Məhkəmə qərarları › İş №2(067)-758/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-758/2025

24.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-758/2025 24.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Azərqaz İB tərəfindən qanunsuz və əsassız olaraq xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən yazılmış 422.42 manat cərimə pulun silinməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Azəriqazın əməkdaşları tərəfindən ******* nömrəli akt yazılmışdır. Aktda göstərilir ki, guya ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olması barədə xx.xx.2022-ci il tarixdə Azəriqazın əməkdaşları ******* nömrəli akt yazaraq onu 422.42 manat cərimə ediblər. Bu akt barədə yenicə məlumatlanmışdır. Bundan sonra sayğacında göstərilən nöqsanlar olmadığı üçün dəfələrlə Cavabdeh İB-nə müraciət etmişdir. Onlar hər dəfə bir bəhanə gətirərək haqsız və qanunsuz yerə yazılan cəriməni silməkdən boyun qaçırıblar. Hətta küçənin nəzarətçilərinə də bu barədə dəfələrlə bildirmişdir. Hər ay istifadə etdiyi qaz sərfiyatını ödəmişdir. Bu borcla bağlı Cavabdeh İB-nə müraciət etsə də hələ də əsassız yerə yazılan borc silinməmişdir. Bununla əlaqədar yuxarıda qeyd etdiyi kimi xx.xx.2022-ci il tarixdə Azəriqazın əməkdaşları tərəfindən yazılan ******* nömrəli akt cavabdehin əməkdaşları tərəfindən yazılmışdır. Beləliklə, işdə olan sübutlarla təsdiq edilir ki, cavabdeh heç bir qanuni əsas olmadıqda iddiaçı üçün borc hesablamışdır və iddiaçı tərəfindən bu borcun ödənilməsi cavabdehin əsassız varlanmasına səbəb ola bilər. Ona görə də iddia ərizəsi təmin edilməli və cavabdeh "Azəriqaz" İB-i tərəfindən heç bir əsas olmadan iddiaçı üçün hesablanmış 422.42 manat borc məbləği silinməlidir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş, iddianın təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, kənar xətdən istifadə etmiş, cəriməni də ödəmişdir. 300 manat və 122 manat ödəniş etmişdir, onun borcu yoxdur. Məhkəmə iclasında cavabdeh tərəf iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı kənar qaz xəttindən istifadə etmişdir. Bunu özü də etiraf edir. İddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə ilk olaraq qeyd edir ki, hazırki iddianın faktiki əsasları «delikt mübahisələr üzrə münasibətlərə» aid olduğundan bu kimi iddia ərizələri verilərkən pretenziya qaydalarına əməl edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan müəyyən olunur ki, iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğacda «sayğacdan kənar qeyri qanuni qazdan istifadə etdiyi aşkar olundu» rəyi verilmişdir. -xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən və abonentin saldosundan müəyyən olunur ki, İddiaçı akt üzrə 422.42 manat borc (pul) hesablanmışdır. -xx.xx.2025-ci il tarixli rəydən görünür ki, İddiaçı, “borcun düzgün hesablanmaması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun **********00000 saylı hesab koduna yazılmış cərimə borcunun əsassız yazıldığını bildirərək silinməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-758/2025 nömrəli məktubu ilə həmin mülki iş üzrə mütəxəssis rəyinin alınması X1 Agentliyinin Xaçmaz filialına həvalə edilmişdir. Rəyin verilməsi üçün zəruri olan təqdim edilmiş sənədlər (materiallar) tərəfindən təhlil edilərək qoyulmuş sualların mahiyyəti üzrə aşağıdakıları bildirir: Təhlil nəticəsində məlum olmuşdur ki, “Azəriqaz" İB-nin ünvan 1 ünvanında yaşayan İddiaçı məxsus fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğuna görə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt tərtib edilərək itirilmiş təbii qazın bərpası məqsədilə hesabat apartlaraq 414,72 manat məbləğində borc (3456 m3) abonentin hesabına daxil edilmişdir "Qazdan istifadə Qaydalarının 3.1.10,-cu bəndi: bu Qaydaların 2.11-1-ci və 2.11-2-cİ bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylaytcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yanmbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli ve nəticəsini aktla rəsmiləşdirməlidir, Təhlil zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən qaz xətlərinə və qaz sayğacına texniki baxışın keçirilməsi haqqında heç bir sənəd təqdim olunmamışdır. Göründüyü kimi “Azəriqaz* İB nin Xaçmaz RQİİ tərəfindən vətəndaş İddiaçı evinə dəymiş ziyanın hesablanması zamanı qanunsuz qoşulmanı sübut edən fotoşəkillər və video çəkilişlər təqdim olunmamış, eyni zamanda qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istifadə edlən qaz cihazlarının xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) nəzərə alınmamış və qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Vətəndaşın fərdi yaşayış evində mövcud qaz cihazlarında istifadə olunan qazın hesabatının aşağıdakı qaydada aparılması məqsədə müvafiqdir. Qızdırıcı sobanın 1 ədəd saatlıq qaz sərfiyyatı 0,8 m3 x 12 saat x 65 gün = 624 m3 x 0,12 qəpik =74,88 manat. Həcmli su qızdırıcının saatlıq qaz sərfiyyatı 0,8 x 12 saat x 90 gün = 864 m3 x 0,12 qəpik = 103,68 manat. Cəmi 178,56 manat təşkil edir. -İddiaçı etiraz ərizəsindən görünür ki, o, hər ay istifadə etdiyi qaz sərfiyatını ödəmiş. Sayğacında göstərilən nöqsanlar yoxdur. Borc əsassız olaraq yazılmışdır. Nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli akta əsasən iddiaçının istifadəsində olan Xaçmaz şəhəri Mehmandarov küçəsi 38 ünvanına quraşdırılmış qaz sayğacının aparılmış yoxlaması zamanı qeyri-qanuni qazdan istifadə etdiyi aşkar olunması müəyyən edilmiş, bu barədə akt tərtib edilmişdir. İddiaçıya borc kimi 422.42 manat hesablanmışdır. İddiaçı borcun silinməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt törədilməsindədir. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddiaçının sayğaca müdaxilə etməsi müəyyən olunmadığından, onun zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə görə isə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. 6-3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə texniki xidmət qaz paylayıcısı tərəfindən həyata keçirilir. X5 zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən qaz xətlərinə texniki baxışın keçirilməsi haqqında heç bir sənəd təqdim olunmamışdır. 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11 -ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Bu Qanunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.2.1 və 3.2.2-ci yarımbəndlərinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda dəyişiklik edilməsi barədə” 25 iyun 2023-cü il tarixli Qərarının: 3.1.10-cu bəndində əsasən bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; 6.5-2-ci bəndində əsasən İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3-cü bəndində əsasən İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Göründüyü kimi “Azəriqaz" İB nin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində qeyriqanuni qaz xəttinə görə dəymiş ziyanın hesablanması zamanı qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istifadə edilən qaz cihazlarının xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) nəzərə alınmamış qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçıya aid Xaçmaz şəhəri Mehmandarov küçəsi 38 ünvanında yerləşən fərdi yaşayış evi üzrə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qanunsuz qoşulma halı baş vermiş, habelə bununla əlaqədar təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Həmin aktda, eyni zamanda fotoşəkildə nöqsanın olması faktı öz əksini tapmışdır və iddiaçı qa xəttinə qeyri-qanuni qoşulduğunu etiraf etmişdir. Bu faktın istisna edilməsinə dair heç bir sübut yoxdur. Lakin, “Azəriqaz İB” Xaçmaz RQİİ-nin nümayəndələri tərəfindən dəymiş ziyan hesablanan zaman hazırda qüvvədə olan Qaydaların 6.5-1.1-ci, 6.5-1.2-ci, 6.5-1.3-cü və 6.5-3-cü bəndləri nəzərə alınmamışdır. Beləliklə, tədqiq olunmuş mötəbər sənəd və sübutlar, o cümlədən iddiaçının izahatı ilə qanunsuz qoşulmanın olması və bu müddət ərzində qanunsuz istifadə edilmiş təbii qazın dəyərinin isə 236.16 manat olması müəyyən edilmişdir. (Qızdırıcı sobanın 1 ədəd saatlıq qaz sərfiyyatı 0,8 m3 x 12 saat x 65 gün = 624 m3 x 0,12 qəpik =74,88 manat. Həcmli su qızdırıcının saatlıq qaz sərfiyyatı 0,8 x 12 saat x 90 gün = 864 m3 x 0,12 qəpik = 103,68 manat. Cəmi 178,56 manat təşkil edir.) Belə ki, nəzərə alınsa ki, qazpaylayıcı tərəfindən qaz qurğularının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, bu halda sayğacdan kənar qanunsuz qoşulma halı üçün zərər, qaz qurğusuna sonuncu baxışın keçirildiyi tarixdən həmin tarixə qədər keçirilmiş 6 ay (3 ay) əvvəlki baxış dövrü nəzərə alınmaqla hesablanmalıdır. Lakin həmin ünvana sonuncu baxışın nə vaxt keçirilməsi barədə məhkəməyə hər hansı sənəd təqdim edilməmiş və abonentin hesabına yazılmış borc 365 gün üzrə 24 saatlıq qaz sərfiyyatına uyğun hesablanmışdır. Məhkəmə hesab edir ki, həmin ünvan üzrə sonuncu baxış barədə məlumat olmadığından istifadə edilmiş qazın dəyəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda dəyişiklik edilməsi barədə” 25 iyun 2023-cü il tarixli Qərarına əsasən qızdırıcı radiator soba üzrə 3 ay, 12 saat olmaqla, 4 gözlü qaz plitəsi üzrə 3 ay, 4 saat olmaqla hesablanmalıdır. Bu mənada mübahisəli 422.42 manat borc məbləğinin qalan hissəsi, yəni 178.56 manatı iddiaçıya aid evdə sayğacdan kənar istifadə edilmiş təbii qaza görə yaranmış borcdur, bu borc mövcud olmaqla realdır. Bu səbəbdən də, ümumi borc məbləğindən sonuncu məbləğin silinməsi istisna edilir və xx.xx.2022-ci il tarixli, ******* №-li akta əsasən hesablanmış borcun tam silinməsi məqsədəmüvafiq deyildir. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Bu Qanunun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci və 9.1.14-cü bəndlərinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduqlarından hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* №-li akt (xx.xx.2022-ci il tarixli tələbnamə (qərar)) əsasında İddiaçı hesablanmış 414,72 manat borc məbləğinin 236.16 manat hissəsi abonentin hesabından silinsin, abonentin xx.xx.2022-ci il tarixli ******* №-li akt üzrə borcu 178,16 manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri Cavabdeh İB-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar