Məhkəmə qərarları › İş №2(067)-809/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-809/2023

26.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-809/2023 26.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlu, İddiaçı4 və qeyrilərinin Cavabdeh2 və qeyrisinə qarşı mirasın qəbul edilmiş hesab edilməsi və sair tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdim: İddiaçı4, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 Cavabdeh2 və qeyrisinə qarşı mirasın qəbul edilmiş hesab edilməsi və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Ərizə araşdırılarkən müəyyən olundu ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib olunmadan verilmişdir. Belə ki, iddia ərizəsi İddiaçı4, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 tərəfindən verilsə də, dövlət rüsumu yalnız İddiaçı4 tərəfindən ödənilmiş, digər iddiaçılar tərəfindən rüsum ödəməsinə dair sənəd iş materiallarına əlavə edilməmişdir. Bundan başqa ərizədə cavabdehin poçt ünvanı da göstərilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 150 və 152-ci maddələrinə uyğun tərtib edilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149,152 və 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı4 və qeyrilərinin Cavabdeh2 və qeyrisinə qarşı mirasın qəbul edilmiş hesab edilməsi və sair tələbinə dair ərizəsi geri qaytarılsın. İddiaçılara izah olunsun ki, göstərilən nöqsanları aradan qaldırmaqla iddia ərizəsi ilə təkrar məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar