Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-654/2020 23.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X7, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh1, cavabeh Cavabdeh2 nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış AN-1 ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair, həmçinin 20(iyirmi) manat rüsum kimi ödədiyi və 100(yüz) manat hüquqi yardma görə ödədiyi pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)-1221/2019 saylı qətnaməsi ilə Xaçmaz rayonu Qaracik-zeyid kəndində yerləşən, cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ½ hissəsi onun, ½ hissəsi Cavabdeh1 payı olmaqla aralarında bərabər bölünmüşdür. Həmin qətnamədən verilmiş apellyasiya şikayətinə baxılan zaman məlum olmuşdur ki, cavabdeh qanunsuz olaraq qətnamə ilə aralarında bölünmüş 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini öz qaynıCavabdeh2 satmışdır. Həmin alqı-satqı müqaviləsi formal xarakter daşıyır və məhkəmə qətnaməsinin icrasına maneçilik törətmək məqsədi daşıyır. Həm də hazırda 15000 manat bazar qiyməti olan 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 4000 manata satmasına dair alqısatqı müqaviləsi bağlanmışdır ki, bu da müqavilənin saxtalığına dəlalətdir. Məhkəmə qətnaməsinin icrasına maneçilik törədilməsi inzibati və cinayət məsuliyyəti yaradır. Həmin müqavilədə alıcı qismində iştirak edən Cavabdeh2 satıcı Cavabdeh1 qaynıdır və o, bacısı əri Yaşarın onunla nikalarının pozulması və 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bölünməsi barədə qətnamə qəbul edilməsindən xəbərdar olmuşdur. Odur ki, saxta alqı-satqı müqaviləsi tərtib etməklə qeyd olunan qətnamənin icrasına maneçilik törədilməsi məqsədi ilə qəsdən belə hərəkətə yol vermişdir.Ona görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisə predmeti olan Xaçmaz rayonunun Qaracik-zeyid kəndində yerləşən 0,74 ha torpaq sahəsi Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında İddiaçı ilə Cavabdeh1 arasında bərabər hissələrdə bölünüb. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verib və iş baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib, orda mülki işə baxılması hazırkı mülki işə baxılıb nəticə verilənədək dayandırılmışdır. Cavabdeh1 Xaçmaz Rayon Məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verəndən sonra mübahisəli torpağı yeni ailə qurduğu qadının qardaşına satıb və artıq həmin adamın adına mülkiyyət sənədi də alınıb. Qeyd olunan torpaq sahəsinin bazar qiyməti 15000 manat olduğu halda torpağın alqı-satqısına dair müqavilədə dəyəri 4000 manat göstərilib. Bundan başqa torpağı alan adam özü də bilirdi ki, torpaq sahəsi ərlə arvadın arasında bölünüb. Bütün bunlar göstərir ki, Cavabdeh1 uydurma əqd bağlayıb. Bu isə MM-nin 341ci maddəsinə əsasən əqdin etibarsızlığı üçün əsasdır. Cavabdeh2 Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi qəbul edilərkən tərəf kimi işə cəlb edilməmişdi. Cavabdeh2 işdə preyudisial əhəmiyyəti ondan ibarətdir ki, onun torpağın tərəflər arasında bölgüsündən xəbəri olub. Qeyd olunanlarla əlaqədar iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 dindirilərkən bildirmişdir ki, o, İddiaçı aliment ödəyir. Maddi imkanı olmadığına görə torpağını satmışdır. Həmin torpaq sahəsini 2002-ci ildə mərhum atası satın alıb, sənədləşmə isə 2017-ci ildə edilib. Atası 2016-cı ildə vəfat etmişdir. Torpağın alınmasında onun vəsaiti olmayıb. O, 2018-ci ildə İddiaçı ilə boşanmış, torpaq sahəsinə dair mülkiyyət sənədini 2019-cu ildə almışdır. Qeyd edilənlərlə əlaqədar iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili X8 göstərmişdir ki, qanunvericiliyə görə tərəflərin müqavilə bağlayarkən iradələrini azad şəkildə ifadə etmələri nəzərdə tutulub. Cavabdeh2 da üzərində heç bir yüklülük olmayan əmlakı satın alıb və sonradan həmin əmlaka dair öz adına mülkiyyət sənədi əldə edib. Hazırda qeyd olunan torpaq sahəsi Cavabdeh2 məxsusdur. Alqı-satqı müqaviləsi bağlanılarkən heç bir qanun pozuntusuna yol verilməyib. Belə ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi qəbul edilən ərəfədə iddianı təmin etmə tədbiri kimi mübahisəli torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair iddiaçı tərəfindən ərizə verilməyib. Cavabdeh2 da vicdanlı alıcı kimi torpaq sahəsini satın alıb. Preyudisiallıq, eyni işdə eyni tərəflərin iştirak etməsidir. Sonrakı işdə iştirak edən şəxs əvvəlki işdə iştirak etməyibsə, onlar üçün əvvəlki işdə müəyyən olunan halların heç bir əhəmiyyəti yoxdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərkən hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İş materiallarında olan Xaçmaz rayonunun Qaraçaycek bələdiyyəsinin xx.xx.2019cu il tarixli 32 saylı arayışından müəyyən olunur ki, Xaçmaz rayonunun Qaraçaycek sakini Cavabdeh1 mülkiyyətində olan 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin vergi pulunu 2002-2016-ci illərdə onun əvvəlki sahibi X4 yerinə bu torpaqdan istifadə etdiyi üçün qardaşı X5 ödəmişdir. 2002-ci il tarixdə X5 bu torpaqdan istifadə etmişdir. İş materiallarında olan ƏMDK-nin yanında DƏDRX-nin X14 RX seriyalı xx.xx.2019cu il tarixli çıxarışından müəyyən olunur ki, həmin vaxt Xaçmaz rayonu Qaracik-zeyid kəndində yerləşən 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh1 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Cavabdeh2 4000 manata satmışdır. İş materiallarında olan ƏMDK-nin yanında DƏDRX-nin X14 xx.xx.2019-cu il tarixli çıxarışından müəyyən olunur ki, Xaçmaz rayonu Qaracik-zeyid kəndində yerləşən 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi alqı-satqı müqaviləsindən sonra tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydə alınmış və bu barədə **********90 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Qaracik-zeyid kənd sakinidir, hazırda həmin kənddə yaşayır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzlərdən müəyyən olunur ki, İddiaçı hüquqi yardma görə 100 (yüz) manat pul ödəmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmə əqdi etibarlı saya bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib, əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Konistitusiya Məhkəməsi Plenumunun F.Hüseynovun və A.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2004-cü il tarixli qərarında izah edilir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsepsual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Konstitusiya Məhkəməsinin həmin qərarında qeyd edilir ki, belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Göründüyü kimi ümumi qayda ondan ibarətdir ki, daşınmaz əmlakın reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüququ qorunmalıdır. Lakin Mülki Məcəllənin 225.6-cı maddəsində bu qaydadan istisna hal nəzərdə tutulur. Buna görə daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüququ əldə etmiş şəxsin vicdanlı əldə etməyə əsaslanması istisna edilir. Lakin, hazırki işin halları baxımından belə bir istisna halın mövcudluğundan söhbət gedə bilməz. Çünki Mülki Məcəllənin 225.6-cı maddəsinin hazırkı mübahisəyə tətbiqi yalnız o halda mümkün idi ki, mübahisə predmeti olan torpaq sahəsi alqı-satqı müqaviləsi bağlanan zaman İddiaçı və Cavabdeh1 ümumi birgə mülkiyyətində olmuş olsun. Lakin işin hallarından müəyyən olunur ki, Cavabdeh1 və Ş.Səfərov arasında alqı-satqı müqaviləsinin bağlandığı xx.xx.2019-cu il tarixdə mübahisə predmeti olan torpaq sahəsinin hüquqi statusu İddiaçı və Cavabdeh1 birgə mülkiyyətində olmuş əmlak kimi müəyyən edilməmişdir, yəni əmlak onların birgə mülkiyyətində olan əmlak kimi daşınmaz əmlakın dövlət reystrində qeydə alınmamış, həmçinin, həmin əmlakın ər-arvadın birgə mülkiyyətində olması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olmamışdır. Buna görə də əmlakın yeni mülkiyyətçisinin hüquqları İnsan hüquqları üzrə Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin tələbləri baxımından vicdanlı alıcının hüquqları kimi qorunmalıdır. Hazırkı halda əmlakın yeni mülkiyyətçisinin bu hüququndan məhrum edilməsi üçün legitim, demokratik cəmiyyətdə zəruri olan əsaslar mövcud deyil. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendum ilə qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə müvafiq olaraq bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının «İnsan hüquqları və X6 haqqında» Avropa Konvensiyasına qoşulması milli məhkəmələr tərəfindən İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Konvensiyanın 46-cı maddəsi İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəyə malik olmasını təsbit edirsə, Konvensiyanın 32-ci maddəsi onların presedent əhəmiyyətinə malik olmasına zəmin yaradır. Həmin maddəyə müvafiq olaraq Avropa Məhkəməsinin Konvensiyanın hər hansı maddəsi ilə bağlı verdiyi şərh həmin maddənin tərkib hissəsinə çevrilir və ona görə də məcburi hüquqi qüvvə kəsb edir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Avropa Məhkəməsinin presedentini Konvensiya müddəalarının şərhi kimi qəbul etsək, göstərilən şərhlərə Konvensiyanın tərkib hissəsi kimi baxılmalıdır. Belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan Respublikasında bütün məhkəmələr Konstitusiyasının 12-ci maddəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarını Konvensiyanın mətni ilə yanaşı, həmçinin Avropa Məhkəməsinin qərarlarında ona verilən şərhə uyğun tətbiq etməlidir. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi özünün “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və X6 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə xx xxxx 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Adı çəkilən qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcının əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Həmçinin, “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu halda iddianın təmin edilməməli olduğu birmənalı şəkildə göstərilmişdir. Buna görə də, hazırkı işin faktiki hallarından, İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərindən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qərarlarda göstərdiyi hüquqi mövqedən çıxış edərək, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-cı, 241-242-ci, 244-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-654/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-654/2020
23.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver