Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-17/2021 04.02.2021 XIZI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi və aktın ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi və aktın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilat tərəfindən tərtib olunmuş xx xxxx 2017-ci il tarixli, 007915 saylı; xx xxxxxx 2018-ci il tarixli, 087547 saylı və xx xxxxxxxx 2018-ci il tarixli, 014166 saylı aktların ləğv edilməsi və bu aktlar əsasında hesablanmış cəmi 1291,68 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, ailəsi ilə birlikdə Xızı rayonu, Sitalçay kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Son zamanlar onlara məlum olmuşdur ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən onların işıq koduna, yəni abonent bazasına istifadə etdikləri elektrik enerjisindən artıq pul məbləğləri hesabllanmaqla yazılmışdır. Bundan sonra, o, xxxx ASC-nin Xızı rayon şöbəsinə getmiş, ona ümumilikdə 1291,68 manat məbləğində borcu olduğunu və həmin borcun xx xxxx 2017-ci il tarixli, 007915 saylı; xx xxxxxx 2018-ci il tarixli, 087547 saylı və xx xxxxxxxx 2018-ci il tarixli, 014166 aktlar əsasında hesablanması bildirilmişdir. Halbuki, həmin aktların tərtib edilməsi qanunauyğun deyildir və aktlar əsasında hesablanmış həmin borclar əsassızdır. Belə ki, cavabdeh təşkilatın sayğaca və evlərinə gələn elektrik xəttinə baxış keçirməsindən, orada hər hansı müdaxilə aşkar etməsindən nə onun, nə ailə üzvlərinin bu vaxta qədər xəbəri olmamışdır. Həmin vaxt onların bundan məlumatları olmamış, ancaq fərdi yaşayış evinə smart tipli sayğac quraşdırılandan sonra karta pul ödəyərkən xəbər tutmuşlar. O, bütün bunları qanun pozuntusu kimi qəbul edir və iddiasını tam olaraq müdafiə edir. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh «xxxx» ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı, cavabdeh tərəf iddia tələbinə etirazında göstərmişdir ki, İddiaçı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, Xızı rayonu, Sitalçay kəndində yerləşən fərdi yaşayış evinə elektrik enerjisindən qanunsuz istifadəyə görə “xxxx” ASC tərəfindən tərtib edilmiş xx xxxx 2017-ci il tarixli, 007915 saylı; xx xxxxxx 2018-ci il tarixli, 087547 saylı və xx xxxxxxxx 2018-ci il tarixli, 014166 saylı aktların etibarsız hesab edilməsi və cəmi hesablanmış 1291,68 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “xxxx” ASC-yə qarşı hazırki iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iddiaçının Xızı rayonu Sitalçay kəndində yerləşən yaşayış evi üzrə “xxxx” ASC-yə xx xxxxxxxx 2020-ci il tarixə tələb olunan debitor borcu yoxdur. Lakin, iddiaçı heç bir əsas olmadan əvvəlki tarixlərdə tərtib olunmuş və onun tərəfindən ödənilmiş aktlar əsasında hesablanmış borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, iddiaçıya məxsus yaşayış evində "Elektrik enerjisindən istifadə Qaydaları"nın pozulması halı müşahidə olunduğundan xx xxxxxx 2017-ci il tarixdə 007915 saylı akt tərtib edilmiş və akt əsasında itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə 478,45 manat məbləğində borc hesablanmış, həmin borc iddiaçı tərəfindən ödənilmişdir. Bundan sonra, xx xxxxxx 2017-ci il tarixdə yenidən EEİQ-nın tələblərinin pozulması ilə bağlı 087547 nömrəli akt tərtib edilmiş və həmin akta əsasən 281,05 manat borc hesablanmış, həmin borc da, iddiaçı tərəfindən ödənilmişdir. Daha sonra, xx xxxxxxxx 2018-ci il tarixdə iddiaçıya məxsus mənzildə sayğacdan kənar xətt çəkilərək elektrik enerjisindən istifadə olunması halı aşkar edilmiş və 014166 nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən hesablanmış 532,18 manat məbləğində hesablanmış borc da iddiaçı tərəfindən ödənilmişdir. Göründüyü kimi müxtəlif vaxtlarda, müxtəlif əməkdaşlar tərəfindən tərtib edilmiş aktlara əsasən hesablanmış məbləğlər iddiaçı tərəfindən qəbul edilərək ödənilmişdir. Hazırda isə İddiaçı 2-3 il keçməsinə baxmayaraq həmin borcların silinməsi ilə bağlı məhkəmədə əsassız iddia qaldırmış və eyni zamanda mövcud olmayan borcların silinməsini isə iddia ərizəsində hər hansı bir qanuna istinad edərək əsaslandıra bilməmişdir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Odur ki, İddiaçı "xxxx" ASC-yə qarşı “aktların ləğv edilməsi və ümumilikdə 1291,68 manat borcun silinməsinə dair” iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, «xxxx» ASC-nin əməkdaşları R.Babayev, E.Ələkbərov və Ş.Nəsirov tərəfindən tərtib edilmiş xx xxxxxx 2016-cı il tarixli, 007915 nömrəli aktın surətindən görünür ki, Xızı rayonu, Sitalçay kəndində istehlakçıya məxsus yaşayış sahəsində "Elektrik enerjisindən istifadə Qaydaları"nın tələblərinə riayət olunması yoxlanılmış və elektrik sayğacının quraşdırılmış qutuda olmaması aşkar olunmuşdur. Müəyyən edilmiş elektrik enerjisinin itkisinin dəyərinin ödənilməklə sayğacın quraşdırılması tələb olunmuşdur. İşdə olan «xxxx» ASC-nin əməkdaşları H.Zeynalov, E.Alıyev və Ə.Səfərov tərəfindən tərtib edilmiş xx xxxxxx 2017-ci il tarixli, 087547 nömrəli aktın surətindən görünür ki, Xızı rayonu, Sitalçay kəndində istehlakçıya məxsus yaşayış sahəsində "Elektrik enerjisindən istifadə Qaydaları"nın tələblərinə riayət olunması yoxlanılmış və abonentin elektrik sayğacının ardıcıllıq sxemini pozaraq elektrik enerjisindən istifadə etməsi aşkar olunmuşdur. Elektrik sayğacının ardıcıllıq sxeminin bərpa olunması və aktla hesablanacaq elektrik enerjisinin itkisinin dəyərinin ödənilməsi tələb olunmuşdur. İşdə olan «xxxx» ASC-nin əməkdaşları N.Nəsibov və H.Məmmədov tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2018-ci il tarixli, 014166 nömrəli aktın surətindən görünür ki, Xızı rayonu, Sitalçay kəndində istehlakçıya məxsus yaşayış sahəsində "Elektrik enerjisindən istifadə Qaydaları"nın tələblərinə riayət olunması yoxlanılmış və kənar xətt vasitəsi ilə sayğacın dövrədən kənarlaşdırılması aşkar olunmuşdur. Müəyyən edilmiş elektrik enerjisinin itkisinin dəyərinin ödənilməsi tələb olunmuşdur. İşdə olan «xxxx» ASC tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə tərtib edilmiş istehlakçı İddiaçı məxsus abunə haqqında məlumatdan görünür ki, iddiaçının həmin tarixə elektrik enerjisindən istifadəyə görə və yaxud akt əsasında hesablanaraq ödənilməmiş borcu yoxdur. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı Qərarının 1.2-ci bəndinə görə bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6-cı bəndinə görə enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə həm iddiaçının, həm də cavabdehin üzərinə düşür. Çünki, İddiaçı xx xxxxxx 2016-cı il tarixli, 007915 saylı; xx xxxxxx 2017-ci il tarixli, 087547 saylı və xx xxxxxxxx 2018-ci il tarixli, 014166 saylı aktların ləğv edilməsini və həmin aktlar əsasında hesablanmış cəmi 1291,68 manat məbləğində borcun silinməsini tələb etsə də, iddiaçı bu halı təsdiq edəcək mötəbər sənəd və ya sübutu məhkəməyə təqdim etməmiş, əksinə cavabdeh tərəf iş üçün əhəmiyyətli mötəbər sübut və sənədləri məhkəməyə təqdim edərək, iddiaçının gətirdiyi dəlillərin işin faktiki hallarına uyğun olmamasını sübut edə bilmişdir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş mötəbər sübutlardan da göründüyü kimi, iddiaçıya məxsus yaşayış evində "Elektrik enerjisindən istifadə Qaydaları"nın pozulması halı müşahidə olunduğundan xx xxxxxx 2016-cı il tarixdə 007915 nömrəli, xx xxxxxx 2017-ci il tarixdə 087547 nömrəli və xx xxxxxxxx 2018-ci il tarixdə 014166 nömrəli aktlar tərtib edilmiş və iddiaçı həmin aktlarla razılaşaraq hesablanmış ümumilikdə 1291,68 manat məbləğində borcu tam olaraq ödəmişdir. Bütün bunlar isə hazırkı tələbin əsaslı olmamasına və özündə faktiki həqiqəti əks etdirmədiyinə dəlalət edir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi və aktın ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduğundun hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi və aktın ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(068)-17/2021
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-17/2021
04.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver