Məhkəmə qərarları › İş №2(067)-665/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-665/2025

10.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-665/2025 10.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq təbii qazdan istifadə qaylarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli aktına əsasən Xaçmaz rayonu, Mürsəli- Qışlaq kəndində yerləşən evinə təbii qazın verilməsinə görə əsassız hesablanmış 4691,52 manat pulun silinməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktda göstərilir ki, abonent sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etdiyi aşkar olundu. Dəymiş ziyan hesablansın və ödənilsin. Dəymiş ziyanın bərpasına dair 26 fevral 2024-cü il tarixli tələbnamədə göstərilir ki, PQ-4 ün maksimal saatlıq qaz sərfi 1.2 m3 saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, radiator sobasının maksimal qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, 2 ədəd dəmir sobasının maksimal saatlıq qaz sərfi 2 x 1.4= 2.8 m3 saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, axımlı su qızdırıcısının maksimal saatlıq qaz sərfi 2.25 m3saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 260 gün, xərəyin maksimal saatlıq qaz sərfi 2 m3saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 1.2 x 12 x360 = 5184 0.8 x 12 x 360=3456 2.8 x 12 x360=12096 2.25 x 12 x360=9720 2 x 12x360=8640 Cəmi: 39096 m3 Abonentin saldosu adlanan sənəddə də, göstərilir ki, qaz sərfıyyatına görə 4691,52 manat əlavə vəsait hesablanmışdır. Qaz sərfıyyatına görə tərəfindən ödənişlər vaxtı-vaxtında ödəniş edilmişdir. Abonentin saldosu adlanan sənəddə də göstərilir ki, bütün aylar üzrə qaz sərfıyyatına görə ödənişlər edilmişdir. Tərtib edilmiş aktla qətiyyən razı deyil. Əvvəla əməkdaşlar fevral ayında deyil, aprel ayında həyətinə gəliblər, nədənsə aktı 26 fevral 2024-cü il tarixə təyin ediblər. Eyni tarixə dəymiş ziyanın bərpasına dair tələbnamə də tərtib edilmişdi. Digər tərəfdən qaz xətti yeraltı aparılır, o cümlədən onun həyətyanı sahəsini yoldan ayıran hasar faktiki olaraq böyürtkən kolları ilə əhatə olunmuşdur, yəni hasar yerinə böyürtkən kollarıdır. Böyürtkən kollarının altından onun həyətinə də qaz xətti keçir. Həmin xətt sovet dövründə torpağın altından çəkildiyinə görə borular paslanaraq deşilmiş, müxtəlif yerlərdə qaz sızmaları var. Bununla əlaqədar dəfələrlə qaz idarəsinə məlumat vermişlər. Digər tərəfdən Azəriqazın əməkdaşları mütəmadi olaraq əraziyə baxış keçirirlər. Əgər onun həyətində sayğacdan kənar qaz xətti olsaydı, əməkdaşlar onu müəyyən edərdilər. Sovet vaxtı kolların altında qalmış xətdəki çıxış tərəfindən ümumiyyətlə istifadə edilməmiş, paslanmış vəziyyətdə qalır. Həmin çıxışda hər hansı əlavə xətt və ya rezin borularla qaz qoşulması müəyyən edilməmişdir. Əməkdaşlar həyətində olarkən su şlanqını götürüb bir ucunu ona vermişlər ki, həmin şlanqın uzunluğunu müəyyən etsinlər. Halbuki həmin şlanq həyətdəki ağacları sulamaq üçün su şlanqıdır. O, həyat yoldaşı və oğlu ilə birlikdə həmin evdə yaşayır. Evindəki qaz cihazlarında istifadə olunan qaza görə mütəmadi olaraq ödənişlər edirlər və bu da abonentin saldosunda öz əksini tapmışdır. Saldodan da göründüyü kimi 2024-cü ilin 11 ayı ərzində 221 manatdan çox qaz sərfıyyatına görə ödəniş etmişlər. Tərtib olunmuş aktdan belə anlaşılır ki, onlar ilin 360 gününü eyni vaxtda yayda və qışda payızda və yazda durmadan istifadə etmişlər. Evində bir ədəd PQ-4 qaz peçi, bir ədəd iran sobası və bir ədəd su qızdırıcısı mövcuddur. Əlavə olaraq aktda iki ədəd dəmir sobanın da qaz sərfıyyatını hesablamışlar. Ən əsası isə odur ki, sayğacdan kənar qazdan istifadə edilməsi əməkdaşlar tərəfindən yerində müəyyən edilməmişdir və edilə də bilməzdi, çünki sayğacdan kənar qazdan istifadə etmirlər. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş, iddianın təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, cavabdeh tərəfindən əsassız yazılmış 4691,52 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Hasarının yaxınlığında olan qaz borusunda köhnədən “Sosok” yerləşir. Həmin yerdən qaz sayğacında çıxış olub, sonradan bağlanıb. Bunu əvvəlki abonentlər etmiş, o istifadə etməmişdir. Məhkəmə iclasında cavabdeh tərəf iddianı qəbul etməyərək göstərmişdir ki, yoxlama zamanı qaz xəttindən sayğacdan kənar çıxışlar olub, bu barədə akt tərtib edilmişdir. İddia tələbi əsassızdır və təmin edilməməlidir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında mütəxəssis qismində dəvət edilmiş X3 izahatında göstərmişdir ki, iddiaçının ünvanındakı qaz xəttinə baxış keçirmişlər. Xəttin üzərində 40 mm boru üzərində çıxış müəyyən olunub. İddiaçının ünvanına baxış keçirmişlər, evində qaz sobası, qaz peçindən istifadə edir. İddiaçının ünvanına hesablanmış ziyan məbləği ilə həmin cihazların istifadəsi uyğun gəlmir, ziyan məbləği həddindən artıq hesablanmışdır. İddiaçının qaz xəttinə baxış zamanı müəyyən olunmuşdur ki, həmin xətdə qaz sızması mövcuddur. Bu barədə Cavabdeh İB-nə məlumat verilmişdir. 3 aydan bir olmaqla sayğaclara müayinə keçirilməli olduğu halda sonuncu dəfə 360 gün əvvəl müayinə keçirilmişdir. Həmçinin iddiaçının istifadə etmədiyi qaz cihazlarının aşkar olunması barədə akt tərtib ediblər, lakin həmin cihazlar iddiaçının evində aşkar olmamışdır. Kənar xətt olması aşkar olunmuş, xəttin üzərində çıxış var. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə ilk olaraq qeyd edir ki, hazırki iddianın faktiki əsasları «delikt mübahisələr üzrə münasibətlərə» aid olduğundan bu kimi iddia ərizələri verilərkən pretenziya qaydalarına əməl edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı aktdan müəyyən olunur ki, iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğacda «qeyri qanuni qazdan istifadə etdiyi aşkar olundu» rəyi verilmişdir. -xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən və abonentin saldosundan müəyyən olunur ki, İddiaçı akt üzrə 4151.06 manat borc (pul) hesablanmışdır. -xx.xx.2025-ci il tarixli rəydən görünür ki, İddiaçı, ‘‘borcun düzgün hesablanmaması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun **********10340 saylı hesab koduna yazılmış cərimə borcunun düzgün hesablanmaması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 07.03,2025-ci il tarixli, 2(067)- 665/2025 nömrəli məktubu ilə həmin mülki iş üzrə mütəxəssis rəyinin alınması X1 Agentliyinin Xaçmaz filialına həvalə edilmişdir. Rəyin verilməsi üçün zəruri olan təqdim edilmiş sənədlər (materiallar) tərəfindən təhlil edilərək qoyulmuş sualların mahiyyəti üzrə aşağıdakıları bildirir: Təhlil nəticəsində məlum olmuşdur ki, Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən Xaçmaz rayonu, Mürsəliqışlaq kəndində yaşayan İddiaçı məxsus fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğuna görə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26.02,2024-cü il tarixli, ******* nömrəli akt tərtib edilərək itirilmiş təbii qazın bərpası məqsədilə hesabat aparılaraq 4691,52,20 manat məbləğində borc (39096 m3) abonentin hesabına daxil edilmişdir. Göründüyü kimi təbii qazın sərfiyyatının aktda qeyd olunmuş qaz avadanlıqlarının saatlıq maksimal qaz sərfiyyatına əsasən sutkada 12 saat və 360 gün olmaqla hesabat aparılmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş 13-cü maddənin 8-1-ci hissəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma hallan aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanıiması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın taianmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir, İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11 -ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. “Qazdan istifadə Qaydalarının 3.1.10.-cu bəndi: bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 ayda 1 dəfə, digər qaz sayğaclarına isə 3 ayda 1 dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 nüsxəsini istehlakçıya təqdim etməlidir; 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Təhlil zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən qaz xətlərinə və qaz sayğacına texniki baxışın keçirilməsi haqqında heç bir sənəd təqdim olunmamışdır. Göründüyü kimi Cavabdeh İB nin Xaçmaz RQİİ tərəfindən vətəndaş İddiaçı evinə dəymiş ziyanın hesablanması zamanı qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istifadə edilən qaz cihazlarının xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) nəzərə alınmamış və qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Tərəflərindən yerində baxış keçirilmiş və fərdi yaşayış evində 1 ədəd məişət tipli PQ-4 qaz plitəsi, 1 ədəd qızdırıcı radiator və 1 ədəd qənaətcil su qızdırıcının olduğu məlum olmuşdur. Qeyd edilən qaz cihazlarının hesabatının aşağıdakı kimi aparılması məqsədəuyğun hesab olunur. Məişət tipli PQ-4 qaz pilitəsinin saatlıq qaz sərfiyyatı 1,2 m3 x 4 saat x 90 gün = 432 m3 x 0,12 qəpik = 51,84 manat. Radiator peçinin saatlıq qaz sərfiyyatı 0,8 m3 x 12 saat x 90 gün = 864 m3 x0.12 qəpik =103,68 manat. Su qızdırıcının qaz sərfiyyatı 1,5 x3 x 90 = 405 m3 x 0,12 man =48,6 manat. Cəmi 204,12 manat təşkil edir. -Məhkəmə iclasında audio-video diskə baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının ünvanına onun iştirakı ilə baxış keçirilmiş, kənar xətt aşkar edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli akta əsasən iddiaçının istifadəsində olan Xaçmaz rayonu Mürsəli-Qışlaq kəndi ünvanına quraşdırılmış qaz sayğacının aparılmış yoxlaması zamanı qeyri qanuni qazdan istifadə etdiyi aşkar olunması müəyyən edilmiş, bu barədə akt tərtib edilmişdir. İddiaçıya borc kimi 4691.52 manat hesablanmışdır. İddiaçı borcun silinməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt törədilməsindədir. 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddiaçının sayğaca müdaxilə etməsi müəyyən olunmadığından, onun zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə görə isə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. 6-3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə texniki xidmət qaz paylayıcısı tərəfindən həyata keçirilir. X7 zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən qaz xətlərinə texniki baxışın keçirilməsi haqqında heç bir sənəd təqdim olunmamışdır. 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11 -ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Bu Qanunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.2.1 və 3.2.2-ci yarımbəndlərinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda dəyişiklik edilməsi barədə” 25 iyun 2023-cü il tarixli Qərarının: 3.1.10-cu bəndində əsasən bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; 6.5-2-ci bəndində əsasən İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3-cü bəndində əsasən İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Göründüyü kimi “Azəriqaz" İB nin ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evində qeyri-qanuni qaz xəttinə görə dəymiş ziyanın hesablanması zamanı qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istifadə edilən qaz cihazlarının xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) nəzərə alınmamış qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçıya aid ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evi üzrə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qanunsuz qoşulma halı baş vermiş, habelə bununla əlaqədar təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Həmin aktda, eyni zamanda audio-video diskdə nöqsanın olması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair heç bir sübut yoxdur. Lakin, “Azəriqaz İB” Xaçmaz RQİİ-nin nümayəndələri tərəfindən dəymiş ziyan hesablanan zaman hazırda qüvvədə olan Qaydaların 6.5-1.1-ci, 6.5-1.2-ci, 6.5-1.3-cü və 6.5-3-cü bəndləri nəzərə alınmamışdır. Beləliklə, tədqiq olunmuş mötəbər sənəd və sübutlar, o cümlədən iddiaçının izahatı ilə qanunsuz qoşulmanın olması və bu müddət ərzində qanunsuz istifadə edilmiş təbii qazın dəyərinin isə 204.48 manat olması müəyyən edilmişdir. (Məişət tipli PQ-4 qaz pilitəsinin saatlıq qaz sərfiyyatı 1,2 m3 x 4 saat x 90 gün = 432 m3 x 0,12 qəpik = 51,84 manat. Radiator sobasının saatlıq qaz sərfiyyatı 0,8 m3 x 12 saat x 90 gün = 864 m3 x0.12 qəpik =103,68 manat. Su qızdırıcının qaz sərfiyyatı 1,5 x3 x 90 = 405 m3 x 0,12 man =48,6 manat. Cəmi 204,12 manat təşkil edir.) Belə ki, nəzərə alınsa ki, qazpaylayıcı tərəfindən qaz qurğularının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, bu halda sayğacdan kənar qanunsuz qoşulma halı üçün zərər, qaz qurğusuna sonuncu baxışın keçirildiyi tarixdən həmin tarixə qədər keçirilmiş 6 ay (3 ay) əvvəlki baxış dövrü nəzərə alınmaqla hesablanmalıdır. Lakin həmin ünvana sonuncu baxışın nə vaxt keçirilməsi barədə məhkəməyə hər hansı sənəd təqdim edilməmiş və abonentin hesabına yazılmış borc 365 gün üzrə 24 saatlıq qaz sərfiyyatına uyğun hesablanmışdır. Məhkəmə hesab edir ki, həmin ünvan üzrə sonuncu baxış barədə məlumat olmadığından istifadə edilmiş qazın dəyəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda dəyişiklik edilməsi barədə” 25 iyun 2023-cü il tarixli Qərarına əsasən qızdırıcı radiator soba üzrə 3 ay, 12 saat olmaqla, 4 gözlü qaz plitəsi üzrə 3 ay, 4 saat olmaqla hesablanmalıdır. Bu mənada mübahisəli 4691.52 manat borc məbləğinin qalan hissəsi, yəni 204.48 manatı iddiaçıya aid evdə sayğacdan kənar istifadə edilmiş təbii qaza görə yaranmış borcdur, bu borc mövcud olmaqla realdır. Bu səbəbdən də, ümumi borc məbləğindən sonuncu məbləğin silinməsi istisna edilir və xx.xx.2024-cü il tarixli ******* №-li akta əsasən hesablanmış borcun tam silinməsi məqsədəmüvafiq deyildir. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir; 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Bu Qanunun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci və 9.1.14-cü bəndlərinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduqlarından hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* №-li akt (26 fevral 2024-cü il tarixli tələbnamə (qərar)) əsasında İddiaçı hesablanmış 4691.52 manat borc məbləğinin 4487,04 manat hissəsi abonentin hesabından silinsin, abonentin xx.xx.2024-cü il tarixli ******* №-li akt üzrə borcu 204.48 manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri Cavabdeh İB-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar