Məhkəmə qərarları › İş №2(068)-175/2023

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-175/2023

10.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-175/2023 10.10.2023 XIZI RAYON MƏHKƏMƏSİ X3 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən iddiaçıya məxsus evə (abonent kodu: **********00169) xx.xx.2015-ci il tarixli, 012538 nömrəli akta görə hesablanmış 307,20 manat, xx.xx.2017-ci il tarixli, 069754 nömrəli akt ilə hesablanmış 322,19 manat məbləğində cərimə borcunun, eləcədə digər qanunsuz və əsassız aktlar üzrə hesablanmış 3490,52 manat və əsassız ödəmələr üzrə hesablanmış 1002,83 manat, cəmi 4493,35 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı illərdir Xızı rayonu Giləzi qəsəbəsində yaşayır. Yaşadığı ünvana dair X1yə görə aylıq sərf etdiyi elektrik enerjisinə görə ödənişləri vaxtı vaxtında etmiş və hələ də ödəməkdə davam edir. Lakin “BARMEK” dövründə iddiaçıya cavabdeh tərəfindən əsassız borc hesablanmışdır. Həmin dövrdə hesablanmış borc hansı əsasla hesablanıb bəlli deyil, qeyd edir ki, həmin dövrdə sayğac və sair yox idi. Göründüyü kimi qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadığı üçün, əsassız hesablanmış borcdur. Bundan əlavə 04 dekabr 2015-ci il tarixli, 012538 nömrəli akta görə iddiaçıya 307,20 manat məbləğində cərimə hesablanmışdır və həmin aktda da qeyd olunur ki, sayğac yanaraq istismara yararsız vəziyyətdə olmuşdur. Halbuki müvafiq yoxlamadan iddiaçının xəbəri olmamış, gəlib yoxlamanı nə vaxt keçirdiblər, nə vaxt cərimə yazılıb bilməmişdir. İddiaçıya bu barədə heç bir rəsmi bildiriş, xəbərdarlıq və sair gəlməmişdir. İkinci dəfə də 13 may 2017-ci il tarixli 069754 nömrəli akt ilə iddiaçıya 322,19 manat cərimə borcu yazılmışdır. Həmin aktda qeyd olunur ki, sayğacın giriş far xətti zədələnmiş və kənar xətt çəkilmişdir. İddiaçının bu yoxlamadan da xəbəri olmamışdır. Cavabdehin əməkdaşları gəlib smart sayğac quraşdırılanda bilmişdir ki, onun borcu var və həmin borcun əsasını tələb etdikdə ona surəti çıxarılmış iki akt verilmiş, əslini nə qədər tələb etsə də ona verməmişlər. Aktın birində 13 may 2017-ci il tarixli 069754 nömrəli akt guya iddiaçının imzası olduğu qeyd olunsa da, həmin vaxt o, evdə olmamış, imza da onun deyil, saxta imza və sənəddir. Abonentin saldosundan da göründüyü kimi aktlar üzrə evinə hesablanmış işıq cərimə borcu 3490,52 manat təşkil edir. Ümumi borcdan ki, ödənişləri vaxtı vaxtında etsə də belə əsassız olaraq həmin borcdan da 1002,83 manat məbləği silinməmişdir. Ən əsas da məhkəmənin nəzərinə onu çatdırmaq istəyir ki, sayğac daima evdən kənarda yerləşib, hər kəsin müdaxilə edə biləcəyi bir yerdə və şəraitdə quraşdırılıb, necə olur ki, qanunsuz akt, cərimə və borca görə iddiaçı bugün əziyyət çəkməli və məsuliyyət daşımalıdır. Abonentin saldosundan görünür ki, iddiaçıya X1yə görə qanunsuz olaraq həmin aktlar üzrə, həm də ödəmələr üzrə cəmi 4493,35 manat borc hesablanmışdır. Dəfələrlə şifahi müraciət etsə də borc silinməmişdir, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Bununla belə, cavabdeh "xxxx" ASC iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək «Xızı rayonu Giləzi qəsəbəsində yerləşən mənə məxsus olan evə **********00169 abonent koduna 04 dekabr 2015-ci il tarixli 012538 nömrəli akta görə hesablanmış 307,20 manat,13 may 2017-ci il tarixli 069754 nömrəli akt ilə hesablanmış 322,19 manat cərimə borcunun aktlar üzrə bu günə qədər qanunsuz və əsassız aktlar üzrə hesablanmış 3490,52 manat işıq cərimə borcunun və əsassız ödəmələr üzrə hesablanmış borc 1002,83 manat borcun cəmi 4493,35 manat borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair» qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəf hesab edir ki, iddiaçı iddia müddətini keçirmişdir və buna görə də məhkəmə iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə müvafiq qərar çıxarmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş X1 Qaydalarının (bundan sonra ismin müvafiq halında EEİQ) 9.1-ci bəndinə əsasən İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərti üzrə müqavilə gösrəricilərinin və rejimlərin yerinə yetirilməsinə ,sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin qaydalarının 9.10-cu bəndinə əsasən İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Lakin abunə haqqında çıxarışından da görünür ki, xx.xx.2015-ci il tarixdə İddiaçı məxsus elektrik hesabat sayğacına baxış keçirilən zaman mənzilə quraşdırılmış elektrik hesabat sayğacı yanaraq istismara yararsız olmuşdur. Bu fakt əsasında 307.20 manat akt üzrə hesabat aparılmışdır. İddiaçının mənzilinə xx.xx.2017-ci il tarixdə də baxış keçirilmiş və elektrik enerjisindən qanunsuz istifadə etməsi halı aşkar edilmiş və 069754 saylı akt əsasında 322,19 manat hesabat aparılmışdır. İddiaçının hal-hazırda 3991,95 manat sayğac əsasında borcu vardır. Bu borcun 629,39 manatı aktlar üzrə, qalan borc isə sərfiyyat üzrə borcdur. İddiaçı 4493,35 manat məbləğində borcun silinməsini tələb edir. İddiaçı sərf edilmiş elektrik enerjisinin dəyərini vaxtında tam həcmdə ödəməmişdir. Baxmayaraq ki, iddiaçı 2015-ci il tarixdən sayğac əsasında sərf edilmiş elektrik enerji haqlarına dair istehlakçıya təqdim edilmiş bildirişlərdə aylıq sərfiyyatı və əvvəlki dövrlər üzrə qalıq borc məbləğləri öz əksini tapmışdır. Göründüyü kimi iddiaçı 2015-2017-ci ilə qədər mənzilinə hesablanmış borc məbləğlərindən məlumatlı olmasına baxmayaraq bu barədə vaxtında müraciət etməmiş və 7 il və 9 il sonra iddia müddətini keçirdikdən sonra məhkəməyə müracigə etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun Azərbaycan Respublikası Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair qərarında iddia müddətinin anlayışının tətbiqi ilə bağlı qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti bunlardır:birinci o hüquq münasibətinin iştirakçılarını intizamlandırır,onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir,müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir: ikinci iddia müddəti inistitutu mülki hüquq münasibətlərində qeyri müəyyənliyin ,qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir: üçüncü iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş. mötəbərliyinin yoxlanılması çətin və ya qeyri mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətinin müəyyən edilməməsi yaranmış mübahisənin daim mübahisələndirilməsinə zəmin yaradardı. Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axını şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün başlanır. Beləliklə, iddia müddəti keçdiyindən iş üzrə iddia müddətini tətbiq edərək iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin qismən edilməlidir. Belə ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli, 012538 nömrəli aktın surətindən görünür ki, Xızı rayonu, Giləzi qəsəbəsində istehlakçı İddiaçı məxsus yaşayış sahəsində "X1 Qaydaları"nın tələblərinə riayət olunması yoxlanılmış və mənzilə quraşdırılmış elektrik sayğacı yanaraq istismara yararsız olmuşdur. Sayğac yenisi ilə əvəz olunmuş və müəyyən edilmiş elektrik enerjisinin itkisinin dəyərinin ödənilməsi tələb olunmuşdur. İşdə olan "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli, 069754 nömrəli aktın surətindən görünür ki, Xızı rayonu, Giləzi qəsəbəsində istehlakçı İddiaçı məxsus yaşayış sahəsində "X1 Qaydaları"nın tələblərinə riayət olunması yoxlanılmış və elektrik hesabat sayğacının giriş far xəttinin zədələnməsi və kənar xətt çəkilməsi aşkar olunmuşdur. Həmin xətt ləğv edilmiş və müəyyən edilmiş elektrik enerjisinin itkisinin dəyərinin ödənilməsi tələb olunmuşdur. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş İddiaçı məxsus abunə haqqında məlumatdan və itirilmiş elektrik enerjisinə görə aparılmış hesabatdan görünür ki, iddiaçının "X1 Qaydaları"nın pozulması nəticəsində xx.xx.2015-ci il tarixli, 012538 nömrəli akta görə hesablanmış 307,20 manat, xx.xx.2017-ci il tarixli, 069754 nömrəli akt ilə hesablanmış 322,19 manat borcu yaranmışdır. Hazırda abonentin hesabında olan 3941,95 manat məbləğində borcun 2172,31 manat hissəsi ETAİS (inteqrasiya dövr) borcu, 629,39 manat hissəsi R 012538 nömrəli və R 069754 nömrəli aktlara əsasən hesablanmış borc, 1009,69 manat hissəsi isə elektrik sayğacının göstəricisinə əsasən hesablanmış borcdur. İşdə olan Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X2 filialının rəyindən görünür ki, Xızı Rayon Məhkəməsinin icraatında olan, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə mütəxəssis rəyi verilməsi ilə bağlı təqdim edilmiş sənədlər və **********00169 saylı kod üzrə abonent dövriyyəsi təhlil edilərkən məlum olmuşdur ki, xx.xx.2015-ci il tarixində 2206,94 manat borc (inteqrasiya dövr borcu) ETAİS proqram bazasından yeni proqram bazasına keçirilmişdir. Həmin borcun 34,63 manat hissəsi (Barmek borcu) xx.xx.2018-ci il tarixində silinmiş, 2172,31 manat məbləğində borc isə abonentin hesabında saxlanılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmçinin məlum olmuşdur ki, xx.xx.2015-ci il tarixində "xxxx" ASC-nin nümayəndələri tərəfindən vətəndaşa məxsus yaşayış evinin 1 fazlı elektrik sayğacına baxış keçirilmiş və sayğacın yanaraq sıradan çıxması barədə R 012538 nömrəli akt tərtib olunmuşdur. Sıradan çıxmış elektrik sayğacı yeni M550 tipli, 18483526 nömrəli sayğacla əvəz olunmuşdur. Elektrik sayğacının istehlakçının təqsirindən sıradan çıxması barədə sübut olmadığına baxmayaraq, enerjitəchizatı müəssisəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın (bundan sonra – Qaydalar) 8.16-cı bəndinin tələbləri (istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır.) pozularaq itirilmiş elektrik enerjisinin miqdarı 5120 kVts, dəyəri 307,20 manat məbləğində hesablanmışdır. Həmçinin, xx.xx.2016-cı il tarixində işlədicilərin gücünə görə 46,56 manat məbləgində əlavə borc hesablanmışdır. Eyni zamanda, müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixində "xxxx" ASC-nin nümayəndələri tərəfindən abonentin sayğacdan kənar elektrik xətti çəkməklə yaşayış evində X1 etməsi barədə R 069754 nömrəli akt tərtib olunmuş və itirilmiş elektrik enerjisinin miqdarı 4129 kVts, dəyəri 406,19 manat məbləğində hesablanmışdır. Vətəndaş iddia ərizəsində akt tərtib olunarkən onun iştirakının təmin edilmədiyini və aktdakı imzanın saxta olduğunu bildirmişdir. Enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən akt tərtib edilərkən Qaydaların həmin dövr üçün qüvvədə olan 8.33-cü bəndinin tələbləri (məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır) pozulmuşdur. Hazırda abonentin hesabında olan 3941,95 manat məbləğində borcun 2172,31 manat hissəsi ETAİS (inteqrasiya dövr) borcu, 759,95 manat hissəsi R 012538 nömrəli və R 069754 nömrəli aktlara əsasən hesablanmış borc, 1009,69 manat hissəsi isə elektrik sayğacının göstəricisinə əsasən hesablanmış borcdur. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdehin əməkdaşları tərəfindən xx.xx.2015-ci il tarixdə və xx.xx.2017-ci il tarixdə iddiaçıya məxsus Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacı yoxlanılmış, mənzilə quraşdırılmış elektrik sayğacı yanaraq istismara yararsız olması, eləcə də elektrik hesabat sayğacının giriş far xəttinin zədələnməsi və kənar xətt çəkilməsi aşkar edilərək R 012538 nömrəli və R 069754 nömrəli aktlar tərtib edilmişdir. İstehlakçı tərəfindən "X1 Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 307,20 manat və 322,19 manat məbləğində hesablanmaqla abonent bazasına işlənilmişdir. Bundan sonra, iddiaçı, "xxxx" ASC-nin əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hazırkı mülki iş üzrə iddia müddətinin tətbiq edilməsi fikrinə münasibətdə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi, iddiaçı hazırkı iddia tələbi ilə mülki qanunvericiliyin tələblərinə tam əməl etməklə müqavilədən irəli gələn öhdəliklər üzrə deyil, cavabdehin mülki hüquq pozuntularından (deliktlərdən) yaranmış öhdəlikləri üzrə məhkəməyə müraciət etmiş və müraciət edərkən iddia müddətini ötürməmişdir. Beləliklə məhkəmə, işin faktiki hallarını nəzərə alaraq belə hesab edir ki, mövcud mübahisəyə, yəni iddiaçı ilə cavabdehlər arasında olan mülki mübahisəyə mülki qanunvericilikdə (Mülki Məcəllənin 373.2-ci maddəsi) nəzərdə tutulmuş iddia müddətinin tətbiq edilməsi məqsədəmüvafiq hesab edilə bilməz. "X1 Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarının 1.2-ci bəndinə görə bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6-cı bəndinə görə enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Qaydaların 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. Qaydaların 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə qeyd edilən qaydaların bəndləri üzrə müqayisəli təhlil apararaq müəyyən edir ki, həmin qaydalar dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. İstehlakçının (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulması aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Lakin hazırkı iddia tələbində göstərilən borcun bir qisminin yaranmasına əsas olan aktlar tərtib edilərkən cavabdeh təşkilat olan enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən "X1 Qaydaları"nın yuxarıda qeyd olunan tələbləri pozularaq, istehlakçı aktı imzalamaqdan imtina etdiyindən yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınması təmin olunmamışdır. Qanunvericiliyin tələblərinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi enerjiyə görə haqq tələb edilə bilməz. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövbudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə qeyd edilən prosessual hüquq normalarını hazırkı münasibətlər üzrə tətbiq etməzdən öncə müqayisəli təhlil edərək müəyyən edir ki, hər bir şəxs (fiziki və ya hüquqi şəxs) qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. O da nəzərə alınmalıdır ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırki işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən, aktlar üzrə borcun iddiaçının günahı ucbatından yaranması sübut edilə bilməmişdir və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda iddiaçıya məxsus fərdi yaşayış evinə "X1 Qaydaları"nın yuxarıda qeyd olunan tələblərinin pozulmaqla tərtib olunmuş xx.xx.2015-ci il tarixli, 012538 nömrəli və xx.xx.2017-ci il tarixli, 069754 nömrəli aktlara əsasən hesablanmış borcun tətbiq edilməsi əsaslı hesab edilə bilməz. Həmçinin, iddiaçı onun mənzilinə digər qanunsuz və əsassız aktlar üzrə hesablanmış 3490,52 manat və əsassız ödəmələr üzrə hesablanmış 1002,83 manat borcun da silinməsini xahiş edir. Lakin, həmin borcdan 2206,94 manat borc xx.xx.2015-ci il tarixində (inteqrasiya dövr borcu) ETAİS proqram bazasından yeni proqram bazasına keçirilmiş və həmin borcun 34,63 manat hissəsi (Barmek borcu) xx.xx.2018-ci il tarixində silinmişdir. Eyni zamanda, iddiaçı 1002,83 manat borcun isə haradan yarandığını ümumiyyətlə əsaslandıra bilməmiş və bununla bağlı yetərli sübutlar təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1 və 106.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2015-ci il tarixli, 012538 nömrəli və xx.xx.2017-ci il tarixli, 069754 nömrəli aktları əsasında İddiaçı (abonent kodu: **********00169) əsassız hesablanmış 307,20 manat və 322,19 manat məbləğində borclar silinməlidir. Qalan hissədə iddia tələbi mötəbər sübutlarla sübuta yetirilmədiyindən təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2015-ci il tarixli, 012538 nömrəli və xx.xx.2017-ci il tarixli, 069754 nömrəli aktları əsasında İddiaçı (abonent kodu: **********00169) əsassız hesablanmış 307,20 (üç yüz yeddi manat iyirmi qəpik) manat və 322,19 (üç yüz iyirmi iki manat on doqquz qəpik) manat məbləğində borclar silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar