Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-128/2024 04.06.2024 XIZI RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) “Azəriqaz” İstehsalat Birliyinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 18 mart 2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 172,80 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə Xızı rayonu, Yeni Yaşma kəndində yerləşən fərdi yaşayış evində yaşayır. 01 fevral 2022-ci il tarixdə “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları gəlib sayğacı yenisi ilə dəyişdirib, Dövlət yoxlamasına göndərmişlər. Bununla əlaqədar olaraq qaz nəzarətçiləri akt tərtib etmişlər. “Azəriqaz” X3 sayğacının yoxlanılması barədə 17 mart 2022-ci il tarixli, MSK-29/1710- 00894-1 nömrəli əsasən “sayğaca baxış keçirildi, xətalar təyin edilə bilmədi, sayğacın membranı fasilələr ilə işlədiyindən sayğacı sınaq qurğusunda yoxlamaq mümkün deyil, kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirildi, kənar təsir izləri aşkar edilmədi” rəyi verilmişdir. Bundan sonra, iddiaçının iştirakı olmadan 18 mart 2022-ci il tarixli, ******* nömrəli akt tərtib olunmuşdur. Həmin akt əsasında isə guya sayğacın qeydə almadığı qazın bərpası məqsədilə 1440 kub metr həcmində, yəni 172,80 manat dəyərində qaz itkisi hesablanaraq iddiaçının hesabına daxil edilmişdir. Həmin vaxt iddiaçının bundan məlumatı olmamış, sonrakı ayın ödənişini edərkən xəbər tutmuşdur. İddiaçı qaz nəzarətçilərinə bu məsələdən xəbərinin olmadığını və qaz sayğacına heç bir müdaxilə etmədiyini bildirsə də, hər hansı bir nəticəsi olmamış və Azəriqazın işçiləri tərəfindən akt əsasında yazılmış qanunsuz cərimə iddiaçının üzərində qalmışdır. Bu barədə dəfələrlə Azəriqazın əməkdaşlarına müraciət etsə də, hərəsi bir bəhanə edərək ona heç bir köməklik göstərməmişlər. Bundan sonra, məcbur olub bu barədə məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, əsassız olaraq cavabdeh tərəfindən qaz sayğacına müdaxilə olunması ilə günahlandırılmış və ona borc hesablanmışdır. Qeyd olunan aktın əsassızlığı barədə cavabdehə bildirsə də, hər hansı nəticə olmamışdır. Əksinə ona qarşı qərəzli mövqe saxlayan cavabdeh onun arqumentlərinə əhəmiyyət verməmişdir. Hansı əsasla, hansı qanunvericilik müddasına görə qaz sayğacına olan müdaxiləyə görə onun məsuliyyət daşımalı olduğunu izah edə bilməmişlər. İlk növbədə bildirir ki, sayğaca necə müdaxilə olunmuşdur ki, iddiaçı həmin sayğacın göstəricilərinə uyğun istifadə olunan qaza görə ödənilmələri müntəzəm ödəmişdir. Əyər belə müdaxiləyə yol versəydi hər ay Azəriqaz İB-nin əməkdaşları sayğaca baxış keçirərək və ona bildiriş təqdim edərkən bu qanunsuzluğu görə bilərdilər. Bu halda cavabdeh qanunla üzərinə düşən vəzifəni istehlakçının üzərinə qoymağa çalışır. Hesab edir ki, cavabdehin ona qarşı tələbi bəhanədən başqa bir şey deyildir. Belə ki, qazdan istifadəyə dair münasibətləri nizamlayan cavabdeh ilə iddiaçının arasında bağlanmış müqavilənin müddəalarına əsasən qaz sayğacının kənar müdaxilələrdən qorunması vəzifəsi qaz istehlakçısının vəzifələri sirasinda daxil edilməmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdən göründüyü kimi iddiaçı və cavabdehin nümayəndəsi arasında 07 aprel 2016-cı il tarixdə “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanmış və bu müqavilə qaz paylayıcısı ilə istehlakçı fiziki şəxs arasında sonuncuya aid Xızı rayonu, Yeni Yaşma kəndində yerləşən evin təbii qaz təchizatı və onun istismarı ilə əlaqədardır. İşdə olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 01 fevral 2022-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçının yaşadığı Xızı rayonu, Yeni Yaşma kəndindəki yaşayış evində mövcud olmuş G-4 markalı, **********3 nömrəli qaz sayğacı yenisi ilə əvəz edilmişdir. İşdə olan “Azəriqaz” X3 sayğacının yoxlanılması barədə 17 mart 2022-ci il tarixli, MSK-29/1710-00894-1 nömrəli aktından görünür ki, Xızı rayonu, Yeni Yaşma kəndindəki yaşayış evində mövcud olmuş G-4 markalı, **********3 nömrəli qaz sayğacına laboratoriyada baxış keçirilmiş və müəyyən olunmuşdur ki, sayğacın membranı fasilələr ilə işlədiyindən sayğacı sınaq qurğusunda yoxlamaq mümkün deyil, kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirildi, kənar təsir izləri aşkar edilmədi. İşdə olan “Azəriqaz” X2 X4 İdarəsinin əməkdaşları Elsevər Abuşov, Elnur Allahverdiyev və Abas Abasov tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 18 mart 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Xızı rayonu, Yeni Yaşma kəndində istehlakçıya məxsus yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış və sayğacın membranı fasilələr ilə işlədiyindən sayğacı sınaq qurğusunda yoxlamaq mümkün deyil, kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirildi, kənar təsir izləri aşkar aşkar edilməmişdir. Müəyyən edilmiş qaz itkisinin dəyərinin ödənilməsi tələb olunmuşdur. İşdə olan “Azəriqaz” İB Xaçmaz X4 İdarəsinin 30 dekabr 2023-cü il tarixli dəymiş ziyanın hesablanması barədə bildirişdən görünür ki, 18 mart 2022-ci il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesabat müddəti 90 gün qəbul edilməklə hesablanmış qaz itkisi cəmi 1440 m3 təşkil etmişdir. İşdə olan iddiaçıya aid ünvanın **********02820 saylı abonent saldosunda iddiaçıya akt əsasında 172,80 manat borc hesablandığı göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X1 filialının 03 iyun 2024-cü il tarixli rəyindən görünür ki, “Azəriqaz” İB-nin X6 İstismar İdarəsinin nümayəndələri tərəfindən istehlakçı İddiaçı yaşadığı fərdi yaşayış evinin qaz xətti üzərində olan G-4 markalı, **********3 nömrəli qaz sayğacı qaz xəttindən açılaraq növbəti dövlət yoxlamasına göndərilmişdir. “Azəriqaz” X3 sayğacının yoxlanılması barədə tərtib edilmiş MSK-29/1710-00894-1 nömrəli aktına əsasən sayğaca texniki baxış keçirilmiş və sayğacın membranı fasilə ilə işlədiyindən sayğacın qeydə almadığı qaz itkisinə görə 172,80 manat dəyərində qaz itkisi hesablanaraq vətəndaşın hesabına daxil edilmişdir. Tərtib olunmuş akt və aparılmış hesabat zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci (fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qazpaylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar), 4.9cu (istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qazpaylayıcı tərəfindən həyata keçirilir), 5.2-ci (qazpaylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir.(göndərməlidir) və həmin qaydalara 2 nömrəli əlavənin (Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi) 2.2.4.-cü bəndlərinin (aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək) tələbləri pozulmuşdur. Bundan başqa, “Azəriqaz” İB-nin Metrologiya Departamenti və Qaz sayğaclarına nəzarət komissiyasının müvafiq aktında sayğacın vəziyyəti ilə bağlı aparılan qeydlər qətiyyən həmin əməlin bilavasitə abonent tərəfindən törədilməsi anlamına gələ bilməz. Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini qaz paylayıcısı daşıdığından, həmçinin qaz sayğacının sıradan çıxmasında bilavasitə istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədiyindən hesablanmış dəymiş ziyan istehlakçıdan tələb edilə bilməz. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, 01 fevral 2022-ci il tarixdə cavabdeh təşkilatın əməkdaşları tərəfindən iddiaçının yaşadığı ünvanda mövcud olmuş qaz sayğacı çıxarılmış və yenisi ilə əvəz edilmişdir. Sayğacın çıxarılması zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktda sayğacın çıxarılmasının səbəbi kimi “sayğacdan qaz keçmir” göstərilmiş, sayğacın plombunun tamlığına müdaxilə edilib-edilməməsi isə aktda ümumiyyətlə qeyd olunmamışdır. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, 16 mart 2022-ci il tarixdə iddiaçıya məxsus fərdi yaşayış evində quraşdırılmış G-4 markalı, **********3 nömrəli qaz sayğacına laboratoriyada baxış keçirilmiş, baxış zamanı sayğacın membranı fasilələr ilə işlədiyindən sayğacı sınaq qurğusunda yoxlamaq mümkün deyil, kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirildi, kənar təsir izləri aşkar edilməməsi barədə akt tərtib edilmişdir. Sayğaca laboratoriyada baxış isə iddiaçının iştirakı ilə həyata keçirilməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qaz sayğacı iddiaçının cavabdehliyi sərhəddində quraşdırılmamışdır. Bilavasitə iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əsassız olaraq 1440 kub metr həcmində, yəni 172,80 manat dəyərində əlavə sərfiyyat hesablanmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh vurulmuş zərərin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə hesab edir ki, bilavasitə iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi müəyyən edilmədiyi halda, iddiaçıya əsassız olaraq əlavə sərfiyyat hesablanmışdır. İddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Hazırkı halda cavabdeh sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini, bununla bağlı cavabdehə iddiaçı tərəfindən təbii qazdan qanunsuz istifadə nəticəsində ziyan vurulduğunu və bunda iddiaçının təqsirli olduğunu sübut edə bilmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1-ci maddə.). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2-ci maddə). Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (78.1-ci maddə). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (88-ci maddə). Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh “Azəriqaz” X2 X4 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 18 mart 2022-ci il tarixli, ******* nömrəli aktı əsasında İddiaçı (abonent kodu: **********02820) əsassız hesablanmış 172,80 manat məbləğində borc silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1, 234, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” X2 X4 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 18 mart 2022-ci il tarixli, ******* nömrəli aktı əsasında İddiaçı (abonent kodu: **********02820) əsassız hesablanmış 172,80 (yüz yetmiş iki manat səksən qəpik) manat məbləğində borc silinsin. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2(068)-128/2024
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-128/2024
04.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver