Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-214/2023 14.11.2023 XIZI RAYON MƏHKƏMƏSİ X13 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, Ərizəçilər Zeynalova (Abasova) Əfşan Əlimuxtar qızı, Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Zeynalova (Abasova) Əfşan Əlimuxtar qızı, Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsini maraqlı şəxs kimi göstərməklə) Xızı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli, 14 saylı qərarı əsasında verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-018A, kod 30606018 nömrəli şəhadətnamənin ərizəçilərə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xızı rayonu Baxışlı kəndi ərazisində yerləşən ümumi sahəsi 0,31 ha olan torpaq sahəsi və üzərində olan fərdi yaşayış evi Xızı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 14 saylı qərarı ilə X1 və ailə üzvləri də nəzərə alınmaqla adlarına qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli ərizəyə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 2 saylı Ərazi İdarəsində baxılmış və 3-21-3-31/2-1869/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubu ilə imtina edilmişdir. Belə ki, imtina edilməsi barədə məktubda torpağın mülkiyyətə verilməsinə dair JN-018A nömrəli şəhadətnamədə qeyd olunan ailə üzvilərinin siyahısına münasibətdə uyğunsuzluq, yəni həmin şəhadətnamədə ərizəçilərin ad, soyad və ata adı səhvən “X3”, “X9”, “X6” olaraq qeyd olunduğu göstərilmişdir. Buna görə də məhkəmə orqanlarına müraciət etmələri tövsiyyə olunmuş və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilmişdir. Bu səbəbdən də, hazırki ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizəçi2, eləcə də digər ərizəçilərin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmənin hazırlıq iclasında iştirak edərək, verilmiş ərizəni tam müdaifə etdiklərini, yolun uzaq olması səbəbindən mülki işə təqdim etdikləri sənədlər əsasında onların iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və ərizənin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN-018A, kod 30606018 nömrəli şəhadətnamənin surətindən görünür ki, Xızı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli, 14 nömrəli qərarına əsasən 0,31 ha torpaq sahəsi Xızı rayonu, Baxışlı kənd sakinləri X2, X3, X7 və X4 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 05 iyun 2023-cü il tarixli bildirişindən görünür ki, müraciətə əlavə edilmiş sənədlərin araşdırılması zamanı torpağın mülkiyyətə verilməsinə dair JN- 018A, kod 30606018 nömrəli şəhadətnamədə mülkiyyətçilərlə müraciətə əlavə olunan şəxsiyyətləri təsdiq edən sənədlər arasında uyğunsuzluq aşkar olunduğundan onlara məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.5.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisişəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. İşdən göründüyü kimi ərizəçilər Xızı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli, 14 saylı qərarı əsasında verilmiş və dövlət aktı qeydiyyat kitabında 599 nömrə ilə qeydiyyata alınmış torpağın mülkiyyətə verilməsinə dair JN-018A, kod 30606018 nömrəli şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsini xahiş edirlər. Qeyd edilən faktın müəyyən edilməsi isə ərizəçilərə həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün lazımdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi, ərizəçilərə məxsus olan şəxsiyyətlərini təsdiq edən sənədlərdə, doğum şəhadətnamələrində soyadları “Abasova”, ata adları “Əlimuxtar” kimi göstərilsə də, torpağın mülkiyyətə verilməsinə dair JN-018A, kod 30606018 nömrəli şəhadətnamədə soyadları “Abbasova”, ata adları isə “Muxtar” kimi qeyd edilmiş, nəticədə bu hal ərizəçilərin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçilərin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə də, məhkəmə hesab edir ki, iş materiallarında olan sənədlər əsasında torpağın mülkiyyətə verilməsinə dair JN-018A, kod 30606018 nömrəli şəhadətnamənin ərizəçilər Zeynalova (Abasova) Əfşan Əlimuxtar qızı, Ərizəçi1 və Ərizəçi2 məxsus olması təsdiq edilir. Qeyd edilən faktı təkzib edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Bu səbəbdən ərizə təmin edilməli, qeyd edilən şəhadətnamənin ərizəçilərə məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Xızı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli, 14 saylı qərarı əsasında verilmiş və dövlət aktı qeydiyyat kitabında 599 nömrə ilə qeydiyyata alınmış torpağın mülkiyyətə verilməsinə dair JN-018A, kod 30606018 nömrəli şəhadətnamənin ərizəçilər Zeynalova (Abasova) Əfşan Əlimuxtar qızı, Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2(068)-214/2023
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-214/2023
14.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver