Məhkəmə qərarları › İş №2(067)-730/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-730/2020

08.06.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-730/2020 08.06.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı «xxxxxxxx» ASC-nə qarşı borcun silinməsi tələbinə dair mülki işə 08 iyun 2020ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq «xxxxxxxx» ASC Xaçmaz REŞ-nin əməkdaşları tərəfindən tərtib edilmiş 01.06.2016-cı iltarixli 029550 nömrəli aktın ləğv edilməsi və 316,84 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, 2014-cü ildə özünə ev tikmiş, «xxxxxxxx» ASCnə müraciət etmişdir ki, onun evinə sayğac quraşdırsınlar. Dəfələrlə müraciət etməsinə baxmayaraq evinə sayğac qoyulmamışdır. 2016-cı ildə Xaçmaz REŞ-in əməkdaşları ona bildirmişlər ki, «akt tərtib edəcəyik, imza edərsən və iki gün müddətə sənə sayğac quraşdırılacaq». O, buna inanmış və imza etmişdir. 8 aydan sonra onun evinə sayğac quraşdırmışlar. Bir müddət keçdikdən sonra ona bildirmişlər ki, 316 manat borcu vardır. O heç vaxt enerjiyə müdaxilə etməmiş, ödənişləri də vaxtında ödəmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, sayğac həyətdə yox küçədə yerləşir. Əlavə olaraq bildirmişdir ki, texniki şərt aldıqdan sonra yeni sayğac quraşdırılsa da, elektrik enerjisindən istifadə etməmişdir. Buna baxmayaraq barəsində borc hesablanıb. İş üzrə cavabdeh rəsmi məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «xxxxxxxx» ASC-nin əməkdaşlarının tərtib etdikləri 01 iyun 2016-cı il tarixli R 029550 nömrəli aktdan müəyyən olunur ki, iddiaçıya məxsus evdə qeydiyyata düşmədən sayğacın enerjisindən istifadə olunur. İş materiallarında olan abunə haqqında çıxarışdan müəyyən olunmuşdur ki, İddiaçı 215,16 manat pul hesablanmışdır. Bundan əlavə cavabdeh tərəfindən iddiaçıya qarşı məhkəməyə etiraz göndərilsə də, müvafiq akt tərtib olunarkən çəkilmiş foto şəkillər etiraza əlavə edilməmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «x1ydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enercitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enercitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin qaydaların 8.32-ci bəndində göstərilir ki, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla)tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və x2 göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində x2yə görə yenidən hesablaşma aparmağa borcludur. Həmin qaydaların 8.33-cü bəndində göstərilir ki, məişət abonenti tərəfindən x2də pozuntuya yol verildiyi aşkar edildikdə, enercitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirak ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçının izahatından və iş materiallarından müəyyən olunmuşdur ki, Xaçmaz rayonunun Arzu kəndində yerləşən iddiaçının istifadəsində olan fərdi yaşayış evində elektrik sayğacı evin həyətindən kənarda quraşdırılmışdır. Elektrik sayğacı evdən kənarda küçə tərəfində quraşdırıldığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş x1ydalarının 7.11-ci və 8.32-ci bəndlərinə əsasən evin mülkiyyətçisi sayğaca və ya qoşulma sxeminin dəyişdirilməsinə və müdaxilə edilməsinə görə cavabdehlik daşımır. Belə ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enercitəchizat müəssisəsi cavabdehlik daşıyır. Bundan əlavə cavabdeh tərəf akt tərtib olunarkən digər təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. «xxxxxxxx» ASC-nin əməkdaşlarının tərtib etdikləri 01 iyun 2016-cı il tarixli R 029550 nömrəli akt əsasında hesablanmış 215,16 manat məbləğində pul (borc) iddiaçının abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar