Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-726/2024 15.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Hədər qızının Azərişıq ASC əməkdaşları tərəfindən əsassız olaraq elektrik enerjisindən istifadə qaydalarına riayət olunması haqqında aparılmış yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli NDQ 018193 nömrəli akta əsasən yazılmış 2134.59 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz şəhəri, Vaqif Seyidov küçəsi ev 24 yaşayır. Yaşadığım ev mərhum əri X1 adınadır. Komunal xərclər mərhum ərinin adına gəlir. Onun evinin çəpər qonşuluğunda yaxın qohumunun hazırda işləməyən qeyri yaşayış binası mağaza yerləşir. Həmin mağaza X2 məxsusdur. Həmin mağaza onun həyətyanı bağ sahəsinə bitişik olduğu üçün 2023-cü ilin yay aylarında bağı suvararkən su matorunu qoşmaqdan ötrü mağaza sahibinin razılığı ilə mağazadakı enerji yuvasından yəni razetkadan matorun vilkasını taxmaqla istifadə etmişdir. Lakin mağazanın işıq sayğacının işləmədiyini bilməmiş və sahibi də ona bu barədə məlumat verməmişdir. Həmçinin mağazanın sayğacı mağazanın çöl tərəfində küçədə yerləşir. “Elektrik enerjisindən İstifadə qaydaları”na riayət olunması haqında xx.xx.2023-cü il tarixdə Azərışığın əməkdaşları tərəfindən NDQ №018193 nömrəli akt yazaraq obyektə məxsus elektrik sayğacının implus lampasının vurmadığı, sayğac sxemdən keçən yükü qeyd etmədiyini, obyektin fəaliyyət göstərmədiyini, lakin obyekt işləməsə də, obyektin yanındakı fərdi yaşayış evindən obyektin sayğacına qoşulub istifadə edilməsi barədə akt yazaraq sayğacı yenisi ilə əvəz etmişlər. Bundan sonra sərfiyyatı bir neçə il üçün hesablayaraq 2134,59 manat ona işıq sərfiyyatına görə borcu hesablamışlar. Azərışıqın əməkdaşları gəlib işiğını kəsəndə onun sayğacına borc yazıldığından xəbəri olmuşdur. Soruşanda ki, onun işığını niyə kəsirsiz, ona billdirdilər ki, qonşunun obyektinin sayğacı işləmir, o da həmin obyektin işığından istifadə etmişdir. O, Azərışığa müraciət edib bildirmişdir ki, obyekt mağazanın sayğacı işləmirsə obyekt sahibinə cərimə borc yazsınlar, onun sayğacına nə aidiyyatı var. Həmin mağazadan hərdən bir bağdakı ağacları suvarmaq üçün su matorunu qoşmuş, özü də obyekt sahibinin icazəsini almaqla, hardan bilməlidir ki obyektin sayğacı işləyir ya işləmir, obyekt sahibi ona sayğacın işləməməsi barədə heç bir məlumat deməyib. O, tək yaşayan qadındır, yanında nə oğul, nə qız, nə də nəvələri var, onun dükandan evinə kənar işıq çəkməyinə də ehtiyac yoxdur, evin həyətində əlavə tikilən mətbəxdə yaşayır, işiqdan işlətdiyində bir lampa, bir televizor və bir soyuducudur. İşlətdiyi lampa və cihazlar ayda maksimim 10-15 manat ancaq yazır. Başqa bir tərəfdən Azərışıqın əməkdaşları mütamadi olaraq reydlər keçirib yoxlamalar aparırlar, belə bir hal olsaydı bu halı bundan əvvəl aşkara çıxarardılar. Lakin həmin şəxslər heç bir əsas olmadan dörd ilə qədər böyük bir müddətin enerji sərfiyyatını hesablayıb onun adına qanunsuz yazıblar. Obyektin yəni fəaliyyət göstərəməyən mağazanın sahibi Savadova (Şirəliyeva) Məhbubə Akif qızıdır və işləməyən sayğac da Məhbubənin adındadır, başa düşə bilmir ki, Azərişıqın əməkdaşları Məhbubə Şirəliyayanın sayğacına görə yazılan cəriməni onun mərhum əri X1 adına niyə yazıb onun işığını kəsirlər. Borcun silinməsi üçün dəfələrlə Azərişıqa ASC-nə müraciət etmiş. Hər dəfə bir bəhanə gətirərək ona haqsız və qanunsuz yerə yazılan borcu silməkdən boyun qaçırırlar. Hətta hər həftə işığı qoşdursa da gəlib yenidən evinin işığını kəsərək onu qaranlıq zülmətə qərq edirlər. Onun borcu yoxdur. Mən bu borcla bağlı Azərışıq ASC-nə müraciət etsə də ona heç bir məlumat verilməyib. Hər ay nəzarətçinin dediyi borcu vaxtıvaxtında ödəmiş, qəbzləri var. Bildirmək istəyir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduqunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatdar sübutlar hesab olunur. Bu məlumatlar yazılı, və maddi sübutlarla ekspertlərin rəyləri ilə yerində müayyinə keçirməklə səs və video yazıları ilə şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Lakin onun sayğacını açıb götürəndə bunların heç biri olmayıb. Yaxud da qanunsuz elektrik cərəyanından istifadə etməyi barədə heç bir əsas əldə olunmayıb. Məhkəmə iclasında iştirak edən iddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, sayğaca müdaxilə etməmişdir, kənar xətdən istifadə etməmişdir. Hər ay nəzarətçi sayğaca baxış keçirmişdir. Özləri də bildirmişdir ki, sayğac işləməmişdir. Yay mövsümündə bir neçə dəfə suvarma məqsədilə elektrikdən istifadə etmişdir. O, heç bir sənədə imza etməmişdir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin, qeyd olunan qurum nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmiş, buna görə də məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbini qəbul etməmələri barədə etiraz ünvanlayaraq göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən EEİQ-na uyğun olaraq sayğaca baxış keçirərkən məlum olmuşdur ki, obyektə məxsus elektrik sayğacının impuls lampası vurmur, sayğac sxemdən keçən yükü qeyd etmir. Obyekt fəaliyyət göstərmir, lakin obyekt məxsus olan abonentin fərdi yaşayış evinin ŞN 21481552 elektrik sayğacı olmağına baxmayaraq, fərdi yaşayış evinin işlədiciləri obyektə məxsus işləməyən elektrik sayğacına qoşulmuşdur. Abonent özü elektrik enerjisindən qanunsuz istifadə etməsi faktını təsdiqləmişdir. İddiaçı öz iddia ərizəsində də Aktda qeyd olunan faktları təsdiqləmişdir. Belə ki, iddiaçı yay aylarında bağı suvararkən mağaza sahibinin razılığı ilə mağazadakı enerji yuvasından, yəni razetkadan matorun yuvasına taxmaqla istifadə etmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş Elektrik enerjisindən istifadə qaydaları"nın (EEİQ) 8.17-ci bəndinin tələblərinə uyğun olaraq 28.10,2023-ci il tarixli, AKT NDQ 018193 saylı akt əsasında 2089 manat dəyərindəitirilmiş elektrik enerjisi bərpa edilmiş və bu barədə aktda müvafiq qeydlər aparılmışdır. İddiaçı isə iddia ərizəsində 2134.59 manat məbləğində borcun silinməsini tələb etmişdir. 2089 manat akt əsasında aparılmış hesabatdır, yerdə qalan məbləğ isə istehlak edilmiş elektrik enerjisinin dəyəridir. İddiaçı pozuntu faktı aşkar olunan gün xx.xx.2023-cü il tarixdə 500 m məbləğində ödəniş etmişdir. Hal-hazırda iddiaçının 1584.86 manat borcu vardır. Aşkar edilmiş pozuntu faktının video qeydiyyatı aparılmışdır. İddiaçının silinməsini tələb etdiyi borc məbləği ona deyil Məhbubə Savadova adı ilə abonent qeydiyyatına alınmışdır. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:- "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı fərdi evə aid sayğac üzrə keçirilmiş yoxlamadan sonra 28 noyabr 2023-cü il tarixdə tərtib edilmiş NDQ seriyalı, 018193 saylı aktın surətindən görünür ki, obyektə məxsus elektrik sayğacının implus lampasının vurmadığı, sayğac sxemdən keçən yükü qeyd etmədi, obyektin fəaliyyət göstərmədiyi, lakin obyekt işləməsə də, obyektin yanındakı fərdi yaşayış evindən obyektin sayğacına qoşulub istifadə edilməsi müəyyən edilmişdir. -Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri və texniki sahələr üzrə tələblərin surətindən, eləcə də abunə haqqında təfərrüatlı məlumatlardan görünür ki, sayğacına baxış keçirilən, **********09489 abunə kodu olan fərdi yaşayış evində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə iddiaçının 28 noyabr 2023-cü il tarixdə tərtib edilmiş NDQ seriyalı, 018193 saylı akt əsasında hesablanmış 2089.42 manat borcu vardır. -Məhkəmə iclasında tədqiq olunaraq, nümayiş etdirilən bir ədəd Kompakt diskin yaddaşına köçürülmüş videogörüntüdən görünür ki, İddiaçı yaşadığı fərdi evə aid sayğac üzrə keçirilmiş yoxlama zamanı sayğacın elektrik sayğacının implus lampasının vurmadığı, sayğac sxemdən keçən yükü qeyd etmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən 28 noyabr 2023-cü il tarixdə **********09489 abunə kodu olan iddiaçının yaşadığı fərdi yaşayış evində elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, bu zaman sayğacın implus lampasının vurmadığı, sayğac sxemdən keçən yükü qeyd etmədiyi ilə bağlı "xxxx" ASC-nin əməkdaşları müvafiq aktı tərtib etmiş, həmçinin istehlakçı tərəfindən "Elektrik enerjisindən istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi hesablanmaqla, abonent bazasına işlənilmişdir. Lakin, sözügedən akt iddiaçı tərəfindən imzalanmamışdır. Bununla da, iddiaçı cavabdeh "xxxx" ASC-nin əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarının: 1.2-ci bəndinə görə bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qanunvericiliyin tələblərinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi enerjiyə görə haqq tələb edilə bilməz. Həmin Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.17-ci və 8.17-1-ci bəndlərinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qeyd olunan Qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 16 oktyabr 2021-cı il tarixli, 14 nömrəli Qərarına əsasən əhali istehlakçı qrupuna daxil olan şəxslər üçün elektrik enerjisinin ölkədaxili tarifi aylıq istehlak həcminin 200 kVts-a qədər (200 kVts daxil) olan hissəsi üçün 8 qəpik/kVts, aylıq istehlak həcminin 200 kVts-dan 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün 9 qəpik/kVts, aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün 13 qəpik/kVts müəyyən edilir. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçıya aid Xaçmaz şəhəri V.Seyidov küçəsindəki 24 nömrəli fərdi yaşayış evi üzrə elektrik sayğacının implus lampasının vurmadığı, sayğac sxemdən keçən yükü qeyd etmədiyi halı aşkar edilmiş, habelə bununla əlaqədar 28 noyabr 2023-cü il tarixdə müvafiq akt tərtib edilmişdir. Həmin aktda nöqsanın olması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair heç bir sübut yoxdur. Lakin, tədqiq olunmuş mötəbər sənəd və sübutlarla bu qanunsuz qoşulma və elektrik enerjisindən istifadə halının 240 gün deyil, cəmi 20 gün olduğu müəyyən edilmişdir. Belə ki, əgər nəzərə alsaq ki, sözügedən sayğaca qanunsuz qoşulma olmamışdan əvvəl, sonuncu baxış 08 noyabr 2023-cü il tarixdə keçirilmiş, onda itirilmiş elektrik enerjisi ilə bağlı hesablama bu tarixdən başlamaqla, iddiaçı tərəfindən elektrik şəbəkəsinə qanunsuz qoşulma halının davam etdiyi 28 noyabr 2023-cü il tarixədək, yəni qanunsuz qoşulma halı aşkar olunanadək hesablanmalıdır. Bu səbəbdən də, ümumi borc məbləğindən sonuncu məbləğin silinməsi istisna edilir və tələbin bu hissədə təmin edilməsi məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 373-cü maddəsinin İİ və İİİ hissələrinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun: 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci və 9.1.14-cü bəndlərinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduqlarından hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət idarəsi tərəfindən 28 noyabr 2023-cü il tarixdə tərtib edilmiş NDQ seriyalı, 018193 nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 2089.42 manat borc hesabdan silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-726/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-726/2024
15.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver