Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-653/2023 28.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı Hacıəhməd qızının iştirakı ilə, İddiaçı Hacıəhməd qızının Cavabdeh İB-nə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Hacıəhməd qızı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Xaçmaz rayon Qaz İstismar İdarəsi tərəfindən aparılmış yoxlamanın nəticələrinə dair komissiyanın qərarının xx.xx.2021-ci il tarixdə ******* №-li akt əsasında yazılmış cəmi 501 manat məbləğində ziyanın silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Hacıəhməd qızı iddia tələbini onunla əsaslandırmışdır ki, o, yuxarıda qeyd etdiyi ünvanda yaşayır. ünvan 1 adına gəlir. Cavabdehın əməkdaşları tərəfindən xx.xx.2022- ci il tarixdə ******* nömrəli akt yazaraq onu cəmi 501 manat cərimə ediblər. Hansı ki, onun sayğacını bayırda yerləşir və əlavə olaraq hər hansı bir müdaxilə olunmayıb. Bunu Qaz idarəsinin nəzarətçiləri də bilir. Onun sayğacında göstərilən nöqsanlar olmadığı üçün dəfələrlə Cavabdeh İB- nə müraciət etmişdir. Hər dəfə bir bəhanə gətirərək yayınmışlar, ona haqqsız yerə, qanunsuz yerə yazılan cəriməni silməkdən boyun qaçırıblar. Hətta özünün küçəsinin nəzarətçilərinə də dəfələrlə bildirmişdir. O, da hər ay istifadə etdiyi qaz sərfiyyatını ödəmişdir. Ödəniş etməsi barədə qəbzləri vardır. Hal- hazırda sayğacda göstərildiyi göstərişə əsasən heç bir borcu yoxdur. xx.xx.2022- ci il tarixdə ******* nömrəli akt əsassız yazılıb. Akt yazarkən onun xəbəri olmamışdır. Evə bildiriş göndərilmişdir ki, onun Cavabdeh İB- yə 501 manat borcu var. Halbuki onun borcu yoxdur. Onun evinə baxış keçirilsə, evində olan sayğacın düzgün işlədiyini, həmim sayğaca heçnə qoşulmadığını sübut edə bilər. Məhkəmə iclasında İddiaçı Hacıəhməd qızı izahat verərək bildirmişdir ki, Cavabdeh İBnin əməkdaşları evinə gəlib onun razılığı ilə baxış keçirmişlər və kənar qaz xəttini aşkar etmişlər. Həmin qaz xətti sovet vaxtında çəkilə qaz xəttidir, o vaxtlar qaz sayğacı olmayıb. Əsas xətt qonşu tərəfdən onların evinə keçir. Kənar qaz xətti isə 1985-ci ildə çəkilmişdir və sonralar əsasən çörək bişirmək məqsədi ilə istifadə olunurdu. Daha sonra bütün kəndə qaz paylanılanda, bu xətti ləğv etməmişdir ki, birdən lazım olar. Əsas qaz xətti ilə evini isidir və vaxtlı vaxtında da qaz pulunu ödəyir. İllik qaz sərfiyyatı təxminən cəmi 170 manat təşkil edir. Qaz xətti qonşu tərəfdən gəlir. Qaz idarəsinin əməkdaşları qonşu tərəfdən görüblər ki, onun həyətinə əlavə qaz xətti evim gəlir. Evin həyətində çörək bişirən yer var. Kənar qaz xəttini ona görə ləğv etmir ki, birdən xeyir ya şər işi ola bilər, bu zaman da əlavə qaza ehtiyac duyula bilər. Lap bu kənar xəttdən istifadə olunsa belə bir neçə saat istifadə olunar, bu da dünyanın axırı demək deyil. Buna görə də, xətti ləğv etməmişdir, amma istifadə də etmir. Deyilənləri nəzərə alıb qaz sərfiyyatına görə əsassız hesablanmış 501 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh İB-nə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan müəyyən olunur ki, İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirilərkən sayğacdan kənar qeyri-qanuni qazdan istifadə halı aşkar edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2021-ci ilin noyabr ayında İddiaçı akt əsasında 501, 22 manat borc yazılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci 14.2.6-cı maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması nəticəsində yaranır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 6.5.-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Eyni zamanda. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. “Məhkəmələr və hakimlər haqqında” AR-nın Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qeyri-qanuni kənar qaz xəttinin evinə çəkdirməsi və onu ləğv etməməsi, gələcəkdə lazım gəldikdə ondan istifadə etmək niyyətində olması tam sübuta yetirilir. Belə olan halda, onun cavabdehə ziyan vurması aşkar edilmiş və müvafiq akt tərtib edilərək, hesablanmış ziyan məbləğinin ödənilməsi tələb edilmişdir. Məhkəmənin qənaətinə görə qaz sayğacına daxil olan boruya sayğacdan kənar borunun quraşdırılması həm işdə olan sübutlarla, həm də iddiaçının öz izahatı ilə tam sübuta yetirilir, lakin 501 manat borcun əsassız olaraq cavabdeh tərəfindən hesablandığı işin araşdırılmış halları və işdə olan sübutlarla müəyyən edilmir. Ona görə də iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-653/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-653/2023
28.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver