Məhkəmə qərarları › İş №2(067)-640/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-640/2022

13.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-640/2022 13.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş R238563 nömrəli 08.12.2021-ci il tarixli aktın ləğv edilməsi və hesablanmış 500 manat məbləğində pulun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 2007-ci ildə vəfat etmiş anası X1 adına "xxxx" Açıq Səhmdar Cəmiyyəti Şimal RETSİ Xaçmaz ES-nın rəisi cənab Mahir Babayevin adından gəlmiş 25.12.2021-ci il tarixli məktubda 515 manat enerji borcumuzun olduğu bildirilmişdir. Bununla əlaqədar həmin idarəyə gedib borcun nə səbəbdən yarandığını öyrənən zaman ona məlum oldu ki, 08.12.2021-ci il tarixdə R238563 nömrəli akt yazılmışdır. Ona bildirilmişdir ki, 07.12.2021-ci il tarixdə evində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları yoxlama aparan zaman sayğacdan kənar xətdən istifadə etməklə enerjidən istifadə olunması faktı aşkar edilmişdir. Lakin onun bu faktdan xəbəri olmamışdır. Sayğacı hasardan çöldə quraşdırılmışdır. Anası vəfat edəndən sonra o, 4 nəfər ailə (3 uşaq) həmin evdə yaşayır. Elektrik enerjisi haqqını sayğacda olan göstəricilərə uyğun ödəyir. Ona görə də "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarına etirazını bildirmişdir. Əgər onların qeyd etdiyi kimi 07.12.2021-ci il tarixdə evində sayğacdan kənar elektrik xətti aşkar edilsəydi həmin vaxt dərhal şahidlərin və onun iştirakı ilə akt yazılmalı idi. Lakin o, "xxxx" Açıq Səhmdar Cəmiyyətdən məktub alandan sonra bilmişdir ki, 515 manat borc hesablanmışdır. Odur ki, əsassız olaraq hesablanmış həmin borcun silinməsi üçün dərhal məhkəməyə müraciət edir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən xəbəri olmadan tərtib edilmiş R238563 nömrəli akt əsassızdır və qanunsuzdur. Ona görə hesablanmış 515 manat məbləğində borc silimhəlidir. O, 4 nəfər ailə (3 azyaşlı uşaqlar) ilə qeyd olunan ünvanda yaşayır. Heç yerdə işləmir. Ona görə də maddi vəziyyəti olduqca ağırdır. Odur ki. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız və qanunsuz hesablanmış 515 manat məbləğində pulu ödəmək iqtidarında deyil. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, o, evində qaynaq aparatından istifadə edərkən qonşunun elektrik xəttinə qoşulmuşdur, amma həmin gün cavabdeh təşkilatın əməkdaşları onun barəsində tədbir görməyiblər. Həmin kənar xətt isə ləğv etməmişdir. Sonradan bilmişdir ki, bununla bağlı ona ziyan hesablanıb. Maddi vəziyyətini nəzərə alaraq borcun silməsini xahiş edir. Qaynaq aparatından istifadə etmək üçün qonşunun elektrik xəttinə qoşulanda həmin xətti sayğacına qoşmamışdır. İddia tələbi ilə bağlı məhkəməyə təqdim edəcəyi əlavə sübutları yoxdur. İş üzrə cavabdeh Azərişıq ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdeh Azərişıq ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan və məhkəmə iclasında araşdırılmış digər sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş 08.12.2021-ci il tarixli 238563 saylı aktdan müəyyən olunur ki, İddiaçı evində quraşdırılmış sayğacına yoxlama aparılan zaman məlum olmuşdur ki, mənzilə elektrik sayğacının giriş xəttinin izolyasiya qatı açılaraq üzərindən kənar xətt götürülməklə elektrik enerjisindən istifadə olunmuşdur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, məhz iddiaçının sayğaca müdaxilə etməsi müəyyən olunduğundan zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə iddiaçıya akt əsasında hesablanmış 500 manat məbləğində borc silinməməlidir. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin edilməməlidir. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı kənar xəttdən istifadə etdiyinə görə "xxxx" ASC tərəfindən müvafiq qaydada cərimə olunduğu üçün iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar