Məhkəmə qərarları › İş №2(068)-130/2024

Xızı Rayon Məhkəməsi Qərardad — İş №2(068)-130/2024

06.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 2(068)-130/2024 06.04.2024 XIZI RAYON MƏHKƏMƏSİ X3, Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs5, Maraqlı şəxs4, Rüstəm Mahmut və Maraqlı şəxs2) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, (Maraqlı şəxs1, Maraqlı şəxs5, Maraqlı şəxs4, Rüstəm Mahmut və Maraqlı şəxs2 maraqlı şəxs kimi göstərməklə) vət. Maraqlı şəxs1 və Maraqlı şəxs2 məxsus Xızı rayonu Türkoba kəndində yerləşən 0,10 ha torpaq sahəsinin aralarında olan 21 avqust 2002-ci il tarixdə sadə yazılı əqd əsasında 3000 manata ona satmaları barədə alqı-satqı faktının və Xızı rayonu Türkoba kəndində yerləşən 0,10 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamədə X1 göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin və JN-26A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır (306.2.).Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.5.). Göründüyü kimi ərizəçinin iş üzrə tələbi Maraqlı şəxs1 və Maraqlı şəxs2 məxsus Xızı rayonu Türkoba kəndində yerləşən 0,10 ha torpaq sahəsinin aralarında olan 21 avqust 2002-ci il tarixdə sadə yazılı əqd əsasında 3000 manata ona satmaları barədə alqı-satqı faktının və Xızı rayonu Türkoba kəndində yerləşən 0,10 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamədə X1 göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin və JN-26A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi ilə bağlıdır. Belə olan halda tələbin əqdin bağlanmış hesab edilməsi hissəsi ilə bağlı ərizəyə iddia icraatı qaydasında (iddiaçı və cavabdehlər qeyd olunmaqla) baxılmalı olduğu halda, Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Xızı Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Azərbaycan Respublikası MPM-nin 149.2-cı maddəsinə əsasən ərizədə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Eyni zamanda, tələbin hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi hissəsi ilə bağlı hazırki Ərizəçi tərəfindən deyil, JN-26A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adı düzgün qeyd olunmayan şəxs tərəfindən mübahisələndirilə bilər. Lakin Ərizəçi özünü ərizəçi kimi qeyd etmiş, şəhadətnamədə adı düzgün qeyd olunmayan şəxsi, yəni Maraqlı şəxs5 isə maraqlı şəxs kimi göstərmişdir. Bununla da Ərizəçi ərizənin qanunla müəyyən edilmiş forma və məzmununa riayət etməmişdir. Belə ki, hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən də sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməsi məhkəməyə müraciət edən ərizəçiyə deyil, şəhadətnamədə adı düzgün qeyd olunmayan şəxsin, yəni Maraqlı şəxs5 etibarnamə üzrə nümayəndəsinə verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisişəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunan Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən ərizənin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Azərbaycan Respublikasının MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ərizəçiyə izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada müvafiq məhkəməyə müraciət etmək hüquqları vardır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs5, Maraqlı şəxs4, Rüstəm Mahmut və Maraqlı şəxs2) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi ərizənin verilməsi üçün xx.xx.2024-cü il tarixində 55990400 saylı qəbzə əsasən ödədiyi 100 (yüz) manat dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə qaytarılsın. Ərizəçiyə izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xızı Rayon Məhkəməsinə şikayət verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar