Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-779/2022 25.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı və Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İB-nin ona məxsus Xaçmaz rayonu Mürşüd Oba kəndində yerləşən evinə quraşdırılmış qaz sayğacına görə hesablanmış 718 manat “qalıq borc” pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 23 dekabr 2016-cı il tarixdə səhər radələrində o evdən küçəyə çıxdıqda görmüşdür ki, evin çöl divarına quraşdırılmış qaz sayğacının ekranın şüşəsi sındırılmışdır. Həmin gün əraziyə baxan qaz idarəsinin nəzarətçisinə bu barədə məlumat vermişdir. Bir neçə gündən sonra Xaçmaz RQİİ -nin əməkdaşları yaşadığı evə gələrək sayğaca baxış keçirmiş və ekranın şüşəsi sınmış sayğacı yerindən çıxardaraq yenisi ilə əvəz etmişlər. Bundan sonra o Xaçmaz RQİİ-nə dəvət olunmuş, ondan sayğac barədə izahat alınmış və izahatında sayğacın ekran şüşəsinin sındırılmasının hansı şəraitdə gördüyünü göstərmişdir. 2017-ci ilin aprel ayında əraziyə baxan nəzarətçi növbəti dəfə qaz sərfiyyatına görə bildirişi gətirəndə on məlum olmuşdur ki, ekranın şüşəsi sındırılmış sayğaca görə ona 718 manat cərimə müəyyən edilmişdir. Bunun səbəbini öyrənmək üçün Xaçmaz RQİİ-də olduqda ona qaz sayğacının çıxarılması , quraşdırılması və istismara qəbulu haqqında 28.12. 2016-ci il tarixli ******* nömrəli Aktın surəti, təbbi qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli Aktın surəti, itirilmiş qazın bərpasına dair 31 mart 2017-ci il tarixli tələbnamənin surəti və labarotoriya analizinin cavabını təqdim etmişlər. ******* nömrəli Aktda göstərilir ki, 29/1710- 00057-2 nömrəli İT və Rİ-nin 1 saylı Akta qaz sayğacının plasmas qapağının üzərində olan qurğuşun plomb kəsici alətlə kəsilib. O Xaçmaz RQİİ-nin ona əsassız, hesablanmış 718 manat cərimə pulunun silinməsi üçün Cavabdeh İB-nə rəsmi ərizə ilə müraciət etmişdir, ərizəsi həmin idarəyə 01 dekabr 2021-ci il tarixdə çatdırılmış, lakin bu günə kimi ərizəmə heç bir cavab verilməmişdir. Beləliklə, evindən çıxarılmış ******* nömrəli qaz sayğacının ekranın şüşəsi naməlum şəraitdə sındırılmış, bu barədə özü qaz idarəsinin nəzarətçisinə məlumat vermiş və həmin sayğac çıxarılarkən plombu yerində olmuşdur. Qaz sərfıyyatına görə ödənişləri vaxtlı-vaxtında etmişdir, o və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Əraziyə baxan qaz nəzarətçisi də ayda bir neçə dələ sayğacın göstəricilərini yazır, əgər müdaxiləyə hər hansı bir şübhə olsaydı o, görərdi. Ona görə də hesab edir ki, əsassız hesablanmış məbləğ silinməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, xx.xx.2016-cı il tarixdə küçəyə çıxanda görmüşdür ki, evinin çöl divarında quraşdırılmış qaz sayğacının ekran şüşəsi sındırılıb. Bu barədə həmin gün əraziyə baxan qaz idarəsinin nəzarətçisinə məlumat vermişdir. Bir neçə gündən sonra qaz idarəsinin əməkdaşları onlara gəlib sayğacı yenisi ilə əvəz etmişlər. Bundan sonra o qaz idarəsinə çağırıb izahatı alınmışdır. 2017-ci ilin aprel ayında əraziyə baxan nəzarətçi növbəti dəfə qaz sərfiyyatına görə bildirişi gətirəndə ona məlum olmuşdur ki, ekran şüşəsi sındırılmış sayğaca görə ona 718 manat ziyan hesablanıb. O əsassız hesablanmış ziyanın silinməsi üçün Cavabdeh İB-nin baş direktoru Ruslan Əliyevə xx.xx.2021-ci il tarixdərəsmi ərizə ilə müraciət etmişdir, lakin ona cavab verilməyib. Ziyanın əsassız hesablandığını hesab edir. Ona görə ki, qaz sayğacı küçədə yerləşir və o, sayğaca müdaxilə etməmişdir. Qaz borcunu da vaxtaşırı ödəmişdir. Qaz sərfiyyatına görə əsassız hesablanmış 718 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. O və ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişdir. Sayğac evdən bayırda, küçədə quraşdırılıb. Debitor borcu var, ödəyəcək. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının evinə quraşdırılmış sayğac çıxarılıb laboratoriyaya göndərilərkən məlum olub ki, sayğaca müdaxilə olunub. Bu barədə təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunub və komissiya qərarına əsasən iddiaçıya 718 manat ziyan hesablanıb. Sayğaca müdaxilə laboratoriya qərarına əsasən müəyyən olunduğuna görə ziyanın hesablanmasını əsaslı hesab edir. Bundan başqa iddiaçının 500 manat debitor borcu da var. Ona görə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan müəyyən olunur ki, İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış G-4 markalı ******* saylı sayğacın plasmas qapağının üzərində olan qurğuşun plomb kəsici alətlə kəsilib. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədə Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017-ci il tarixli Akta əsasən sayğacın dəyəri və dəymiş ziyanın ödənilməsinin təmin edilməli olduğu göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsində nəzərdə tutulur ki, fiziki şəxs olan istelakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2.-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.7.-ci bəndinə əsasən qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallar istisna olmaqla, digər hallarda qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə (bundan sonra – qazlaşdırılmış obyekt) qazın alqı-satqısı barədə müqavilədə nəzərdə tutulmuş bildiriş göndərilməklə, həmin qazlaşdırılmış obyektə daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vərəqəsini təqdim etməklə buraxıla bilərlər. Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.8.-ci bəndinə əsasən qazlaşdırılmış obyektdə qaz qurğusuna texniki baxış keçirmək üçün tapşırıq sənədinin surəti istehlakçıya mütləq təqdim edilməli və istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1.5.-ci bəndinə əsasən istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərilməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1.7.-ci bəndinə əsasən qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.4.-cü bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.8.-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.9.-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizimlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1.10.-cu bəndinə əsasən istehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbə dövlət yoxlanılmasından keçirmək hüququ vardır. Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1.11.-ci bəndinə əsasən ödənişsiz qaydada istehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlamasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişmək və quraşdırmaq hüququ vardır. Məhkəmə həmçinin qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, məhz İddiaçı sayğaca müdaxilə etməsi müəyyən olunmadığından, cavabdeh təşkilat tərəfindən buna dair heç bir sübut məhkəməyə təqdim olunmadığından, iddiaçının zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. Bundan başqa, məhkəmə onu da nəzərə alır ki, Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.8.-ci bəndinə əsasən İddiaçı fiziki şəxs olaraq qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə ümumiyyətlə məsuliyyət daşımır. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2017-ci il tarixli ******* №-li akt və “itirilmiş qazın bərpası üzrə” komissiya qərarı əsasında İddiaçı əsassız olaraq hesablanmış 718 manat məbləğində ziyan silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2017-ci il tarixli ******* №-li akt və “itirilmiş qazın bərpası üzrə” komissiya qərarı əsasında İddiaçı əsassız olaraq hesablanmış 718 manat məbləğində ziyan silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-779/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-779/2022
25.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver