Məhkəmə qərarları › İş №2(067)-841/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-841/2022

01.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-841/2022 01.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı və Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən Xaçmaz rayonu, Qaraçı kəndində yeni planlar ünvanda yerləşən evinə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib edilmiş № ******* AKT-ın və xx.xx.2021-ci il tarixli itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair komissiya qərarının ləğv edilməsi, əsassız hesablanmış 432 manat məbləğində ziyanın silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə tərtib olunmuş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında № ******* AKT-a əsasən hazırda yaşadığı Qaraçı kəndi yeni planlarda yerləşən evinə qazın verilməsinə dair sərfıyyatın hesablanması üçün quraşdırılmış qaz sayğacı götürülmüşdür. Qaz sayğacı götürülərkən onun səbəbini soruşduqda, idarənin əməkdaşları bildirmişlər ki, istifadə olunan sayğac istismar müdətini başa çatdırıb, ona görə də növbəti Dövlət yoxlaması adı ilə sayğac dəyişdirilir. Həqiqətəndə sayğac dəyişdirilmiş və sayğacın dəyişdirilməsi barədə Akta həyat yoldaşı imza etmişdir. Sonradan məlum oldu ki, güya qaz sayğacının hesablama mexaniziminin qoruyucu plasmas qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik üzük izləri var. 432 manat məbləğində əlavə vəsait hesablanmışdır. Hazırda Qaz idarəsindən müvafiq sənədlərin surətləri əldə etmişdir. Müəyyən olunmuşdur ki, Xaçmaz RQİİ-nin üzrə baş mühəndisi Gülyar Hüseynovun imzası ilə xx.xx.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamə sənədi təqdim edilmiş, həmin sənəddə göstərilir ki, “qaz sayğacının normal qaz sərfi 4 m/saat orta günlük iş rejimi-12 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparı İsin və hesablanmış məbləğ ödənilsin. İtirilmiş qazın bərpası ilə əlaqədar tərtib o sərfıyyatına görə 432 qalıq borcu hesablanmışdır. Bu vaxta qədər qaz sərfıyyatına görə vaxtlı-vaxtında ödənişləri etmişlər və Qaz İdarəsindən əldə etdiyi abonentin saldosu adlanan sənəddən də görünür ki, ödənişlər vaxtlı-vaxtında edilmişdir. Yuxarıda qeyd edildiyi kimi qaz sayğacı dəyişdirilərkən həyat yoldaşı iştirak etmişdir, qaz sayğacının üzərində hər-hansı bir kənar təsir və ya qaz sayğacının plasmas qapağının yan tərəfinin əzilməsi barədə şübhə olsaydı belə, Aktda qeyd olunardı. Tərtib olunmuş Aktda heç bir qeyd yoxdur. Buna baxmayaraq 30 dekabr 2021-ci ildə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* AKT-da isə göstərilir ki, sayğacının plasmas qapağının üzərində olan zavod qurquşun plom kəsici alətlə kəsilib”, ilalbu ki, həmin Akt tərtib olunduqdan bir neçə gün əvvəl, yəni xx.xx.2016-ci il tarixdə artıq itirilmiş qazın bərpası” üzrə hesablama sənədi tərtib olunmuşdur. 31 oktyabr 2016-ci ildə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* AKT-da ARDNŞ Cavabdeh İB qaz sayğaclarının yoxlanılması barədə Aktn MSK-29/1710-05 623-1 xx.xx.2021 -ci il tarixli rəyinə əsasən G4 tarixli, 10596943 nömrəli qaz sayğacının hesablanma mexaniziminin qoruyucu plasmas qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik cızıq izləri var. Onun adının qarşısında “İmtina etdi” sözlləri yazılsa da, o həmin vaxt Aktın tərtibində iştirak etməmişdir, belə bir Aktın mövcudluğu əlavə sərfiyyat hesablandıqdan sonra ona məlum olmuşdur. Məlum olduğu kimi, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən küçədə quraşdırılmış qaz sayğacına görə abonent məsuliyyət daşımır. O heç vaxt qaz sayğacına müdaxilə etməmişdir, qaz sərfıyyatına görə ödənişləri vaxtlı-vaxtında köçürmüşdür. Dəymiş ziyanın bərpası üzrə tərtib edilmiş komissiya qərarı, AKT ləğv edilməli və əsassız hesablanmış məbləğ silinməlidir. Qaz sərfıyyatına görə ödənişləri vaxtaşırı etmişdir, onun və ailə üzvlərinin tərəfindən qaz sayğacına heç bir müdaxilə olmamışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Xaçmaz RQİİ-nin işçiləri evinə gəlib qaz sayğacına baxış keçiriblər və quraşdırılmış qaz sayğacını dəyişdirərək yenisi ilə əvəz ediblər və bu barədə akt tərtib olunub. Sonradan xx.xx.2021-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunub və komissiya qərarına əsasən ona 432 manat ziyan hesablanıb. Həmin ziyanı əsasız sayır. Ona görə ki, qaz sayğacı küçədə yerləşir və o sayğaca müdaxilə etməmişdir. Qaz borcunu da vaxtaşırı ödəmişdir və borcu yoxdur. Qaz sərfiyyatına görə əsassız hesablanmış 432 manat pulun silinməsi barədə qətnamə qəbul edilm’sini xahiş edir. O və ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişdir. Sayğac evdən bayırda quraşdırılb. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının evinə quraşdırılmış sayğac çıxarılıb laboratoriyaya göndərilərkən məlum olub ki, sayğaca müdaxilə olunub. Bu barədə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli akt tərtib olunub və komissiya qərarına əsasən iddiaçıya 432 manat ziyan hesablanıb. Sayğaca müdaxilə laboratoriya qərarına əsasən müəyyən olunduğuna görə ziyanın hesablanmasını əsaslı hesab edir. Ona görə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan müəyyən olunur ki, İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış G-4 markalı 10596943 saylı sayğacın hesablama mexanizmasının qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Təbii qaz itkisi yaranmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədə Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli Akta əsasən sayğacın dəyəri və dəymiş ziyanın ödənilməsinin təmin edilməli olduğu göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsində nəzərdə tutulur ki, fiziki şəxs olan istelakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2.-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.7.-ci bəndinə əsasən qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallar istisna olmaqla, digər hallarda qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə (bundan sonra – qazlaşdırılmış obyekt) qazın alqı-satqısı barədə müqavilədə nəzərdə tutulmuş bildiriş göndərilməklə, həmin qazlaşdırılmış obyektə daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vərəqəsini təqdim etməklə buraxıla bilərlər. Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.8.-ci bəndinə əsasən qazlaşdırılmış obyektdə qaz qurğusuna texniki baxış keçirmək üçün tapşırıq sənədinin surəti istehlakçıya mütləq təqdim edilməli və istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1.5.-ci bəndinə əsasən istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərilməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1.7.-ci bəndinə əsasən qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.4.-cü bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.8.-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.9.-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizimlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1.10.-cu bəndinə əsasən istehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbə dövlət yoxlanılmasından keçirmək hüququ vardır. Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1.11.-ci bəndinə əsasən ödənişsiz qaydada istehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlamasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişmək və quraşdırmaq hüququ vardır. Məhkəmə həmçinin qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, məhz İddiaçı sayğaca müdaxilə etməsi müəyyən olunmadığından, cavabdeh təşkilat tərəfindən buna dair heç bir sübut məhkəməyə təqdim olunmadığından, iddiaçının zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. Bundan başqa, məhkəmə onu da nəzərə alır ki, Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.8.-ci bəndinə əsasən İddiaçı fiziki şəxs olaraq qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə ümumiyyətlə məsuliyyət daşımır. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2021-ci il tarixli ******* №-li akt və “itirilmiş qazın bərpası üzrə” komissiya qərarı əsasında İddiaçı əsassız olaraq hesablanmış 432 manat məbləğində ziyan silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2021-ci il tarixli ******* №-li akt və “itirilmiş qazın bərpası üzrə” komissiya qərarı əsasında İddiaçı əsassız olaraq hesablanmış 432 manat məbləğində ziyan silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar