Məhkəmə qərarları › İş №2(068)-17/2024

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-17/2024

22.04.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-17/2024 22.04.2024 XIZI RAYON MƏHKƏMƏSİ X11 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, Ərizəçi (maraqlı şəxs Xızı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyası) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (bundan sonra - ərizəçi) ərizə ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək (Xızı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasını maraqlı şəxs kimi göstərməklə) qızı – 13 oktyabr 2000-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X1 13 oktyabr 2000-ci il tarixdə Xızı rayonunun Yeni Yaşma kəndində doğulmuşdur. X8 da anadan gəlmə “ağır dərəcəli əqli gerilik, müalicə tələb edən davranış pozuntuları və qıcolma tutmaları” olmuşdur. Həmçinin İİ qrup əlildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosal Ekspert Komissiyası tərəfindən verilmiş müayinəyə dair məlumatdan da müəyyən edilir ki, X4 “F72.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik (İQ-24), daima ciddi qulluq və müalicə tələb edən davranış pozuntusu və qıcolma tutmaları” diaqnozları üzrə əlilik dərəcəsi verilmişdir. X1 hal-hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasında qeydiyyatda olmaqla stasionar müalicə alır. Hal-hazırda, X8nın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi onun üzərində qəyyum təyin edilməsi məqsədi üçün lazımdır. Ona görə də, 13 oktyabr 2000-ci il təvəllüdlü X2 məhkəmə qaydası ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Ərizəçi məhkəmənin hazırlıq iclasında iştirak edərək, iş fəaliyyəti ilə əlaqədar olaraq növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyini, mülki işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs Xızı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyası məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Xızı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Xızı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 141497 nömrəli doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, atası X6, anası Ərizəçi olan X5 13 oktyabr 2000-ci il tarixdə Xızı rayonunun Yeni Yaşma kəndində doğulmuşdur. Beləliklə, iş materiallarında olan sənədlərdən müəyyən olundu ki, Ərizəçi X1nın anasıdır. İşdə olan Azərbaycan Respublikası ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatından görünür ki, 13 oktyabr 2000-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdən müddətsiz ikinci dərəcəli əlillik müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 tərəfindən verilmiş 06 mart 2024-cü il tarixli, 915 nömrəli rəydən görünür ki, 13 oktyabr 2000-ci il təvəllüdlü X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının MM-nin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyum müəyyənləşdirilir. Göstərilənlərə əsasən, məhkəmə toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, 13 oktyabr 2000-ci il təvəllüdlü X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216, 220, 227, 233, 320, 321, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qət etdi: Ərizəçi ərizəsi təmin edilsin. Xızı rayonu, Yeni Yaşma kəndində qeydiyyatda olan, 13 oktyabr 2000-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar