət etdiyini bildirsə də, bu barədə müvafiq sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş, üzərində tarix göstərilməyən və "xxxx" ASC tərəfindən qəbul edilib-edilməməsi barədə məlumat qeyd olunmayan ərizənin surəti və iddiaçının evinin yerləşdiyi binanın üzərindən keçən və hazırkı vaxta qədər mövcud olduğunu bildirdiyi boru və cihazın fotoşəkilləri isə məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmir. O cümlədən, məhkəmə iclasında şahidlər ifadə verən zaman iddiaçı tərəfindən dəfələrlə şahidlərə verilmiş sualların cavablarına edilən müdaxilələri nəzərə alaraq məhkəmə, şahid ifadələrinə tənqidi yanaşır və mötəbər sübut kimi qiymətləndirmir. Bundan başqa, iddiaçı 2017-ci ilin fevral ayınadək yaranmış borcdan müəyyən qədər ödəniş etməklə yaranmış borcu etiraf etdiyini nümayiş etdirmişdir. Həmçinin, iddiaçı 2017-ci ilədək suların axıdılması xidmətindən istifadə etmədiyini bildirsə də, çirkab suların axıdılması xidmətindən istifadə etdiyini etiraf etmiş, lakin buna baxmayaraq, 2017-ci ilədək yaranmış suyun buraxılması və çirkab suların axıdılması xidmətlərinə görə yaranmış ümumi borcu mübahisələndirmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Eyni zamanda. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “X4 Xidməti” X5rşı “sudan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-622/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-622/2025
03.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver