Məhkəmə qərarları › İş №2(067)-686/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-686/2025

03.04.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-686/2025 03.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakın bağışlanmasından imtina” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən yaşayış evinin və torpaq sahəsinin qardaşı oğlu Cavabdeh xx.xx.2023-cü il tarixdə bağışlanmasından imtina barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun doğma qardaşı oğludur. Həm qardaşı ilə, həm də cavabdehlə çox yaxşı münasibətlərdə olmuşlar. Mülkiyyətində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində bir həyətdə iki yaşayış evi olmuşdur. Münasibətləri çox yaxşı olduğundan mülkiyyətində olan hazırda cavabdehə məxsus ünvan 2 ünvanda yerləşən 102,3 kv.metr ümumi sahəsi olan yaşayış evini və 0.055 ha həyətyanı torpaq sahəsini ümumi razılığı əsasında cavabdehə bağışlamağı qərara almışdır. Onun həyəti ilə həmin evin həyəti bir həyət olduğundan razılaşmışlar ki, cavabdeh öz vəsaiti hesabına arada hasar çəkməklə həyətyanı torpaq sahələrini ayıracaq. Məhz bu şərtlə cavabdehə torpaq sahəsini və evi 07 noyabr 2023-cıi il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən cavabdehə bağışlamışdır. 2024-cü ilin yaz aylarında cavabdehə təklif etmişdir ki, evinin arxasında bir metr məsafə saxlamaqla aradan hasarı çəksin. Lakin cavabdeh bildirmişdir ki, maddi imkanı olmadığından hasarı çəkə bilmir. Məcbur olub özü heyvanlarını satmış, bir az pul vəsaiti düzəldərək tikinti materialları, yəni mişar daşı, çay daşı, qum və s. alaraq həyətin qarşısına tökmüşdür ki, hasarın tikintisinə başlasın. Bu məqsədlə dəvət etdiyi ustaları cavabdeh həyətə buraxmamış, beləliklə hasarın tikintisinə icazə verməmişdir. Həmin vaxtdan dəfələrlə cavabdehə irad bildirərək xahiş etmişdir ki, evləri arasında hasarın çəkilməsinə maneçilik etməsin. Hazırda cavabdehin həyətindən yağış suları və həyəti yuduqları zaman sular bir başa onun evinin divarına nəmişlik yaradır, nəticədə evinin saman-çiy kərpicdən olan divarlar dama qədər nəmişlik çəkmiş və divar çatlamışdır. Belə davam edərsə evin çökəcəyi qaçılmaz olacaq. Cavabdeh onun yaxın qohumu, yəni qardaşı oğlu olduğuna görə evini ona bağışlamışdır. O isə razılaşmanı pozaraq arada hasar çəkməmiş, hətta öz vəsaiti hesabına hasarın çəkilməsinə imkan vermir, razılaşmanın şərtini pozmuşdur. Məhkəmənin iclasında iddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən yaşayış evinin və torpaq sahəsinin qardaşı oğlu Cavabdeh xx.xx.2023-cü il tarixdə bağışlanmasından imtina barədə qətnamə qəbul edilməsini xahiş edir. Bağışlanma müqaviləsini 2023-cü ilin noyabr ayında bağlamışlar. Cavabdehlə razılaşmışlar ki, müqavilə bağlanandan sonra cavabdeh öz hesabına hasar çəkəcək, lakin razşlamalarına əməl etməmişdir. Mübahisəli ərazi atasından qalan mülkdür. Bağışlanma müqaviləsində öhdəlik qeyd olunmamışdır. Cavabdehə bağışladığı torpaq sahəsi 5 sotdur, həmin torpaq sahəsində hasar çəkmək üçün yer ayırmışdır. Cavabdeh öz həyətini yuyan zaman su onun evinin divarına axır. Cavabdehə etibar etdiyi üçün müqavilədə öhdəlik qeyd etdirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əvvəlki məhkəmə iclasında iddiaçı göstərmişdir ki, cavabdeh qardaşının oğludur. Evi 2023-cü ildə cavabdehə bağışlamışdır. ünvan 3 ünvanında yerləşən ev 102,3 kv.m ümumi sahəsi olan yaşayış evi və 0.055 ha həyətyanı torpaq sahəsi bütövlükdə onun adına olmuşdur. Həmin evi cavabdehə bağışlamışdır. Onun həyəti ilə həmin evin həyəti bir həyətdə olduğundan evi cavabdehə bağışlayanda cavabdehlə öz aralarında razılaşma etmişlər ki, cavabdeh öz vəsaiti hesabına arada hasar çəkməklə həyətyanı torpaq sahələrini ayıracaq. Bu şərtlə cavabdehə torpaq sahəsini və evi bağışlamışdır. Lakin cavabdeh aralarında olan razılaşmanı pozmuş, bildirmişdir ki, maddi imkanı olmadığından hasar çəkə bilmir. Məcbur olub bir az pul düzəldərək tikinti materialları alaraq həyətin qarşısına tökmüşdür ki, hasarın tikintisinə başlasın. Bu məqsədlə dəvət etdiyi ustaları cavabdeh həyətə buraxmamış, hasarın tikintisinə icazə verməmişdir. Hasar çəkmək istədiyi yer cavabdehin torpaq sahəsinə aid hissədədir. Cavabdehə bağışladığı torpaq sahəsi 0.055 ha torpaq sahəsidir. Neytral torpaq sahəsi də həmin torpaq sahəsinə aiddir. Cavabdeh öz həyətini yuyan zaman sular bir başa divara nəmişlik yaradır, bu da divarın çatlamasına səbəb olur. Məhkəmə işdə iştirak edən tərəfin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən müəyyən olunur ki, hədiyyə verən- İddiaçı ünvan 3 ünvanında yerləşən 0.055 ha torpaq sahəsini Cavabdeh bağışlamışdır. -hüquqların dövlət qeydiyyatı haqqında qeydiyyat tarixi xx.xx.2023-cü il olan, **********45-10302 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 3 ünvanında 0.055 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 112 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmışdır. -məhkəmənin verdiyi sorğuya əsasən alınmış notariat işinə əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli, reyestrdə 2V-132 nömrə ilə qeyd edilmiş şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi İddiaçıdur və o miras əmlakdan tam hissədə pay almalıdır. X4, X5 və X1 notariat ofisində notarial qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, onlar qeydiyyatda olduqları ünvan 4 ünvanında yerləşən 102.3 kv.metr fərdi yaşayış evinin bağışlanmasına etiraz etməmişlər. -məhkəmənin verdiyi sorğuya əsasən alınmış Daşınmaz Əmlakın Dövlət Kadastrı və X6 Şəxsi 5 saylı Xaçmaz Ərazi idarəsinin 24 fevral 2025-ci il tarixli məktubundan müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh adına qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında 07 noyabr 2023-cü il tarixdə Xaçmaz rayonu 1 saylı Notariat ofisində rəsmiləşdirilmiş, 4Ə-3370 reyestr nömrəli "daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı daşınmaz əlmlakın bağışlanmasından imtina edilməsi barədə qətnamə çıxarılması xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. 668.1-668.1.5-ci maddələrinə görə bağışlama daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə etibarlıdır. 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.2-ci maddəsinə əsasən hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: 673.2.1. bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; 673.2.2. vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; 673.2.3. vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. 673.3-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçı daşınmaz əmlakın bağışlanmasından imtina edilməsi tələbi ilə məhkəməyə müraciət edərkən, cavabdeh tərəfindən müqavilənin şərtlərinin pozulduğunu bildirsə də, məhkəmə araşdırması zamanı daşınmaz əmlakın bağışlanmasına dair müqavilənin hər hansı öhdəliyin yerinə yetirilməsi ilə şərtləndirilmədiyi, hədiyyə alanın üzərinə iddia ərizəsində göstərilmiş öhdəliklərin qoyulmadığı müəyyən edilmişdir Belə olan halda, məhkəmə hesab edir ki, daşınmaz əmlakın bağışlanmasından imtina edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadığından iddia tələbi təmin edilməməlidir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakın bağışlanmasından imtina” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar