Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-739/2025 21.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi X6, İddiaçı nümayəndəsi X3, Cavabdeh İB-nin nümayəndəsi X8, X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh İB-nin X11 İstismarı İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə ******* nömrəli akt əsasında əsassız yazılmış cəmi 777.60 manat pulun silinməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o Rusiya Federasiyası vətəndaşıdır. Xaçmaz rayonu Tərəvəzçi küçəsində yaşayır. Həmin ərazidə də özünə məxsus evi vardır. xx.xx.2024-cü il tarixdə Azəriqazın əməkdaşları tərəfindən yazılan ******* nömrəli akt cavabdehin əməkdaşları tərəfindən əsassız yazılmışdır. Aktda göstərilir ki, mənzildə quraşdırılan qaz cihazlarının gücü sayğacın maksimal sərfindən çox olmuşdur. Bu akt barədə yenicə məlumatlanmışdır. Bundan sonra onun sayğacında göstərilən nöqsanlar olmadığı üçün dəfələrlə ‘"Azəriqaz” İB-nə müraciət etmişdir. Onlar hər dələ bir bəhanə gətirərək haqsız və qanunsuz yerə yazılan cəriməni silməkdən boyun qaçırıblar. Hətta küçənin nəzarətçilərinə də bu barədə dəfələrlə bildirmişdir. Hər ay istifadə etdiyi qaz sərfıyatını ödəmişdir. O, bu borcla bağlı Cavabdeh İB-nə müraciət etsə də hələ də əsassız yerə yazılan borc silinməyib. Bununla əlaqədar xx.xx.2024-cü il tarixdə Azəriqazın əməkdaşları tərəfindən yazılan ******* nömrəli akt cavabdehin əməkdaşları tərəfindən qanunsuz yazılmışdır. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatdar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla ekspertlərin rəyləri ilə yerində müayinə keçirməklə səs və video yazıları ilə şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işdə olan sübutlarla təsdiq edilir ki, cavabdeh heç bir qanuni əsas olmadan borc hesablamışdır və iddiaçı tərəfindən bu borcun ödənilməsi cavabdehin əsassız varlanmasına səbəb ola bilər. Ona görə də iddia ərizəsi təmin edilməli və cavabdeh '‘Azəriqaz” İB X11 İdarəsi tərəfindən heç bir əsas olmadan iddiaçı üçün hesablanmış 777,60 manat borc məbləği silinməlidir. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş, iddianın təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, onlara heç bir məlumat verilmədən cavabdeh tərəfin əməkdaşları tərəfindən qaz sayğacını dəyişdiriblər. Sayğac dəyişdirilən zaman o evdə olmamış, aktı anasına imza etdirmişlər, atası burada olmadığı halda aktda atasının da imzasının olduğunu bildirirlər. Əsassız olaraq cərimə hesablanmışdır. Onlar cavabdeh tərəflə heç bir müqavilə imzalamamışlar. Atası hazırda Rusiya Federasiyasındadır, müqavilədə qeyd olunan tarixdə də atası Rusiyada olmuşdur. Məhkəmə iclasında cavabdeh tərəf iddianı qəbul etməyərək göstərmişdir ki, abonentlə bağlanmış müqaviləyə əsasən sayğacın keçiricilik qabiliyyətinə uyğun olaraq avadanlıqlar istifadə etməlidir. lakin iddiaçı tərəfin evinə quraşdırılmış qaz sayğacı 4 kub metrlik sayğacdır. Həmin sayğacın maksimum keçiriclik qabiliyyəti 6 kub metr olduğu halda onun istifadə etdiyi avadanlıqlar 12 kub metr hesablanır. Bu da Azəraycan Respublikası Nazirlər kabinetinin 80 saylı qərarının 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir və qaydanın 4.1-ci bəndinə əsasən layihəyə uyğun olaraq qaz sayğacı quraşdırılır. Qaydanın 3.4.1-ci yarımbəndi ilə özbaşına qaz qurğularının quraşdırılması istehlakçıya qadağan edilmiş və qazın alqı-satqı müqaviləsinin 4.2-ci bəndi ilə qaz qurğularının lahiyə və digər texniki sənədlər əsasında quraşdırılması və istismar edilməsi tələbi qoyulmuşdur. Abonentlə bağlanmış alqı-satqı müqaviləsinin 2.2.5-ci yarımbəndinə əsasən müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb olunur. Sayğacın keçiricilik qabiliyyətindən artıq olan sayğacın istehlakına görə həmin məbləğ itirilmiş qazın bərpa edilməsi üçün hesablanmışdır. xx.xx.2025-ci il tarixli müqaviə İddiaçı adınadır. Məhkəmə iclasında mütəxəssis qismində dəvət edilmiş X4 izahatında göstərmişdir ki, o, iş materiallarında olan sənədlərlə tanış olmuşdur. Sayğac quraşdırılmışdır. Qazdan istifadə qaydalarına əsasən layihəyə uyğun olaraq qaz cihazlarının sərfinə görə qaz sayğacı quraşdırılır. Əvvəlki müqavilə cavabdeh tərəfdən təqdim olunmamışdır. Sonuncu müqavilə isə cərimə hesablanandıqdan sonra təqdim edilmişdir. Cavabdeh abonentin ünvanında olan cihazları aktlaşdıranda 1 ədəd PG4 qaz sobası, 2 ədəd qızdırıcı radiator qeyd olunub. Lakin xx.xx.2025-ci il tarixdə tərtib edilmiş dəymiş ziyan aktında 1 ədəd PG3, 4 ədəd kombi qeyd olunub. Ziyan aktında hərəsində 2 ədəd kombi qeyd olunub. Evdə 4 kombi istifadə olunmur. Həmin cihazların istifadə edilməsini təsdiq edən video görüntü yoxdur. Abonent 2 ədəd kombi istifadə edir, yüksək ziyan məbləği göstərilmişdir. Lakin Qazdan istifadə qaydalarında qeyd olunmamışdır ki, vətəndaş artıq qaz cihazı istifadə edən zaman ünvanına artıq ziyan məbləği hesablanmalıdır. Mübahisələrin tənzimlədiyi qaydalara əsasən abonentə yalnız qanunsuz qoşulma halı olduqda və müdaxilə edildikdə ziyan məbləği hesablanmalıdır. Əgər abonent artıq qaz cihazı istifadə edirsə ona xəbərdarlıq olunmalı idi və həmin cihazların istifadəsinin dayandırılması üçün ona 3 gün müddət veriməli idi. Əgər abonent istifadəni dayandırmasa bu zaman qazın verilməsi dayandırılır. Saatda 12 kub metr qaz istifadə olunduğu qeyd olunur, bunu necə sübut edə bilərlər?. Qanunsuz kənar xəttə qoşulma halı olan zaman da onlara sübut kimi video disk təqdim edilməsini bildirirlər. Cavabdeh isə hazırki vəziyyətdə heç bir sübut təqdim etməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə ilk olaraq qeyd edir ki, hazırki iddianın faktiki əsasları «delikt mübahisələr üzrə münasibətlərə» aid olduğundan bu kimi iddia ərizələri verilərkən pretenziya qaydalarına əməl edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -X11 İstismar İdarəsinin əməkdaşlarının iştirakı ilə tərtib olunmuş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan müəyyən olunur ki, iddiaçının istifadəsində olan fərdi yaşayış evinin sayğacına baxış keçirilərkən sayğac şübhəli hesab edilmiş, yenisi ilə əvəz edilmişdir. Aktda qeyd olunmuşdur ki, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. Qaz sayğacı abonentə təhvil verilmişdir. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixdə ******* saylı aktdan müəyyən olunur ki, iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğacda «mənzildə quraşdırılan qaz cihazlarının gücü sayğacın maksimal sərfindən çox olmuşdur» rəyi verilmişdir. -xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən və abonentin saldosundan müəyyən olunur ki, İddiaçı akt üzrə 777.60 manat borc (pul) hesablanmışdır. -xx.xx.2025-ci il tarixli rəydən görünür ki, Cavabdeh İB-nin X11 istismar İdarəsinin nümayəndələri tərəfindən Xaçmaz şəhəri, Tərəvəzçi küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində əlavə qaz cihazlarının qoşulması ilə bağlı əmələ gəlmiş güc artımına görə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt tərtib edilərək itirilmiş qazın bərpası məqsədilə hesabat aparılaraq 777,60 manat məbləğində borc (6480 m3) abonentin hesabına daxil edilmişdir. Araşdırma zamanı tərtib edilmiş ******* nömrəli aktda vətəndaşa məxsus fərdi yaşayış evində istifadə olunan qaz cihazlarının adları və sayları abonent saldosunda qeyd edilən qaz cihazlarına uyğun gəlmədiyi müəyyən olunmuşdur. Belə ki, tərtib edilmiş aktda 1 ədəd məişət tipli PQ- 3 qaz plitəsi, 2 ədəd 28 kW gücündə Kombi tipli su qızdırıcı, 2 ədəd 24 kW gücündə Kombi tipli su qızdırıcının istifadə olunduğu qeyd edilmiş və gündəlik 12 saat olmaqla 90 gün hesabatlar aparılmışdır. Lakin abonent saldosunda Xaçmaz RQİİ-nin kompüter qeydiyyatında 1 ədəd məişət tipli PQ-4 qaz plitəsi və 2 ədəd qızdırıcı radiator sobası qeyd olunmuşdur. Aktda qeyd edilən qaz cihazlarının həqiqətən qeyd edilən fərdi evdə istifadə olunmasını sübut edən heç bir sənəd və yaxud video disk təqdim olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə qaydası”nın təsdiq edilməsi haqqında Qərara əsasən qazpaylayıcı tərəfindən 'ildə bir dəfə fərdi yaşayış evlərində müayinə aparılmalı və aktla rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.7,-ci bəndinə əsasən Qaz paylayıcısı tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinə uyğun olaraq ildə 1 (bir) dəfə (hər il noyabrın 1-dək) müayinə həyata keçirilir. Müayinə zamanı aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsinə uyğun olaraq texniki xidmət həyata keçirilir. Həmin Qaydaların 2.11 .-ci bəndinə əsasən Qaz paylayıcısının işçiləri müayinənin nəticəsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. İstehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir. Həmin Qaydaların 4.1 .-ci bəndinə əsasən Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 5.2,-ci bəndinə əsasən 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1 -ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Həmin Qanunun 6-3-cü bəndinə əsasən qazpaylayıcı şəbəkəyə texniki xidmət qaz paylayıcısı tərəfindən həyata keçirilir. Təhlil zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən qaz xətlərinə, qaz sayğacına, qaz avadanlıqlarına müayinə aparılması barədə və qeyd edilən G-4 markalı qaz sayğacından həqiqətən saatda 12 m3 təbii qazın keçməsini təsdiq edən heç bir sənəd təqdim olunmamışdır. Məlumat üçün bildiririk ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu“ və Nazirlər Kabinetinin 12 may 2011 -ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda sərfiyyataşma və yaxud güc artımı ilə bağlı dəymiş ziyanın hesablanması nəzərdə tutulmamışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli akta əsasən iddiaçının istifadəsində olan ünvan 1 ünvanına quraşdırılmış qaz sayğacının aparılmış yoxlaması zamanı mənzildə quraşdırılan qaz cihazlarının gücü sayğacın maksimal sərfindən çox olması müəyyən edilmiş, bu barədə akt tərtib edilmişdir. İddiaçıya borc kimi 777.60 manat hesablanmışdır. İddiaçı borcun silinməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Cavabdeh iddianı qəbul etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt törədilməsindədir. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddiaçının sayğaca müdaxilə etməsi müəyyən olunmadığından, onun zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İstehlakçıların hüquqlarını müdafiəsi haqqında” Qanunun: 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyribərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur; 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2.1-ci bəndində əsasən qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 2.7-ci bəndinə əsasən aaz paylayıcısı tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinə uyğun olaraq ildə 1 (bir) dəfə (hər il noyabrın 1-dək) müayinə həyata keçirilir. Müayinə zamanı aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsinə uyğun olaraq texniki xidmət həyata keçirilir. 2.8-ci bəndinə əsasən qaz paylayıcısının işçiləri tərəfindən istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim edildikdə (göndərildikdə), istehlakçı qaz paylayıcısının işçilərinin xidməti vəsiqələrini təqdim etdikləri təqdirdə müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətməməli və müayinənin keçirilməsinə şərait yaratmalıdırlar. 2.11-ci bəndinə əsasən qaz paylayıcısının işçiləri müayinənin nəticəsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. İstehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir 3.1.5.-ci bəndinə əsasən istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərilməlidir. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.4.-cü bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. 4.8-ci bəndinə nəzərdə tutulur ki, fiziki şəxs olan istelakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na 2 nömrəli əlavədə paylayıcın vəzifələrinə daxildir: 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.11. “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlanılmasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq; Məhkəmə ilk növbədə mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Göründüyü kimi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu“ və Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda sərfiyyataşma və yaxud güc artımı ilə bağlı dəymiş ziyanın hesablanması nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara, mütəxəssis rəyinə həmçinin, iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 207.1-ci maddəsinə əsasən zəruri hallarda yazılı və ya maddi sübutları müayinə edərkən, səsyazmaları dinləyərkən, videoyazılara baxarkən, ekspertiza təyin edərkən, şahidləri dindirərkən, sübutların təmini üçün tədbirlər görərkən məhkəmə məsləhət, şərh və bilavasitə texniki kömək göstərmək üçün (şəkil çəkmək, plan və sxem tərtib etmək, ekspertiza üçün nümunələr seçmək, əmlakı qiymətləndirmək və s.) işə mütəxəssis cəlb edə bilər. 207.2-ci maddəsinə əsasən Mütəxəssisin yazılı formada verdiyi məsləhət məhkəmə iclasında elan edilir və işə əlavə olunur. Mütəxəssisin şifahi məsləhəti və şərhi məhkəmə iclasının protokoluna yazılır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun: 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixdə ******* №-li akt (xx.xx.2024-cü il tarixli tələbnamə (qərar)) əsasında İddiaçı hesablanmış 777.60 manat məbləğində pul (borc) abonentin hesabından silinsin. Məhkəmə xərcləri Cavabdeh İB-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-739/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-739/2025
21.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver