Məhkəmə qərarları › İş №2(067)-695/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-695/2024

15.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-695/2024 15.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin ona məxsus ünvan 1 ünvanda yerləşən evinə elektrik enerjisinin verilməsinə görə əsassız hesablanmış 339,83 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən yaşayış evi ona məxsusdur və ailəsi ilə birlikdə həmin evdə yaşayır. Evdə istifadə olunan elektrik enerjisinə görə ödənişləri evə quraşdırılmış elektrik sayğacının göstəricilərinə uyğun olaraq ödəmişdir. Azərişıq ASC-nin əməkdaşlarının 21 iyun 2023-cü il tarixdə işdə olduğu zaman Azərişıq ASC-nin əməkdaşları onun mobil telefon nömrəsinə zəng edərək bildirmişlər ki, evinə quraşdırılmış elektrik sayğacında güya “faza” və “0” giriş xətlərinin yeri dəyişdirməklə sistemə müdaxilə olunmuş və bu barədə akt tərtib etmişlər. Onlara bildirmişdir ki, heç vaxt tərəfindən sayğaca müdaxilə edilməmişdir. İşdən qayıtdıqdan sonra o "xxxx" ASC-nin Xaçmaz EŞ-nə müraciət edərək iştirakı ilə yenidən sayğaca baxış keçirilməsini tələb etmişdir. Təkrar yoxlama zamanı müəyyən edilmişdir ki, evinə quraşdırılmış elektrik sayğacına çəkilmiş elektrik naqillər elektrik dirəyin əyilməsi nəticəsində dartılaraq dirəyə birləşən yerdən biri-birinə toxunmuşdur. Yəni sayğacın özündə “faza” və “0” giriş xətlərinin yerinin dəyişdirilməsi və sxemə müdaxilə olunması halı baş verməmişdir. Buna baxmayaraq cavabdeh əməkdaşlarının xx.xx.2023-cü il tarixli, R 294577 nömrəli aktı əsas tutaraq ona itirilmiş elektrik enerjisinin miqdarını 7378 kvts, dəyəri 874,67 manat məbləğində hesablanmışdır. Çox saylı şikayətlərindən sonra cavabdeh idarə həmin akt əsasında hesablanmış 874,67 məbləğində “borcun” 444,84 manat hissəsini hesabından silmiş, 339,83 manat “borc” isə hesabında saxlanılmışdır. Bu barədə Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialının rəisi Famil Əliyevin imzası ilə ona göndərilmiş 21 noyabr 2023-cü il tarixli, 3-15-2-11/2-Q-3465/3-5-739/2023 saylı məktubunda göstərilir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən fərdi yaşayış evinin hasarının xarici tərəfində quraşdırılmış elektrik sayğacının “faza və “0” giriş xətlərinin yeri dəyişdirməklə sxemə müdaxilə olunması barədə R 294577 nömrəli xx.xx.2023-cü il tarixli akt tərtib olunmuşdur. Elektrik sayğacının qoşulma sxeminin istehlakçı tərəfindən pozulması barədə sübut olunmadığına baxmayaraq enerjitəchizatı müəssisəsi tərəfindən akta əsasən 183 günlük hesabat aparılaraq itirilmiş elektrik enerjisinin miqdarı 7378 kvts, dəyəri 874,67 manat məbləğində hesablanmışdır. Həmçinin məlum olmuşdur ki, aktın hesabatından əlavə Nektrik sayğacının göstəricisinə əsasən enerjitəchizatı müəssisəsinə 72,78 manat borcunuz olduğu üçün əvvəlcədən xəbərdarlıq olunaraq xx.xx.2023-cü il tarixdə fərdi yaşayış evinə elektrik enerjisinin verilişi dayandırılmış, həmin gün axşam saatlarında isə bərpa edilmişdir. Qeyd olunanları nəzərə alaraq, R 294577 nömrəli aktın hesabatına yenidən baxılması ilə əlqədar tərəfinizdən "xxxx"ASC-yə müvafiq məktublar ünvanlanmışdır. "xxxx" ASC-nin cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə kompüter məlumat bazasında 4044 kvts elektrik enerjisinin dəyərinə düzəliş edilmişdir. Abonent dövriyyəsi tərəfinizdən təhlil olunarkən məlum olmuşdur ki, akta əsasən hesablanmış 874,67 manat məbləğində borcun 444, 84 manat hissəsi hesabınızdan silinmiş, 339,83 manat borc isə hesabınızda saxlanılmışdır. Nəzərinizə çatdırırıq ki, Qaydaların 8.35-ci bəndinə əsasən hesabınızdan silinməyən 339,83 manat məbləğində borc ilə əlaqədar enerjitəchizatı müəssisəsinə ("xxxx" ASC) qarşı iddia ilə məhkəməyə müraciət etmək hüququnuz vardır. Məktubdan göründüyü kimi cavabdeh etiraf edir ki, elektrik sayğacının qoşulma sxeminin istehlakçı tərəfindən pozulması barədə sübut olmamasına baxmayaraq barəsində tam əsassız olaraq akt tərtib olunaraq ona 874,67 manat məbləğində borc hesablanmış, həmin borcdan cavabdeh 444,84 manat hissəsini silmiş, 339,83 manat borc hissəsi hesabında saxlanılmışdır. “Borcun” 339,83 manat məbləğinin hesabında saxlanılmasının səbəbi izah edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, sayğaca müdaxilə etməmişdir, kənar xətdən istifadə etməmişdir. Hər ay nəzarətçi sayğaca baxış keçirmişdir. Bir neçə dəfə “Qaynar xətt”ə müraciət etmiş, borcun bir hissəsini silmişlər. Lakin qalan hissənin silinməsi üçün məhkəməyə müraciət olunması bildirilmişdir. O, debitor borcunda hər ay ödəniş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin, qeyd olunan qurum nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmiş, buna görə də məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbini qəbul etməmələri barədə etiraz ünvanlayaraq göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Azərişıq ASC-nin əməkdaşları tərəfindən EEİQ-na uyğun olaraq sayğaca baxış keçirərkən məlum olmuşdur ki, mənzilə quraşdırılmış elektrik sayğacının faza və 0 xətlərinin yerini dəyişməklə sayğacı dövrədən kənarlaşdırmışdır. İddiaçının abunə haqqında çıxarışına əsasən sayğacın sxemi bərpa olunduqdan sonra sayğacın enerji sərfiyyat göstəricisi kəskin şəkildə artmışdır. Belə ki bərpadan əvvəl sərfiyyat göstəriciləri 4-8 manat məbləğində 20-100 kvt saat miqdarında elektrik enerjisindən istifadə edilirdisə bərpadan sonra 100-500 kvt saat miqdarında 40 manat məbləğinə çatmışdır. Abonent mütəmadi olaraq elektrik enerjisindən qanunsuz istfadə edir. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi abonent elektrik enerjisindən yenə də qanunsuz istifadə etmişdir. Ona görə də sayğacın enerji sərfiyyatı göstəricisi 0(sıfır) təşkil etmişdir. İddiaçı istehlak etdiyi elektrik enerjisinin dəyərini də vaxtı-vaxtında ödəmir. Abonent haqqında çıxarışdan da aydın görünür. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:- -"Azərişıq” ASC-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı fərdi evə aid sayğac üzrə keçirilmiş yoxlamadan sonra 21 iyun 2023-cü il tarixdə tərtib edilmiş R seriyalı, 294577 saylı aktın surətindən görünür ki, mənzildə quraşdırılmış elektrik sayğacının faza və 0 xətlərinin yerini dəyişməklə fazirovka yolu ilə sayğacı kənarlaşdırmışdır. -Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialının iddiaçıya ünvanladığı 21 noyabr 2023-cü il tarixli, 3-15-2-11/2-Q-3465/3-5-739/2023 saylı məktubundan görünür ki, enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən fərdi yaşayış evinin hasarının xarici tərəfində quraşdırılmış elektrik sayğacının “faza və “0” giriş xətlərinin yeri dəyişdirməklə sxemə müdaxilə olunması barədə R 294577 nömrəli xx.xx.2023-cü il tarixli akt tərtib olunmuşdur. Elektrik sayğacının qoşulma sxeminin istehlakçı tərəfindən pozulması barədə sübut olunmadığına baxmayaraq, enerjitəchizatı müəssisəsi tərəfindən akta əsasən 183 günlük hesabat aparılaraq itirilmiş elektrik enerjisinin miqdarı 7378 kvts, dəyəri 874,67 manat məbləğində hesablanmışdır. Həmçinin məlum olmuşdur ki, aktın hesabatından əlavə elektrik sayğacının göstəricisinə əsasən enerjitəchizatı müəssisəsinə 72,78 manat borcunuz olduğu üçün əvvəlcədən xəbərdarlıq olunaraq xx.xx.2023-cü il tarixdə fərdi yaşayış evinə elektrik enerjisinin verilişi dayandırılmış, həmin gün axşam saatlarında isə bərpa edilmişdir. "xxxx" ASC-nin məktubunda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə kompüter məlumat bazasında 4044 kvts elektrik enerjisinin dəyərinə düzəliş edilmişdir. Abonent dövriyyəsi təhlil olunarkən məlum olmuşdur ki, akta əsasən hesablanmış 874,67 manat məbləğində borcun 444, 84 manat hissəsi iddiaçının hesabından silinmiş, 339,83 manat borc isə hesabda saxlanılmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən 21 iyun 2023-cü il tarixdə iddiaçının yaşadığı fərdi yaşayış evində elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, bu zaman sayğacın “faza” və “0” giriş xətlərinin yerinin dəyişdirilməsi və sxemə müdaxilə olunması halı baş verməsi ilə bağlı "xxxx" ASC-nin əməkdaşları müvafiq aktı tərtib etmiş, həmçinin istehlakçı tərəfindən "Elektrik enerjisindən istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi hesablanmaqla, abonent bazasına işlənilmişdir. Lakin, sözügedən akt iddiaçı tərəfindən imzalanmamışdır. Bununla da, iddiaçı cavabdeh "xxxx" ASC-nin əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarının: 1.2-ci bəndinə görə bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qanunvericiliyin tələblərinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi enerjiyə görə haqq tələb edilə bilməz. Həmin Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.17-ci və 8.17-1-ci bəndlərinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qeyd olunan Qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 16 oktyabr 2021-cı il tarixli, 14 nömrəli Qərarına əsasən əhali istehlakçı qrupuna daxil olan şəxslər üçün elektrik enerjisinin ölkədaxili tarifi aylıq istehlak həcminin 200 kVts-a qədər (200 kVts daxil) olan hissəsi üçün 8 qəpik/kVts, aylıq istehlak həcminin 200 kVts-dan 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün 9 qəpik/kVts, aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün 13 qəpik/kVts müəyyən edilir. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçıya aid Xaçmaz şəhəri M.Ə.Sabir küçəsindəki 56 nömrəli fərdi yaşayış evi üzrə elektrik sayğacının “faza” və “0” giriş xətlərinin yerinin dəyişdirilməsi və sxemə müdaxilə olunması halı ilə bağlı akt tərtib edilmiş, abonentin hesabına ilk olaraq 874.67 manat borc hesablanmış, daha sonra abonentin "xxxx" ASC-yə rəsmi müraciətindən sonra həmin borcdan hər hansı səbəb göstərilmədən 444.84 manat silinmiş, 339,83 manat borc isə abonentin hesabında saxlanılmışdır. Məhkəmə qeyd edir ki, sayğaca sonuncu baxışın xx.xx.2023-cü il tarixində keçirilməsinə baxmayaraq, akt xx.xx.2023-cü il tarixində tərtib edilmiş, lakin 19 gün üçün borc hesablamalı olduğu halda, abonentə 183 gün üzrə nəzərdə tutulmuş borc məbləği hesablanmışdır. Həmçinin, qeyd olunan hesablama düsturu əlyazısı ilə və yanlış hesablanmaqla tərtib edilmişdir. Eyni zamanda abonentin həmin müdaxiləni etməsi ilə bağlı hər hansı sübut toplanmamış, o cümlədən vidoeçəkiliş aparılmamışdır. Bu faktın təsdiqinə dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 373-cü maddəsinin İİ və İİİ hissələrinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun: 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci və 9.1.14-cü bəndlərinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduqlarından hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri 21 iyun 2023-cü il tarixli R seriyalı 294577 nömrəli akt əsasında hesablanmış 339.83 manat məbləğində pul (borc) İddiaçı abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar