Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-26/2021 11.03.2021 XIZI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qəyyumluğunda olan X3 məxsus Xızı rayonu, Sitalçay kəndində yerləşən fərdi yaşayış evinə cavabdeh "xxxx" ASC tərəfindən xx xxxx 2015-ci il tarixdə ETAİS-dən gələn borc kimi hesablanmış 168,82 manat, xx xxxx 2018-ci il tarixdə tərtib edilmiş 087591 saylı akta əsasən hesablanmış 76,16 manat və xx xxxxxx 2018-ci il tarixdə tərtib edilmiş 121922 saylı akta əsasən hesablanmış 664,08 manat məbləğində borcların silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini qismən müdafiə edərək izahatında göstərdi ki, xx xxxxxx 1935-ci il təvəllüdlü bibisi X1 rayonu, Sitalçay kəndində yerləşən fərdi yaşayış evində yaşayır və Xızı Rayon Məhkəməsnin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bundan sonra, Xızı Rayonu İcra Hakimiyyəti başçısının xx xxxxx 2020-ci il tarixli sərəncamı ilə o, bibisi Sayad Zeynalabdinovanın üzərində qəyyum təyin edilmişdir. Son zamanlar ona məlum olmuşdur ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən Sayad Zeynalabdinovanın işıq koduna, yəni abonent bazasına istifadə etdikləri elektrik enerjisindən artıq pul məbləğləri hesabllanmaqla yazılmışdır. Bundan sonra, o, xxxx ASC-nin Xızı rayon şöbəsinə getmiş, ona ümumilikdə 664,08 manat məbləğində borcu olduğunu və həmin borcun 168,82 manatı ETAİS-dən gələn borc kimi, qalan 495,26 manat borcun isə xx xxxx 2018-ci il tarixli, 087591 saylı və xx xxxxxx 2018-ci il tarixli 121922 saylı aktlara əsasən hesablandığı bildirilmişdir. Halbuki, həmin aktların tərtib edilməsi qanunauyğun deyildir və aktlar əsasında hesablanmış həmin borclar əsassızdır. Belə ki, onlar elektrik enerjisindən istifadəyə görə müntəzəm olaraq qəbzlər əsasında ödənişlər aparmış, sayğacı işlək vəziyyətdə olmaqla, evdən və həyətdən bayırda, çöldə quraşdırılmış və tərəflərindən heç bir müdaxiləyə məruz qalmamışdır. Bununla yanaşı, bibisi Sayad Zeynalabdinova birinci qrup gözdən əlil olduğundan cavabdeh təşkilatın sayğaca və evlərinə gələn elektrik xəttinə baxış keçirməsindən, orada hər hansı müdaxilə aşkar etməsindən nə onun, nə ailə üzvlərinin bu vaxta qədər xəbəri olmamışdır. Həmin vaxt onların bundan məlumatları olmamış, ancaq fərdi yaşayış evinə smart tipli sayğac quraşdırılandan sonra karta pul ödəyərkən xəbər tutmuşlar. Hazırda o, bütün bunları qanun pozuntusu kimi qəbul edir və iddiasını qismən müdafiə edir. Belə ki, həmin borcun 168,82 manatı cərimə kimi deyil, ETAİS-dən gələn borc kimi hesablandığından və həmin borc silindiyindən iddia tələbini həmin hissədə müdafiə etmir. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin qismən, yəni xx xxxx 2018-ci il tarixli və xx xxxxxx 2018-ci il tarixli aktlara əsasən hesablanmış 76,16 manat və 419,10 manat vəsaitin silinməsi hissəsində təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, X2 Xızı rayonu Sitalçay kəndində yerləşən yaşayış evi üzrə “xxxx” ASC-yə xx xxxxxx 2021-ci il tarixə 59,19 manat, hazırda isə 39,19 manat məbləğində borcu vardır. Lakin, iddiaçı heç bir əsas olmadan əvvəlki tarixlərdə tərtib olunmuş və onun tərəfindən ödənilmiş aktlar əsasında hesablanmış borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi müxtəlif vaxtlarda, müxtəlif əməkdaşlar tərəfindən tərtib edilmiş aktlara əsasən aparılmış hesablamalar düzgün aparılmasa belə, iddiaçı tərəfindən qəbul edilərək ödənilmiş, həmin borcun 161 manatı isə cərimə kimi deyil, ETAİS-dən gələn borc kimi hesablanmış və həmin borc da silinmişdir. Hazırda isə iddiaçı 2-3 il keçməsinə baxmayaraq həmin borcların silinməsi ilə bağlı məhkəmədə əsassız iddia qaldırmış və eyni zamanda mövcud olmayan borcların silinməsini isə iddia ərizəsində hər hansı bir qanuna istinad edərək əsaslandıra bilməmişdir. Bu isə iddiaçının hüquqdan suiistifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş edir. Məhkəmə iddiaçının, eləcə də cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, "xxxx” ASC-nin əməkdaşları S.Əsədov və H.Zeynalov tərəfindən tərtib edilmiş xx xxxx 2018-ci il tarixli, 087591 nömrəli aktın surətindən görünür ki, Xızı rayonu, Sitalçay kəndində istehlakçıya məxsus yaşayış sahəsində "Elektrik enerjisindən istifadə Qaydaları"nın tələblərinə riayət olunması yoxlanılmış və elektrik sayğacının tamamilə yanaraq istismara yararsız olduğu aşkar olunmuşdur. Həmçinin, müəyyən edilmiş elektrik enerjisinin itkisinin dəyərinin ödənilməklə yeni sayğacın quraşdırılması tələb olunmuşdur. İşdə olan "xxxx” ASC-nin əməkdaşları H.Zeynalov və S.İsgəndərov tərəfindən tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli, 121922 nömrəli aktın surətindən görünür ki, Xızı rayonu, Sitalçay kəndində istehlakçıya məxsus yaşayış sahəsində "Elektrik enerjisindən istifadə Qaydaları"nın tələblərinə riayət olunması yoxlanılmış və abonentin elektrik sayğacının giriş xəttini naqil vasitəsi ilə şuntlayaraq elektrik enerjisindən istifadə etməsi aşkar olunmuşdur. Şuntlanan naqil tərəflərindən ləğv olunmaqla aktla hesablanacaq elektrik enerjisinin itkisinin dəyərinin ödənilməsi tələb olunmuşdur. İşdə olan "xxxx” ASC tərəfindən xx xxxxxx 2021-ci il tarixdə tərtib edilmiş istehlakçı X3 məxsus abunə haqqında məlumatdan görünür ki, **********00257 abunə kodu olan fərdi yaşayış evində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə istehlakçının xx xxxx 2018-ci il tarixli, 087591 saylı akt əsasında hesablanmış 76,16 manat və xx xxxxxx 2018-ci il tarixli, 121922 saylı akt əsasında hesablanmış 419,10 manat borcu vardır. İşdə olan Xızı Rayon Məhkəməsnin xx xxxxxx 2020-ci il tarixli, 2(068)-5/2020 saylı qətnaməsindən görünür ki, Xızı rayonu, Sitalçay kəndində yaşayan xx xxxxxx 1935-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. İşdə olan Xızı Rayonu İcra Hakimiyyəti başçısının xx xxxxx 2020-ci il tarixli, 20 nömrəli sərəncamının surətindən görünür ki, İddiaçı psixi qüsurlarına görə məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş bibisi X5 üzərində qəyyum təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.2-ci maddəsinə əsasən, qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx xxxx 2018-ci il tarixdə və xx xxxxxx 2018-ci il tarixdə **********00257 abunə kodu olan X2 Xızı rayonunun Sitalçay kəndindəki fərdi yaşayış evində elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, bu yoxlanışın birində elektrik sayğacının tamamilə yanaraq istismara yararsız olduğu, digərində isə elektrik sayğacının giriş xəttini naqil vasitəsi ilə şuntlanaraq elektrik enerjisindən istifadə etməsi ilə bağlı yalnız "xxxx" ASC-nin əməkdaşlarının iştirakı ilə müvafiq aktlar tərtib edilsə də, abonent ilə bağlı hissədə imtina etdi qeydi edilmişdir. İstehlakçı tərəfindən "Elektrik enerjisindən istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi cəmi 495,26 manat məbləğində hesablanmaqla abonent bazasına işlənilmişdir. İddiaçı isə "xxxx" ASCnin əməkdaşlarının hərəkətləri ilə qəyyumluğunda olanın hüquqlarının pozulduğunu əsas gətirməklə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı Qərarının 1.2-ci bəndinə görə bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Qanunvericiliyin tələblərinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi enerjiyə görə haqq tələb edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin evdə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Lakin, Qaydalara görə yuxarıda qeyd edildiyi kimi aktlar, iki hal şahidinin iştirakı ilə abonentin yanında tərtib edilməmiş və imza etdirilməmişdir. Əlavə olaraq bildirilir ki, tərtib edilmiş aktlar, inzibati akt hesab olunmadığından bu aktlara görə hesablanmış borc məbləği cavabdeh Enerji təchizatı təşkilatı tərəfindən istehlakçıdan (məişət abonentindən-iddiaçıdan) məcburi qaydada alına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2012-ci il tarixli “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Qərarının 3-cü hissəsinə əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsi baxımından təbii inhisar subyekti inzibati orqan, onun mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına dair qəbul etdiyi akt isə həmin Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab oluna bilməz. Bu aktlardan irəli gələn mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi əsasında ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalıdır. "Elektrik enerjisindən istifadə Qaydaları"nın 7.17-ci bəndinin tələbinə görə enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bu Qaydaların 7.11-ci bəndinin İ cümləsinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə görə istehlakçı öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "X4rşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, xx xxxx 2007-ci il, § 68). Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, xx xxxx 2008-ci il, § 93). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırki işə tətbiqi baxımından görünür ki,cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən, borcun iddiaçının günahı ucbatından yaranması sübut edilə bilməmişdir və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, X2 yaşadığı Xızı rayonunun Sitalçay kəndindəki fərdi yaşayış evi üzrə quraşdırılmış elektrik sayğacında nöqsanlar aşkar olunsa da, fərdi yaşayış evindən və həyətdən bayırda, çöldə quraşdırılmış sayğacda yaranmış nöqsana səbəb olan təsirin birbaşa birinci qrup gözdən əlil, fəaliyyət qabiliyyəti olmayan abonent tərəfindən edilməsi və baş vermiş halların kimin təqsirindən yaranması barədə hər hansı bir mötəbər sübut və ya sənəd təqdim olunmamış, istehlakçıların elektrik sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi enerjitəchizatı müəssisəsi daşısa da, qeyd edilən hal ətraflı araşdırılmadan cavabdeh ASC-nin əməkdaşları tərəfindən xx xxxx 2018-ci il və xx xxxxxx 2018-ci il tarixlərdə müvafiq aktlar tərtib edilmiş və həmin aktlarda sayğacda nöqsanların olması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair heç bir sübut yoxdur. Lakin, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Belə ki, sayğacda yaranmış nöqsanların baş verməsinin birbaşa istehlakçı ilə bağlılığı sübut olunmalıdır. Qeyd olunan hallar isə nəticə etibarilə abonentin təqsirsizliyinə dəlalət edir. Bundan başqa, qeyd edilən aktlara əsasən aparılmış hesablamalarda da, mübahisəsiz olaraq (cavabdehin nümayəndəsi də bu halı etiraf etmişdir) ciddi nöqsanlara yol verilərək xx xxxx 2018-ci il tarixli, 087591 saylı akta əsasən 48,77 manat hesablanmalı olduğu halda 76,16 manat, xx xxxxxx 2018-ci il tarixli, 121922 saylı akta əsasən isə 206,25 manat hesablanmalı olduğu halda 419,10 manat hesablanmışdır. Bu da, iddiaçının iddia tələbinin qismən əsaslı olmasına dəlalət edir. Belə olan təqdirdə isə X2 elektrik enerjisi istehlakçısı olaraq məsuliyyətinin yaranması istisna edilir. Bununla da, sadalanan qanunvericilik aktı normalarına, eləcə də tədqiq edilmiş mötəbər sübutlara əsasən məhkəmə hesab edir ki, elektrik sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi abonent deyil, cavabdeh, yəni enerji təchizatı müəssisəsi özü daşıdığından, o cümlədən, abonentin təqsiri müəyyən edilmədiyindən sonuncuya əsassız hesablanmış cəmi 495,26 manat məbləğində borcun ödənilməsi vəzifəsinin aid edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh “xxxx” ASC-nin «elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında» xx xxxxxx 2018-ci il tarixli, 121922 saylı və xx xxxx 2018-ci il tarixli, 087591 saylı aktları əsasında fəaliyyət qabiliyyəti olmayan X3 məxsus Xızı rayonu, Sitalçay kəndində yerləşən fərdi yaşayış evinə hesablanmış 76,16 manat və 419,10 manat məbləğində borclar silinməklə, artıq ödənilmiş həmin məbləğlər abonentin hesabına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Bu Qanunun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci və 9.1.14-cü bəndlərinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduqlarından hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” ASC-nin «elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında» xx xxxxxx 2018-ci il tarixli, 121922 saylı və xx xxxx 2018-ci il tarixli, 087591 saylı aktları əsasında fəaliyyət qabiliyyəti olmayan X3 məxsus Xızı rayonu, Sitalçay kəndində yerləşən fərdi yaşayış evinə hesablanmış 76,16 (yetmiş altı manat on altı qəpik) manat və 419,10 (dörd yüz on doqquz manat on qəpik) manat məbləğində borclar silinməklə, artıq ödənilmiş həmin məbləğlər abonentin hesabına qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(068)-26/2021
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-26/2021
11.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver