Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-23/2021 18.02.2021 XIZI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh Qasımova (Çobanova) Ülviyyə Gülağa qızına qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı "xxxx" MMC cavabdeh Qasımova (Çobanova) Ülviyyə Gülağa qızına qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “xxxx” MMC-nin xeyrinə xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********49921 olan Samsung Galaxy S10+ markalı telefon üçün 2604 manat əsas, 585 manat cərimə olmaqla, cəmi 3189 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh Qasımova (Çobanova) Ülviyyə Gülağa qızı arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 01103795 saylı müqaviləyə və əlavə ödəniş cədvəlinə əsasən, cavabdeh ümumi qiyməti 2803 manat dəyərində İMEİ kodu **********49921 olan Samsung Galaxy S10+ markalı telefon almışdır. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq, əsas borcundan bu günədək 199 manat ödəniş etmiş, qalan 2604 manat əsas borcu isə indiyədək ödəməmiş, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində cavabdeh mübahisəsiz olaraq dəbbə (penya) ödəyir. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, "xxxx" MMCyə olan borcunu ödəməmişdir. Nəticədə, cavabdehin “xxxx” MMC-yə alqı-satqı müqaviləsi üzrə 2604 manat əsas, 585 manat cərimə olmaqla, cəmi 3189 manat məbləğində borcu yaranmışdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə müvafiq qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdeh Qasımova (Çobanova) Ülviyyə Gülağa qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh Qasımova (Çobanova) Ülviyyə Gülağa qızı arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 01103795 saylı müqaviləyə və əlavə ödəniş cədvəlinə əsasən, cavabdeh iddiaçıdan ümumi qiyməti 2803 manat dəyərində İMEİ kodu **********49921 olan Samsung Galaxy S10+ markalı telefon almışdır. İşdə olan "xxxx" MMC tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş maliyyə arayışından görünür ki, Qasımova (Çobanova) Ülviyyə Gülağa qızının xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC-yə 2604 manat əsas, 585 manat cərimə olmaqla, cəmi 3189 manat məbləğində borcu yaranmışdır. İşdə olan xəbərdarlıq və bildirişdən görünür ki, yaranmış borcla əlaqədar iddiaçı "xxxx" MMC tərəfindən cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İşdə olan xx xxxxxxxx 2020-ci il tarixli qəbzdən müəyyən olunur ki, iddiaçı "xxxx" MMC iddia ərizəsinə məhkəmədə baxılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-ci maddəsinə sasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin Məcəllənin 443-cü maddəsinin tələbinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hesab edilir ki, cavabdeh Qasımova (Çobanova) Ülviyyə Gülağa qızı öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, cavabdeh yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə kreditor qarşısında üzərinə götürdüyü öhdəliyini lazımınca icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İşdə olan xx xxxxxx 2019-cu il tarixli, 01103795 saylı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində cavabdeh mübahisəsiz olaraq dəbbə (penya) ödəyir. Məhkəmə, iddiaçının "müqavilə üzrə əsas borcun ödənilməsi" tələbini əsaslı hesab edir. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçının müqavilə üzrə cəmi 2604 manat olan əsas borcu üzrə 585 manat cərimə hesablaması ədalətli deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, müqavilə üzrə 585 manat məbləğində hesablanmış cərimə məbləğinin 260 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh Qasımova (Çobanova) Ülviyyə Gülağa qızı arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli müqaviləyə və əlavə ödəniş cədvəlinə əsasən, sonuncu ümumi qiyməti 2803 manat dəyərində İMEİ kodu **********49921 olan Samsung Galaxy S10+ markalı telefon almışdır. Hazırda iddiaçı "xxxx" MMC üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh Qasımova (Çobanova) Ülviyyə Gülağa qızı bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Qasımova (Çobanova) Ülviyyə Gülağa qızından iddiaçı "xxxx" MMCnin xeyrinə 2604 manat əsas və 260 manat cərimə olmaqla, cəmi 2864 manat məbləğində pul, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun 90 %-i, yəni 27 manatı tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Qasımova (Çobanova) Ülviyyə Gülağa qızından iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 2604 manat əsas və 260 manat cərimə olmaqla, cəmi 2864 (iki min səkkiz yüz altmış dörd) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun 90 %-i, yəni 27 (iyirmi yeddi) manatı tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə qəbul edildiyi vaxtdan bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Tərəflər surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində qətnamədən Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(068)-23/2021
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-23/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver