Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-30/2021 14.10.2021 XIZI RAYON MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə bağlanmış 23 noyabr 2019-cu il tarixli, MAS-1511 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, cavabdehdən həmin müqaviləyə əsasən lizinq obyektinin yararsız vəziyyətə düşdüyü 15 fevral 2020-ci il tarixə 10332,62 manat əsas borc, 111,41 manat mükafat pulu olmaqla, cəmi 10444,03 manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə X4 arasında bağlanmış 23 noyabr 2019-cu il tarixli, MAS-1511 saylı "Daxili lizinq" müqaviləsinə əsasən X1 ilə 2019cu il buraxılışlı, "Khazar LX minik" markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, NVABAİHHFLF630089 ban nömrəli, ağ rəngli avtomobil 10800 manat məbləğinə "xxxx" MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. "Daxili lizinq müqaviləsi"nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (əlavə N3) əsasən X4 illik 17 % hesablanmaqla 36 aylıq müddətə hər ay 385.05 manat sabit məbləğ olmaqla, ümumilikdə 13862 manat məbləğində pulu "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 13862 manatın 10800 manatını əsas məbləğ təşkil edir. 29 yanvar 2020-ci il tarixdə X4, Cavabdeh və "xxxx" MMC arasında MAS-1511 saylı "Öhdəliklərin ötürürülməsı" müqaviləsi bağlamış və 23 noyabr 2019-cu il tarixli, MAS-1511 saylı "Daxili lizinq" müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş "xxxx" MMC-nin mülkiyyətində olan "Khazar LX minik " markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil 15 fevral 2020-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində tam yararsız vəziyyətə düşmüş və 07 avqust 2020-ci il tarixdə lizinq şirkətinin Bakı şəhərində yerləşən müvəqqəti duracağına yerləşdirilmişdir. Cavabdeh tərəfindən İizinq şirkətinə sonuncu ödəniş 29 yanvar 2020-ci il tarixdə 100 manat məbləğində olmuşdur. "Daxili lizinq" müqaviləsinin 5.4-cü bəndinə əsasən, Lizinq obyekti məhv olduqda, oğurlandıqda həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, İizinq alan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anna ödənilmiş lizinq ödənişləri arasındaki fərqi lizinq verənə ödəməli və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlakı əldə etməyi dərhal hayata keçirməlidir. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə iddialarının təmin edilməsini xahiş etmişlər. Məhkəmə, iclasın İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, İddiaçı MMC ilə X4 arasında bağlanmış 23 noyabr 2019-cu il tarixli, MAS- 1511 saylı daxili lizinq müqaviləsindən görünür ki, lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı (2019-cu il buraxılışlı, "Khazar LX minik " markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, NVABAİHHFLF630089 ban nömrəli, ağ rəngli avtomobili) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan X4, Cavabdeh və "xxxx" MMC arasında bağlanmış 29 yanvar 2020-ci il tarixli, MAS-1511 saylı "Öhdəliklərin ötürürülməsı" müqaviləsindən görünür ki, Cavabdeh 23 noyabr 2019-cu il tarixli, MAS-1511 saylı "Daxili lizinq" müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən 23 noyabr 2019-cu il tarixdə verilmiş AD seriyalı, 666406 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2019-cu il buraxılışlı, "Khazar LX minik" markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, NVABAİHHFLF630089 ban nömrəli, ağ rəngli avtomobilin sahibi İddiaçı MMC-dir. İşdə olan İddiaçı MMC (VÖEN **********) tərəfindən 18 avqust 2020-ci il tarixdə tərtib edilmiş qüsur aktından görünür ki, Cavabdeh istifadəsində olmuş 2019-cu il buraxılışlı, "Khazar LX minik" markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil tam yararsızdır. İşdə olan İddiaçı MMC tərəfindən 28 yanvar 2021-ci il tarixdə tərtib edilmiş, 142 nömrəli arayışdan görünür ki, Cavabdeh daxili lizinq müqaviləsi üzrə borcu, əsas məbləğ üzrə 10332,62 manat, mükafat məbləği üzrə 111,41 manat olmaqla, cəmi 10444,03 manat təşkil edir. İşdə olan xəbərdarlıqlardan görünür ki, yaranmış borcla əlaqədar İddiaçı MMC tərəfindən cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyul 2021-ci il tarixli, 9/2948-8/992-9/3011 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan İddiaçı MMC-nin 18 avqust 2020-ci il tarixli qüsur aktına əsasən 2019-cu il buraxılışlı, "Khazar LX minik" markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri texniki cəhətdən mümkün deyildir. 2019-cu il buraxılışlı, "Khazar LX minik" markalı, normal vəziyyətdə saxlanılmış, istifadəyə tam yararlı avtomobilin hadisə baş verən tarixə orta bazar qiyməti təxminən 13500 manat müəyyən edilir. İş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 23 noyabr 2019-cu il tarixli, MAS-1511 saylı daxili lizinq müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC-yə 15 fevral 2020-ci il tarixə olan borcu - əsas məbləğ üzrə 10335,04 manat, faiz borcu üzrə 102,49 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyul 2021-ci il tarixli, 9/2948-8/992-9/3011 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 145 manat təşkil edir. İşdə olan 31 avqust 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə hesab edir ki, Cavabdeh üzərinə düşən öhdəliyi lazımınca icra etmədiyinə və o, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğuna görə iddiaçı bağlanmış daxili lizinq müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh "Öhdəliklərin ötürürülməsı" müqaviləsini öz riski ilə bağladığından 23 noyabr 2019-cu il tarixli, MAS-1511 saylı "Daxili lizinq" müqaviləsi üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Belə ki, daxili lizinq müqaviləsinin əlavəsinə əsasən, 2019-cu il buraxılışlı, "Khazar LX minik" markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomaşın 36 ay müddətinə hər ayın 23-dən gec olmamaqla, hər ay 385,05 manat, sonuncu ay isə 385,08 manat ödənilməsi şərti ilə X3 lizinqə verilmiş, X4, Cavabdeh və "xxxx" MMC arasında bağlanmış 29 yanvar 2020-ci il tarixli, MAS-1511 saylı "Öhdəliklərin ötürürülməsı" müqaviləsinə əsasən isə Cavabdeh həmin müqavilə üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748.1-ci maddəsinə əsasən lizinq müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-11.1.4-ci maddəsinə əsasən lizinq verənin mükafatının məbləği lizinq ödənişlərinin ümumi məbləğinə daxildir. Lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə uyğun olaraq Lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı (bundan sonra lizinq obyekti adlandırılacaq) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Lizinq müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqavilə qüvvədə olduğu bütün müddət ərzində və həmçinin bu müqavilə hər hansı bir səbəbdən ləğv və ya xitam edilərsə lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır. İşin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, lizinq alan Cavabdeh mülki qanunvericiliyin tələblərinə müvafiq olaraq, yazılı formada bağlanmış öhdəliklərin ötürülməsi və lizinq müqavilələrinin şərtlərinə əməl etməməklə lizinq verən "xxxx" MMC qarşısında üzərinə götürdüyü öhdəliyini lazımınca icra etməmişdir. Belə ki, o, lizinq məbləğini vaxtlı-vaxtında ödəməli olduğu halda, bunu etməmiş, öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. Nəticədə cavabdehin daxili lizinq müqaviləsinə əsasən lizinq məbləği üzrə 10332,62 manat əsas borc, 102,49 manat mükafat pulu olmaqla, cəmi 10435,11 manat borcu yaranmışdır. Cavabdehə qeyd olunan borc məbləğinin ödənilməsi barədə göndərilmiş bildiriş cavabsız qalmışdır. Beləliklə, cavabdeh öz öhdəliklərini lazımınca icra etmədiyindən, yəni lizinq obyektindən istifadə üçün lizinq məbləğini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq ödəmədiyindən lizinq verənin lizinq müqaviləsini vaxtından əvvəl ləğv etməklə pul məbləğini mübahisəsiz geri almaq hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, 23 noyabr 2019-cu il tarixdə bağlanmış avtomobilin lizinqə verilməsi barədə MAS-1511 saylı daxili lizinq müqaviləsi ləğv edilməli, Cavabdeh 10332,62 manat əsas borc, 102,49 manat mükafat pulu olmaqla, cəmi 10435,11 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, aparılmış məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 145 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 23 noyabr 2019-cu il tarixdə bağlanmış avtomobilin lizinqə verilməsi barədə MAS- 1511 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh 10332,62 manat əsas borc, 102,49 manat mükafat pulu olmaqla, cəmi 10435,11 (on min dörd yüz otuz beş manat on bir qəpik) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 145 (bir yüz qırx beş) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2(068)-30/2021
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-30/2021
14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver