Məhkəmə qərarları › İş №2(068)-106/2024

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-106/2024

30.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-106/2024 30.04.2024 XIZI RAYON MƏHKƏMƏSİ X11 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Ərizəçi, şahidlər X7 və X6 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsini maraqlı şəxs kimi göstərməklə) Xızı rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1998-ci il tarixli, 06 nömrəli qərarı əsasında verilmiş və dövlət aktı qeydiyyat kitabında xx.xx.1999-cu il tarixdə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair JN-0030, kod 30602016 nömrəli dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Xızı rayonu, Altıağac qəsəbəsində yaşamış və onların ailəsinə Xızı rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1998-ci il tarixli, 06 nömrəli qərarına əsasən 3,10 ha torpaq sahəsi ayrılaraq mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsini ailə üzvləri ilə birlikdə idarə edirlər və onların istifadəsindədir. Lakin hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən çıxarış ala bilmirlər. Əsas səbəb də torpağa mülkiyyət hüququna dair JN-0030, kod 30602016 nömrəli dövlət aktında ərizəçinin soyadının və ata adının düzgün qeyd olunmamasıdır. Belə ki, dövlət aktında ərizəçinin soyadı “Ağayeva”, ata adı isə “Məmmədvəfa” kimi qeyd edilmiş, bununla da, torpağa mülkiyyət hüququna dair müvafiq dövlət aktında yanlışlığa yol verilmişdir. Bu yanlışlığın düzəldilməsi və çıxarış alınması məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişlər, lakin 2 saylı Ərazi İdarəsinin bildiriş məktubu ilə torpaq sahəsinin onlara aid olmasını müəyyənləşdirə bilmədikləri üçün imtina edərək, hüquqi faktın müəyyən olunması üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmələrini tövsiyyə etmişlər. Məhkəmənin iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək bildirdi ki, ərizəçi onun doğma anasıdır. Onun atası Ağayev Əli nasir oğlu 08 iyun 2017-ci ildə rəhmətə getmişdir. Xızı rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1998-ci il tarixli, 06 saylı qərarına əsasən 3,10 ha torpaq sahəsi ayrılaraq onların ailəsinin mülkiyyətə verilmişdir. Lakin, torpağa mülkiyyət hüququna dair dövlət aktı verilərkən anasının soyadı və ata adı düzgün qeyd edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadə verərək bildirdi ki, ərizəçi onun doğma anasıdır. Anası ilə atasının rəsmi nikahı olmadığından anası Yasəmən öz soyadını, yəni Niftəliyeva soyadını daşımışdır. Lakin torpağa mülkiyyət hüququna dair JN-0030, kod 30602016 nömrəli dövlət aktında anasının soyadı səhvən Ağayeva kimi, ata adı isə Məmmədvəfa kimi göstərilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını və ərizənin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdə olan torpağa mülkiyyət hüququna dair JN-0030, kod 30602016 nömrəli dövlət aktının surətindən görünür ki, Xızı rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1998-ci il tarixli, 06 nömrəli qərarına əsasən 3,10 ha torpaq sahəsi Xızı rayonu, Altıağac qəsəbə sakinləri X4, X10, X1, X8, X9 və X5 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 24 noyabr 2023-cü il tarixli bildirişindən görünür ki, müraciətə əlavə edilmiş sənədlərin araşdırılması zamanı torpağa mülkiyyət hüququna dair JN-0030, kod 30602016 nömrəli dövlət aktında mülkiyyətçilərlə müraciətə əlavə olunan şəxsiyyəti təsdiq edən sənəd arasında uyğunsuzluq aşkar olunduğundan onlara məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.5.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisişəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. İşdən göründüyü kimi Ərizəçi Xızı rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1998-ci il tarixli, 06 nömrəli qərarı əsasında verilmiş və dövlət aktı qeydiyyat kitabında xx.xx.1999-cu il tarixdə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair JN-0030, kod 30602016 nömrəli dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsini xahiş edir. Qeyd edilən faktın müəyyən edilməsi isə ərizəçiyə həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün lazımdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi, Ərizəçi məxsus olan şəxsiyyətini təsdiq edən sənəddə soyadının düzgün yazılışı “Niftəliyeva”, ata adının isə “Məmmədsafa” olduğu halda, JN-0030, kod 30602016 nömrəli dövlət aktında soyadı “Ağayeva”, ata adı isə “Məmmədvəfa” kimi qeyd edilmiş, nəticədə bu hal ərizəçinin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçinin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə də, məhkəmə hesab edir ki, iş materiallarında olan sənədlər və şahid ifadələri əsasında Xızı rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1998-ci il tarixli, 06 nömrəli qərarı əsasında verilmiş və dövlət aktı qeydiyyat kitabında xx.xx.1999-cu il tarixdə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair JN-0030, kod 30602016 nömrəli dövlət aktının Ərizəçi məxsus olması təsdiq edilir. Qeyd edilən faktı təkzib edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Bu səbəbdən ərizə təmin edilməli, qeyd edilən dövlət aktının ərizəçiyə məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Xızı rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1998-ci il tarixli, 06 nömrəli qərarı əsasında verilmiş və dövlət aktı qeydiyyat kitabında xx.xx.1999-cu il tarixdə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair JN-0030, kod 30602016 nömrəli dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar