Məhkəmə qərarları › İş №2(067)-870/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-870/2021

05.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-870/2021 05.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi sənədin şəxsə məxsus olması hüquqi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək torpağa mülkiyyət hüququna dair JN 0094 seriyalı 30216028 kodlu dövlət aktının və torpağın mülkiyyətə verilməsinə dair JN- 094 F seriyalı 30216028 kodlu şəhadətnamədə onun ata adı səhvən qeydə alınmış “Əhmədxan oğlu” yox “Əhmətxanoviç” və mərhum həyat yoldaşının adı və atasının adı səhvən qeydə alınmış “Aynurə Mövlud qızı” yox “Aynisə Mövlüd qızı” olması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Aqrar İslahatı zamanı onlara 0.56 ha torpaq sahəsi verilmişdir. Ayrılmış torpaq sahəsinə dair dövlət aktı verilmişdir. Dövlət aktında onun atasının adı səhvən “Əhmədxan oğlu”, mərhum həyat yoldaşının adı ilə ata adı isə səhvən “Aynurə Mövlud qızı” yazılmışdır. Hazırda mülkiyyətlərinə verilmiş torpaq sahəsini satmaq qərarına gəlmişdir. Lakin dövlət aktında atasının adı və həyat yoldaşının adı ilə atasının adında yanlışlıq olduğundan mümkün olmamışdır. Məhkəmə iclasında ifadə vermiş Ərizəçi bildirdi ki, 1935-ci ildə Rusiya Federasiyası, Dağıstan Respublikasının Dərbənt şəhərində anadan olub, bu səbəbdən də doğulduqdan sonra onun doğum sənədlərində atasının adı Əhmətxanoviç kimi qeyd olunmuşdur. Ona doğum haqqında şəhadətnamə ümumiyyətlə verilməmişdir. Həmin dövrdə alternativ sənədlər əsasında pasport almışdır və pasportda ata adı Əhmətxanoviç kimi qeyd olunmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Əhmədov Əlövsət Abusət oğlu bildirmişdir ki, ərizəçinin qızının əridir. Ərizəçinin atasının adı “Əhmətxanoviç” olmasını, mərhum həyat yoldaşınn adı, soyadı və atasının adı Səmədova Aynisə Mövlüd qızı olması və Xaçmaz rayonu, Tel kəndində onlara məxsus 0,56 ha torpaq sahəsinin mülkiyyətində olması faktını təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 bildirmişdir ki, ərizəçinin əmisi oğludur. Ərizəçinin atasının adı “Əhmətxanoviç” olmasını, mərhum həyat yoldaşınn adı, soyadı və atasının adı Səmədova Aynisə Mövlüd qızı olması və Xaçmaz rayonu, Tel kəndində onlara məxsus 0,56 ha torpaq sahəsinin mülkiyyətində olması faktını təsdiq etmişdir. Maraqlı tərəf Xaçmaz rayon DƏDRX-nin 5 saylı ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN 0094 seriyalı 30216028 kodlu dövlət aktının surətindən müəyyən olunur ki, Xaçmaz rayon X1 xx xxxxxx 1998-ci il tarixli 14 nömrəli qərarına əsasən Ərizəçi Əhmədxan oğlunun və Səmədova Aynurə Mövlud qızının mülkiyyətinə 0,56 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZE №0******* seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin ad, soyad və atasının adı “Ərizəçi” kimi qeyd olunub. İş materiallarında olan Nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi və Mustafayeva Aynisə Mövlüd qızı xx xxxxx 1963-cü ildə rəsmi nikaha daxil olmuşlar və nikah bağlandıqdan sonra arvada Səmədova soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Səmədova Aynisə Mövlüd qızı xx.xx.2017-ci ildə ölmüşdür. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, DT və XK tərəfindən verilmiş JN-094 F KOD 30216028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və JN 00xx xxx 30216028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında qeyd olunmuş hüquq sahiblərin ad və soy adlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi 5 saylı Xaçmaz ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, ərizə tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquqmüəyyənedici sənədin digər ailə üzvləri ilə birgə ona məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN 0094 seriyalı 30216028 kodlu dövlət aktının və torpağın mülkiyyətə verilməsinə dair JN-094 F seriyalı 30216028 kodlu şəhadətnamənin Ərizəçi və Səmədova Aynisə Mövlüd qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar