Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-135/2021 16.09.2021 XIZI RAYON MƏHKƏMƏSİ X4 Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "Azəriqaz" İstehsalat Birliyinin Cavabdeh qarşı "debitor borcun ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı "debitor borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5370,20 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq “Azəriqaz” İB-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, iddiaçı “Azəriqaz” İstehsalat Birliyi ilə Cavabdeh arasında bağlanmış 14 avqust 2019-cu il tarixli “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilmiş və həmin ünvana “Azəriqaz” İstehsalat Birliyinin X5 İstismar İdarəsi tərəfindən **********01540 nömrəli abonent kodu verilmiş, həmçinin fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində sonuncu dəfə Elster G-6 Diofraqma tipli, 28100208 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdehin borcu onun evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır. Belə ki, Cavabdeh 2018-ci ilin yanvar ayında 989,20 manat borcu olmuş, həmin borc cavabdeh tərəfindən istehlak etdiyi qazın dəyərinin tam ödənilməməsi nəticəsində yaranmışdır. Cavabdeh üçün son beş il ərzində dörd dəfə yeni sayağac quraşdırılmışdır ki, bunlardan ikisi SMART tipli qaz sayğaclarıdır. Cavabdeh hər dəfə də borcunu etiraf edərək borcunu ödəyəcəyi barədə iltizam vermişdir. Lakin, o hər ay istehlak etiyi təbii qazın dəyərini tam ödəmədiyinə görə debitor borcu artmışdır. Təkcə 2021-ci ilin beş ayı ərzində Cavabdeh 2064,70 manatlıq təbii qazdan istfadə etmiş, lakin həmin dövr üçün cəmi 900 manat qaz pulu ödəmişdir. Cavabdeh əvvəlki illərdə də, istifədə etiyi təbii qazın dəyərini tam ödəməmiş nəticədə 31 may 2021-ci il tarixinə 5370,20 manat ödənilməmiş borcu yığılıb qalmışdır. Birliyin nümayəndələri tərəfindən cavabdehə borc məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Lakin, cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclaslarına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 14 avqust 2019-cı il tarixli, 26-29-154 nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin surətindən görünür ki, bu müqavilə qaz paylayıcısı ilə istehlakçı fiziki şəxs arasında sonuncuya aid Xızı rayonu, Şorabad qəsəbəsində yerləşən fərdi evin təbii qaz təchizatı və onun istismarı ilə əlaqədardır. İşdə olan 31 may 2021-ci il tarixli “Abonent saldosu”ndan görünür ki, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə olan debitor borcu 5370,20 manat təşkil etmişdir. İşdə olan 31 may 2021-ci il tarixli qəbzdən görünür ki, “Azəriqaz” İstehsalat Birliyi məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, Cavabdeh öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Bu Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Yenə bu Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 14 avqust 2019-cu il tarixli, 26-29-154 nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqaviləyə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək, bu müqavilənin və "Qazdan istifadə Qaydaları"nın tələblərinə əməl etmək istehlakçının vəzifələrindəndir. Beləliklə, qeyd edilməlidir ki, cavabdehin sahibliyində və istifadəsində olan Xızı rayonu, Şoraabad qəsəbəsində yerləşən fərdi evində istifadə edilmiş təbii qaza görə yaranmış 5370,20 manat borc mövcuddur və realdır, o cümlədən sayğacın göstəriciləri əsasında hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 5370,20 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq "Azəriqaz" İstehsalat Birliyinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 191.3, 216, 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 5370,20 ( beş min üç yüz yetmiş manat iyirmi qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "Azəriqaz" İstehsalat Birliyinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(068)-135/2021
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-135/2021
16.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver