Məhkəmə qərarları › İş №2(067)-699/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-699/2025

22.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-699/2025 22.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh8 və Cavabdeh7 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı miras qalmış əmlaklardan payların müəyyən olunması və naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 95 reyestr nömrəli qeydiyyat vəsiqəsi ilə mərhum atasının Xaçmaz rayonu Qımılqışlaq kəndində mülkiyyətində olmuş yaşayış sahəsi 80 kv.m-dən ibarət fərdi yaşayış evindən miras payının, Xaçmaz rayonu Qımılqışlaq kəndində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN-189 F nömrəli Şəhadətnaməyə əsasən verilmiş 0,28 hektar torpaq sahəsindən mərhum atası X25 və mərhum X1ndan miras qalmış paylarından öz miras payına düşən torpaq sahəsinin plan cizgisində 891 BB sayla qeyd edilmiş bələdiyyə mülkiyyəti olan torpaq sahəsi tərəfindən yol istiqamətindən uzununa şəkildə yanaşı və Xaçmaz rayonu Qımılqışlaq kəndində yerləşən JN-188 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən plan cizgisində 188 sayla qeyd edilmiş 1 hektar, plan cizgisində 188 C sayla qeyd edilmiş 0,30 hektar torpaq sahəsindən mərhum atası X14 və mərhum X1ndan miras qalmış paylarından öz payına düşən miras torpaq sahəsinin hər iki ərazidə JN-189 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən ona və ailə üzvlərinə verilmiş torpaq sahələri ilə bitişik olan tərəfdən naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun Xaçmaz rayon 1 saylı Notariat Ofisinə etdiyi müraciətinə cavab olaraq bildirilmişdir ki, 07 mart 2010-cu ildə vəfat etmiş atası X17 digər birinci növbədə varisləri arasında pay bölgüsünə dair mübahisə olduğu üçün vərəsəlik işinin aparılması və payların müəyyən edilməsi mümkün deyildir. Bu səbəbdən vərəsəlik üzrə islərin müəyyən olunması və bölgüsünün aparılması üçün məhkəməyə müraciət etməsi ona tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Bu səbəbdən də məhkəməyə müraciət etməli olub. X1 08 dekabr 2008-ci ildə, atası X25 07 mart 2010-cu ildə vəfat ediblər. Valideynlərinin ölümü ilə əlaqədar onlardan qalmış əmlaklara miras açılmışdır. Bu miras əmlaklar vərəsələr arasında bölünməlidir. Valideynlərindən miras qalmış əmlakları müəyyənləşdirmək üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edib mərhum X1 və mərhum atası X23 məxsus Xaçmaz rayonu, Qımılqışlaq kəndində ümümi birgə həyətyanı torpaq sahəsinə Torpağın mülkiyyətə verilməsinə dair verilmiş JN-189F nömrəli Şəhadətnamə və mərhum atası X17 adına 95 reyestr nömrəli qeydiyyat vəsiqəsi və fərdi yaşayış evinə işlənmiş texniki pasportu, Xaçmaz rayonu Qımılqışlaq kəndində torpaq sahəsinə verilmiş torpağa mülkiyyət hüququna dair JN-188 nömrəli Dövlət Aktının arxiv məlumatlarında aşkar olunduğu bildirilir. Onların təsdiq edilmiş surətlərini iddia ərizəsinə əlavə etmişdir. Atasının 95 reyestr nömrəli qeydiyyat vəsiqəsi ilə mülkiyyətində olmuş fərdi yaşayış evi həmin evə işlənmiş texniki pasportdan məlum olduğu kimi altı yaşayış otaqdan ibarət olmaqla iki mərtəbəli evdir. Evin yaşayış sahəsi 80 kv. m-dir. Torpağın mülkiyyətə verilməsinə dair JN- 189 F nömrəli şəhadətnamədən məlum olduğu kimi Xaçmaz rayonu Qımılqışlaq kəndində yerləşən həyətyanı torpaq sahəsi mərhum ata-anasının adına və X18 və Cavabdeh7 Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli qərarı ilə ümümi birgə mülkiyyətə 0,28 hektar torpaq sahəsi verilmişdir. Xaçmaz rayonu Qımılqışlaq kəndində torpağa mülkiyyət hüququna dair JN-188 nömrəli Dövlət Aktından məlum olduğu kimi mərhum ata-anasının adına və X18 və Cavabdeh7 Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 17 dekabr 1977-ci il tarixli 16 nömrəli qərarı ilə 1.30 hektar mülkiyyətlərinə pay torpaq sahəsi verilmişdir. Xaçmaz rayonu Qımılqışlaq kəndində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN-189F nömrəli Şəhadətnamədə göstərilmiş paylı mülkiyyətdə olan 0,28 hektar torpaq sahəsi bir tərəfdən yol ilə, iki tərəfdən qonşu torpaq sahələri ilə və dördüncü tərəfdən də həm özü, həm də Cavabdeh7 tərəfindən istifadə edilən plan cizgisində 891 BB sayla qeyd edilmiş bələdiyyə mülkiyyətinə ərazicə böyük əhəmiyyəti olmayan torpaq sahəsi ilə əhatə olunmuşdur. Şəhadətnamədə göstərilmiş paylı mülkiyyətdəki 0,28 hektar torpaq sahəsindən ata-anasından miras qalmış paylarından onun miras payına düşən torpaq sahəsi plan cizgisində 891 BB sayla qeyd edilmiş bələdiyyə mülkiyyəti olan torpaq sahəsi tərəfindən yol istiqamətindən uzununa şəkildə yanaşı müəyyən olunması və pay bölgüşünün aparılması mümkündür. Dövlət aktından göründüyü kimi 1.30 hektar pay torpaq sahəsi iki ərazidə yerləşir. Plan cizgisində 188 sayla qeyd edilmiş torpaq sahəsi 1 hektar, plan cizgisində 188 C sayla qeyd edilmiş torpaq sahəsi 0,30 hektardır. JN-189 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən ona və ailə üzvlərinə verilmiş torpaq sahəsi də iki ərazidə yerləşməklə hər iki ərazidə qonşudurlar və torpaqları bitişikdir. Dövlət aktında göstərilmiş paylı mülkiyyətdəki 1.30 hektar torpaq sahəsindən ata-anasının miras qalmış paylarından onun miras payına düşən torpaq sahəsi hər iki ərazidə JN-189 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən ona və ailə üzvlərinə verilmiş torpaq sahəsi ilə bitişik olan tərəfdən müəyyən olunması və pay bölgüsünün aparılması mümkündür. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlər ilə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirmişdir ki, iddiasında qeyd etdiklərini müdafiə edir və təmin edilməsini xahiş edir. Bütün sübutlarını təqdim etmişdir. Başqa əlavəsi yoxdur. 2012-2013cü illərdə ev sökülüb. O, dünyaya gəlməmiş tikilmiş ev idi. Qardaşı Qılman da əvvəl orada yaşayıb. O, gedəndən sonra Salman orada yaşayıb. Payla bağlı bu vaxta qədər ona deməyiblər. Ev qəzalı vəziyyətdə deyildi. Aktda adları olanlar həmin evin sökülməsində və tikilməsində iştirak etməyib. O, sökülmüş evdən kompensasiya payını və torpaq sahələrindən paylarını istəyir. 2013-cü ildə ev sökülüb. O, həmin ev və torpaq sahələrindən paylarını istəyir. Məhkəmə iclasında Cavabdeh1 izahatında göstərmişdir ki, iddianı qəbul etmir. Başqa əlavəsi yoxdur. Məhkəmə iclasında Cavabdeh4 izahatında göstərmişdir ki, iddianı qəbul etmir. Başqa əlavəsi yoxdur. Məhkəmə iclasında Cavabdeh5 izahatında göstərmişdir ki, iddianı qəbul etmir. Başqa əlavəsi yoxdur. Məhkəmə iclasında Cavabdeh8 izahatında göstərmişdir ki, iddianı qəbul etmir. Başqa əlavəsi yoxdur. Məhkəmə iclasında Cavabdeh7 izahatında göstərmişdir ki, iddianı qəbul etmir. Atası sağlığında iddiaçının payını verib. Ata-anası rəhmətə getdikdən sonra evə o, baxmış və yaşamışdır. Valideynlərinə o, baxmışdır. Bütün xərcləri də o, çəkmişdir. Bundan başqa valideynlərindən miras qalmış ev köhnə olmaqla qəzalı vəziyyətə düşdüyü üçün həmin evi sökmüş və 2010-cu ildə həmin evin yerində yeni ev tikmişdir. Valideynlərindən miras qalmış ev hazırda mövcud deyildir. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə digər proses iştirakçılarının fikrini dinləyib Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci ildə Xaçmaz rayonunda anadan olmuşdur. İş materiallarında olan xx.xx.1965-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci ildə Xaçmaz rayonunda anadan olmuş, onun valideynləri X25 və X8 olmuşlar. İş materiallarında olan Xaçmaz rayon Qımılqışlaq kənd İƏD-nin xx.xx.2024-cü il tarixli 531 saylı arayışından müəyyən olunur ki, X9 xx.xx.2008-ci ilədək Xaçmaz rayonu Qımılqışlaq kəndində yaşamış və orada xx.xx.2008-ci ildə vəfat etmişdir. Ondan sonra aşağıdakı ailə tərkibi qalmışdır:

1. X24 - xx.xx.2017-ci ildə vəfat edib.

2. İddiaçı,

3. Cavabdeh1,

4. Cavabdeh2,

5. Cavabdeh3,

6. Cavabdeh4,

7. Cavabdeh5,

8. Cavabdeh6,

9. Cavabdeh7,

10. X10. Ölümündən sonra evi və təsərrüfatı oğlu Cavabdeh7 idarə edir. İş materiallarında olan Xaçmaz rayon Qımılqışlaq kənd İƏD-nin xx.xx.2024-cü il tarixli 529 saylı arayışından müəyyən olunur ki, Azərbaycan Respublikası DYQLİ və ünvan 1i ünvanında yerləşən 1,30 ha torpaq sahəsinə məxsus JN-0188 nömrəli 30214018 kodlu Torpağa Mülkiyyət Hüququna X29 mülkiyyətçi X2 səhv yazılmışdır. Mülkiyyətçinin adı və ata adı müvafiq olaraq onun ölüm haqqında şəhadətnaməsində qeyd olunduğu kimi X3 olmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AZ-İİ seriyalı, 428094 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AZ-İİ seriyalı, 428095 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.2010-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli müraciətə cavab məktubundan görünür ki, X26 və X6 adına olan danışmaz əmlaklar barədə arxiv məlumatarının və surətinin verilməsi ilə bağlı iddiaçının 10 iyul 2024-cü il tarixli sorğusuna 5 saylı Xaçmaz Ərazi İdarəsində baxılmışdır. Bildirilir ki, yuxarıda adları qeyd olunmuş X26 və X7 adına Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən torpaq sahəsinə mülkiyyət hüququna dair JN-188 nömrəli dövlət aktı aşkar edilmişdir. İş materiallarında olan Torpağa Mülkiyyət hüququna dair JN-188 saylı, 30214018 kodlu Dövlət Aktından müəyyən olunur ki, X25 və onun ailə üzvləri olan X11, Cavabdeh7 və X12 paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonu Qımılqışlaq kəndi ərazisində ümumilikdə 1.30 hakənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan müəyyən olunur ki, arxiv məlumatlarında mərhum X9 və X23 məxsus Xaçmaz rayonu, Qımılqışlaq kəndində ümumi birgə mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsinə dair JN-189 F nömrəli şəhadətnamə aşkar edilmişdir. X17 adına həmin kəndin ərazisində 95 reyestr nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport işlənmiş fərdi yaşayış evi qeydə alınmışdır. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-189F seriyalı, 30214018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Xaçmaz rayon AİK-nin xx.xx.1997-ci il tarixli 16 saylı qərarı ilə X25 və onun ailə üzvləri olan X11, Cavabdeh7 və X12 paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən 0,28 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan şahidlərin iştirakı ilə tərtib edilərək Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Qımılqışlaq kənd İƏD üzrə nümayəndəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2010-ci ildə vəfat etmiş X23 məxsus Xaçmaz rayonu Qımılqışlaq kəndi ərazisində 0,28 ha həyətyanı torpaq sahəsinin üzərində 1970-ci ildə çiy kərpicdən tikilmiş 2 mərtəbəli fərdi yaşayış evi mövcud olmuş, həmin yaşayış evi köhnəldiyi və qəza vəziyyətində olduğu üçün 2010-cu ildə X13 Salman Oruc oğlu həmin həyətyanı torpaq sahəsində 1 mərtəbəli mişar daşından yeni yaşayış evi tikmiş, köhnə ev 2013-cü ildə tamamilə sökülmüşdür. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. İş materiallarında olan Xaçmaz rayon 1 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli X-1411 saylı məktubundan müəyyən olunur ki, xx.xx.2010-cu ildə vəfatı etmiş miras qoyan X17 varisləri arasında pay bölgüsünə dair mübahisə olduğundan vərəsəlik işinin davam etdirilməsi və payların müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respbulikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirasın qəbulundan imtina edə bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, miras qoyanlar X6 xx.xx.2008ci ildə və X17 xx.xx.2010-cu ildə vəfatından sonra onlardan miras qalmış əmlaklara münasibətdə İddiaçı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya miras əmlaka sahiblik etməklə və mirası faktik surətdə idarə etməklə qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1263-cü maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Məhkəmə qeyd edir ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir və s. A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2021-ci il tarixli Qərarı ...Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarı Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Məhkəmə hesab edir ki, İddiaçı mirası qanunla müəyyən edilmiş qaydada və müddətdə qəbul etməməsi qanunun tələbinə müvafiq olaraq mirası qəbul etməkdən imtina kimi qiymətləndirilməlidir. Həmçinin məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, miras qoyanlardan X6 Torpağa Mülkiyyət hüququna dair JN-188 saylı, 30214018 kodlu Dövlət Aktı və torpağın mülkiyyətə verilməsinə dair JN 189 F seriyalı, 30214018 kodlu şəhadətnamədə adı (səhvən) Tovruz, ata adı isə Qələbəki kimi yazılmışdır. Lakin iddiaçı iddia tələbində sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi məsələsini qeyd etməmişdir. Belə olduğu halda mərhum X6 torpaq sahələrində payçı olmasını tam müəyyən etmək mümkün olmamışdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olnmuşdur ki, mərhum X14 miras qalmış Xaçmaz rayonu Qımılqışlaq kəndi ərazisində 0,28 ha həyətyanı torpaq sahəsində yerləşən sonuncu tərəfindən 1970-ci ildə tikilmiş yaşayış evi köhnəldiyi və qəza vəziyyətinə düşdüyü üçün evin yerləşdiyi həyətyanı torpaq sahəsində 2010-ci ildə Cavabdeh7 tərəfindən yeni ev tikilmiş və köhnə ev 2013-cü ildə tamamilə sökülmüşdür. Beləliklə müəyyən olunur ki, mərhum X14 miras qaldığı bildirilən Xaçmaz rayonu Qımılqışlaq kəndi ərazisində yerləşmiş fərdi yaşayış evi hal-hazırda mövcud deyildir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində miras əmlaklardan payının natura şəklində ayrılmasını xahiş etmişdir. Lakin iddia tələbində miras əmlaklardan payının həcminin müəyyən edilməsini göstərməmişdir. Belə olduğu halda payın həcmi müəyyən edilmədən onun naturada ayrılması mümkün deyildir. Ona görə də, məhkəmə bütün yuxarıda göstərilənlərə əsasən hesab edir ki, miras qoyanlar X6 xx.xx.2008-ci ildə və X17 xx.xx.2010-cu ildə vəfatından sonra onlardan miras qalmış əmlaklara münasibətdə İddiaçı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya miras əmlaka sahiblik etməklə və mirası faktik surətdə idarə etməklə qəbul etmədiyindən, həmçinin miras qoyanlar X6 Torpağa Mülkiyyət hüququna dair JN-188 saylı, 30214018 kodlu Dövlət Aktı və torpağın mülkiyyətə verilməsinə dair JN 189 F seriyalı, 30214018 kodlu şəhadətnamədə miras qoyan Tövrüz Orucovanın adı (səhvən) Tovruz, ata adı isə Qələbəki kimi yazıldığından, iddiaçı iddia tələbində sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi məsələsini qoymadığından, torpaq sahələrində mərhum X6 payçı olması tam müəyyən olunmadığından, eləcə də Oruc Orucova məxsus olmuş Xaçmaz rayonu Qımılqışlaq kəndi ərazisində yerləşən iddiaçının miras əmlak hesab etdiyi fərdi yaşayış evi 2013-cü ildə tamamilə sökülməklə hal-hazırda mövcud olmadığından, həmçinin iddiaçı iddia tələbində miras əmlaklardan payının həcminin müəyyən edilməsini göstərmədiyindən və belə olduğu halda payın həcmi müəyyən edilmədən onun naturada ayrılması qanunla mümkün olmadığından hazırki vəziyyətdə iddia tələbi təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, miras qoyanlar X9 xx.xx.2008-ci ildə və X25 xx.xx.2010-cu ildə vəfat etdiyindən, hazırkı mübahisəyə Mülki Məcəllənin həmin vaxt qüvvədə olmuş maddi hüquq normaları tətbiq edilməlidir. Belə ki, Mülki Məcəllənin 1246 və 1248-ci maddələrinin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Burada ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən onun sələflərinin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı). Lakin işin hallarından görünür ki, iddiaçı Mülki Məcəllənin 1246-cı maddəsinin tələblərinə uyğun olaraq, mirasın qəbulu istiqamətində aktiv hərəkətlər etməmiş, yəni mirası qəbul etmək arzusunda olduğunu miras qoyanlar X6 vəfat etdiyi xx.xx.2008-ci il və X17 vəfat etdiyi xx.xx.2010-cı il tarixindən başlayaraq bəyan etməmiş, notariat kontoruna müraciət etməmişdir. Bundan başqa, iddiaçının mirası faktiki qəbul etməsi ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Beləliklə , məhkəmə hesab edir ki, iddiaçı miras açıldığı vaxtdan sonra 6 ay ərzində notariat orqanına ərizə vermədiuindən, miras qoyanın mirasını qəbul etmək və həmin mirasın mülkiyyətçisi olmaq niyyətlərinin olduğunu bildirmədiyindən, həmçinin mirasın qəbulu və ondan imtina edilməsi barədə mübahisələrə dair 2 ay kəsici müddət ötürüldüyündən iddia təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq edən sənədi və sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 238-244-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı miras qalmış əmlaklardan payların müəyyən olunması və naturada ayrılması tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar