Məhkəmə qərarları › İş №2(067)-910/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-910/2021

21.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-910/2021 21.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış pulun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh İB-nin Xaçmaz rayon Qaz İstismar İdarəsi tərəfindən aparılmış yoxlamanın nəticələrinə dair komissiyanın qərarının və bu barədə yazılmış aktın ləğv edilməsi və hesabdan 815,15 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Xaçmaz rayonu, Ağyazı-Buduq kəndində yaşayır. Həmin yaşadığı ünvan ona məxsusdur. Kommunal xərclər onun adına gəlir. Ona məxsus olan evin sayğacında bir ildir ki, problemler olduğu üçün yəni işlək vəziyyətdə olmadığı üçün dəfələrlə Cavabdeh İB-nə müraciət etmişdir. Lakin Cavabdeh İB-nin əməkdaşları hər dəfə bir bəhanə gətirərək sınıq sayğacı dəyişməkdən yayınmışlar, hətta küçənin nəzarətçilərinə də dəfələrlə o, bu barədə bildirmişdir. Xaçmaz rayonQaz İstismar İdarəsi sayğaclar şöbəsinin çilingəri Ağamirov Elşad şəxsən özü yazılı surətdə öz dəsti xətti ilə sayğacı çölə çıxararkən plombun qırırıldığını göstərmişdir. O, da hər ay istifadə etdiyi qaz sərfiyyatını ödəmişdir. Ödəniş etməyi barədə qəbzləri də var. Halhazırda sayğacın göstərişinə əsasən onun heç bir borcu yoxdur. Bu günə qədər onun nə borcu varsa hamısını ödəmişdir və əlində qəbzləri də var. Sonradan xx.xx.2020-ci il tarixdə onun yaşadığı ünvana, yəni Xaçmaz rayonu, Ağyazı-Buduq kəndində yerləşən evinə Cavabdeh İB-nin nümayəndələri onun şikayətini nəzərə alaraq sayğacı dəyişməyə gəlmişlər. Lakin əksinə xx.xx.2020-ci tarixdə köhnə sayğacın yeni elektron tipli sayğacla əvəz edilməsi barədə ******* saylı akt tərtib etmişlər, sonradan ona evə bildiriş gəlib ki, onun “Azərqaz” İB-nə 950 manat borcu var. Halbuki onun borcu yoxdur, lakin nəzarətçi özü sayğacı çölə çıxaranda plomb qırılmışdır. Hətta nəzarətçilər özləri onun plombu qırmadığını bilmişlər. Yeni sayğac akt tərtib olunan vaxt qoyulmuşdur və hal-hazırda müqavilə onun adınadır. O, bu borcla baqlı Cavabdeh İB X7 İstismar İdarəsinə müraciət etsə də hələ də əsassız yerə yazılan borc silinməmişdir. Bununla əlaqədar yuxarıda qeyd etdiyi kimi xx.xx.2020-ci il tarixdə Cavabdeh İB- nin əməkdaşları tərəfindən akt yazılmışdır. Lakin qaz sayğacının hansı səbəbdən sıradan çıxması müəyyən edilməmiş və onun üçün əsassız borc hesablanmışdır. Halbuki o, hər ay nəzarətçinin ona dediyi borcu vaxtıvaxtında ödəmişdir və qəbzləri də var. Qeyd olunanlarla əlaqədar o, məhkəməyə müraciət etmişdir. xx xxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının evinə quraşdırılmış sayğac həyətdə olmuşdur və sayğaca müdaxilə olunduğuna görə xx.xx.2020-ci ildə akt tərtib olunaraq 216 manat cərimə hesablanmışdır. Qalan pul isə iddiaçının qaz sərfiyyatına görə hesablanan borcdur. Ona görə də nümayəndə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərmişdir ki, Cavabdeh İB-nin Xaçmaz RQİİ Xaçmaz rayonu üzrə sayğacların qəbulu və istismarı şöbəsində NÖC və avtomatika üzrə çilingər işləyir, iddiaçını da qaz abonenti kimi tanıyır, münasibətləri yaxşıdır. Onları idarədən iddiaçının həyətində olan sayğac şübhəli olduğuna görə həyətdən küçəyə çıxarmaq üçün göndərmişlər. Sayğac həyətdə hamamın üstündə olmuşdur. Həmin vaxt iddiaçının oğlu evdə olmuş və atasına zəng edib sayğacı həyətdən çölə çıxarmaq istədiklərini bildirmişdir, atası da buna razılıq vermişdir. Sonra o, qayka plombları qırmış və sayğacı həyətdən çölə çıxarmışlar. İddiaçının oğlu köhnə sayğacın saxlanılmasını, üzərinə yeni plomb qoyulmasını istəmişdir, o, isə buna icazəsi olmadığını bildirmişdir. Bundan sonra ona iltizam yazdırmışlar. Ona idarədən iddiaçının sayğacının şübhəli olduğunu bildirmişlər. O, özü isə iddiaçı tərəfindən sayğaca müdaxilə edildiyini görməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktdan müəyyən olunur ki, iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış mexaniki qaz sayğacı texniki baxış zamanı yenisilə əvəz edilmişdir. Aktda qeyd olunmuşdur ki, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. Qaz sayğacı abonentə təhvil verilmişdir. RQİİ-nin iş tapşırığına əsasən yeni sayğac yararlı vəziyyətdə abonentə təhvil verilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktda İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış G-4 markalı ******* saylı qaz sayğacının hesablama mexanizminin qapağının alt hissəsinin deşici alətlə deşildiyi göstərilir. Abonent sayğacın dəyərini və dəymiş ziyanı ödəməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli komissiya qərarında xx.xx.2020-ci il tarixli ******* saylı Akta əsasən sayğacın dəyəri və dəymiş ziyanın ödənilməsinin təmin edilməli olduğu göstərilmişdir. İş materiallarında olan abonentin saldosundan müəyyən edilir ki, cavabdehin iddiaçı Cavabdeh İB-nə yaranmış borcundan 216 manat akt əsasında hesablanmış ziyan məbləği, qalan məbləğ isə təbii qazdan istifadəyə görə yaranmış debitor borcudur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.7.-ci bəndinə əsasən qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallar istisna olmaqla, digər hallarda qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə (bundan sonra – qazlaşdırılmış obyekt) qazın alqı-satqısı barədə müqavilədə nəzərdə tutulmuş bildiriş göndərilməklə, həmin qazlaşdırılmış obyektə daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vərəqəsini təqdim etməklə buraxıla bilərlər. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.8.-ci bəndinə əsasən qazlaşdırılmış obyektdə qaz qurğusuna texniki baxış keçirmək üçün tapşırıq sənədinin surəti istehlakçıya mütləq təqdim edilməli və istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1.5.-ci bəndinə əsasən istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərilməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1.7.-ci bəndinə əsasən qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.4.-cü bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.8.-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.9.-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizimlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1.10.-cu bəndinə əsasən istehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək hüququ vardır. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1.11.-ci bəndinə əsasən ödənişsiz qaydada istehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlamasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişmək və quraşdırmaq hüququ vardır. Məhkəmə, həmçinin, qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, məhz iddiaçının sayğaca müdaxilə etməsi müəyyən olunmadığından, cavabdeh təşkilat tərəfindən buna dair heç bir sübut məhkəməyə təqdim olunmadığından, iddiaçının zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. Bundan başqa, məhkəmə onu da nəzərə alır ki, Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.8.-ci bəndinə əsasən İddiaçı fiziki şəxs olaraq qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə ümumiyyətlə məsuliyyət daşımır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddiaçının sayğaca müdaxilə etməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi 815,15 manat məbləğində ziyanın tutulmasına dair hissədə təmin edilməməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci bəndinin tələblərinə görə qaz paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.5-ci maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. İşin hallarından müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıdan tutulması tələb edilən pul məbləğinin 216 (iki yüz on altı) manatı dəymiş ziyanla bağlıdır. İddiaçıya məxsus ünvanda əvvəl quraşdırılmış qaz sayğacı ona məxsus olan fərdi yaşayış evinin həyətində quraşdırılsa da, Cavabdeh İB tərəfindən sayğaca məhz iddiaçı tərəfindən müdaxilə olunduğunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Şahid qismində dindirilmiş Cavabdeh İB-nin Xaçmaz RQİİ Xaçmaz rayonu üzrə sayğacların qəbulu və istismarı şöbəsində NÖC və avtomatika üzrə çilingəri X3 ifadəsindən müəyyən olunur ki, iddiaçıya məxsus ünvanda əvvəl quraşdırılmış qaz sayğacı Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən ona verilmiş şifahi məlumata əsasən şübhəli olduğuna görə ona qaz sayğacının çıxarılması və yenisi ilə əvəz edilməsi tapşırılmışdır. Buna görə də, sayğac onun tərəfindən plombu qırıldıqdan sonra çıxarılmışdır. İddiaçı da məhkəmə iclasında verdiyi izahatda qeyd edilən halı təsdiq etmişdir. Məhkəmə buna görə də hesab edir ki, Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin işçisi tərəfindən bilavasitə sayğaca müdaxilə edildiyi və plombun qırıldığı öz təsdiqini tapdığından, həmçinin, plomb qırılmazdan əvvəl məhz iddiaçının sayğaca müdaxiləsi nəticəsində sayğacın normal işləməməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən iddiaçıya əsassız hesablanmış 216 (iki yüz on altı) manat ziyan məbləği silinməli, qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 10 (on) manatı cavgabdehdən iddiaçının xeyrinə tutulmalı, rüsumun qalan hissəsi iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı hesablanmış 216 (iki yüz on altı) manat məbləğində pul silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İlkin Xəlilov..

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar