Məhkəmə qərarları › İş №2(067)-877/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-877/2023

23.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-877/2023 23.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azəriqaz İB-nin Xaçmaz rayon Qaz İdarəsinin tərəfindən aparılmış yoxlamanın nəticələrinə dair komissiyanın qərarının və xx.xx.2022-ci il tarixdə ******* nömrəli akt əsasında yazılmış cəmi 4147 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, ərizədə qeyd etdiyi ünvanda yaşayır. ünvan 1na gəlir. Evdə sayğacın təbii qazdan qeyri qanuni istifadə olması barədə Azəriqazın əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə ******* nömrəli akt yazaraq onu cəmi 4147 manat cərimə ediblər. Hansı ki, onun sayğacı çöldə yerləşir və onun heçnədən xəbəri olmayıb. Hər hansı bir müdaxilə olunmayıb. Bunu Qaz idarəsinin nəzarətçiləridə bilir. Onun sayğacında göstərilən nöqsanlar olmadığı üçün dəfələrlə həmin idarəyə müraciət etmişdir. Hər dəfə bir bəhanə gətirərək yayınmışlar ona haqsız yerə yazılan cəriməni silməkdən boyun qaçırıblar, hətda küçənin nəzarətçilərinə də bildirmiş, o, hər ay istifadə etdiyi qaz sərfıyatını ödəmişdir. Ödəniş etmə qəbzləri də var. Hal-hazırda sayğacda göstərildiyi göstərişə əsasən heç bir borcu yoxdur. Akt əsassız yazılıb. Akt yazılarkən onun xəbəri olmayıb. Evə bildiriş gəlib ki, onun “Azərqaz” İB-yə 4147 manat borcu var. Halbuki onun borcu yoxdur. O, sübut edə bilər ki, onun sayğacı düzgün işləyir və heç bir əlavə istifadə olunmayıb. O, bu borcla bağlı Cavabdeh İB X5 İstismar İdarəsinə müraciət etsə də hələdə əsassız yerə yazılan borc silinməyib.Bununla əlaqədar yuxarıda qeyd etdiyi kimi xx.xx.2022-ci il tarixdə Azəriqazın əməkdaşları tərəfindən yazılan xx.xx.2022-ci il tarixdə ******* nömrəli akt cavabdehin əməkdaşları tərəfindən yazılmışdır. Lakin qaz xəttindən hansı səbəbdən kənar qaz xəttinə qoşularaq qazdan istifadə edilməmiş və onun üçün əsassız borc hesablanmışdır. Halbuki o, hər ay qaz borcunu vaxtı-vaxtında ödəmiş və qəbzləri var. Bu səbəbdən sözügedən borc məbləğinin silinməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, evə qaz xətti 1989-cu illərdə çəkilib. Əslində, qanunla orada qaz xətti olmamalıdır. Çünki orada yol yerləşir. Kanalizasiya sistemi var. Üstəlik qaz xətti hamamın üzərindən keçir. Odur ki, akt əsasında qaz sərfiyyatına görə əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, iddiaçının evinə aid sayğaca kənardan qoşulma xətti müəyyən olunub. Sübut olaraq video-disk də əlavə etmişdir. Videodan da kənar xəttin qoşulması aydın olur. Bu səbəbdən akt əsasında cərimə yazılıb. Yəni, cərimə əsassız deyil. Kənar xətt 2021-ci ildə müəyyənləşdirilib. Kənar xətt ana xəttin üzərində yerləşir. 2023-cü ilin yanvar ayında isə onlar sayğacı dəyişiblər. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktda “sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur” qeyd olunmuşdur. - Dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə 34560 m3 həcmində qaz itkisi olduğu göstərilmişdir. İş materiallarından olan abonentin saldosundan görünür ki, akt əsasında 4147,20 manat borc müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh təşkilatın əməkdaşları iddiaçının yaşadığı ünvana gələrək qaz sayğacına baxış keçirmiş, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi barədə xx.xx.2022-ci il tarixli akt tərtib olunmuş və həmin akt əsasında 4147,20 manat cərimə hesablanmışdır. Həmin aktlarda abonentin imzası, eləcə də qeyri-qanuni istifadəyə dair videoyazı mövcud deyildir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanununun 13-cü maddəsinin 8-ci bəndinin əvvəlki redaksiyasına əsasənqaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qazdan istifadə qaydaları haqqında qərarının 4.2-ci bəndində qeyd olunmuşdur ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-ci bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş aktdan görünür ki, abonent tərəfindən sayğaca qanunsuz qoşulma halı aşkar edilmiş və itirilmiş qazın həcmi hesablanmışdır. Qeyd edilən halın, sayğaca qanunsuz qoşulmanın, sayğacdan kənar xətlərin çəkilməsi halının aydınlaşdırılması üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və rəy alınmışdır. İşə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16- 16/2 3/1129, 3/1272 saylı ekspert rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş 01 ədəd qaz sayğacının səthində əl-barmaq və papilyar naxış izləri yoxdur. Tədqiqata təqdim edilən qaz sayğacının üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi. Göründüyü kimi, iddiaçıya məxsus evə quraşdırılmış sayğaca qanunsuz qoşulma, mudaxilə halları aşkar edilmədiyindən cavabdehin sayğaca kənar xətt vasitəsi ilə qoşulma barədə dəlilləri təkzib edilmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki işdən görünür ki, abonent barəsində aktın tərtib edilməsinin əsasını abonent tərəfindən sayğaca kənar xətt qoşulma əsasında itirilmiş qazın bərpası təşkil edir. Lakin sayğaca kənar xətt qoşulması barədə dəlillər ekspert rəyi ilə təkzib edildiyindən və digər qaydada cavabdeh tərəfindən sübuta yetirilmədiyindən sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunması əsası ilə abonentə borcun hesablanması əsassız olmuşdur. Eyni zamanda qanunvericiliyə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Göründüyü kimi qaz paylayıcı tərəfindən hər ay istehlak edilmiş qazın miqdarı müəyyən edildiyindən, qaz sayğacının evdən kənar yerləşdiydən, evdən kənar yerləşmiş qaz sayğacına hər hansı müdaxilə edilməsi hər ay göstəriciləri qeydə alan qazpaylayıcının əməkdaşları tərəfindən növbəti ay üçün göstəriciləri qeydə alınan zaman aşkarlanmalı, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi sayğaca müdaxilənin 2021-ci il tarixdə aşkar edilməsini bildirmiş, lakin qeyd edilən halla bağlı akt xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir ki, bu da abonentə ağır maliyyə sanksiyası tətbiq edilməsinə şərait yaradılmışdır. Həmçinin hər ay qazpaylayıcının əməkdaşları tərəfindən sayğaca baxış keçirilərək sərf edilmiş qazın dəyəri hesablandığından evdən kənar yerləşən sayğaca hər hansı kənar qoşulma halının aşkar edilməməsi və qeyd edilən müddət ərzində iddiaçının təbii qazdan qanunsuz istifadə etməsi ağlabatan sayıla bilməz. Həmçinin iş materiallarında olan saldodan görünür ki, xx.xx.2022-ci il tarixli akt əsasında 4147.20 manat borc hesablana qədər iddiaçının il ərzində ən yüksək sərfiyyatı 549 m3, tərtib edilmiş aktdan və cavabdehin nümayəndəsinin izahatına qeyd etdiyi kimi 2023-cü ilin yanvar ayında sayğac dəyişdirildikdən sonra isə abonentin aylıq qaz sərfiyatı yanvar ayı üçün 235 m3 hesablanmışdır. İl ərzində istifadə edilmiş sərfiyyat aylar üzrə ən yüksək hesablanmış sərfiyyatla, yəni 549 m3 ilə hesablansa belə il ərzində istifadə edilmiş sərfiyyatın həcmi aktda qeyd edildiyi kimi 34560 m3 həcmində müəyyən edilməsi ağlabatan hesab edilə bilməz. Həmçinin iş materiallarından görünür ki, sözügedən hala dair tərtib olunmuş aktı abonent imzalamamış, həmin sənədlər qanunvericiliyə uyğun olaraq ona verilməmiş, ümumiyyətlə, iddiaçı onlardan sonradan xəbər tutmuş, eyni zamanda həmin vaxt belə halın mövcudluğu barədə bunu təsdiqləyəcək hər hansı bir dəlil məhkəməyə təqdim edilməmişdir. Bundan başqa qanunvericiliyin tələblərinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı tərəfindən qanunsuz xəttin dərhal qazpaylayıcı şəbəkədən ayırması və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməsi nəzərdə tutulsa da cavabdeh təşkilat sayğacı şəbəkədən ayırmamış, iddiaçıya qarşı zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia ilə məhkəməyə müraciət etməmiş, hətta hazırki iddia ərizəsinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət etməmişdir. Beləliklə məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə iddiaçı fiziki şəxs olaraq qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə ümumiyyətlə məsuliyyət daşımır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğac iddiaçının yaşadığı evdən kənarda yerləşdiyindən, sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edilməsi sübuta yetirilmədiyindən və kənar xətt qoşulması ekspert rəyi ilə təkzib edildiyindən sayğaca kənar xətt qoşulma ilə əlaqədar itirilmiş qazın həcminin 34560 m3 müəyyən edilməsi və itirilmiş qazın bərpası məqsədilə iddiaçının abunə koduna 4147.20 manat borcun hesablanması əsassız olmuşdur. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki,Cavabdeh İB tərəfindən iddiaçının yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə aid **********00000 abonent koduna itirilmiş qazın sərfiyyatına görə hesablanmış borc 4147 manat silinməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə aid **********00000 abonent koduna itirilmiş qazın sərfiyyatına görə hesablanmış 4147 manat borc silinsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri üçün 130 (yüz otuz) manat pul iddiaçı Cavabdehndən tutularaq dövlət büdcəsinə aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar