Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-116/2025 03.06.2025 XIZI RAYON MƏHKƏMƏSİ X9 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İddiaçı, X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, abonent kodu **********00142 olan fərdi yaşayış evinə əsassız hesablanmış 1839,54 manat köhnə borcun və Rİ 223100 saylı akt əsasında hesablanmış 535,51 manat borcun, ümumilikdə 2375,05 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, abunə saldosuna əsasən xx.xx.2015-ci il tarixinə olan dövrə ona əsassız olaraq 1839,54 manat (İnterasiya dövrü borcu) metodiki olaraq hesabat verilmişdir. Belə ki, elektrik sayğacı xx.xx.2015-ci il tarixdə quraşdırılmış, sayğac quraşdırıldıqdan sonra 10 gün müddətinə 1839,54 manat sərfiyyat hesablanmışdır. Dəfələrlə Xızı elektrik şəbəkəsinə borcla bağlı şifahi müraciətlər etmiş, lakin borcun silinməsinin onların səlahiyyətində olmadığı, əgər hər hansısa mübahisə varsa məhkəməyə müraciət edə biləcəyi ona bildirilmişdir. Qalan borc məbləği isə akta görə yaranmış borc məbləğidir. Akt tərtib olunmamışdan əvvəl də, sonra da, elektrik sərfiyyatları arasında heç bir fərq yoxdur. Ondan xəbərsiz akt tərtib edilmiş, həmin aktdan isə bu yaxınlarda xəbəri olmuşdu. Şəbəkəyə yaxınlaşdıqda 2021-ci il tarixdə ona cərimə yazıldığı bildirilmişdir. Abunə haqqında çıxarışdan da görünür ki, xx.xx.2021-ci il tarixdə 223100 nömrəli akta görə ona əlavə cərimə yazılmışdır. Akt onun iştirakı olmadan tərtib edilmiş, aktın nüsxəsi isə ona təqdim edilməmişdir. Həmçinin, akt tərtib olunan zaman ona təqdim olunmursa, bu zaman video qeydiyyat aparılmalı idi. O, dəfələrlə əməkdaşlardan video çəkilişləri tələb etmiş, lakin ona nə aktı, nə də video çəkilişləri təqdim edən olmamışdır. Evdə yaşadığı bütün dövrlərdə kommunal xidmətlə bağlı ödənişlərini hər zaman vaxtı-vaxtında etmişdir. Belə çıxır ki, ona hesablanmış məbləğlər tamamilə qərəzli olaraq hesablanmışdır. Elektrik enerjisindən istifadə qaydalarına əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik eneriisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmçinin İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması eneriitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Abunə haqqında çıxarışa diqqət yetirdikdə bütün sadaladığı faktlar olsa belə aylıq enerji sərfiyyatı nəzərə alınmalı və o qaydada hesabat aparılmalı idi. Cavabdeh Azərişıq ASC isə ona 2375,02 manat məbləğində qanunsuz hesabat aparmışdır. Dəfələrlə şifahi müraciət etsə də borc silinməmişdir, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, lakin məhkəməyə ərizə verərək, məhkəmə iclaslarını onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bununla yanaşı, cavabdeh tərəf iddia tələbinə etirazında göstərmişdir ki, aşağıda sadalananlara əsasən iddiaçı X4 "xxxx" ASC-yə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır. Belə ki, iddiaçının yaşadığı ev xx.xx.2002-ci il tarixdə abonent qeydiyyatına alınmışdır. xx.xx.2015-ci il tarixdə CE 200 tipli sayğac quraşdırılaraq abonentin istifadəsinə verilmişdir. İddiaçının xx.xx.2015-ci il tarixinə İnterasiya dövrü borcu kimi 1839,54 manat borcu abunə haqqında çıxarışda qeyd olunmuşdur. xx.xx.2021-ci il tarixdə enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus abunə kodu **********00142 olan, elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, abonent mənzilə quraşdırılmış elektrik sayğacından kənar xətt çəkərək elektrik enerjisindən istifadə edir. Bu fakt əsasında xx.xx.2021-ci il tarixdə Rİ 223100 saylı akt tərtib edilmişdir. Tərtib edilmiş akt əsasında 535,51 manat məbləğində itirilmiş elektrik enerjisinin dəyərinə uyğun olaraq hesabat aparılmışdır .lddiaçının hal-hazırda 2574 manat borcu vardır. Bununla əlaqədar abonentə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik eneriisindən istifadə qaydaları”nın (EEİQ) 8.17-ci bəndinin İstehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Göründüyü kimi yuxarıda istinad edilmiş hüquq normaları imperativ norma olduğundan həmin normaların istehlakçının üzərinə qoyduğu tələblərə onun tərəfindən mütləq əməl olunmalıdır. Odur ki, iddiaçı X4 abunə kodu **********00142 olan sayğaca əsassız hesablanmış 1839,54 manat köhnə borcun və Rİ 223100 saylı akt əsasında hesablanmış 535,51 manat borcun, ümumilikdə 2375,05 manat borcun silinməsi tələbinə dair” iddia tələbi qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən X5 Əjdər oğlu təqdim etdiyi rəyə uyğun izahat verərək bildirdi ki, xx.xx.2015-ci il tarixində 1839,54 manat borc ETAİS proqram bazasından yeni proqram bazasına keçirilmiş, həmin borcun 319,71 manat hissəsi (BARMEK borcu) xx.xx.2018-ci il tarixində ödənişləri tələb olunmayan borclar siyahısına daxil edilmiş, 1519,83 manat hissəsi isə abonentin hesabında saxlanılmışdır. Həmçinin, məlum olmuşdur ki, enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən Xızı rayonu, Giləsi qəsəbəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində sayğacdan kənar elektrik enerjisindən istifadə olunması barədə R 223100 nömrəli, xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. İstehlakçının aktı imzalamaqdan imtina etməsi barədə enerji təchizatı müəssisəsinin nümayəndələri tərəfindən aktda müvafiq qeyd aparılmışdır. Akt tərtib edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları”nın həmin dövrdə qüvvədə olan 8.33-cü bəndinin tələbləri pozularaq məişət abonentinin və iki nəfər hal şahidinin iştirakı təmin edilməmişdir. Aktda sayğacdan kənar çəkilmiş elektrik naqilinin cərəyan yükü 1,95 A, aktiv güc isə 0,43 kVt göstərilmişdir. Buna baxmayaraq, enerjitəchizatı müəssisəsi tərəfindən sayğacdan kənar çəkilmiş xətdən buraxılan aktiv güc əsassız olaraq 1,1 kVt qeyd olunmaqla 328 günlük hesabat aparılmış və itirilmiş elektrik enerjisinin miqdarı 6061 kVts, dəyəri 535,51 manat məbləğində hesablanmışdır. Məhkəmə iddiaçının və mütəxəssisin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, R 223100 nömrəli aktın surətindən görünür ki, Xızı rayonu, Giləzi qəsəbəsində istehlakçı İddiaçı məxsus yaşayış sahəsində "Elektrik enerjisindən istifadə Qaydaları"nın tələblərinə riayət olunması yoxlanılmış və abonentin mənzilə quraşdırılmış elektrik sayğacından kənar xətt çəkərək elektrik enerjisindən istifadə etməsi müəyyən olunmuşdur. Həmin xətt ləğv edilmiş və müəyyən edilmiş elektrik enerjisinin itkisinin dəyərinin ödənilməsi tələb olunmuşdur. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş İddiaçı məxsus abunə haqqında məlumatdan (abonent kodu: **********00142) görünür ki, iddiaçının 1839,54 manat məbləğində İnterasiya dövrü borcu və "Elektrik enerjisindən istifadə Qaydaları"nın pozulması nəticəsində xx.xx.2021-ci il tarixli, R 223100 nömrəli akta görə hesablanmış 535,51 manat borcu vardır. İşdə olan Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X2 filialının rəyindən görünür ki, təqdim edilmiş sənədlər və **********00142 saylı kod üzrə abonent dövriyyəsi təhlil edilərkən məlum olmuşdur ki, xx.xx.2015-ci il tarixində 1839,54 manat borc ETAİS proqram bazasından yeni proqram bazasına keçirilmiş, həmin borcun 319,71 manat hissəsi (BARMEK borcu) xx.xx.2018-ci il tarixində ödənişləri tələb olunmayan borclar siyahısına daxil edilmiş, 1519,83 manat hissəsi isə abonentin hesabında saxlanılmışdır. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmçinin, məlum olmuşdur ki, enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində sayğacdan kənar elektrik enerjisindən istifadə olunması barədə R 223100 nömrəli, xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. İstehlakçının aktı imzalamaqdan imtina etməsi barədə enerji təchizatı müəssisəsinin nümayəndələri tərəfindən aktda müvafiq qeyd aparılmışdır. Akt tərtib edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra - Qaydalar) həmin dövrdə qüvvədə olan 8.33-cü bəndinin tələbləri pozularaq məişət abonentinin və iki nəfər hal şahidinin iştirakı təmin edilməmişdir. Aktda sayğacdan kənar çəkilmiş elektrik naqilinin cərəyan yükü 1,95 A, aktiv güc isə 0,43 kVt göstərilmişdir. Buna baxmayaraq, enerjitəchizatı müəssisəsi tərəfindən sayğacdan kənar çəkilmiş xətdən buraxılan aktiv güc əsassız olaraq 1,1 kVt qeyd olunmaqla 328 günlük hesabat aparılmış və itirilmiş elektrik enerjisinin miqdarı 6061 kVts, dəyəri 535,51 manat məbləğində hesablanmışdır. Məlumat üçün bildirirlər ki, Qaydaların həmin dövrdə qüvvədə olan 8.32-ci bəndinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik eneriisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların həmin dövrdə qüvvədə olan 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qeyd olunanları nəzərə alaraq, ETAİS-dən qalan 1519,83 manat borca, R 223100 nömrəli akta və aparılmış 535,51 manat məbləğində hesabata yenidən baxılması məqsədəuyğun hesab olunur. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdehin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçıya məxsus Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacı yoxlanılmış, mənzilə quraşdırılmış elektrik sayğacından kənar xətt çəkərək elektrik enerjisindən istifadə etməsi aşkar edilərək R 223100 nömrəli akt tərtib edilmişdir. İstehlakçı tərəfindən "Elektrik enerjisindən istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 535,51 manat məbləğində hesablanmaqla abonent bazasına işlənilmişdir. Eyni zamanda İddiaçı adına olan **********00142 kod üzrə abonentin saldosundan görünür ki, xx.xx.2015-ci il tarixində 1839,54 manat borc ETAİS proqram bazasından yeni proqram bazasına keçirilmiş, həmin borcun 319,71 manat hissəsi (BARMEK borcu) xx.xx.2018-ci il tarixində ödənişləri tələb olunmayan borclar siyahısına daxil edilmiş, 1519,83 manat hissəsi isə abonentin hesabında saxlanılmışdır. Bundan sonra, iddiaçı, "xxxx" ASC-nin əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə hazırki tələblə məhkəməyə müraciət etmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarının 1.2-ci bəndinə görə bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6-cı bəndinə görə enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Qaydaların 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. Qaydaların 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların həmin dövrdə qüvvədə olan 8.32-ci bəndinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik eneriisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların həmin dövrdə qüvvədə olan 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə qeyd edilən qaydaların bəndləri üzrə müqayisəli təhlil apararaq müəyyən edir ki, həmin qaydalar dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə təqdim etməlidir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Lakin, hazırkı iddia tələbində göstərilən borcun bir qisminin yaranmasına əsas olan akt tərtib edilərkən cavabdeh təşkilat olan enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən "Elektrik enerjisindən istifadə Qaydaları"nın yuxarıda qeyd olunan tələbləri pozulmuşdur. Qanunvericiliyin tələblərinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi enerjiyə görə haqq tələb edilə bilməz. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövbudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə qeyd edilən prosessual hüquq normalarını hazırkı münasibətlər üzrə tətbiq etməzdən öncə müqayisəli təhlil edərək müəyyən edir ki, hər bir şəxs (fiziki və ya hüquqi şəxs) qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. O da nəzərə alınmalıdır ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırki işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən, aktlar üzrə borcun iddiaçının günahı ucbatından yaranması sübut edilə bilməmişdir və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda iddiaçıya məxsus fərdi yaşayış evinə "Elektrik enerjisindən istifadə Qaydaları"nın yuxarıda qeyd olunan tələblərinin pozulmaqla tərtib olunmuş xx.xx.2021-ci il tarixli, R 223100 nömrəli akta əsasən hesablanmış borcun tətbiq edilməsi əsaslı hesab edilə bilməz. Həmçinin, iddiaçı onun mənzilinə əsassız ödəmələr üzrə hesablanmış 1839,54 manat məbləğində İnterasiya dövrü borcun da silinməsini xahiş edir. Həmin borcdan 1839,54 manat borc xx.xx.2015-ci il tarixində (interasiya dövr borcu) ETAİS proqram bazasından yeni proqram bazasına keçirilmiş və borcun 319,71 manat hissəsi (BARMEK borcu) xx.xx.2018-ci il tarixində ödənişləri tələb olunmayan borclar siyahısına daxil edilmiş, 1519,83 manat hissəsi isə abonentin hesabında saxlanılmışdır. Məhkəmə hesab edir ki, 1839,54 manat məbləğində yaranmış borcun hansı akta əsasən abonent hesabına borc olaraq hesablanmasının, borcun yaranması əsasının və borcun həqiqətən mövcud olub-olmamasının Cavabdeh ASC-nin nümayəndəsi tərəfindən təqdim olunmuş sənədlərə əsasən müəyyən etmək mümkün olmadığından həmin məbləğ iddiaçıdan tələb edilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi borc məbləği xx.xx.2015-ci il tarixinə kimi olan borc olduğundan Azərbaycan Respublikası Mülki Məcəllənin 551.2.1-ci maddəsinə göstərişlərinə əsasən, qeyd edilən borc məbləği silinməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlərin hüquqi təbiəti baxımından iddia müddətləri olması göstərilsə də, həmin Qərarda əks olunmuş hüquqi mövqe qeyd edilən borc məbləği bu qərardan öncə yarandığından hazırki mübahisəyə şamil edilməməlidir. Belə ki, yuxarıda göstərilən qərarın tətbiq ediləcəyi halda belə, bu cavabdehin iddia tələbi ilə müraciət edəcəyi halda mümkündür ki, hazırki vəziyyətdə bunun əksi olaraq iddiaçı tələbetmə müddəti keçmiş borcun silinməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Nəzərə almaq lazımdır ki, iddia tələbi ilə məhkəməyə müraciət etmə hüquq olduğundan cavabdeh ASC-nin borcun tələbi iddiası ilə məhkəməyə müraciət etməyə məcbur edilməsinin yolverilməzliyini qəbul etməklə, mövcud vəziyyətin də qeyri-müəyyən qalması iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarır. İcraata qənaət prinsipini rəhbər tutmaqla iddiaçının tələbinə baxılması və mahiyyəti üzrə bu mübahisənin həll edilməsini məhkəmə yuxarıda qeyd olunanlar baxımından qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1 və 106.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, R 223100 nömrəli aktı əsasında İddiaçı (abonent kodu: **********00142) elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış 535,51 manat və 1839,54 manat məbləğində İnterasiya dövrü borcu hesabından silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, R 223100 nömrəli aktı əsasında İddiaçı (abonent kodu: **********00142) elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış 535,51 (beş yüz otuz beş manat əlli bir qəpik) manat və 1839,54 (min səkkiz yüz otuz doqquz manat əlli dörd qəpik) manat məbləğində İnterasiya dövrü borcu hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2(068)-116/2025
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-116/2025
03.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver