Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-198/2023 17.10.2023 XIZI RAYON MƏHKƏMƏSİ X2 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın ləğv olunması və həmin akt əsasında iddiaçıya hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus evə (abonent kodu: **********00496) quraşdırılmış elektrik enerjisi sayğacına və elektrik xəttinə müdaxilə edilməsi barədə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 019290 nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 488,84 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu,Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində yaşayır. 07 iyun 2020-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları yaşadığı evə quraşdırılmış elektrik enerji sayğacına baxış keçirilməsi barədə 019290 saylı akt tərtib etmişlər. Həmin aktda göstərilmişdir ki, «baxış keçirilən zaman məlum oldu ki, sayğacın çıxış xətti kəsilib, ümumi şiti qidalandırılan avtomat ayırıcıdan kənar xətt götürülərək mənzildəki elektrik işlədicilərini qidalandırılan xəttə birləşdirilmişdir». Akt tərtib olunduqdan sonra iddiaçıya həmin akt əsasında qanunsuz və əsassız olaraq 488,84 manat məbləğində borc hesablanmışdır. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 019290 saylı aktda yaşadığı evə həmin gün saat 16:02 radələrində baxış keçirildiyi və abonentin orada iştirak etmədiyi göstərilmişdir. Lakin, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən həmin tarixdə iddiaçının yaşadığı evin elektrik xəttinə iştirakı olmadan baxış keçirilməsi qanunsuz olmaqla, elektrik xəttinə kənar xəttlə qoşulması barədə göstərilənlər tamamilə əsassızdır. Çünki iddiaçı yaşadığı evdə olan elektrik xəttinə kənar xətt vasitəsilə qanunsuz qoşulmamış və elektrik enerjisindən qanunsuz istifadə etməmişdir. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktda göstərilənlər yalandır. Həmçinin, iddiaçının elektrik xəttinə kənar xəttlə qoşulub elektrik enerjisindən qanunsuz istifadə etməsini təsdiq edilən heç bir sübut yoxdur. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən elektrik sayğacına və ya elektrik xəttinə iddiaçı tərəfindən qanunsuz müdaxilə və elektrik enerjisindən qanunsuz istifadə faktları sübuta yetirilmədən və heç bir əsas olmadlan itirilmiş elektrik enerjisinə görə pul məbləği hesablanmışdır. Dəfələrlə şifahi müraciət etsə də borc silinməmişdir, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı, cavabdeh tərəf iddia tələbinə etirazında göstərmişdir ki, İddiaçı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ona məxsus evə (abonent kodu: **********00496) quraşdırılmış elektrik enerjisi sayğacına və elektrik xəttinə müdaxilə edilməsi barədə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 019290 nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 488,84 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-yə qarşı hazırki iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, sayğacın çıxış xətti kəsilmiş və ümumi siti qidalandıran avtomat ayrıcıdan kənar faz xətti götürülərək mənzildəki elektrik işlədiciklərini qidalandırılan xəttə birləşdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.17-1-ci bəndinə uyğun olaraq xx.xx.2020-ci il tarixli, 019290 nömrəli akt əsasında 682,40 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və bu barədə aktda müvafiq qeydlər aparılmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Cavabdeh tərəf hesab edir ki, iddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır. Onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Odur ki, İddiaçı "xxxx" ASC-yə qarşı “aktların ləğv edilməsi və ümumilikdə 488,84 manat borcun silinməsinə dair” iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 019290 nömrəli aktın surətindən görünür ki, Xızı rayonu, Giləzi qəsəbəsində istehlakçı İddiaçı məxsus yaşayış sahəsində "Elektrik enerjisindən istifadə Qaydaları"nın tələblərinə riayət olunması yoxlanılmış və sayğacın çıxış xətti kəsilmiş və ümumi siti qidalandıran avtomat ayrıcıdan kənar faz xətti götürülərək mənzildəki elektrik işlədiciklərini qidalandırılan xəttə birləşdirilməsi aşkar olunmuşdur. Həmin xətt ləğv edilmiş və müəyyən edilmiş elektrik enerjisinin itkisinin dəyərinin ödənilməsi tələb olunmuşdur. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş İddiaçı məxsus abunə haqqında məlumatdan və itirilmiş elektrik enerjisinə görə aparılmış hesabatdan görünür ki, iddiaçının "Elektrik enerjisindən istifadə Qaydaları"nın pozulması nəticəsində xx.xx.2020-ci il tarixli, 019290 nömrəli akta görə hesablanmış 488,84 manat borcu yaranmışdır. İşdə olan Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X1 filialının rəyindən görünür ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (bundan sonra – Agentlik) Xaçmaz filialına daxil olmuş, Xızı Rayon Məhkəməsinin icraatında olan, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə xx.xx.2023-ü il tarixində, saat 10:15-də keçiriləcək məhkəmə iclasında mütəxəssisin iştirakının təmin edilməsi və mütəxəssis rəyi verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli 2(068)-198/2023 nömrəli müraciətə baxılmışdır. Təqdim edilmiş sənədlər və **********00496 saylı kod üzrə abonent dövriyyəsi təhlil edilərkən məlum olmuşdur ki, xx.xx.2015-ci il tarixində 1575,57 manat borc (inteqrasiya dövr borcu) ETAİS proqram bazasından yeni proqram bazasına keçirilmişdir. Həmin borcun 1397,33 manat hissəsi (Azərenerji borcları) xx.xx.2019-cu il tarixində silinmiş, 178,24 manat məbləğində borc isə abonentin hesabında saxlanılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmçinin məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixində "xxxx" ASC-nin nümayəndələri tərəfindən vətəndaşa məxsus mənzilin 1 fazlı elektrik sayğacına baxış keçirilərkən abonentin sayğacdan kənar elektrik xətti çəkməklə mənzildə elektrik enerjisindən istifadə etməsi barədə NDM 019290 nömrəli akt tərtib olunmuş və itirilmiş elektrik enerjisinin miqdarı 7209 kVts, dəyəri 682,39 manat məbləğində hesablanmışdır. Vətəndaş iddia ərizəsində akt tərtib olunarkən onun iştirakının təmin edilmədiyini bildirmişdir. Enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən akt tərtib edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın həmin dövr üçün qüvvədə olan 8.33-cü bəndinin tələbləri (məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır) pozulmuşdur. Məlumat üçün bildirilir ki, araşdırmanın aparılması üçün zəruri məlumatların (NDM 019290 nömrəli aktın hesabatı, **********0 nömrəli elektrik sayğacının quraşdırma aktı və s.) Agentliyin Xaçmaz filialına təqdim olunması ilə əlaqədar tərəfimizdən "xxxx" ASC-nin Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinə məktub göndərilmiş, lakin münasibət bildirilməmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdehin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə iddiaçıya məxsus Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacı yoxlanılmış, sayğacın çıxış xətti kəsilmiş və ümumi siti qidalandıran avtomat ayrıcıdan kənar faz xətti götürülərək mənzildəki elektrik işlədiciklərini qidalandırılan xəttə birləşdirilməsi aşkar edilərək 019290 nömrəli akt tərtib edilmişdir. İstehlakçı tərəfindən "Elektrik enerjisindən istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 488,84 manat məbləğində hesablanmaqla abonent bazasına işlənilmişdir. Bundan sonra, iddiaçı, "xxxx" ASC-nin əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə hazırki tələblə məhkəməyə müraciət etmişdir. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarının 1.2-ci bəndinə görə bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6-cı bəndinə görə enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Qaydaların 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. Qaydaların 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə qeyd edilən qaydaların bəndləri üzrə müqayisəli təhlil apararaq müəyyən edir ki, həmin qaydalar dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. İstehlakçının (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulması aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Lakin hazırkı iddia tələbində göstərilən borcun bir qisminin yaranmasına əsas olan aktlar tərtib edilərkən cavabdeh təşkilat olan enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən "Elektrik enerjisindən istifadə Qaydaları"nın yuxarıda qeyd olunan tələbləri pozularaq, istehlakçı aktı imzalamaqdan imtina etdiyindən yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınması təmin olunmamışdır. Qanunvericiliyin tələblərinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi enerjiyə görə haqq tələb edilə bilməz. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövbudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə qeyd edilən prosessual hüquq normalarını hazırkı münasibətlər üzrə tətbiq etməzdən öncə müqayisəli təhlil edərək müəyyən edir ki, hər bir şəxs (fiziki və ya hüquqi şəxs) qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. O da nəzərə alınmalıdır ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş 019290 nömrəli akt "Elektrik enerjisindən istifadə Qaydaları"nın yuxarıda qeyd olunan tələblərinin pozulmaqla tərtib olunsa da, həmin aktın ləğv edilməsi üçün əsas yoxdur. Belə ki, həmin aktda sayğaca kənar müdaxilənin olması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Başqa sözlə, bu faktın məhz istehlakçının müdaxiləsinin nəticəsi olması sübut olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırki işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən, akt üzrə borcun iddiaçının günahı ucbatından yaranması sübut edilə bilməmişdir və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda iddiaçıya məxsus fərdi yaşayış evinə tərtib olunmuş xx.xx.2020-ci il tarixli, 019290 nömrəli akta əsasən hesablanmış borcun tətbiq edilməsi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1 və 106.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli, 019290 nömrəli aktı əsasında İddiaçı məxsus ünvan 1 ünvanına (abonent kodu: **********00496) əsassız hesablanmış 488,84 manat məbləğində borc silinməlidir. İddia tələbi qalan hissədə mötəbər sübutlarla sübuta yetirilmədiyindən təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli, 019290 nömrəli aktı əsasında İddiaçı (abonent kodu: **********00496) əsassız hesablanmış 488,84 (dörd yüz səksən səkkiz manat səksən dörd qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2(068)-198/2023
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-198/2023
17.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver