Məhkəmə qərarları › İş №2(068)-126/2020

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-126/2020

19.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-126/2020 19.11.2020 XIZI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv olunması və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı «aktın ləğv olunması və akt əsasında hesablanmış borcun silinməsinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xızı rayonu, Şorabad qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına Cavabdeh İB-nin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş xx xxxx 2018-ci il tarixli, ******* saylı aktın ləğv olunması və həmin akta əsasında hesablanmış 1684,80 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, ailəsi ilə birlikdə Xızı rayonu, Şorabad qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır. xx xxxxxx 2013-cü il tarixdə Cavabdeh əməkdaşları tərəfindən yaşadığı ünvanda G-4 markalı, ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh əməkdaşları gələrək, ona məxsus fərdi yaşayış evində quraşdırılmış həmin qaz sayğacını çıxarıb növbəti dövlət yoxlamasına göndərmiş və bununla əlaqədar olaraq qaz nəzarətçiləri akt tərtib etmişlər. Bundan sonra, Cavabdeh Qaz sayğacının yoxlanılması barədə xx xxxxx 2019-cu il tarixli aktına əsasən «xətalar normadan artıqdır, ilkin baxışda sayğac normaldır» rəyi verilmişdir. Daha sonra, yaşadığı ünvanda quraşdırılmış həmin G-4 markalı, ******* nömrəli qaz sayğacı dəyişdirilərək, smart tipli sayğacla əvəz olunmuşdur. Sonradan isə ona məlum olmuşdur ki, bundan bir müddət əvvəl, hər hansı bir rəy olmadan və saycağ çıxarılıb labarotoriyaya göndərilmədən xx xxxx 2018-ci il tarixdə, ******* saylı akt tərtib olunmuşdur. Həmin akt əsasında isə guya sayğacın qeydə almadığı qazın bərpası məqsədilə 8424 kub metr həcmində, yəni 1684,80 manat dəyərində qaz itkisi hesablanaraq hesabına daxil edilmişdir. Həmin vaxt onun bundan məlumatı olmamış, ancaq fərdi yaşayış evinə smart tipli sayğac quraşdırılandan sonra karta pul ödəyərkən xəbər tutmuşdur. O, bu barədə Cavabdeh əməkdaşlarına müraciət etsə də, qaz nəzarətçiləri sayğaca və evində olan qazla işləyən məişət avadanlıqlarına baxış keçirildiyini, sayğacın mövcud cihazların saatlıq qaz sərfinə uyğun olmamasını ona bildirmişlər. O da, məcbur olub bu barədə məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, əsassız olaraq cavabdeh tərəfindən sayğacın mövcud cihazların saatlıq qaz sərfinə uyğun olmamasında günahlandırılmış və əsassız olaraq ona borc hesablanmışdır. Qeyd olunan aktın əsassızlığı barədə cavabdeh təşkilata bildirsə də, hər hansı nəticə olmamışdır. Əksinə ona qarşı qərəzli mövqey saxlayan cavabdehin nümayəndələri onun arqumentlərinə əhəmiyyət verməmişdir. Hansı əsasla, hansı qanunvericilik müddəasına görə sayğacın mövcud cihazların saatlıq qaz sərfinə uyğun olmamasına görə onun məsuliyyət daşımalı olduğunu izah edə bilməmişlər. İlk növbədə bildirir ki, sayğac necə yararsızdır ki, Xaçmaz Qİİ-nin nəzarətçiləri xx xxxx 2018-ci il tarixdə mübahisəli aktı tərtib etdikdən sonra həmin sayğacı dəyişməmiş, ayda iki dəfə olmaqla sayğaca baxış keçirmiş, o, həmin sayğacın göstəricilərinə uyğun istifadə olunan qaza görə ödənişləri müntəzəm olaraq ödəmişdir. Həmin sayğac təxminən 8 ay sonra, yəni xx xxxxxx 2019-cu il tarixdə dəyişdirilmiş və yenisi ilə əvəz olunmuşdur. Beləliklə də, cavabdeh qanunla üzərinə düşən vəzifəni istehlakçının, yəni onun üzərinə qoymağa çalışır. Həmçinin, istifadə olunan qaz xəttinə quraşdırılmış qaz saygacı cavabdeh tərəfindən ona məxsus evin daxilində deyil, hasarın çöl tərəfində yerləşdirilmişdir. Bu səbəbdən də, həmin saygacın hər hansı bir ehtimal ediləcək kənar müdaxilədən qorunmasının və sayğacın mövcud cihazların saatlıq qaz sərfinə uyğun olmasının onun tərəfindən təmin edilməsi heç bir məntiqə sığmır. Belə olan halda onun hər hansı bir şəkildə ehtimal olunan uyğunsuzluğa görə məsuliyyət daşıması absurddur. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini, eləcə də iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı və cavabdehin nümayəndəsi arasında bağlanmış xx xxxxx 2013-cü il tarixli, 26-29-166 nömrəli “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilənin surətindən görünür ki, bu müqavilə qaz paylayıcısı ilə istehlakçı fiziki şəxs arasında sonuncuya aid Xızı rayonu, Şorabad qəsəbəsində yerləşən fərdi evin təbii qaz təchizatı və onun istismarı ilə əlaqədardır. İşdə olan xx xxxxxx 2013-cü il tarixli, 357881 nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, İddiaçıyaşadığı Xızı rayonu, Şorabad qəsəbəsindəki fərdi yaşayış evinə G-4 markalı, ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. İşdə olan Cavabdeh Xaçmaz X5 İdarəsinin əməkdaşları Həmid Həmidov və Abas Abasov tərəfindən tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx xxxx 2018-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Xızı rayonu, Şorabad qəsəbəsində istehlakçıya məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və ******* nömrəli sayğacın mövcud qaz cihazlarının saatlıq qaz sərfinə uyğun olmaması aşkar olunmuşdur. Sərfiyyata uyğun sayğacın dəyəri və dəymiş ziyanın ödənilməsi tələb olunmuşdur. İşdə olan Cavabdeh İB Xaçmaz X5 İdarəsinin xx xxxx 2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən və abonentin saldosundan görünür ki, xx xxxx 2018-ci il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ cəmi 8424 m3 - 1684,80 manat təşkil etmişdir. İşdə olan xx xxxxxx 2019-cu il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, İddiaçıyaşadığı Xızı rayonu, Şorabad qəsəbəsindəki fərdi yaşayış evində mövcud olmuş G-4 markalı, ******* nömrəli qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Belə ki, Cavabdeh qaz sayğacının yoxlanılması barədə xx xxxxx 2019-cu il tarixli, MSK-29/1710-00756 nömrəli aktından görünür ki, Xızı rayonu, Şorabad qəsəbəsindəki fərdi yaşayış evində mövcud olmuş G-4 markalı, ******* nömrəli qaz sayğacına laboratoriyada baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xətalar normadan artıqdır, ilkin baxışda sayğac normaldır. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus Xızı rayonu, Şorabad qəsəbəsində yerləşənfərdi yaşayış evi üçün quraşdırılmış qaz sayğacı yoxlanılmış, sayğacın mövcud cihazların saatlıq qaz sərfinə uyğun olmaması və bu səbəbdən qaz itkisinin yarandığı aşkar edilərək «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» akt tərtib edilmişdir. İstehlakçı tərəfindən "Qazdan istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 1684,80 manat məbləğində hesablanmaqla abonent bazasına işlənilmişdir. Bundan sonra, iddiaçı, Cavabdeh Xaçmaz X7 İdarəsinin əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh Xaçmaz X7 İdarəsinin Xızı Xidmət Sahəsi tərəfindən xx xxxx 2018-ci il tarixdə tərtib edilmiş ******* nömrəli aktın ləğvi üçün əsas yoxdur. Belə ki, həmin aktda sayğacın mövcud cihazların saatlıq qaz sərfinə uyğun olmaması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Başqa sözlə, sayğacın mövcud cihazların saatlıq qaz sərfinə uyğun olmamasının məhz istehlakçının təqsiri üzündən olması sübut olunmalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Qanunun qeyd edilən maddəsinin 9-cu bəndinin tələblərinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 3.2.1 və 3.2.2-ci yarımbəndlərinə əsasən Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. Bu Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Bu Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bu Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Bununla da, sadalanan qanunvericilik aktı normalarına, eləcə də tədqiq edilmiş mötəbər sübutlara əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıyır. Eyni zamanda, İddiaçıyaşadığı Xızı rayonu, Şorabad qəsəbəsindəki fərdi yaşayış evində mövcud olmuş G-4 markalı, ******* nömrəli qaz sayğacının mövcud cihazların saatlıq qaz sərfinə uyğun olmaması faktı cavabdehin nümayəndələri tərəfindən xx xxxx 2018-ci il tarixdə aşkar olunmaqla, ******* nömrəli akt tərtib olunsa da, həmin sayğac istifadə edilməklə, bundan 8 aya yaxın vaxt keçdikdən sonra, yəni xx xxxxxx 2019-cu il tarixdə yenisi ilə əvəz edilmişdir ki, bu da istehlakçının deyil, qaz paylayıcısı olan cavabdeh təşkilatın təqsiri ucbatından baş vermişdir. Həmçinin, yuxarıda qeyd edilən normaların tələblərindən də görünür ki, istehlakçı qaz sayğacının düzgün işləməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bunun istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin, cavabdeh iddiaçıya məxsus sayğacın mövcud cihazların saatlıq qaz sərfinə uyğun olmamasını və bu səbəbdən iddiaçı tərəfindən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X6 Məhkəməsi "X1rşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, xx xxxx 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, xx xxxx 2008-ci il, § 93). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki,cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən, borcun iddiaçının günahı ucbatından yaranması sübut edilə bilməmişdir və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda iddiaçıya məxsus fərdi yaşayış evindən kənar ərazidə quraşdırılmış qaz sayğacının yararsız müddəti üçün hesablanmış 1684,80 manat məbləğində borcun tətbiq edilməsi əsaslı hesab edilə bilməz. Çünki yuxarıda sadalanan normativ hüquqi aktların tələblərində də, göründüyü kimi qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması, dəyişdirilməsi, habelə sayğacların üzərində olan plombların kənar müdaxilələrdən qorunması üçün müvafiq örtüklə örtülməsi və mühafizə olunması fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Xaçmaz X5 İdarəsinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx xxxx 2018-ci il tarixli, ******* saylı aktı əsasında İddiaçı məxsus Xızı rayonu, Şorabad qəsəbəsində yerləşən fərdi yaşayış evinə hesablanmış 1684,80 (bir min altı yüz səksən dörd manat səksən qəpik) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Bu Qanunun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci və 9.1.14-cü bəndlərinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduqlarından hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1, 234, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Xaçmaz X5 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxx 2018-ci il tarixli, ******* saylı aktı əsasında İddiaçı məxsus Xızı rayonu, Şorabad qəsəbəsində yerləşən fərdi yaşayış evinə hesablanmış 1684,80 (bir min altı yüz səksən dörd manat səksən qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar