Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-100/2022 06.07.2022 XIZI RAYON MƏHKƏMƏSİ X3 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “aktın ləğv olunması və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) “Azəriqaz” İstehsalat Birliyinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 18 mart 2022-ci il tarixli, ******* saylı aktın ləğv olunması, həmin akt əsasında hesablanmış 518,40 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 yanvar 2022-ci il tarixdə cavabdehin əməkdaşları iddiaçının yaşadığı fərdi yaşayış evinə gələrək, qaz sayğacını çıxarıb növbəti dövlət yoxlamasına göndərmiş və bununla əlaqədar olaraq akt tərtib etmişlər. Bundan sonra, cavabdehin qaz sayğacının yoxlanılması barədə MSK-29/1710-00894-1 nömrəli, 17 mart 2022-ci il tarixli aktına əsasən “sayğaca baxış keçirildi, sayğacın çıxış plastmas borusu deşilib, xətalar normadan artıqdır, sayğac minimal sərfiyyatda 100% nisbi xətayla işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir” rəyi verilmiş və təbii qazdan istifadə qaydalarının pozulması haqqında 18 mart 2022-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmin rəyə əsasən sayğacın qeydə almadığı qazın bərpası məqsədilə 4320 kub metr həcmində, yəni 518,40 manat dəyərində qaz itkisi hesablanaraq iddiaçının kod hesabına daxil edilmişdir. İddiaçı qaz nəzarətçilərinə bu məsələdən xəbərinin olmadığını və qaz sayğacına heç bir müdaxilə etmədiyini bildirmişdir. Cavabdeh tərəf isə sayğacı çıxarıb laboratoriyaya göndərdiklərini və borcun həmin rəyə əsasən hesablandığını iddiaçıya bildirmişlər. Sonradan qaz nəzarətçiləri gəlib iddiaçıya məxsus sayğacı dəyişərək yeni qaz sayğacı quraşdırmışlar. Lakin, akt əsasında yazılmış qanunsuz cərimə iddiaçının üzərində qalmışdır. Həmçinin, istifadə olunan qaz xəttinə quraşdırılmış qaz sayğacı cavabdeh tərəfindən iddiaçının yaşadığı fərdi yaşayış evinin həyətinin daxilində deyil, hasarın çöl tərəfində yerləşdirilmişdir. Bu səbəbdən də, həmin sayğacın hər hansı bir ehtimal ediləcək kənar müdaxilədən qorunmasının iddiaçı tərəfindən təmin edilməsi heç bir məntiqə sığmır. Digər tərəfdən belə müdaxilənin qarşısının alınmasını təmin etmək iqtidarında olması qeyri-mümkündür. Belə olan halda iddiaçının hər hansı bir şəkildə ehtimal olunan müdaxiləyə görə məsuliyyət daşıması absurddur. Sayğaca hər hansı bir müdaxilə varsa belə bu cür müdaxilə hər hansı bir kənar şəxslər tərəfindən oluna bilər. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdən göründüyü kimi iddiaçı və cavabdehin nümayəndəsi arasında 20 iyun 2017-ci il tarixdə “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanmış və bu müqavilə qaz paylayıcısı ilə istehlakçı fiziki şəxs arasında sonuncuya aid Xızı rayonu, Tıxlı kəndində yerləşən evin təbii qaz təchizatı və onun istismarı ilə əlaqədardır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 24 yanvar 2022-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçının yaşadığı Xızı rayonu, Tıxlı kəndindəki yaşayış evində mövcud olmuş G-4 markalı, **********5 nömrəli qaz sayğacı yenisi ilə əvəz edilmişdir. “Azəriqaz” İstehsalat Birliyinin qaz sayğacının yoxlanılması barədə MSK-29/1710- 00894-1 nömrəli, 17 mart 2022-ci il tarixli aktından görünür ki, Xızı rayonu, Tıxlı kəndindəki yaşayış evində mövcud olmuş G-4 markalı, **********5 nömrəli qaz sayğacına laboratoriyada baxış keçirilmiş və müəyyən olunmuşdur ki, sayğacın çıxış plastmas borusu deşilib, xətalar normadan artıqdır, sayğac minimal sərfiyyatda 100% nisbi xətayla işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. “Azəriqaz” X1 X2 İdarəsinin əməkdaşları Elsevər Abuşov, Abas Abasov və Elnur Allahverdiyev tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 18 mart 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Xızı rayonu, Tıxlı kəndində istehlakçıya məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacın çıxış plastmas borusunun deşilməsi, xətaların normadan artıq olması, sayğacın minimal sərfiyyatda 100% nisbi xətayla işləməsi və hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi aşkar olunmuşdur. Müəyyən edilmiş qaz itkisinin dəyərinin ödənilməsi tələb olunmuşdur. “Azəriqaz” İB Xaçmaz X2 İdarəsinin 31 mart 2022-ci il tarixli dəymiş ziyanın hesablanması barədə bildirişdən görünür ki, 18 mart 2022-ci il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış qaz itkisi cəmi 4320 m3 təşkil etmişdir. İddiaçıya aid ünvanın **********00990 saylı abonent saldosunda iddiaçıya akt əsasında 518,40 manat borc hesablandığı göstərilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi 18 mart 2022-ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsi hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 7 sentyabr 2003-cü il tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” Təlimatın 12-ci bölməsində göstərilmişdir ki, aktın mətni giriş və şərh hissələrindən ibarət olmalıdır. Giriş hissəsində aktın tərtib edilməsinin əsası göstərilir. Şərh hissəsində akt tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri, müəyyən edilmiş fakt, habelə nəticələr və təkliflər ifadə olunur. Aktın tərtib olunduğu yer və tarix aktda yazılan hadisənin yerinə və tarixinə uyğun gəlməlidir. Akt mətninin sonunda (imzalardan qabaq) aktın nüsxələri və saxlandığı yer haqqında məlumat yerləşdirilir. Akt onun tərtib olunmasında iştirak edən bütün şəxslər tərəfindən imzalanır. Bu zaman imza etmiş şəxslərin vəzifələri göstərilir. Qeyd edilən normaların məzmunundan göründüyü kimi akt müəyyən bir hadisənin və ya faktın təsdiq edilməsi məqsədi ilə tərtib edilmiş sənəddir. İşdən göründüyü kimi 18 mart 2022-ci il tarixli, ******* nömrəli akt sayğacda keçirilən yoxlama nəticəsində sayğacın çıxış plastmas borusunun deşilməsi, xətaların normadan artıq olması, sayğacın minimal sərfiyyatda 100% nisbi xətayla işləməsi və hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi və qüsurla işləməsi haqqındadır. Aktın tərtib edilməsi zamanı hər hansı qanun pozuntusuna yol verildiyi iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən iddia aktın ləğv edilməsi hissəsində təmin edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz sayğaclarının üzərində AİBNDAnın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır (4.6.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (4.7.). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8.). Normaların məzmunundan göründüyü kimi fiziki şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Hazırkı halda cavabdeh sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini, bununla bağlı cavabdehə iddiaçı tərəfindən təbii qazdan qanunsuz istifadə nəticəsində ziyan vurulduğunu və bunda iddiaçının təqsirli olduğunu sübut edə bilmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2). Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (78.1). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (88). Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya borcun hesablanması üçün əsas olmuş halları sübut edə bilməmişdir. Bu səbəbdən iddiaçıya hesablanmış borc silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1, 234, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh «Azəriqaz» X1 X2 İdarəsi tərəfindən 18 mart 2022-ci il tarixli, ******* nömrəli aktı əsasında İddiaçı əsassız hesablanmış 518 (beş yüz on səkkiz) manat 40 (qırx) qəpik məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(068)-100/2022
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-100/2022
06.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver