Məhkəmə qərarları › İş №2(067)-763/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-763/2025

08.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-763/2025 08.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı və Enerji X1 Xaçmaz filialının nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış pulun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin X6 Şəbəkəsi MMC tərəfindən ona məxsus Xaçmaz rayonu, Xudat şəhəri, 4-cü şöbə ünvanında yerləşən yaşayış evinə elektrik enerjisindən sərfiyyata görə tərtib edilmiş akta əsasən hesablanmış 601.64 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvanına daxil olmuş xəbərdarlıq məktubu ilə onun 601.64 manat borcunun olması göstərilir. Hesab edir ki, hesablanmış məbləğ istifadə etdiyi elektrik enerjisinə uyğun deyil və qəsdən hesablanmışdır. 05 mart 2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş və müvafiq AKT tərtib edilmişdir. 05 mart 2022-ci il tarixli AKT göstərilir: “EEİQ-na uyğun sayğaca baxış keçirən zaman məlum oldu ki, elektrik sayğacı tamamilə yanmışdır. Belə ki, abonent elektrik enerjisindən birbaşa istifadə edir. Baxış zamanı İ-6 A, Pfakt=8.2kvt, Psayğ 0 kvt. EEİQ-yə uyğun abonent sayğacla təmin edilsin. Bütün müvafiq sənədlər cavabdeh tərəfdən tələb edilməli, işığa görə tərtib olunmuş akt ləğv edilməli, əsassız hesablanmış 601.64 manat pul abonent hesabından silinməlidir. Məhkəmənin nəzərinə çatdırır ki, o, heç vaxt elektrik sayğacına və elektrik xəttinə müdaxilə etməmiş, elektrik enerjisinin sərfıyyatına görə ödənişləri vaxtlı-vaxtında etmişdir. Bütün qəbzləri məhkəməyə təqdim edə bilər. Qeyd etmək istəyir ki, onun həmin sözügedən ünvanda yerləşən evdə təxminən 4 ilə yaxın yaşamamışdır. Yuxanda göstərildiyi kimi sayğaca heç bir müdaxilə edilməmişdir. Ona görə də əsassız hesablanmış məbləğ silinməlidir. Cavabdeh "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi Samir Əhmədov iddia tələbina qarşı məhkəməyə etiraz ərizəsi vermişdir. Həmin ərizənin məzmununda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə enerji təchizatı müəssisəsinin əməkdaşlar tərəfindən iddiaçıya məxsus abunə kodu 2 7 9 9 3 0 2 2 8 2 0 0 0 7 3 olan, fərdi yaşayış evinin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum oldu ki, elektrik sayğacı tamamilə yanmışdır. Belə ki, abonent elektrik enerjisindən birbaşa istifadə edir. Elektrik hesabat sayğacı yaşayış evinin həyətində yerləşir və cavabdehliyi bir başa özü daşıyır. 5 ay müddətində abonent enerjidən birbaşa qoşulma vasitəsi ilə istifadə etmişdir. Belə ki xx.xx.2021-ci il tarixdən 18 aprel 2022-ci il tarixədək, yəni sayğac quraşdırılan tarixədək enerjidən birbaşa istifadə etmişdir. Bu fakt əsasında 05 mart 2022-ci il tarixdə tərtib edilmişdir. Bu akt əsasında 601.64 manat məbləğində itirilmiş elektrik enerjisnin bərpa edilmişdir. Sayğac həyətdə olduğu üçün faktiki olaraq abonent sayğacın yanması faktı olmasına baxmayaraq enerji təchizatı müəssisəsinə məlumat verməmişdir. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki ptombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi məbləğin ona akta əsasən hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. İddiaçı X2 iddia tələbi qanunsuz və əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə İddiaçı iddiasını müdafiə edərək, izahat vermiş və əlavə olaraq bildirmişdir ki, sayğacda qısaqapanma olmuş və yanğın baş vermişdir. Həmin yanğından sonra həmin ünvanda bir neçə gün elektrik enerji olmamışdır. Sonradan onun həyat yoldaşı elektrikə müraciət edib o, da elektrik enerjisini sayğacdan kənar qoşaraq bərpa edib. Həmin vaxt, yəni qeyri qanuni istifadə 5 ay müddətinə qoşulma olmuşdur. Azərişıq ASC-nin əməkdaşları isə sayğaca baxış keçirib akt tərtib edərkən həmin məbləği yüksək hesablamışdır. Həmin aparılmış hesablama ilə razı deyil. Ona görə də həmin məbləğin azaldılmasını xahiş edir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin, qeyd olunan qurum nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən mütəxəssis qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Enerji X1 Xaçmaz filialının böyük müfəttişi X5 çıxışında bildirmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə tanış olmuşdur. Onlar hesablamanın düzgün aparılması üçün Azərenerjidən bəzi sənədləri sorğu edərək götürmüşlər. Onların bildirdiyinə görə 2022-ci ildə video görüntü olub, lakin hazırda həmin video görüntüləri təqdim edə bilmirlər. Abonentin hesabına yazılmış 601 manat borcu Azərişıq özü əlavə hesablama apararaq borc kimi abonentə yazmışdır. Lakin bu məbləğ heç bir əsas, sübut olmadan yazılmışdır. Aktda qeyd olunan məbləğdən artıq hesablama aparılıb. Mövsümlə əlaqədar olaraq sayğaca baxış keçirilməlidir. Qaydalarda deyilir ki, əgər sayğac abonentin təqsiri olmadan yararsız vəziyyətə düşmüşdürsə, 1 ay müddətinə həmin nöqsan aradan qaldırılmalı idi. Onlar isə 5 ay müddətində sayğaca nəzarət etməmişlər. Onlarda rəy verilərkən məbləğ göstərilmir sadəcə Qanunlar qeyd olunur. Məhkəmə iddiaçının izahatını, mütəxəssisin çıxışını dinləyib, iddiaçı və cavabdehin təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı fərdi evə aid sayğac üzrə keçirilmiş yoxlamadan sonra 05 mart 2022-ci il tarixdə tərtib edilmiş R seriyalı, 246839 saylı aktın surətindən görünür ki, İddiaçı özünə məxsus Xaçmaz rayonu, Xudat şəhəri, 4-cü şöbə ünvanında yerləşən evə sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, elektrik sayğacı tamamilə yanmış, abonent elektrik enerjisindən birbaşa istifadə etmişdir. Ölçülər ampermaşa ilə aparılmışdır. İ=6A, PF=1.2 kvt, PS=0 təşkil edir. Abonentin saldosundan müəyyən olunur ki, cavabdeh 31 oktyabr 2021-ci il tarixdən 19 aprel 2022-ci il müddət ərzində elektrik sayğacı olmadan birbaşa xəttlə elektrik enerjisindən istifadə etmişdir. Məhkəmənin hüquqi mövqeyi: "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarının: Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 7.9. Məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə uyğun olaraq aktiv istehlakçının dəstəklənməsi mexanizmindən istifadə edən istehlakçılar öz vəsaitləri hesabına elektrik şəbəkəsinə ötürülən və şəbəkədən alınan elektrik enerjisinin hesablanmasına imkan verən sayğac quraşdırmalıdırlar. 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. 8.16. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq olunmuş Elektrik enerjisindən istifadə Qaydalarının 14 aprel 2022-ci il tarixədək qüvvədə olan redaksiyası: Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 16 oktyabr 2021-cı il tarixli, 14 nömrəli Qərarına əsasən əhali istehlakçı qrupuna daxil olan şəxslər üçün elektrik enerjisinin ölkədaxili tarifi aylıq istehlak həcminin 200 kVts-a qədər (200 kVts daxil) olan hissəsi üçün 8 qəpik/kVts, aylıq istehlak həcminin 200 kVts-dan 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün 9 qəpik/kVts, aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün 13 qəpik/kVts müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 373-cü maddəsinin İİ və İİİ hissələrinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsində göstərilir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun: 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh "xxxx" İstehsalat Birliyindən 30 manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə köçürülməlidir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edərək və işin hallarını araşdıraraq müəyyən etmişdir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən 05 mart 2022-ci il tarixdə İddiaçı yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri, 4-cü şöbə ünvanında yerləşən fərdi yaşayış evində elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, bu zaman abonentin elektrik enerjisindən birbaşa, yəni elektrik sayğacı olmadan istifadə etdiyi müəyyən edilmişdir. Bununla bağlı "xxxx" ASC-nin əməkdaşları müvafiq aktı tərtib etmiş, həmçinin istehlakçı tərəfindən "Elektrik enerjisindən istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi hesablanmaqla, abonent bazasına işlənilmişdir. Bu hal İddiaçı məhkəmə iclasında özünün etirafı ilə təsdiqini tapmışdır. Lakin, həmin akt üzrə hesabat “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-ci bəndinə əsasən aparılmamışdır. Bununla da, iddiaçı cavabdeh "xxxx" ASC-nin əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Beləliklə məhkəmə iş materiallarını, işin faktiki hallarını və yuxarıda sadalanan normaları müqayisəli şəkildə təhlil edərək, onlara məcmu halında hüquqi qiymət verməklə belə qənaətə gəlir ki, qeyd edilən akt üzrə iddiaçının etirafı ilə sayğacdan kənar xətt vasitəsi ilə elelktrik enerjisindən istifadə edilməsi faktı öz təsdiqini tapmışdır. Lakin həmin akt üzrə hesabat “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-ci bəndinə əsasən aparılmalı, tədqiq olunmuş mötəbər sənəd və sübutlarla bu qanunsuz qoşulma və elektrik enerjisindən istifadə halının 150 gün (kənar xətt 05 mart 2022-ci il tarixdə aşkar edilərək akt tərtib olunmuşdur) olduğu, bu müddət ərzində qanunsuz istifadə edilmiş elektrik enerjisinin dəyərinin isə 75 manat olması müəyyən edilmişdir ((25 manat x 5 ay = 75 manat) 601.64 manat – 75 manat = 526.64 manat). Belə ki, əgər nəzərə alsaq ki, abonentin saldosundan da müəyyən olunduğu kimi abonentin elektrik sayğacı olmadan elektrik enerjisindən birbaşa xəttlə istifadə etməsi 05 ay (31 oktyabr 2021-ci il tarixdən 19 aprel 2022-ci il) müddətində olmuş, onda itirilmiş elektrik enerjisi ilə bağlı hesablama 31 oktyabr 2021-ci il tarixdən başlamaqla, iddiaçı tərəfindən elektrik şəbəkəsinə qanunsuz qoşulma halının davam etdiyi 05 mart 2022-ci il tarixədək, yəni qanunsuz qoşulma halı aşkar olunanadək hesablanmalıdır. Bu halı məhkəmə iclasında iştirak edən mütəxəssis qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Enerji X1 Xaçmaz filialının böyük müfəttişi X5 öz çıxışında qeyd edərək, qanunsuz qoşulma halının yalnız 05 ay müddətində hesablanmalı olduğunu və həmin akt üzrə hesabatın səhv aparıldığını təsdiq etmişdir. Bu mənada, mübahisəli borc məbləğinin 75 manatı iddiaçıya aid evdə sayğacdan kənar istifadə edilmiş elektrik enejisinə görə yaranmış borcdur və bu borc mövcud olmaqla realdır, o cümlədən düzgün hesablanmışdır. Bu səbəbdən də ümumi borc məbləğindən sonucu məbləğin silinməsi istisna edilir və bu tələbin bu hissədə təmin edilməsi məqsədədmüvafiq deyildir. Yuxarıda qeyd olunanlara əsasən, iddia tələbi qismən təmin edilməli və "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri 05 mart 2022-ci il tarixli R seriyalı, 246839 nömrəli akt əsasında hesablanmış 526.64 manat məbləğində pul (borc) İddiaçı abonent hesabından silinməli, həmçinin cavabdeh "xxxx" İstehsalat Birliyindən 30 manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri 05 mart 2022-ci il tarixli, R seriyalı, 246839 nömrəli akt əsasında hesablanmış 601.64 manat borc puldan 526.64 manat məbləğində pul (borc) İddiaçı abonent (**********00073) hesabından silinsin, 75 manat məbləğində borc hissəsində isə iddia tələbi təmin edilməsin. Cavabdeh "xxxx" İstehsalat Birliyindən 30 manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə köçürülsün Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar