Məhkəmə qərarları › İş №2(068)-126/2022

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-126/2022

14.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-126/2022 14.09.2022 XIZI RAYON MƏHKƏMƏSİ X11 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (bundan sonra - ərizəçi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsini maraqlı şəxs kimi göstərməklə) Torpağın mülkiyyətə verilməsinə dair JN-512A, kod 30602016 nömrəli şəhadətnamənin 20 sentyabr 2005-ci il tarixində vəfat etmiş X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin anasının adına Xızı rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1998-ci il tarixli, 06 saylı qərarına əsasən 0,18 ha torpaq sahəsi ayrılaraq mülkiyyətə verilmişdir. Ərizəçinin atası və anası rəhmətə gedəndən sonra həmin torpaq sahəsini o, idarə etmiş və hazırki vaxta kimi də onun istifadəsində olmuşdur. Halhazırda isə ərizəçi həmin torpaq sahəsini öz adına sənədləşdirə bilmir. Əsas səbəb də, torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamədə mərhum anasının adının düzgün qeyd olunmamasıdır. Belə ki, şahədətnamə verilərkən ərizəçinin anasının adı Coqar kimi yazılmalı olduğu halda, Cövhər kimi qeyd edilmişdir. Odur ki, torpaq sahəsinin tam olaraq kimə məxsus olduğu müəyyənləşdirilə bilinmir. Bu səbəbdən də, ərizəçi sənədləşdirmə işlərini aparmaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, lakin 2 saylı Ərazi İdarəsinin bildiriş məktubu ilə torpaq sahəsinin anasına aid olmasını müəyyənləşdirə bilmədikləri üçün imtina edərək, hüquqi faktın müəyyən olunması üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, həmin torpaq sahəsi onun mərhum anasına məxsus olmuşdur. Anası vəfat etdikdən sonra həmin torpaq səhəsini sənədləşdirmək istəyərkən məlum olub ki, torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamədə anasının adı Cövhər kimi qeyd olunub. Bu səbəbdən maraqlı şəxs ona imtina cavabı verib. Qeyd edilənlərə əsasən ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını və ərizənin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, ərizəçi xx.xx.1972-ci ildə, Abşeron rayonunun Altıağac kəndində anadan olmuş, hazırda Xızı rayonu, Altıağac qəsəbəsində qeydiyyatdadır. Doğum və nikah haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərinə əsasən ərizəçinin atası X8, anası isə X6r və ərizəçinin valideynləri arasında nikah xx.xx.1963-cü ildə bağlanmışdır. Torpağın mülkiyyətə verilməsinə dair JN-512A, kod 30602016 nömrəli şəhadətnamənin surətindən görünür ki, Xızı rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1998-ci il tarixli, 06 saylı qərarına əsasən 0,18 ha torpaq sahəsi Xızı rayonu, Altıağac qəsəbə sakini X2 mülkiyyətinə verilmişdir. Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə ərizəçinin anası X9 xx.xx.2005-ci ildə vəfat etmişdir. Xızı Rayon İHB-nın Altıağac qəsəbə İƏD-si üzrə nümayəndəliyinin 98 saylı, xx.xx.2022-ci il tarixli arayışına əsasən Xızı rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1998-ci il tarixli, 06 saylı qərarı ilə verilmiş JN-512A, kod 30602016 nömrəli şəhadətnamədə ərizəçinin anası X4 adı səhvən X1 yazılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 24 may 2022-ci il tarixli bildirişindən görünür ki, müraciətə əlavə edilmiş sənədlərin araşdırılması zamanı JN-512A, kod 30602016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə mülkiyyətçinin adında uyğunsuzluq aşkar olunduğundan ərizəçiyə məhkəməyə müraciət olunması tövsiyə edilir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək bildirdi ki, ərizəçi onun doğma qardaşıdır. Onların atası X8, anası isə X6r. Hazırda hər iki valideynləri rəhmətə getmişdir. Xızı rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1998-ci il tarixli, 06 saylı qərarına əsasən 0,18 ha torpaq sahəsi ayrılaraq anasının mülkiyyətə verilmişdir. Lakin, torpağın mülkiyyətə verilməsi haqqında şahədətnamə verilərkən anasının adı Coqar kimi yazılmalı olduğu halda, Cövhər kimi qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.5.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisişəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. İşdən göründüyü kimi ərizəçi torpağın mülkiyyətə verilməsinə dair JN-512A, kod 30602016 nömrəli şəhadətnamənin X5 məxsus olması faktının müəyyən edilməsini xahiş edir. Qeyd edilən faktın müəyyən edilməsi isə ona həmin torpaq səhəsinin sənədləşdirilməsi üçün lazımdır. Məhkəmə hesab edir ki, iş materiallarında olan sənədlər və şahid ifadəsi əsasında torpağın mülkiyyətə verilməsinə dair JN-512A, kod 30602016 nömrəli şəhadətnamənin ərizəçinin mərhum anası X5 məxsus olması təsdiq edilir. Qeyd edilən faktı təkzib edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Bu səbəbdən ərizə təmin edilməli, qeyd edilən şəhadətnamənin X5 məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-512A, kod 30602016 nömrəli şəhadətnamənin 20 sentyabr 2005-ci il tarixində vəfat etmiş X5 məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə həmin faktlar üzrə müvafiq sənədləşmənin aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar