Məhkəmə qərarları › İş №2(067)-921/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-921/2020

02.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-921/2020 02.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı,iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 İlyas oğluna, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair mülki işə Xaçmaz şəhərində acıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh2 İlyas oğlunun, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 onlara 3000 manat kompensasiya ödənilməklə, ünvan 1 saylı yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və həmin evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1 saylı ünvanında yerləşən 0,03 ha torpaq sahəsində tikilmiş 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 118,20 kv.m olan fərdi yaşayış evi onun mülkiyyətindədir. Həmin evin mülkiyyətə verilməsinə dair Çıxarışı və Texniki Pasportu vardır. Cavabdehlərdən Cavabdeh2 İlyas oğlu onun qardaşı, digər cavabdehlər onun ailəsidir. Onlar yuxarıda qeyd olunan ünvanda yerləşən evində yaşayırlar. Cavabdehlərin Xaçmaz şəhərində ailəsinin bütün üzvlərinin yaxından iştirakı və köməyi ilə tikilmiş evi vardır. Hazırda onların cavabdehlərlə birlikdə yaşamaları onlar üçün çətinlik yaradır, bir mülkiyyətçi kimi onun öz hüquqlarının həyata keçirilməsinə maneçilik yaranır. Cavabdehlərlə qaşılıqlı razılaşma yolu ilə evdən çıxmaları barədə razılığa gələ bilməmişlər. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. O, bu məqsədlə cavabdehlərə 3000 manat kompensasiya verir. Yaşadıqları ərazidə evlərin kirayəsi 60-70 manat civarındadır. O, hesab edir ki, təklif olunan kompensasiya məbləği cavabdehlərin davamlı surətdə və müəyyən müddət ərzində başqa yerdə əvvəlki mənzilə xas olan şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vardır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq göstəmişdir ki, cavabdehləri evindən ona görə çıxarmaq istəyir ki, o, oğlunu evləndirmək istəyir, gəlini gətirməyə yeri yoxdur. Mülkiyyətçi odur və cavabdehlərin evdən çıxarılması üçün onlara lazım olsa 5000 manat kompensasiya təklif edə bilər. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçının iddia tələbi aydındır. O, bir mülkiyyətçi olaraq cavabdehlərin evindən çıxarılmasını istəyir və Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən onun buna haqqı da çatır. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyib, izahatında göstərmişdir ki, o, iddianı qəbul etmir. İddiaçı az məbləğdə kompensasiya təklif edir. Onların öz evləri var, lakin hələ yaşayış üçün tam yararlı deyil. İddiaçı kompensasiya kimi 10000 manat versə onun evindən çıxmağa etiraz etmirlər. Ona görə iddiaçının iddiasının təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 da iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, iddiaçı az məbləğdə kompensasiya təklif edir. Onların öz evləri var, lakin hələ yaşayış üçün tam yararlı deyil. İddiaçı kompensasiya kimi 10000 manat versə onun evindən çıxmağa etiraz etmirlər. Ona görə iddiaçının iddiasının təmin edilməməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh2 İlyas oğluna və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirşləri göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2 İlyas oğlunun və Cavabdeh4 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan müəyyən olunur ki, ünvan 1 saylı ünvanında yerləşən 0,03 ha torpaq sahəsində tikilmiş 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 118,20 kv.m olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən olunur ki, cavabdehlər Cavabdeh2 İlyas oğlu, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 ünvan 1 saylı ünvanında yerləşən 0,03 ha torpaq sahəsində tikilmiş 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 118,20 kv.m olan fərdi yaşayış evində qeydiyyatdadırlar. İş materiallarında olan xx.xx.2020-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən müəyyən olunur ki, ünvan 1 saylı ünvanda yerləşən 20 kv.m-lik 1 otağın daşınmaz əmlak bazarında xx.xx.2020- ci il tarixə olan kirayə dəyəri 60-70 AZN dəyərindədir. İş materiallarında olan “xxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabata əsasən ünvan 1 saylı ünvanda yerləşən evin aylıq icarə dəyəri 150 (yüz əlli) manat, 20.1 kv.m-lik 1 otağın daşınmaz əmlak bazarında kirayə dəyəri 60 manat təşkil edir. Məhkəmə cavabdehin kompensasiya verilməklə, mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsi ilə bağlı tələbinə münasibətdə qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququndan istifadə edən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Mülki hüquq münasibətlərində iddiaçı cavabdehdən, yəni hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərini tənzim edən qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. M.Ridvanovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu xx xxxxxxxx 2007-ci il tarixli Qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, «Mənzil Məcəlləsinin 123-cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya verilməklə xitamını da istisna etmir. Həmin maddə qeyri-müəyyən olsa da, yaşayış sahəsindən istifadə etmək hüququna kompensasiya verilməklə xitam verilməsi mülkiyyətçinin könüllü iradəsi əsasında mümkündür». Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir, eləcə də Mülki Prosessual Məcəllənin 13.7-ci maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə İddiaçı mülkiyyətçi olaraq kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbini irəli sürmək hüququna malik şəxs kimi qəbul edilə bilər. Məhkəmə, göstərilən hüquq normalarına rəğmən iddia tələbinin rədd olunmasına dair özünün mövqeyini onunla əsaslandırır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verildiyini nəzərə alaraq, eyni zamanda onu da nəzərə alır ki, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüququ mütənasib şəkildə tarazlaşdırılmalıdır. R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu özünün xx xxxxxxxx 2007-ci il tarixli Qərarında mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin Qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Məhkəmə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsinə dair yuxarıda göstərilən qanunvericilik müddəalarını və onların şərhinə dair Konstitusiya Məhkəməsinin Qərarını rəhbər tutmaqla, ödəniləcək kompensasiyanın məbləği ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində, özü də normal mənzil-məişət şəraiti yaratmaq üçün kifayət qədər zəruri müddət ərzində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. Məhkəmənin sorğusuna əsasən, “xxxxxxxx” MMC tərəfindən əmlakın qiymətləndirilməsi haqqında hesabata əsasən İddiaçı məxsus Xaçmaz şəhəri, K.Novruzov küçəsi, 10 saylı ünvanda yerləşən fərdi yaşayış evinin bir aylıq kirayə haqqının bugünkü günə qiyməti 150 manat, 20.1 kv m sahədən ibarət bir otaq üçün isə 60(altımış) manat təşkil edir. Məhkəmə yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla belə hesab edir ki, cavabdehlər Cavabdeh2 İlyas oğlunun, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 İddiaçı məxsus Xaçmaz şəhəri, K.Novruzov küçəsi, 10 saylı ünvanda yerləşən fərdi yaşayış evinə olan yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi müqabilində ona 3000 manat məbləğində kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilməz. Məhkəmə nəzərə almışdır ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın məbləği mübahisəli mənzilin bazar qiymətindən asılıdır. Məhkəmə bu qənaətə gələrkən “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “xx xxxxxxxx 2007-ci il tarixli qərarlardakı hüquqi mövqeləri rəhbər tutmuşdur. Həmin qərardakı hüquqi mövqe isə ondan ibarət olmuşdur ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır, yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusu müəyyən edilərkən, yaşayış sahəsi üzərində mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüququ arasındakı fərq daim diqqətdə saxlanılmalıdır və nəzərə almaq lazımdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ vermir. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödəməklə xitam verilməsinə dair işlərə baxılarkən, mübahisəli yaşayış evinin əmlak bazarında olan qiymətiəsas götürülməlidir. Beləliklə, məhkəmə çəkişmə və tərəflərin hüquq bərabərliyi şəraitində iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiyanın verilməsi yaşayış sahəsindən istifadə hüququnun adi xitamını deyil, onun elə bir əvəzlənməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət ərzində, eyni şəraitə oxşar bir şəraitdə yaşamaq imkanı versin. İş materiallarında toplanmış sübutlarla və işin faktiki halları ilə müəyyən edilmişdir ki, cavabdeh mübahisəli mənzilə köçürülənə qədər ayrıca yaşayış sahəsinə malik olmamışdır. Məhkəmə həm də mübahisəli evin orta aylıq kirayə haqqının 50 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, təklif olunan kompensasiya məbləği cavabdehə davamlı olaraq əvvəlki şəraitə oxşar bir şəraitdə yaşamaq imkanı vermir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara cıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə cıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 İlyas oğluna, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddiası təmin olunmasın. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Xacmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar