Məhkəmə qərarları › İş №2(068)-231/2024

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-231/2024

03.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-231/2024 03.09.2024 XIZI RAYON MƏHKƏMƏSİ X9 Hidayət oğlunun sədrliyi, İsayeva Kəmalə Zakir qızının katibliyi, X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdehnə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 18 aprel 2024-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 777,60 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə Xızı rayonu, Yeni- Yaşma kəndində yaşayır. 21 fevral 2024-cü il tarixdə Cavabdeh əməkdaşları yaşadığı ünvana gəlib sayğacı yenisi ilə dəyişdirib, Dövlət yoxlamasına göndərmişlər. Bununla əlaqədar olaraq qaz nəzarətçiləri akt tərtib etmişlər. Cavabdeh Qaz sayğacının yoxlanılması barədə 09 aprel 2024-cü il tarixli, 0434 nömrəli aktına əsasən “sayğaca baxış keçirildi, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda fiziki təsir nəticəsində əzik cızıq izləri aşkar olunub və sayğac istismara yararsızdır” rəyi verilmişdir. Bundan sonra, iddiaçının iştirakı olmadan 18 aprel 2024-cü il tarixli, ******* nömrəli akt tərtib olunmuşdur. Həmin akt əsasında isə guya sayğacın qeydə almadığı qazın bərpası məqsədilə 6480 kub metr həcmində, yəni 777,60 manat dəyərində qaz itkisi hesablanaraq iddiaçının hesabına daxil edilmişdir. İddiaçı qaz nəzarətçilərinə bu məsələdən xəbərinin olmadığını və qaz sayğacına heç bir müdaxilə etmədiyini bildirsə də, hər hansı bir nəticəsi olmamış və Azəriqazın işçiləri tərəfindən akt əsasında yazılmış qanunsuz cərimə iddiaçının üzərində qalmışdır. Bu barədə dəfələrlə Azəriqazın əməkdaşlarına müraciət etsə də, hərəsi bir bəhanə edərək ona heç bir köməklik göstərməmişlər. Bundan sonra, məcbur olub bu barədə məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, əsassız olaraq cavabdeh tərəfindən qaz sayğacına müdaxilə olunması ilə günahlandırılmış və ona borc hesablanmışdır. Qeyd olunan aktın əsassızlığı barədə cavabdehə bildirsə də, hər hansı nəticə olmamışdır. İddiaçı məhkəmə hazırlıq iclasında ərizə verərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən X5 Tahir oğlu təqdim etdiyi rəyə uyğun izahat verərək bildirdi ki, Cavabdeh İB-nin Metrologiya Departamenti və Qaz sayğaclarına nəzarət komissiyasının müvafiq aktında sayğacın vəziyyəti ilə bağlı aparılan qeydlər qətiyyən həmin əməlin bilavasitə abonent tərəfindən törədilməsi anlamına gələ bilməz. Eyni zamanda, fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini qaz paylayıcısı daşıdığından, həmçinin qaz sayğacının sıradan çıxmasında bilavasitə istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədiyindən hesablanmış dəymiş ziyan istehlakçıdan tələb edilə bilməz. Məhkəmə mütəxəssisin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdən göründüyü kimi iddiaçı və cavabdehin nümayəndəsi arasında 15 may 2024-cü il tarixdə “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanmış və bu müqavilə qaz paylayıcısı ilə istehlakçı fiziki şəxs arasında sonuncuya aid Xızı rayonu, Yeni Yaşma kəndində yerləşən evin təbii qaz təchizatı və onun istismarı ilə əlaqədardır. İşdə olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 21 fevral 2024-cü il tarixli, ******* nömrəli akt əsasında iddiaçının yaşadığı Xızı rayonu, Yeni Yaşma kəndindəki yaşayış evində mövcud olmuş G-4 markalı, ******* nömrəli qaz sayğacı yenisi ilə əvəz edilmişdir. İşdə olan Cavabdeh qaz sayğacının yoxlanılması barədə 09 aprel 2024-cü il tarixli, 0434 nömrəli aktından görünür ki, Xızı rayonu, Yeni Yaşma kəndindəki yaşayış evində mövcud olmuş G-4 markalı, ******* nömrəli qaz sayğacına laboratoriyada baxış keçirilmiş və müəyyən olunmuşdur ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda fiziki təsir nəticəsində əzik cızıq izləri aşkar olunub və sayğac istismara yararsızdır. İşdə olan Cavabdeh Xaçmaz X8 İdarəsinin əməkdaşları Şərəf Abbasov və Famil Süleymanov tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 18 aprel 2024-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Xızı rayonu, Yeni Yaşma kəndində istehlakçıya məxsus yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda fiziki təsir nəticəsində əzik cızıq izləri aşkar olunur və sayğacın istismara yararsız olması aşkar edilmişdir. Müəyyən edilmiş qaz itkisinin dəyərinin ödənilməsi tələb olunmuşdur. İşdə olan Cavabdeh İB Xaçmaz X8 İdarəsinin 30 aprel 2024-cü il tarixli dəymiş ziyanın hesablanması barədə bildirişdən görünür ki, 18 aprel 2024-cü il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesabat müddəti 90 gün qəbul edilməklə hesablanmış qaz itkisi cəmi 6480 m3 təşkil etmişdir. İşdə olan iddiaçıya aid ünvanın **********00550 saylı abonent saldosunda iddiaçıya akt əsasında 777,60 manat borc hesablandığı göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X2 filialının 03 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, Cavabdeh İB-nin X11 İstismar İdarəsinin nümayəndələri tərəfindən istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz xətti üzərində olan G-4 markalı, ******* nömrəli qaz sayğacı qaz xəttindən açılaraq növbəti dövlət yoxlamasına göndərilmişdir. Cavabdeh qaz sayğacının yoxlanılması barədə tərtib edilmiş 0434 nömrəli aktına əsasən sayğaca texniki baxış keçirilmiş və sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarda fiziki təsir nəticəsində əzik cızıq izləri aşkar olunmuş, sayğacın istismara yararsız olması baradə rəy verilmişdir. Verilmiş rəyə əsasən Cavabdeh İB Xaçmaz X8 İdarəsi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 18 aprel 2024-cü il tarixli, ******* nömrəli akt tərtib edilərək, sayğacın göstəricisindən əlavə olaraq itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və 777,60 (6480 m3) manat məbləğində borc abonentin hesabına daxil edilmişdir. Tərtib olunmuş akt və aparılmış hesabat zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci (fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qazpaylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar), 4.9-cu (istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qazpaylayıcı tərəfindən həyata keçirilir), 5.2-ci (qazpaylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir.(göndərməlidir) və həmin qaydalara 2 nömrəli əlavənin (Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi) 2.2.4.-cü bəndlərinin (aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək) tələbləri pozulmuşdur. Lakin Azəriqaz” İB Xaçmaz X8 İdarəsi tərəfindən qanunvericiliyin qeyd olunan tələbinə əməl edilməmiş, sayğaca müdaxilə hallarının aşkar edilməsi barədə qaz paylayıcısı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə və ya cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməmişdir. Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini qaz paylayıcısı daşıdığından, həmçinin qaz sayğacının sıradan çıxmasında bilavasitə istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədiyindən hesablanmış dəymiş ziyan istehlakçıdan tələb edilə bilməz. Beləliklə, Cavabdeh İB-nin Metrologiya Departamenti və Qaz sayğaclarına nəzarət komissiyasının müvafiq aktında sayğacın vəziyyəti ilə bağlı aparılan qeydlər qətiyyən həmin əməlin bilavasitə abonent tərəfindən törədilməsi anlamına gələ bilməz. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, 21 fevral 2024-cü il tarixdə cavabdeh təşkilatın əməkdaşları tərəfindən iddiaçının yaşadığı ünvanda mövcud olmuş qaz sayğacı çıxarılmış və yenisi ilə əvəz edilmişdir. Sayğacın çıxarılması zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktda sayğacın çıxarılmasının səbəbi kimi “növbəti dövlət yoxlaması” göstərilmiş, sayğacın plombunun tamlığına müdaxilə edilib-edilməməsi isə aktda ümumiyyətlə qeyd olunmamışdır. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, 01 aprel 2024-cü il tarixdə iddiaçıya məxsus fərdi yaşayış evində quraşdırılmış G-4 markalı, ******* nömrəli qaz sayğacına laboratoriyada baxış keçirilmiş, baxış zamanı sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi, daxili qulaqcıqlarda fiziki təsir nəticəsində əzik cızıq izlərinin aşkar olunması və sayğacın istismara yararsız olması barədə akt tərtib edilmişdir. Sayğaca laboratoriyada baxış isə iddiaçının iştirakı ilə həyata keçirilməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qaz sayğacı iddiaçının cavabdehliyi sərhəddində quraşdırılmamışdır. Bilavasitə iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əsassız olaraq 6480 kub metr həcmində, yəni 777,60 manat dəyərində əlavə sərfiyyat hesablanmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh vurulmuş zərərin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə hesab edir ki, bilavasitə iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi müəyyən edilmədiyi halda, iddiaçıya əsassız olaraq əlavə sərfiyyat hesablanmışdır. İddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Hazırkı halda cavabdeh sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini, bununla bağlı cavabdehə iddiaçı tərəfindən təbii qazdan qanunsuz istifadə nəticəsində ziyan vurulduğunu və bunda iddiaçının təqsirli olduğunu sübut edə bilmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1-ci maddə.). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2-ci maddə). Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (78.1-ci maddə). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (88-ci maddə). Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Xaçmaz X8 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 18 aprel 2024-cü il tarixli, ******* nömrəli aktı əsasında İddiaçı (abonent kodu: **********00550) əsassız hesablanmış 777,60 manat məbləğində borc silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1, 234, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Xaçmaz X8 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 18 aprel 2024-cü il tarixli, ******* nömrəli aktı əsasında İddiaçı (abonent kodu: **********00550) əsassız hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borc silinsin. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar